Elçin Hüseynbəylinin
yaradıcılığında ağ və
qara
(E.Hüseynbəylinin
Litva dilində nəşr edilmiş “Boz eşşəyin məktubları”
kitabına ön söz)
Elçin Hüseynbəyli Azərbaycanın populyar
yazıçı-dramaturqu və publisistidir. O, 1961-ci il
dekabrın 23-də Azərbaycanın Cəbrayıl rayonunda
doğulub. 1989-cu ildə E.Hüseynbəyli M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
jurnalistika fakültəsini fərqlənmə diplomu ilə
bitirib. Bakıya qayıtdıqdan sonra o, uzun illər
müstəqil mətbuatda çalışıb. Sonralar, özü dediyi kimi, aktiv jurnalistikadan çəkilib,
çünki “jurnalistika iqtisadi qurumlardan çox asılı
vəziyyətə düşmüşdü və ondan alət
kimi istifadə edirdilər”.
Təbii ki, E.Hüseynbəyli publisistikadan əl çəkmədi
və daha çox bədii yaradıcılıqla məşğul
olmağa başladı. Onun publisistik əsərləri “Cənab XXI əsr” kitabında
(2005) toplanıb. Bu ad rəmzi məna daşıyır,
çünki E.Hüseynbəyli bir yazıçı kimi XXI əsrdə
formalaşmağa başlayıb, halbuki ədəbiyyata Azərbaycanın
milli dirçəlişi dövründə və müstəqilliyi ərəfəsində
gəlib.
E.Hüseynbəyli 20-dən çox kitabın müəllifidir. Onların arasında
“Balıq adam“ (2004), “On
üçüncü həvari -141-ci Don Juan” (2007), “Şah
Abbas“ (2008), “Metro vadisi“ (2009),
“Yovşan qağayılar“ ( 2005 və 2013), “Azıx“
(2013), “Aişə“ (2013) və
s. kimi romanlar var.
Yazıçı-dramaturqun “Fanatlar”, “İki nəfər
üçün oyun”, “Labirint”, “Axırı sakitlikdir”,
“İmperator”, “Adəm və Həvva”, “Qaçaq qocalar” kimi pyesləri Azərbaycan
teatrlarında oynanılmaqdadır. Yazıçının
son romanı “Yenə iki od arasında” adlanır və
Qarabağ tarixinə həsr olunub.
O, bir
sıra yerli və beynəlxalq ədəbi ödüllərə
layiq görülüb. Əsərləri ingilis, rus,
fransız, ərəb, gürcü, alman, polyak, Ukrayna, fars və s. dillərə çevrilib,
Türkiyə, qazax, tatar və özbək türkcələrinə
uyğunlaşdırılıb. Onun Litva dilinə tərcümə
olunmuş bir neçə hekayəsi 2013-16-cı illərdə
“Metai”, “Literatūra ir menas”, “Šiaurės Atėnai“ və başqa ədəbi-bədii
dərgilərdə nəşr edilib.
Elçin Hüseynbəyli oxuculara daha çox hekayələrilə
tanışdır. Onun ilk hekayələri “Gənclik” və “Ulduz“ jurnallarında çıxıb və
axır illər sonuncu nəşrin baş redaktoru olub. Tənqidçilər qeyd edirlər ki, hələ
ötən əsrin 90-cı illərində onun həm hekayə,
həm də publisistik yaradıcılığında „təbii
çılğınlıq və çeviklik
özünü büruzə verirdi. Ədəbi
prosesdə fərqlənmək istəyi və
orijinallığı isə yazıçının öz
üslubu və təhkiyəsi olduğunu göstərirdi“.
Müasir Azərbaycan ədəbiyyatının məşhur
söz ustalarından olan yazıçı Anar Elçin
Hüseynbəylinin yaradıcılığına həsr
etdiyi məqaləsində onu yeni nəsil ədəbiyyatının
layiqli təmsilçisi kimi dəyərləndirərək
vurğulamışdır ki, “...Elçinin timsalında ədəbiyyatımızda
istedadlı, maraqlı, bənzərsiz, orijinal bir nasir
yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu
realizm elementləri də var, mifik təfəkkür də,
folklora bağlılıq da və bunların sintezi süni
deyil, yazıçının daxili dünyasından
keçirilmiş bir sintezdir...”
