Həmzət bəy Qəbulovun "Molla Nəsrəddin"dəki yazıları

 

Həmzət bəy Qəbulov-Şirvanlı haqqında bir neçə söz

 

Həmzət bəy Həbibulla bəy oğlu Qəbulov-Şirvanlı 1884-cü ildə Zaqatala dairəsinin Qax kəndində anadan olub. O, ilk təhsilini Qaxda aldıqdan sonra Stavropol gimnaziyasında oxuyub, sonra isə təhsilini Kiyev hərbi məktəbində davam etdirib.

 

Təhsilini bitirib Tiflisə dönən Həmzət bəy bir müddət burada dövlət vergi idarəsində işləyib. Ancaq bu cansıxıcı iş mənəvi cəhətdən onu qane etməyib. Rəsmi dövlət qulluğunu birdəfəlik buraxaraq publisistika ilə məşğul olmaq istəyib. Tez-tez mətbuatda ayrı-ayrı məsələlərə öz münasibətini bildirib, ictimai işlərdə, mədəni tədbirlərdə fəal iştirak edib. Publisistikaya marağı onu əbədi olaraq mətbuata bağlayıb. O, Tiflisdə rus dilində nəşr olunan "Zakavkazye" qəzetində (1906-1914) 1908-ci ildən "müsəlman şöbəsi"nin müdiri vəzifəsində işləməyə başlayıb.

 

Həmzət bəyin "Zakavkazye" qəzetində çalışmağa başlaması Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı ən yaxşı nümunələrin bu qəzetdə dərc edilməsinə təkan verdi. Bu illərdə "Zakavkazye" qəzeti Azərbaycan mövzusuna daha geniş yer verdi. Yalnız onu demək yetər ki, Vaqifin məşhur "Bəh, bu bağın nə əcəb sərvi-dilaraları var" müxəmməsinin rusca ilk poetik tərcüməsi, C.Məhəmmədquluzadənin "Ölülər" komediyası haqqında ilk rəy, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı və başqa bir çox yazılar məhz Həmzət bəyin sayəsində bu qəzetdə dərc edilib.

 

Mətbuatdakı işi Həmzət bəy Qəbulovu yalnız mənəvi baxımdan təmin edirdi, özünü bütünlüklə xalq işi uğrunda mübarizəyə həsr edən bu görkəmli ziyalının maddi durumu isə əsla ürəkaçan deyildi. Bir kasıb komada yaşayır, əskimiş paltar geyir, daimi ehtiyac içində yaşayırdı.

 

Ruhca idealist olan, dünya nemətlərindənsə mənəvi qidanı üstün tutan Həmzət bəyin nimdaş sürtukunun altında xalqına sonsuz məhəbbət dolu, qaynar bir ürək çırpınırdı; elə bir ürək ki, onun yiyəsi yurduna, elinə xidməti dünyanın hər cür naz-nemətindən üstün tuturdu.

 

H.Qəbulov mətbuatdakı çıxışlarında başlıca diqqəti xalqının mədəni tərəqqisinə, maarifə, klassik irsin, yeni ədəbiyyatın təbliğinə, ana dili, qadın azadlığı məsələlərinə və başqa sahələrə yönəldir, hər dəfə maraqlı fikirlər irəli sürürdü.

 

Həmzət bəy mədəni inkişaf uğrunda mübarizənin əsas vəzifələrindən birini ana dilinin saflığını yad təsirlərdən qoruyub saxlamaqda görürdü. O deyirdi ki, xalqla heç kəsin başa düşmədiyi ərəb-fars tərkibləri ilə deyil, təmiz ana dilində, onun başa düşdüyü dildə danışmaq lazımdır. Onun fikrincə, bu məsələ həll edilməsə, aparılan mübarizə istənilən nəticəni verməyəcək.

 

Görkəmli mütəfəkkir M.F.Axundzadənin 100 illik yubileyinin keçirilməsinin ilk təşəbbüsçülərindən və əsas təşkilatçılarından biri H.Qəbulov olmuşdu. Onun bir çox ən yaxşı məqalələri M.F.Axundzadəyə həsr edilib.

