Həmzət bəy Qəbulovun "Molla
Nəsrəddin"dəki yazıları
Həmzət bəy Qəbulov-Şirvanlı haqqında bir neçə
söz
Həmzət bəy
Həbibulla bəy oğlu Qəbulov-Şirvanlı 1884-cü
ildə Zaqatala dairəsinin Qax kəndində anadan olub. O, ilk təhsilini Qaxda aldıqdan sonra Stavropol
gimnaziyasında oxuyub, sonra isə təhsilini Kiyev hərbi
məktəbində davam etdirib.
Təhsilini bitirib
Tiflisə dönən Həmzət bəy bir müddət
burada dövlət vergi idarəsində işləyib. Ancaq bu cansıxıcı iş mənəvi
cəhətdən onu qane etməyib. Rəsmi
dövlət qulluğunu birdəfəlik buraxaraq publisistika
ilə məşğul olmaq istəyib. Tez-tez
mətbuatda ayrı-ayrı məsələlərə öz
münasibətini bildirib, ictimai işlərdə,
mədəni tədbirlərdə fəal iştirak edib.
Publisistikaya marağı onu əbədi olaraq
mətbuata bağlayıb. O, Tiflisdə rus dilində
nəşr olunan "Zakavkazye" qəzetində (1906-1914)
1908-ci ildən "müsəlman şöbəsi"nin müdiri vəzifəsində
işləməyə başlayıb.
Həmzət bəyin "Zakavkazye" qəzetində
çalışmağa başlaması Azərbaycan
ədəbiyyatı və mədəniyyəti ilə
bağlı ən yaxşı nümunələrin bu
qəzetdə dərc edilməsinə təkan verdi.
Bu illərdə "Zakavkazye" qəzeti Azərbaycan
mövzusuna daha geniş yer verdi. Yalnız onu demək yetər ki, Vaqifin məşhur
"Bəh, bu bağın nə əcəb
sərvi-dilaraları var" müxəmməsinin rusca ilk
poetik tərcüməsi, C.Məhəmmədquluzadənin
"Ölülər" komediyası haqqında ilk rəy,
M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı və
başqa bir çox yazılar məhz Həmzət bəyin
sayəsində bu qəzetdə dərc edilib.
Mətbuatdakı işi
Həmzət bəy Qəbulovu yalnız mənəvi
baxımdan təmin edirdi, özünü
bütünlüklə xalq işi uğrunda
mübarizəyə həsr edən bu görkəmli
ziyalının maddi durumu isə əsla ürəkaçan
deyildi. Bir kasıb komada
yaşayır, əskimiş paltar geyir, daimi ehtiyac
içində yaşayırdı.
Ruhca idealist olan,
dünya nemətlərindənsə mənəvi qidanı
üstün tutan Həmzət bəyin nimdaş sürtukunun
altında xalqına sonsuz məhəbbət dolu, qaynar bir
ürək çırpınırdı; elə bir
ürək ki, onun yiyəsi yurduna, elinə xidməti
dünyanın hər cür naz-nemətindən üstün
tuturdu.
H.Qəbulov
mətbuatdakı çıxışlarında başlıca
diqqəti xalqının mədəni tərəqqisinə,
maarifə, klassik irsin, yeni ədəbiyyatın təbliğinə,
ana dili, qadın azadlığı
məsələlərinə və başqa
sahələrə yönəldir, hər dəfə
maraqlı fikirlər irəli sürürdü.
Həmzət bəy
mədəni inkişaf uğrunda mübarizənin əsas
vəzifələrindən birini ana dilinin
saflığını yad təsirlərdən qoruyub saxlamaqda
görürdü. O deyirdi ki, xalqla
heç kəsin başa düşmədiyi ərəb-fars
tərkibləri ilə deyil, təmiz ana dilində, onun
başa düşdüyü dildə danışmaq lazımdır.
Onun fikrincə, bu məsələ həll
edilməsə, aparılan mübarizə istənilən
nəticəni verməyəcək.