Elçin
Hüseynbəyli erməni işğalı altında olan
bölgədə anadan olduğuna görə Qarabağ mövzusu da ona
çox doğmadır. Ona görə də
yazıçının əsərlərində gerçəkliklə
səsləşən dramatizm özünü göstərir.
Amma yazıçının
yaradıcılığında birbaşa müharibədən
danışılmır. Bu əsərlərdə
daha çox həyəcan, müharibədən əziyyət
çəkmiş insanların əzabı, vətən həsrəti,
öz yurdlarına qayıtmaq ümidi əksini tapır.
Onu da qeyd etmək lazımdır ki, öz
soydaşlarının hiss və duyğularına həssaslıqla
yanaşan yazıçı erməniləri
aşağılamır, amma onlardan incikliyi də unutmur.
Müsahibələrinin birində yazıçı
doğulduğu Cəbrayıl rayonunun Mahmudlu kəndində
keçirdiyi uşaqlığından danışır. Gördüyümüz
kimi yazıçının mentalitetinə lirizm və
romantika məxsusdur. Baxmayaraq ki, müəllif
uşaqlığı ilə çoxdan vidalaşıb, amma
uşaqlığının keçdiyi kənd barədə
uşaq sadəlövhlüyü ilə elə səmimi danışır ki, ona valeh
olursan və ədalətsizliklə üzləşən insan
qəlbinin kövrəkliyini duymaya bilmirsən. Bu
emosional qat Elçin Hüseynbəylinin
yaradıcılığının özəlliyidir və ona
bir açardır. Ünlü ədəbiyyat tənqidçisi
Vaqif Yusifli təsadüfən
qeyd eləmir ki, Qarabağ
mövzusunda yazdığı hekayələrdə insanın
savaşla qarşıdurması dominantlıq təşkil
edir. Və həmin insan ya işğal
altında olan, susuz qalan, çiçəkləməyən
armuda görə kədərlənir, ya kimsəsiz
qalmış qoyun və eşşəyin dərdini çəkir,
yaxud da nəyin bahasına olur-olsun öz doğma yurdunda dəfn
olunmağa can atır.
Elçin Hüseynbəylinin Qarabağ mövzusunda
yazdığı hekayələri “Ağ-qara” kitabına (2014)
nahaqdan salınmayıb. Kitabın adını izah edən müəllif
yazır ki, “kitabın adı təsadüfi seçilməyib.
Ağ-qara yazıçının ovqatını əks etdirir. “Ağ hekayələr”i oxuyanda adamın bir
gözü ağlayır, biri gülür, “qara hekayələr”i
oxuyanda isə adamın ürəyindən qara qanlar axır. Hər bir halda bu yazılar doğma
Qarabağ haqqındadır: onun indiki
ağrı-acıları, xoş xatirələri ilə birgə”.
Ən başlıcası isə, həm “ağ”, həm də
“qara” hekayələrdə sönməz bir ümid
işığı yanır ki, Qarabağdan qovulmuşlar nə
vaxtsa mütləq doğma yurdlarına qayıdacaqlar...
Bu kitaba
Elçin Hüseynbəylinin öncələr Litvada nəşr
olunan, eləcə də ilk dəfə çevrilən hekayələri
daxildir və onların bəziləri bayaqdan söhbət
etdiyimiz mövzuya həsr olunub:
“Boz eşşəyin məktubları”, “Gözünə
gün düşür”, “Qocanın axdığı gün”,
“Qaracanın qara başı”, “Qoca və Araz”...
Müharibə ilə birbaşa bağlı olmasa da,
E.Hüseynbəyli başqa hekayələrində də
Qarabağ mövzusuna toxunur. Məsələn,
“Şimallı gəlin”. Doğrudan da bu
hekayələri oxuyarkən bir gözün ağlayır, o
biri gülür. Bu effekt təkcə əsərlərin
mövzusu, qəhrəmanların xarakteri ilə bağlı
deyil, həm də müəllifin təhkiyəsilə əlaqədardır.
