Daşkənddə "Kəlağayı
- Azərbaycan ipəyinin dürdanəsi" təqdim olundu
Daşkənddəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) layihəsi
ilə özbək və rus dillərində
çap edilən "Kəlağayı - Azərbaycan
ipəyinin dürdanəsi"
adlı kitabın təqdimatı keçirilib.
Mədəniyyət Mərkəzinin foyesində
qurulan sərgidə milli kəlağayılarımız,
ipəkdən hazırlanan
Azərbaycan milli geyimləri nümayiş etdirilib.
AMM-in direktoru Samir Abbasov Azərbaycanın ən qədim sənət növlərindən
sayılan kəlağayı
sənəti, ölkəmizdə
ipəkçiliyin tarixi,
inkişaf mərhələləri,
dünyanın tanınmış
alimlərinin, səyyahlarının
bu barədə fikirlərinin yer aldığı kitab haqqında ətraflı məlumat verib. O, kəlağayının dünyaya
tanıdılması istiqamətində
görülən işlər
barədə məlumat
verib, Heydər Əliyev Fondunun layihəsi əsasında Azərbaycanın kəlağayı
sənətinin 2014-cü ildə
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edildiyini söyləyib. O deyib:
"Azərbaycanın tarixi
ərazilərində aparılan
arxeoloji qazıntılar
zamanı eramızdan əvvəl III minilliyə
aid tunc iynə və bizlərin aşkarlanması sübut
edir ki, bu alətlərin vasitəsilə qədim insanlar özlərinə paltar tikiblər. Azərbaycan ərazisində qazıntılar
zamanı ipək parçalardan hazırlanan
geyim qalıqları arasında kəlağayıların
da tapılması onun Azərbaycan xalqına məxsus olduğunu sübut edir".
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru,
professor Erkin Nuriddinov
AMM-in layihəsini yüksək
qiymətləndirərək, kəlağayı haqqında
məlumatların, onun
hazırlanması, nəfis
Azərbaycan ipəyinin
üzərində vurulan
füsunkar naxışlar,
bu naxışların
mənası, elmi açıqlaması barədə
müfəssəl məlumat
verən nəşrin
özbəkdilli və
rusdilli oxucular üçün gözəl
mənbə olduğunu
qeyd edib.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının
direktoru Zuxra Berdiyeva, Dövlət Tarix Muzeyinin direktor müavini Muxlisa Abduraxmanova qeyd ediblər ki, iki min ildən
artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar qədim dövrlərdə Qafqaza gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi,
Marko Polo, ipəkşünas alim Evliya Çələbinin
əsərlərində yer
alıb. Qeyd edilib ki, Avropa və Asiyanın ticarət yollarının kəsişməsində
yerləşən Azərbaycanda
ipəkçilik xalq təsərrüfatının qədim
bir sahəsi sayılır, ölkənin
bu sahədə böyük ənənələri
var.
Kitabın tərcüməçiləri İsroil Şamsimuxamedov və Şaxla Qasımova nəşrin Azərbaycan ipəyi, kəlağayı sənətinin
təbliği üçün
yeni imkanlar açdığını və
onun bu mövzuda
tədqiqat aparan mütəxəssislər üçün
əvəzsiz informasiya
mənbəyi olduğunu
söyləyiblər.
Bildirilib
ki, kəlağayı
təkcə qadın baş örtüyü, bir bəzək vasitəsi deyil, o həm də Azərbaycanın qədim
tarixini, zəngin mədəniyyətini, xalqın
istedadını nümayiş
etdirir, onun hər bir naxışı,
ornamenti böyük məna daşıyır.
Kitabın tərtibçisi Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov, "Ön söz"ün müəllifi
Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.
Tədbirin sonunda kəlağayı haqqında sənədli
film nümayiş etdirilib.
XƏDİCƏ
525-ci qəzet 2018.- 2 may.- S.7.