"Ol" filmində olanlar...
Şahanə MÜŞFİQ
Deyirlər, qarşıya məqsəd qoymaq o məqsədə
çatmağın yarısıdır. Yenicə nümayiş
olunan "Ol" filminin qəhrəmanları Namiqlə Fikrət
də qarşılarına məqsəd qoymuşdular:
dünya şöhrətli rejissor olmaq, "Oskar"
mükafatını almaq, Hollivudda film çəkmək.
Amma...
Söhbət aprelin 25-də Qala gecəsi keçirilən
"Ol" filmindən gedir. Ssenarisini Namiq
Ağayev və Fikrət Məmmədovun yazdığı
ekran işinin quruluşçu rejissoru N.Ağayevdir.
Film haqda ilk təəssürat elə təqdimatdan
yaranır. Azərbaycanın kifayət qədər
tanınmış teatr və kino xadimlərinin, ədəbiyyat
və media nümayəndələrinin
qatıldığı gecədə yaradıcı heyət əsasən
rahatlıqları və özünəinamları ilə diqqətimi
cəlb etdi. Bunu elə onların film
öncəsi çıxışlarından da bilmək
olardı. Görünən odur ki, qarşımızda
kifayət qədər iddialı komanda var. Nə deyirik, təki
film də onlar qədər iddialı olsun...
Nəhayət,
bütün çıxışlardan sonra gözlənilən
an gəlib çatdı. Film
həvəsimiz zaldakı bütün işıqları
öz ağuşuna aldı. Diqqətimiz
ekrandadır.
Hər bir işdə olduğu kimi, bu film də həm
müsbət, həm də mənfi cəhətlərdən
xali deyil. Öncə müsbətlərindən
danışaq.
Burada ilk diqqət çəkən məqam adət
etdiyimiz mövzu və sujet çərçivəsindən kənara
çıxılmasıdır. Nağılvari sujetin əsasında
iki uğursuz rejissorun faciəsi durur. Namiq Ağayev burada
üç ampluada qarşımıza çıxır: həm
quruluşçu rejissor, həm ssenari müəllifi, həm də
baş rol ifaçısı. Qala gecəsindəki
aparıcılığını da hesaba qatsaq, elədi
dörd.
Amma məncə, bu qədəri bir insan
üçün çox ağır yük olmuşdu. Ümumiyyətlə,
dünya kino təcrübəsindən məlum olduğu kimi,
rejissorların öz filmlərində rol alması hər zaman
uğurla nəticələnmir. Fikrimcə,
"Ol" filmi də ilk başda burda itirirdi. Əgər
65 dəqiqəlik filmin ən az 45 dəqiqəsini rejissor
kamera önündə olursa, təbii ki, onun filmə nəzarət
etməsi və istədiyi nəticəni alması çox da
mümkün görünmür.
Dediyimiz kimi, filmin baş qəhrəmanları rejissor
qardaşlardır. Onlar son işlərindəki
uğursuzluğa görə sponsorlar tərəfindən
çox pis şəkildə döyülüb gecənin
yarısı sərxoş vəziyyətdə küçəyə
atılırlar. Hekayə də bu səhnə
ilə başlayır. Daha doğrusu, hekayəni
rejissor Namiq özü anlatmağa başlayır. Gecənin qaranlığında küçələri
sərgərdan gəzən sərxoş qəhrəmanlarımız
bir bardan döyülüb atılan qıza rast gəlirlər.
Elə bu an son uğursuzluqlarından xəyal
qırıqlığına uğrayan rejissorların
ağlına yeni ideya gəlir. Onla yeni ssenarilərinin
qəhrəmanı kimi içkili və huşsuz qızı
öz evlərinə gətirirlər. Səhəri
gün hər üçü ayılır. Amma onlar olanları müzakirə etmək, nə
baş verdiyini aydınlaşdırmaq, ən azından
qızın kimliyini öyrənmək yerinə özləri
üçün ssenari yazmağa, nağıl uydurmağa
başlayırlar. Bu nağılın adı isə
"Ol"... Tanrının ilk kəlməsi, bəşəriyyətin
ilk mənbəyi "Ol"... Ehtimal etmək
olar ki, bu adla rejissor özünü Tanrının dünya
üzərindəki əksi, yaratmaq gücünə malik
varlıq kimi hiss edir. Axı o da Tanrı
kimi bir və ya bir neçə həyat yaradır. Tək fərq isə odur ki, Tanrı bu işi
dünyada, rejissor isə ekranda gerçəkləşdirir.