 

Həmzət bəy beynəlmiləlçi publisist idi. Başqa xalqların da ədəbi-mədəni nailiyyətləri onu sevindirirdi. O, müsəlman Şərqinin məşhur sənətkar və filosoflarından biri olan əl-Qəzali haqqında geniş fikir söylədiyi, çeçen teatrı və əlifbasının yaradılmasını alqışladığı kimi, gürcü sairi Akaki Seretelinin 50 illik yubileyini də ürəkdən təbrik etmişdi. Onun bu münasibətlə göndərdiyi təbrik məktubu Azərbaycan-gürcü ədəbi əlaqələri tarixi üçün də qiymətli sənəddir.

 

Bütün ömrünü xalqının tərəqqisi uğrunda işə həsr etməyi düşünən H.Qəbulovun sağlamlığı onun arzularının tam gerçəkləşməsinə imkan vermədi. Tələbəlik illərindən başlanmış xəstəlik M.F.Axundzadənin yubileyi ərəfəsində daha da şiddətləndi. Onun səhhəti o dərəcədə zəiflədi ki, hətta yubilyar haqqında hazırladığı məruzəni təntənəli gecədə oxumağa belə taqəti olmadı, həmin məruzəni Tiflis Xeyriyyə Cəmiyyətinin katibi M.F.Əfəndiyev oxudu.

 

Ağır xəstəliyinin müalicəsinə vaxt da, maddi vəsait də tapa bilməyən H.Qəbulov Axundzadənin yubiley təntənəsindən cəmi bir ay sonra - 1912-ci il yanvarın 9-da Tiflisdə Haqqın dərgahına qovuşdu. Onun vaxtsız vəfatından iki gün sonra - 11 yanvar 1912-ci ildə "Baku" qəzetində Hüseyn bəy Minasazov yazırdı: "Daim millətin mənafeyi keşiyində duran cavan bir jurnalistin ölümü hiss ediləcək itkidir. Bu itki adamı bir də ona görə yandırır ki, mərhum Həmzət bəy kimi səmimi, təmiz qələm sahibləri bizim aramızda azdır".

 

Həmzət bəyin publisistik irsi, təəssüf ki, indiyədək toplanaraq kitab halında xalqa çatdırılmayıb. Biz onun "Molla Nəsrəddin" məcmuəsində 1909-1910-cu illərdə "Sofi Zənbil" gizli imzası altında dərc edilmiş 15 yazısını bir yerə yığaraq "525-ci qəzet"in oxucularına təqdim edirik.

 

(Əvvəli ötən sayımızda)

 

KAL YEMİŞ

 

("Molla Nəsrəddin", 7 iyun 1909-cu il, ¹ 23)

 

Raviyani-əxbar və naqilani-asar tutiyi-xoşgüftar gözəl şəhərdir Car (hə, Molla əmi, deyəsən, şer oldu). Belə rəvayət edirlər ki, musullu Abdulla Mustafa oğlu sağlığında öz mülkündən bir qitə yer məscidə vəqf və bir qədər əmlak bir varisinə nəzir eləmişdi. Bir müddət keçəndən sonra Abdulla nam mərhum olur. Bunun bir qeyr varisi gəlib qazı Seyidovu görür. Seyidov da bunu görür və bu, Seyidovdan bir nəzir kağızı alır, ermənilərin dəftər hesabı nisyələrini agent Molla Məhəmməd şeyx oğlu Qarasu müsəlmanlarından qaçaq hədəsilə zornan alan kimi... "Hə, mətləb bizdən uzaq düşdü. Müxtəsər, bu nəzir kağızını nahiyə qazısı imzalayıb göndərir Tiflis Müfti cənablarına. Müfti cənabları da görür ki, bu nəzir kağızı qazinin saxta bostanından üzülmüş bir yemişdir, ancaq... çox kaldır. Qazinin dişləri qamaşmasın deyə, bu kağızı Müfti cənabları dərhal dala qaytarıb bunun şəriətə müvafiq və həqiqətə mütabiq surətdə həll olunmasını qazilərə tövsiyə edirsə də, cənab qazi kömür ağdır deyə durur... Xülasə, bu zikr olunan nəzir kağızı uşaq oyunu kimi iki dəfə Tiflisə gedib genə təzədən baxılmağa Cara qayıdıbdır. Indi isə "Koroğlu uçə kimi" məsələsinin mövcibincə qazi üçüncü dəfə olaraq genə o kağızın əvvəlki halında qalmasını xahiş edir. Müfti cənabları şəriət və millət xatirəsi üçün car müsəlmanlarının nahiyə qazisinin əlindən alınmasına bir iqdar eləsə, çox böyük yadigar qoymuş olur...

