Vaqif Yusifli ilə
bayram kimi bir görüş
Bəzən kimsə sənin kitabın, yazılarınla
bağlı yazı yazır və sən də həyəcanla baxıb görürsən ki, burada heç nə yoxdu. Daha doğrusu,
heç nə deyilməyib. Tənqidi
yazı yazmaq doğrudan da elə asan iş
deyil. Deyirlər, bir şeiri tədqiq etmək o əsəri yazmaqdan daha çətindir...
Ədəbiyyatımızın cəfakeşi, tanınmış
tənqidçimiz Vaqif
Yusifli isə bu baxımdan əsl sənətkardı. Elə buna
görə də onunla hər görüş bir bayram təəssüratı
yaradır. Bu fikir aprelin 28-də Abşeron Rayon Mərkəzi
Kitabxanasında onunla keçirilən görüşdə
də tez-tez səsləndi.
Məlum olduğu kimi aprelin 20-də hörmətli
Vaqif müəllimin
70 yaşı tamam oldu. Bu münasibətlə
onunla müxtəlif görüşlər keçirildi,
haqqında dəyərli
yazılar yazıldı.
Və təbriklər hələ
də davam etməkdədir. Bu da illərlə onun çəkdiyi zəhmətin bir nişanəsi, ona olan xoş münasibətin
bir göstəricisidi.
Kitabxanada Vaqif müəllimin
yubileyi ilə bağlı keçirilən
görüşdə də
ona olan səmimi münasibətin
bir daha şahidi oldum.
Kitabxananın direktoru, şair Məlahət Yusifqızı
tədbirdə ilk sözü
söyləyərək, Vaqif
müəllimi salamladı
və onunla bu görüşün bir bayram olduğunu
vurğuladı. Sonra o, 80-ci illəri xatırladı:
"Haqqımda yazmaq üçün heç kəsə ağız açmamışam və
uzun illər gözləmişəm. Sonra "Pərvanə"
məclisinin üzvlərinin
yazılarından ibarət
eyniadlı almanax çap olunub və mənim də şeirlərim ora daxil edilib.
Baxdım ki, Vaqif müəllim ancaq mənim haqqımda yazıb. Mən onda düşündüm
ki, necə təmənnasız adamdı.
Vaqif Yusifli ədəbiyyatımız
üçün çox
işlər görüb.
Onun xidmətləri hansı yöndən baxsan dəyərlidi. Çünki o, əsl sənətkardı.
Qoy, dualarımız sizinlə
olsun, Vaqif müəllim!"
Adətən yubilyara sonda söz verilir. Amma bu dəfə istisna olaraq birinci Vaqif müəllimə söz verildi. V.Yusifli onunla görüşə gələn
qonaqları salamladı
və ilk sözü bu oldu: "Heç özüm də bilmirəm, necə gəlib bu yaşa çatdım...
Mən həqiqət aşiqi olmuşam. Həmişə çalışmışam, yazmışam. Kim oxuyub,
kim bəyənib bunu
axtarmamışam. Məni bəzən
haqsız tənqid də ediblər. Ancaq öz işimdən, yolumdan ayrılmamışam.
Mən kiməm, deməmişəm...
Xahiş edirəm, məni
çox tərifləməyin!"
Şair
Firdovsi Cəfərov Vaqif müəllimin mədəni bir insan olduğunu söyləyərək bunu
yazdığı yazılarda
da hiss olunduğunu söylədi: "O heç
vaxt müəllifi təhqir etməyib. Onun yazarlar üzərində
böyük haqqı sayı var"...
Hacı İsrafil qeyd etdi ki, adətən
tənqidçilər kənarda
qalır. Onlar haqqında az
danışılır, az
yazıılır. Onun qəlbi
çox böyükdü.
Xəstə olanda da qələmi yerə qoymayıb...
Şərqşünas, şair Hafiz Rüstəm isə bunları söylədi:
"O, sadə, xalqa yaxın bir insandı. 90-cı illərdə sanki ədəbiyyatda bir durğunluq vardı.
Ancaq o, yenə də yazırdı. Yəqin ona
görə bu gün xalqın belə sevimlisinə çevrilib".
Nurəddin Mehdixanlı, Balayar
Sadiq, Rəfael Laçınlı, Mürvət
Qədimoğlu, Narıngül,
Aləmzər Sadıqqızı,
Xaliq Laçınlı,
Şəfəq Sahibli,
Səmayə Güləliqızı
və başqaları
da Vaqif müəllimlə bağlı
ürək sözlərini
söyləyib, onu təbrik etdilər...
Sonda söz yenə də Vaqif müəllimə verildi. O, qısaca öz
tərcümeyi-halından danışdı,
tənqid tariximizə
nəzər saldı.
İllərdir, mən də V.Yusiflinin yazılarını
oxuyuram və ondan öyrənirəm. Hiss etmişəm
ki, həmişə böyük qəlbi, geniş dünyagörüşü
və biliyi olan qələm sahibi daha sadə
dildə yazır, hər kəs anlasın deyə. Onda yazı da nəğməli
çay kimi oxunub keçir.
Tədbirdə çıxış edənlərin
əksəriyyəti Vaqif
müəllimin onun haqqında yazdığı
yazıları xatırladı. Deyirlər, insanın
etdiyi xeyirxahlıqlar bir gün onun
özünə qayıdır.
Elə ona görə də onunla görüş bu qədər səmimi keçdi və belə xoş təəssüratlarla
yadda qaldı... Vaqif müəllim mənim də şeirlərimlə
bağlı bir neçə dəfə yazı yazıb və "Ədalət"
qəzetində çap
etdirib. Və bu yazılar
mənim üçün
çox əziz və dəyərlidir.
O, müəllifləri incəliklə
tənqid edir: nə tərifləyib göyə qaldırır,
nə də ruhdan salır.
Vaqif müəllim, nə yaxşı varsınız. Allahdan sizə can sağlığı arzulayıram. 70 yaşınız mübarək olsun!
Mina RƏŞİD
525-ci qəzet 2018.- 1 may.- S.8.