Bundan sonra getdikcə hadisələr həqiqi
axarından çıxıb uydurmalara, bir rejissorun xəyal məhsuluna
çevrilməyə başlayır. Bir növ film içərisində
film...
Nağılın baş qəhrəmanı Şahzadə
qız aktrisa Vüsalə Ağayevanın
canlandırdığı həmin obrazdır. Sujet
inkişaf etdikcə hər iki qardaş Şahzadə qıza
aşiq olur. Onun üçün bir-biri və
başqa adamlarla savaşırlar. Onların
yazdığı nağılda qızın o gecədən əvvəlki
və sonrakı aqibəti də əks olunur. Məlum olur ki, bu qız rejissorlarla yollarının
kəsişdiyi həmin gecədə şəhərin məşhur
qumarbazına uduzub və buna görə də klubdan bayıra
atılıb. Amma qız bunun əvəzini
həmin qumarbazdan çıxmağa qərarlıdır.
Buna görə də özünə gələn
kimi həmin kluba yollanır və bu dəfə külli
miqdarda pul udur. Türkiyəli aktyor Tuncer
Salmanın həyat verdiyi qumarbaz isə bununla barışacaq
deyil və qızı bir taksi şöferi vasitəsilə
qaçırtdırır. Şahzadə
qızın gecə gəlmədiyini görən qardaşlar
onun axtarışına çıxır və həmin
şoferi tapırlar. Onunla savaşda onlar
qaraçıların məskəninə gedib
çıxırlar. Şahzadə qız
da qaraçıların arasındadır.
Maraqlıdır ki, ssenaridə Şahzadə qıza
heç bir söz yazılmayıb. O, bütün film boyunca cəmi bir
dəfə "Məryəm xala" deyir. O da rejissorların
qonşusu Məryəm xalanın halının pisləşdiyini
onlara xəbər vermək üçün.
Xalq artisti Svetlana Həkimovanın ifasında Məryəm
xala çox maraqlı obrazdır. O, Namiq və Fikrət
qardaşlarının bir növ himayəçisidir. Filmin ən təsirli səhnələrindən biri
də onunla bağlıdır. Belə ki,
Məryəm xalanın halı pisləşir və o,
ölüm yatağında onlara binanın damına
çıxmaq istədiyini deyir. Məlum
olur ki, bu qadın ömründə bir dəfə həmin
dama çıxıb, o da uşaq olarkən. Və həmin
an hiss etdiyi azadlığı, asudəliyi
ömrünün sonrakı heç bir anında hiss etməyib.
Ümumiyyətlə, filmdə dam simvol olaraq çox
ustalıqla işlənib. Bura şəhərin ən
gözəl göründüyü və insanın
bütün çərçivələrdən xilas olub
özünü tam sərbəst, azad, asudə hiss etdiyi
yerdir. Namiqlə Şahzadə qız hər
kəsdən qaçanda çıxıb damda içki
içir, rəqs edirlər. Fikrət hər
şeydən bezəndə məğlubiyyətini məhz
damda etiraf edir. "Oscar",
"Hollivud" arzularına burada vida edir. Nəhayət, sonda Məryəm xala
ölümün isti nəfəsini hiss edəndə damda
olmağı arzulayır. Film də sonda qəhrəmanların
damda özləri üçün rəqs etməsi səhnəsi
ilə yekunlaşır. Bu isə qəhrəmanların
bütün dərddən, məsuliyyətdən və
onların yaxasına çökən problemlərdən
öz düşüncələrində, ruhlarında xilas
olmasını xarakterizə edir. Bir insanın xoşbəxt
olması üçün ən çətin və vacib amil
də məhz budur: düşüncə azadlığı...
"Ol" filmində adlarını çəkdiyimiz
aktyorlardan başqa Namis Şirməmmədov, Türkan Aylin,
Mahir Dərviş, Xanım Əliyeva və digərləri də
rol alıblar.