 

Sofi Zənbil

 

"LAX YUMURTA"

 

("Molla Nəsrəddin", 14 iyun 1909-cu il, ¹ 24)

 

A Molla əmi, doğrusu, heç səndən baş açmaq olmur. Bir tərəfdən deyirsən: A camaat, daha aldanmayın, üzünüzü açın, gözünüzü örtün. Ağzınızı açın, dilinizi bağlayın. Qulağınızı pənbəliyin, ayağınız yalın olmaqdan eyib olmaz... Bığın qabağını aldırın, saqqal həmişə varlıda olsa fikir yoxdur. Zahirdə çoxlu namaz qılın, batildə bitli də olsanız, dinin dirəgi yıxılmaz. Saç qoymayın. Ancaq bir medala Vətəni və milləti satsanız da yarar... Təharət alanda, ayaq yerə döyməyi tərk etməyin, yxüvvət şərtini tərk etsəniz, əzim savab edərsiniz. Yaşı çox, özü cahil himar olsa da yarar. Ancaq filosofi zəmanə olub yaşı az olsa yaramaz.  Uşkola gedib elm, təhsil etməyin, "Baba Heydər məclisə gedən" kimi pirə getsəniz düzələr. Seyidlərdən və şeyxlərdən etiqadınızı kəsməyin. Mərdimazar olsanız da, zərər yoxdur. Qeyri millətlər sizi alverdə-filanda tovluyub pulunuzu alırlar alsın... Xülasə. Və bir tərəfdən cənabınız bir qırıq kağıza qurbağa, çaqqal filan şəkli çəkib fəqir camaatın cibində şeyxlərdən və mollalardan artıq qalan qəpikləri tovluyub alver təriqilə alırsınız. Hə, alver dedim fikrimə Hacı Molla Qəni Əfəndinin alveri düşdü. Molla əmi, and olsun Sadıqov, İsmayılov və Ciqayev Cabbarın canına. Əmbərçi kəndində Hacı Molla Qəni Əfəndi Dibir ilə onun bacanağı Əfəndi Dibir oğlu təzə bir alver tapıblar. Onların kəşf etdiyi ticarət üsulu Kolumbun kəşfindən hünərlidir. Bunların Mahmud ağa deyilən bir nəfər də baldızı var. Neçə kərə bu müqəddəs əfəndilər məskurə övrəti tovlayıb öz yanlarına qanırıb, hər səfər də Mahmud ağadan bir neçə manat alıb yenə ona veriblər. Axırda Mahmud ağa da həcəmət yeri olmadığından digər bir Mahmud ağaya satmaq üçün məskurə övrəti tovlayır ki, filankəs və filankəs şahid yazıb nahiyə suda şikayət ver ki, Mahmud ağa məni boşayıbdır. Filankəslərin yanında, ancaq məni azad etməyir. Məskurə övrət bu fitva mövcibincə nahiyə suda ərizə verir. Xülasə, ərizəni və məruzi söylədəndən sonra şahidlərdən soruşur. Bu işdən siz nə bilirsiniz? Bunlar cavab verirlər ki, bizim xəbərimiz yoxdur. Sud bir qədər məşvərətdən sonra fitva sahiblərinə məlum edir ki, “Yaxşı basdırmamısınız, yumurta lax çıxdı..."

 

Sofi Zənbil

 

VIVESKA

 

("Molla Nəsrəddin", 28 iyun 1909-cu il, ¹ 26)

 

Molla əmi! Bağışlıyasınız, bir balaca nağıl danışacağam. Biri var idi, biri yox idi, Allahdan başqa kimsə yox idi. Bir Car bazarı var idi. Bir günü xəbər çıxdı ki, bazarın filan yerində təzə bir bağlı mağazanın qabağında bir böyük vıveska asılıb və çox gözəl xətt ilə yazılıbdır: füruş olunur:            

 

İncu, mərcan, kəhrəba, yaqut,     

İpək, qumaş, zər, əba, mahut.