Görkəmli
mütəfəkkir M.F.Axundzadənin 100 illik yubileyinin
keçirilməsinin ilk
təşəbbüsçülərindən və əsas
təşkilatçılarından biri H.Qəbulov olmuşdu. Onun bir çox ən yaxşı
məqalələri M.F.Axundzadəyə həsr edilib.
Həmzət bəy
beynəlmiləlçi publisist idi. Başqa xalqların da ədəbi-mədəni
nailiyyətləri onu sevindirirdi. O, müsəlman
Şərqinin məşhur sənətkar və
filosoflarından biri olan əl-Qəzali haqqında geniş
fikir söylədiyi, çeçen teatrı və
əlifbasının yaradılmasını
alqışladığı kimi, gürcü sairi Akaki
Seretelinin 50 illik yubileyini də ürəkdən təbrik
etmişdi. Onun bu münasibətlə
göndərdiyi təbrik məktubu Azərbaycan-gürcü
ədəbi əlaqələri tarixi üçün də
qiymətli sənəddir.
Bütün
ömrünü xalqının tərəqqisi uğrunda
işə həsr etməyi düşünən
H.Qəbulovun sağlamlığı onun arzularının tam
gerçəkləşməsinə imkan vermədi. Tələbəlik illərindən
başlanmış xəstəlik M.F.Axundzadənin yubileyi
ərəfəsində daha da şiddətləndi. Onun səhhəti o dərəcədə
zəiflədi ki, hətta yubilyar haqqında
hazırladığı məruzəni təntənəli
gecədə oxumağa belə taqəti olmadı, həmin
məruzəni Tiflis Xeyriyyə Cəmiyyətinin katibi
M.F.Əfəndiyev oxudu.
Ağır xəstəliyinin müalicəsinə vaxt da,
maddi vəsait də tapa bilməyən H.Qəbulov
Axundzadənin yubiley təntənəsindən cəmi bir ay
sonra - 1912-ci il yanvarın 9-da Tiflisdə
Haqqın dərgahına qovuşdu. Onun vaxtsız
vəfatından iki gün sonra - 11 yanvar 1912-ci ildə
"Baku" qəzetində Hüseyn bəy Minasazov
yazırdı: "Daim millətin mənafeyi keşiyində
duran cavan bir jurnalistin ölümü hiss ediləcək
itkidir. Bu itki adamı bir də ona görə
yandırır ki, mərhum Həmzət bəy kimi səmimi,
təmiz qələm sahibləri bizim aramızda azdır".
Həmzət bəyin
publisistik irsi, təəssüf ki, indiyədək toplanaraq
kitab halında xalqa çatdırılmayıb. Biz onun "Molla Nəsrəddin" məcmuəsində
1909-1910-cu illərdə "Sofi Zənbil" gizli imzası
altında dərc edilmiş 15 yazısını bir yerə
yığaraq "525-ci qəzet"in oxucularına təqdim
edirik
ÇÖP
("Molla Nəsrəddin", 11 yanvar 1909-cu il, ¹ 2)
Mən balaca olan vaxt,
fikrimə gəlir, bizim Qafar adında bir nökərimiz var
idi. Ölənlərinizə Allah rəhmət
eləsin, bir gün mənim rəhmətlik babam nədən
ötrü isə nökərimizi məscidə
göndərmişdi. Nökər
məscidə gedib görür ki, heç kəs yoxdur,
fürsəti qənimət bilib yavaş-yavaş məscidin
məhəlləsində olan gavalı ağacına
çıxıb o qədər gavalı yeyir ki, bir vaxt
bihuş halına gəlib yıxılır. Axşam bizə xəbər olur ki, nökərimiz
bərk naxoşlayıb. Dərhal babam adam
