Halal və səmimi söz adamı

 

Hər dəfə onun yaradıcılığına  nəzər salanda  işıqlı aləmə düşürəm   ilahi  sevginin cazibəsindən çıxmaq mümkün olmur. Bu da ondan irəli gəlir ki, Mükafatın yazdıqları duyan ürəkdən süzülüb gəlir, ilham mənbəyini  Vətəninə onun insanlarına olan saf məhəbbətdən alır.

 

... Maraqlı yaradıcılıq dünyası olan Mükafat Yaqub öz oxucusunu tapan şairlərdəndi. Həmin oxuculardan biri mənəm. Ömrünün 56-cı baharını yaşayan  Mükafat müəllim (Mükafat Elşad oğlu Yaqubov) Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, hazırda Lerik Dövlət Rəsm Qalereyasının direktorudur. Onda söz sənətinə həvəs hələ orta məktəb illərindən yaranıb.  İçindən gələn təbii yanğı, yazıb-yaratmaq həvəsi illərin qanadında peşəkar vərdişə çevrilib. Bədii sözlə ürək dostu, can sirdaşı olan Mükafat əvvəlcə "Azərbaycan pioneri" qəzetinə üz tutur. Sonralar daim yeniliklərə imza atmaq arzusu ilə dumduru misralı şeirləri "Azərbaycan gəncləri",  "Bolluq uğrunda" qəzetlərində, "Ulduz" jurnalında görünməyə başlayır. Ən ümdəsi isə  Mükafat sözü uca tutduğu qədər ucalır, yazıdan-yazıya püxtələşir, dilə gətirdikləri ilə özünü yaxşıların söz meydanında ələyir, duruldur. Saf  hisslərin tərənnümçüsü həyatın gözəlliyini görən duyan şairlərin sırasına qoşulur.  "Ulduz" jurnalı Mükafat Yaqubun 24 səhifəlik "Şah Xətai bu yerlərdə atını şahə qaldırmış" tarixi-publisistik məqaləsini çap edir.

 

40 ildən çox yaradıcılıq təcrübəsi olan Mükafat Yaqubun özünəməxsus poetik  dünyası var. Onun çoxsaylı şeir kitabları, nəsr əsərləri işıq üzü görüb. Hər sətrində, hər misrasında milli ruh duyulan Mükafat xəyalında qurduğu aləmə çəkilib, heç bir təmənna ummadan bu təzadlı dünyanın sevincini, ağrı-acısını ürəyindən süzərək qələmə sarılır. Onun şeirlərində dövrün reallıqları,  həyat gerçəkləri dolğun əks olunur.

 

Nəfsin cilovunu əlində saxla,

Yersiz sözlərini dilində saxla.

Hesab ver, özünü əvvəldən yoxla,

Səhvini, düzünü əvvəldən ara.

 

... Mükafat Yaqub sözə İlahi varlıq kimi yanaşır, onu bədii biçimdə, ifadəli yerində deməyi bacarır. İstedadlı şairin ruhu tərpədən şeirləri dağ çiçəkləritək təravətli olmaqla yanaşı, özündə həm müdriklik yaşadır. Bu müdriklikdə hicran, həsrət var, Vətən torpaqlarının yağılardan  təmizlənəcəyinə içdən gələn iman da. Onun bu səpkili şeirləri çoxdur. Mükafatın vətəndaş yanğısı ilə qələmə aldığı "Tüstülən" şeri deyilənlərə bariz nümunədir:

 

Qaldı, Qarabağda varımız qaldı,

Dərmədik, ağacda barımız qaldı.

Şəhidlər qanından torpaq qızardı

Tüstülən, tüstülən, varım tüstülən,

Şəhidlər uyuyan gorum, tüstülən.

 

Bu şeir M. Yaqubun ötən əsrdə Azərbaycan ədəbiyyatının nisgilli mövzularından sayılan cənub həsrətindən, qəlb təşnəsindən xəbər verən poetik düşüncəsinin məhsuludur. Onun cənub mövzusunda qələmə aldığı "Lerikdən görünən Savalan, zirvədən-zirvəyə ötüşən məhəbbət" adlı, tarixi faktlar əsasında yazdığı irihəcmli publisistik əsəri, "Yük" hekayəsi acı həqiqətin ifadəsi kimi oxucuların yaddaşlarından heç vaxt silinməyəcək. Dünyanın şad gününə sevindiyi kimi, onun  pozulan nizamına qarşı haray çəkməyi bacaran Mükafat Yaqub poetik obrazları gördüyü kimi, olduğu kimi yaradır.

 

... Qələmə aldığı bütün əsərlərində M. Yaqubun geniş ürəyini, zəngin təxəyyülünü, oxunaqlı dilini görməmək mümkün deyil. Söz sərrafının  şeirlərində vətənpərvərlik, düşmənə nifrət hissləri bədii ifadə vasitələrinin köməyilə gözəl təsvir olunur:

 

Bir ömürdür verib mənə Yaradan,

Yaşayıram bölə-bölə hər dəni.

Götürəndə son tikəmi tabaqdan,

Gözüm gəzir doğmaları, özgəni.

Bir ömürdür verib mənə Yaradan,

Nifrətim düşmənin xəracı olsun.

Dağılsın ordusu, çıxsın sıradan,

Qələbə vətənə  baş tacı olsun.

 

Mükafat elinə, yurduna bağlı şairdir. Axı, o yurdun daşlarına uluların nəfəsi hopub. Şair indiki rahat xoşbəxt günlərimizin o köhnə ocaqdan qor götürdüyünü söyləyir. Bununla bərabər "Köhnə daxma" şeirində özünü daxmaya bənzətməklə oxucusunu tarixin sirli-soraqlı keçmişinə səyahətə çıxarır:

 

Mən köhnə bir daxmayam...

Köçmüş kəndin tən ortasında,

beli əyilmiş, tirkini çökmüş,

amma məğrur dayanmağa adət etmiş,

qocaman bir daxma

Mən köhnə bir daxmayam

Qonaqlarım köhnə qonaqlar.

Köhnə dostlarım təzələnir,

hər açılan sabahlar.

 

Şairin bu şeirində bir ağrı duyulsa da, sabaha bağlı ümidlərə bir çıraq işıq tutur. Əgər məğrurluq kökdən gəlirsə, o, hər şeydən ucadır, köhnəliyin içindən bir təzəlik boynanır. Düşünürəm ki, xoşbəxt o söz adamıdır ki,  bütün bunları daxilən duyur xalqın əsrlərdən gələn milli-mənəvi dəyərlərini yaşatmaq naminə ona poetik ilham verir. Bizim Mükafat Yaqub kimi.

 

Zəfər ORUCOĞLU

 

525-ci qəzet 2018.- 1 may.- S.8.