 

Vıveskanın bu məzmunu mağazanın qabağına cəm olan məxluqu ziyadə şövqləndirib, hər kəsə bəqədri-qüvvə mal almaq əfkarilə mağazanın açılmağına müntəzir elədi. Xülasə, bir növ ilə mağazanı açdılar; bir də gördülər nə?

 

Köhnə süpürgə, köhnə çarıq, qurbağa,

Köhnə çuval, köhnə çanaq, tısbağa.

 

Köhnə başmaq, köhnə cəhrə, bir oraq,

Köhnə çaxmaq, köhnə dəhrə, qır çıraq.

 

Müxtəsər, vıveskanın zahiriylə batinində çox da fərq yox imiş. Hə, vıveska dedim nə fikrimə düşdü? Madaxlı Molla Həmid ilə bəzzaz Sofi Vahid hələ məzlum kəndlilərin haqlarını da vermiyib özləri şıxlarnan durub-otururlar deyə, saqqal vıveskasilə avam camaatı şeyxlərə mürid olmağa dəvət edirlər ki, özlərinə də bir  qədər komissiyalıq haqqı çatsın...

 

İndi, a Molla əmi! And verirəm səni Şeyx oğlu Molla Məhəmmədin əlini öpüb ona pul verən Car mahalının müsəlmanlarının müvəqqət imanlarına ki, tezlik ilə məcmuəniz vasitəsilə bir xəbər verəsiniz. Əvvələn, sofilər özlərindən asan saqqal vıveskaları ilə yuxarıda zikr olunan vıveskanın çoxmu fərqi? Saniyən, bu vıveskalı sofilər behiştə daxil olanda bəs Vartaşen sofiləri necə olacaqlar?

 

Sofi Zənbil

 

XEYİRXAH

 

("Molla Nəsrəddin", 2 avqust 1909-cu il, ¹ 31)

 

Cənab Molla əmi! Çoxdan bəri mən fikir edirəm ki, insanların arasında olan firqələrin hansı mütərəqqi və qüvvətlidir? Əlhəmdülillah, bu sirri dəxi zəmanə bizə bildirdi. Dünyada ən mütərəqqi və qüvvətli  iki firqə var imiş: biri müsəlmanların içində olan xeyirxah rəislərin firqəsi, digəri avropalıların içində olan bədxah rəislərin firqəsi. Ancaq Allaha şükür ki, bizim xeyirxah rəislərimizin işləri Avropa rəislərinin bədxah işlərindən mütərəqqidir. Əzon cümlə Almalıda Paşa Molla Şəfi oğlundakı xeyirxah sifətini heç kəsdə görməmişəm. A  kişi, dord yüz ev Almalı camaatında heç bir adam müsəlmanca da olsa, qəzetə gətirib oxumur ki, gözlərini qara aparar (yəni beş nəfərdən qeyri, doğrusu, müsəlmanca bilən də yoxdur). Hələ bir para adamların təvəqqəsilə iki ildir ki, divan çalışır bu kənddə bir məktəb bina edib üsuli-cədid üzrə müsəlmanca və hələ rusca da kənd uşaqlarını oxutsun... A  canım, bizə rusca nəyə lazımdır? Çox olsa həftədə bir dəfə divan tərəfindən bir pavestka gələcək, cəhənnəm, o vədə otuz verst nə yoldur ki, gedib Carda oxudub mətləbini  bilmiyək. Hazır bizim ermənilər kimi hammallarımız var, həmişə bizə kağız oxumağa və yazmağa borcludurlar. Xülasə, az qalmışdı bir para adamlar da məktəb binasına kömək edib işi meydana  çıxardalar. Ancaq iki mərtəbə qırmızı saqqalına qurban olduğum Paşa dayı camaatın uşaqlarını əsirgəyib onların gözlərini xarab olmaqdan və bəlkə də axırda onları rus olmaqdan saxladı. Allah belə meymin rəislərin papaqlarını saxlasın. Amin, amin deyən dillər lal olmasın! İndi, a Molla əmi! And verirəm səni almalılar şüşələrə doldurub Zəmzəm hesabında irəflərdə saxlıyan Hacı Şoyüb əfəndinin kəramətli dəstamaz suyuna; hansı sudan ki, almalı Musa Molla Mustafa oğlunun naxoş övrətinə vermişdilər ki, şəfa tapsın, məzlumə övrət sudan iyrənib altı ildir ki, naxoşluğu daha da şiddətlənib. Məcmuəniz vasitəsilə bir xəbər verin görək biz müsəlmanlara Markoflar, Purişkeviçlərmi çox  xeyirxah olar, yoxsa onların siğə qardaşı Paşa dayılar? Əgər bu məsələni həll edə bilsən, Legit kəndində olan Şeyx  Əbdülvahab əfəndiyə yetişən toyuq, cücə, yumurta, düyü və qeyri daxodların nisfini ənqərib hava vaporilə xidmətinizə bərat edəcəyəm.