göndərib cindar Molla Kazımı
çağırtdı. Molla Kazım gələn kimi tas qurub başladı oxruc oxumağa. Xülasə, axırda məlum oldu ki, məzlum
nökərin boğazında çöp qalıb. O saat
Tamam xalanı gətirib çox zəhmətlə
çöpü çıxartdırdıq. Baxıb
gördük məscid bağındakı gavalının
çərdəyi ilişib nökərin boğazında
qalıb. Hə, boğaz dedim,
yadıma bir şey düşdü. Car
bazarında olan məscidə nahiyə qazısı Molla
Məhəmməd Seyidov neçə illər idi mollalıq
edərdi. Sonra il keçdi, ay
dolandı, gün doğdu, camaat rəhm edib məscidi Seyidovun
əlindən aldı. Qoçaq Seyidov bizim nökər Qafaq
kimi bunların acığına məscidə vəqf olunan bir
bab dükanı xəlvətcə yazdırır
öz adına. Bir günü
qəflətən Seyidov yerə yıxılıb
başlayır çabalamağa. Dərhal
cindar, uruhölçən dəvət olunub Molla
Məhəmmədin naxoşluğunu kəşf etməyə
şüru edirlər. Axırda məlum
olur ki, vəqf dükanı çöp olub qalıb bu
yazıq Seyidovun boğazında. İndi, a
Molla əmi, and verirəm səni Qoçana
çayının kənarında olan bir nəfər
çayçının imanına, dərhal qabil
çöpçü tapıb göndərəsən bu
məzlum Seyidovun çöpünü çıxardıb,
onun vücudunu təhlükədən qurtarasız. Başağrısı oldu, əfv edəsiz.
Sofi Zənbil
"BADLOQ"
("Molla Nəsrəddin", 1 mart 1909-cu il,
¹ 9)
Çoxları yazıb bizdən "badloq"un mənasını soruşurlar.
Lazım bilirik ki, burada
bu sözü məna edək.
"Badloq" iki sözdən əmələ gəlir:
"bad" farsca "yel", "loq" yapon dilində
"burun" deməkdir, badloq, yəni burun yeli.
Bu söz Qax
vilayətində çox işlənilir. Əhvalat bu qərar ilədir ki,
keçənlərdə Car bazarında məscidə vəqf
olunan dükanların biri qalmışdı nahiyyə
qazısının boğazında. Camaat
Car mirovoy suduna ərizə verib xahiş etmişdi ki, sudya
barmaqlarını uzadıb qazının boğazından
dükanı çıxarsın, qaytarsın camaata.
Yazıq sudya da qalır məəttəl, çünki zakon
kitablarına baxıb görür ki, belə bir iş
heç yanda yazılmayıb.
Axırda qazı özü də çarəsiz qalıb
gedir bir kağız qayırır və camaatın əsl
vəkillərinin əvəzinə üç nəfər adam tapıb deyir ki "biz camaat
tərəfindən vəkilik və dükanın geri
qaytarılmasına razı deyilik". Bu
barədə qazı bir badloq qayırıb qoyur sudyanın
qabağına.
Fevralın on üçündə sudya badloq
kağızına baxıb qazıya deyir: "Üzün qara
olsun".
Bəs "badloq", yəni "burun yeri" və
bəyanı da bu cürdü ki, qazı üç
nəfər yalançı camaat vəkillərini tapıb
təvəqqə eləmişdi ki, bunlar qazının
"badloq"una qol qoysunlar, yəni qazının burnundan
püləsinlər ki, boğazında qalan dükan keçib
getsin qarnına.