Filmə
baxdıqca hiss edirsən ki, burada peşəkar komanda işləyib.
Yəni istər rejissor, istər operator, istərsə
də aktyorlar harda olduqlarını, nə işlə məğul
olduqlarını gözəl bilirlər. Ancaq
təəssüf ki, ssenari haqqında bunu demək olmur.
Filmin janrına və üslubuna uyğun olaraq hadisələr
bir-birindən qopuq şəkildə olsa da, ssenarist bu hadisələri
bir mərkəzdə birləşdirə bilmir. Sanki hər
olay ayrılıqda havadan asılı şəkildə
qalır və film sona qədər öz həllini tapmır.
Filmin ideyası da məhz sonlara doğru qəhrəmanın
dilindən verilir. Bu səhnəyə qədər
o, tamaşaçı üçün aydın deyil. Cəmi 65 dəqiqəlik ekran işində rejissor
olduqca çox boşluqlar buraxıb. Bu isə bir
müddət sonra insanın hadisələrə
adaptasiyasını çətinləşdirir, bir az da keçəndə isə tamamilə yorur.
"Ol" filmində ən gözəl işlər rəssam
və operatora aiddir. Məkanların seçilməsi, qəhrəmanın
evinin dekoru, onların qrimi və rəng seçimləri
olduqca uğurludur. Bu mənada
quruluşçu rəssam Rza Pəllahianın və
quruluşçu operator Ramin Asimoğlunun adları xüsusi
qeyd olunmalıdır.
Yeni ekran işi bütün halı ilə kommersiya deyil,
sənət naminə çəkilən filmlər
siyahısına daxil edilməlidir. Ancaq bu məsələdə
də uzun müddətdir
qarşılaşdığımız və indi də
rastımıza çıxan bir nüans düzü, məni
rahatsız etdi. Yuxarıda qeyd etdiyimiz kimi,
filmdə Türkiyənin peşəkar aktyoru Tuncer Salman da rol
alıb. Elə filmdən öncə
baxdığım trillerdə və dəvətnamənin
üzərində bu aktyorun yaratdığı obraz ön
plana çıxarılmışdı. Filmin
nümayişində isə gördük ki, əslində
T.Salman burada cəmi 2-3 dəqiqəlik çox kiçik bir
obraz yaradıb. Demək olar ki, sözü
belə yoxdur. Bəs onda filmin reklam işlərində
onun ön plana çəkilməsinin adı nədir? Adi bir "qonaqpərvərlik"? Təbii ki,
yox! Sadəcə "piar"! Nə yazıq
ki, yaradıcı heyət türk aktyoru önə
çıxarmaqla filmə qarşı maraq yaratmaq istəyib.
Buna görə onları qınamaq olarmı?
Yenə də yox! Bəlkə də bunda ən
böyük günah biz tamaşaçıların üzərinə
düşür. Çünki tamaşaçılar o qədər
öz aktyorlarımızı, öz sənət əsərlərimizi
görməzdən gəlib, xaricə (ən yaxın ünvan
olaraq Türkiyəyə) meyillənirlər ki, hətta
düşünürlər əgər bir filmdə türkiyəli
aktyor və ya yaradıcı heyətdə ən azı bir
qardaş ölkənin nümayəndəsi varsa, deməli, o
iş gözəldir, uğurludur. Filmin
yaradıcı heyəti də cəmiyyətdə
formalaşan bu yalnış fikirdən xəbərdadır və
bir növ cəmiyyətlə "onun dilində
danışır".
Fikrimcə, sənətçilərimizdə,
yaradıcı adamlarda bu qədər özünə güvənsizlik
yaratmaq heç də düzgün mövqe deyil. Güvənmədiyimiz və
inam aşılamadığımız insanlardan necə
uğurlu iş tələb edə bilərik ki?
Bütün hallarda "Ol" filmi son dövr Azərbaycan
kinosunda irəliyə doğru növbəti addımdır. Buna görə həm
yaradıcı heyəti, həm də kinosevərləri təbrik
etməyə dəyər!
525-ci qəzet 2018.- 1may.- S.7.