 

Əhvalat bir az bərəkətsiz oldu, əfv edəsiz.

 

Sofi Zənbil

 

HƏRİF

 

("Molla Nəsrəddin", 23 avqust 1909-cu il, ¹ 34)

 

Keçmişdə mağıl xeyir-bərəkət var idi. A kişi, görürdün birdən bir naqqal səsi gəlir. Məxluq dərhal bir meydana cəm olub gözlərdilər ki, görsünlər nə var nə yox. Bir də görürdün müqəddəs hacılarımız əl çala-çala iki nəfər mömin müsəlman qardaşları şövqləndirib meydana saldılar ki, bunlar güclərini sınamaq üçün bir-birilə qurşaq tutsunlar. Bir yandan əl çalmaq həvəsi, bir yandan nağara gurultusu və bir yandan "maşallah" sədası meydana girən millət mücahidlərini həvəsləndirib üç-dörd saat  yek-digərilə çırpışmaga vadar edərdi. Axırda bunların hansı artıq olsaydı, ona "hərif" deyərdilər ki, hər yerdə məşhur olsun. Hər bir camaat arzu elərdilər ki, nə olaydı onların içində bir belə hərif olaydı ki, onlarla fəxrlənəydilər... Ancaq belə nemət hər camaata nəsib olmazdı. Allaha şükür olsun ki, Car müsəlmanlarını Allah-taala belə əzim nemətdən məhrum etməyib. Car bazarında necə ki, məlumdur, neçə illərdir ki, Məhəmməd əfəndi Seyidov adında bir hərif peyda olub. Bu hərif qurşaq tutmaq elmində çox mahir olduğundan bir yerdə özünə bir meydan açmışdı; hərçəndi neçə kərə Car bazar məscidinin məhəlləsidə bu xüsusda manevra eləmişdi, ancaq müəzzəm Hacı Musadan fürsət tapa bilmədiyindən məscidin içinə girə biməyib ruzü şəb arzuda qalmışdı. Cənab Seyidov öz hərifliyində daha da məşhur olmaq üçün bir fitnə ilə müəzzəm Hacı Musanı həmin məsciddən qaçırtdı ki, məscidin içində də bir qurşaq məşqi başlasın. Ona görə də bu keçən iyul ayının 24-cü cümə günü imamlıqdan xaric olandan sonra bu vaxta kimi məscidə gəlmiyən Seyidov gəlib məscidə girib mehrabın yanında əyləşib gözlüyür ki, həmin məscidin imamı  Nurullah əfəndi cümə namazına duranda birdən onu yığışdırsın. Camaat namaza qamət eliyir; Nurullah əfəndi qabağa keçir imam olmağa. Bu halda Seyidov əvvəlcə imamın qolundan tutub "filan şüdə, niyə mənə təklif eləmirsən?" deyib camaata dəxi belə xitab eliyir: "Mən  razı deyiləm bu, məsciddə namaz qılsın". Camaat Seyidovun qurşaq məşqinə mane olmaqla bir növ onu sakit eliyirlər. İndi, a Molla əmi! Rica edirəm möhtərəm məcmuəniz vasitəsilə Mədəliyə məlum edəsiniz ki, camaatı qırmaq bir hünər deyil, əgər hərif isə gəlsin Car bazar məscidinin içində Məhəmməd əfəndi Seyidov ilə qurşaq tutmağa. Yox, hərif deyil isə, degilən çox da öz pirinə fəxr eləməsin.     

 

Sofi Zənbil

 

(Ardı var)

 

Abdurrəhman QABULZADƏ

 

525-ci qəzet.-2018.-2 may.-S.6.