Sofi Zənbil
ZƏLİ
("Molla Nəsrəddin", 12 aprel 1909-cu il,
¹ 15)
Allah babana rəhmət
eləsin, bir kərə mənim rəhmətlik babam
mərhum həkim Zoğalın buyurmağına görə
bir neçə zəli gətirib günçıxan tərəfdəki
qolunda olan yaranın pis və qəliz qanını sormağa
qoymuşdu ki, qolu şəfa tapsın. O vədə mən üç yaşında balaca
uşaq idim, allahın belə xırda qurdlara oxşuyan balaca
zəlilərinə baxıb çox təəccüb edirdim
ki, bunların ən böyüyü görəsən nə
boyda olar? İndi, a Molla əmi, dörd
sənədir ki, bizim Zaqatala okruqunun hər uçastkasinda
həmin zəlilərdən bir neçəsi
böyüklənib və başlarına əmmamə qoyub
yayılıblar. Bunlar həqiqi
zəlillər kimi xəstələri sağaltmaq
əvəzinə sağların qanlarını sorub
xəstələtmək kəramətinə dəxi
qadirdirlər. Bu zəlilərə bizim
yerdə şeyx deyirlərmiş. Əvvəla: Hacı
Musa dəbir adında bir lotu neçə ildir ki,
Dağıstanın bir naxırından çatını
qırıb gəlibdir Cara və hər axşam namazdan sonra
cavan övrətləri yığıb və lampanı
keçirib başlayır donbalaq aşmaq təriqətini
işlətməyə! Saniyən: Balakən
uçastkasında Katex kəndinə təşrif buyurub
İsa dəbir deyən bir dərd əhli çox əla
teatr açıb. Cavanə və xoşsima
müridlər məcanən qəbul olunur. İnşallah, Şeyx Sənanın məqamına
yetişəcək. Salisən: Hacı Osman əfəndi
deyən bir zövq əhli neçə ildir ki, Zaxod
kəndindən hicrət edib Lekit kəndinə təşrif
buyurub, bir "Gülüstani-İrəm" tikib,
həftə bazarı açıb, məsələn, avam
camaatı tovluyub iməci ilə bir həftə Zoğal dibi,
bir həftə ... pirinə gedir. Özü
də cənnəti tamam ixtiyar edib heç bizə yer
saxlamayıb. Rabiən: Əliabad uçastkasında
Lahıc kəndində Hacı Qurban əfəndi adında bir
nəfər şeyx ölüb, gecələr ərşə
çıxıb, məlaikəklər ilə namaz
qılır. Mötəbər rəvayətlərə
görə, məskuru cənnətə haçarçı
təyin edəcəklərmiş və digəri Qımır
kəndində Hacı Murad əfəndi adında bir
nəfər ruh əhli çox ixlas ilə ibadət edib
şeyx "Bərsisa"nın məqamına daxil olmağa
bir arşın yol qalıb!.. Xamisən:
Falax kəndində Hacı Mustafa əfəndi adında bir
qiyafətşünas mübarək üzünə
pərdə salıb ərişərrəhmi səyahət
etməyə getmişdi. Deyirlər səkkiz
cənnətin cümləsini gəzib hər birində bir
fincan abi-kövsər içib genə təbdili-hava
üçün Falax kəndinə təşrif buyurub.
İndi, a
Molla əmi! Təvəqqe edirəm Molla Abbas kitabına
baxıb xəbər verəsən, əvvəla,
Dağıstanın zəliləri cümləsi beləmi
olur? Saniyən, bu əmmaməli zəlilər ki bişəkk
cənnətə daxil olacaqlar, biz asi qullara cənnətin
məhəlləsində də olsa yer olacaqmı? Yoxsa
indidən ərizə verib qəndidat yazılaqmı?
Sofi
Zənbil
YEŞİN
BACI
("Molla
Nəsrəddin", 26 aprel 1909-cu il, ¹ 17)
Biz
uşaqlıqda bir neçə uşaq bir yerə cəm
olaraq gündüzlər məhəllədə "Yeşin
bacı" oyunu oynardıq. Belə ki, birimiz bir agacın
dalında gizlənib xəbər verərdik "Yeşin
bacı, gəl". Yoldaşlar da gəlib bizi tapardı.
İndi dünya tərəqqi edib. Hər iş kamil olduğu
kimi, bu oyunun kamil və əlasını Danaçıda
şeyxlik edən Hacı Şüeyb əfəndi bilir. Bu lotu biz uşaqlar kimi gündüz yox,
gecələr qaranlıqda mürid və cavan
övrətlər ilə oynayır və özü də biz
kimi ağac dalında yox, mələk misli cavan övrətlərin
arasında gizləndiyindən onu heç tapmaq olmur. İslam
aləmində bu üsuli-cədid "Yeşin
bacı"nı məlum etməyə lazım bilirik.
Sofi
Zənbil
(Ardı
var)
Abdurrəhman
QABULZADƏ
525-ci
qəzet 2018.- 1 may.- S.6.