Elçin Hüseynbəylinin ilk hekayələri əyani
şəkildə nümayiş etdirdi ki, onlar Azərbaycan ədəbiyyatında
mövcud olan təhkiyəçilikdən çox fərqlənir. Həmin təhkiyəçilikdə
hadisələr ardıcıllıqla göstərilir və
bir-birilə sıx bağlıdır. Amma
yeni nəslin təmsilçisi olan E.Hüseynbəylinin hekayələri
yığcam cümlələrlə yazılır, sanki
teleqraf cümlələridir və
atılıb-düşürlər. Ona
görə də mətn, elə bil, kəsilə-kəsilə
gedir, yaxud titrəyir. Müəllif hekayələrini
kino dilinə salır, montaj edir. O, müxtəlif “kadrları”
bir-birinə yaxınlaşdıraraq, oxucuya düşünmək,
hadisələri təkbaşına izləmək imkanı
yaradır. Müəllif öz kino təcrübəsini
oxucularla da bölüşür. Məsələn,
“Şimallı gəlin” hekayəsində o, istehzayla oxucuya
xatırladır ki, belə bir süjetə hansısa bir filmdə
rast gəlib. Ümumən, istehza və
özünü istehza müəllifin üslubu
üçün xarakterikdir. O, oxucunu hadisələri
müəlliflə birgə, özü də kənardan, izləməyə
dəvət edir. “Sevgi oyunları”nda, “O gözəllər
ki, vardı” hekayələrində olduğu kimi. Müəllif qəhrəmanın komik hərəkətilə
ciddi hərəkətini eyniləşdirməkdən çəkinmir.
Bu, oxucuya təhtəlşüur
düşünmək, oxu prosesini sürətləndirmək,
hətta təhkiyəçiyə gülmək imkanı
verir. Qəhrəmanlara və oxuculara məhəl
qoymayan yazıçı nəinki onların arasında, hətta
özü ilə obraz arasında məsafə saxlayır,
sanki göstərmək istəyir ki, onun qəhrəmanları
başqa dünyada, ən azı başqa bir məkanda və
zamanda yaşayırlar. Müəllifin bu
istəyi üzündən qəhrəmanların bəziləri
həddən artıq rasional görünürlər, bəzən
süni təsir bağışlayırlar, ziddiyyət təşkil
edirlər, məlum hadisələr təkrar olunur.
Orijinalda yazıçının dilində bəzi kobud
ifadələrə rast gəlinir, bir regiona aid dialektdən
istifadə olunur ki, onlar da tərcüməyə yatmır. Buna axmayaraq,
Elçin Hüseynbəylinin hekayələri Litva
oxucularının qiraət palitrasına zəngin çalar
qatır.
Son 25 ildə, demək olar ki, Azərbaycan və Orta Asiya
yazarlarından heç kimin əsəri Litva dilinə tərcümə
edilməyib. Nə orijinal Litva ədəbiyyatında, nə də
tərcümə olunmuş əsərlərdə Qarabağ
mövzusu ilə bağlı heç nə yoxdur. Tək-tük yazılara rast gəlmək olar ki,
onlarda da insan faciəsinə milli prizmadan baxılmır.
Elçin Hüseynbəyli isə bu
mövzulardan qaçmır. Bu istehzalı münasibət
“Qara çadralı qadın”,
“Şimallı gəlin”, “Nənəm, babam və
kommunizm” hekayələrində də var. “Şimallı gəlin”
hekayəsində müəllif azərbaycanlı oxuculara
üzünü tutub deyir ki, “bu, bir azərbaycanlı kimi” sizə
xüsusən lazımdır. Elçin
Hüseynbəylnin hekayələrini oxuyarkən, qismən də
olsa, Azərbaycan ədəbiyyatından xəbər tutur və
xalqın hazırkı durumunu təsəvvür edirik.
Qeydlərimizi
tanınmış ədəbiyyatşünas və tənqidçi
Vaqif Jusiflinin belə sözlərilə tamamlamaq istərdik:
“Ədəbiyyatda istedad başlıca amildir, ancaq istedadlı
olduğunu sübut eləmək üçün bir az da cəsarətli
olmaq lazımdır və Elçin Hüseynbəylidə bu cəsarət
dozası qədərincədir. Bu cəsarət ona imkan verib
ki, layiq olduğu yeri tutsun və yazılarında da daxili
azadlığını, sərbəst söz demək
missiyasını qoruyub saxlasın...”
Litva dilindən Litva Ədəbi
Tərcüməçilər İttifaqının
üzvü Mahir Həmzəyev tərcümə edib.
Vilnüs - Bakı, mart 2018-ci il.
525-ci qəzet.-
2018.- 31 mart.- S.11.