Sərhədçi
əsgər
Vətənimin keşiyində
Dayanmısan, igid əsgər.
Doğma ata ocağından
Əziz gəlir sənə səngər.
Arxandadır doğma yurdun,
Önündədir xain düşmən.
Ölüm-qalım arasında
Öncə vətən düşünürsən.
Ölmək nədir vətən üçün,
Onda məzar da vətəndi.
Əgər yoxsa doğma yurdun,
Bu, ölümdən də betərdi.
Haydı, irəli!
Ayıq ol, igid əsgər,
Tuş gəlməsin yurduma
Mənfur düşmən gülləsi.
Əz başını zalımın,
Ərşə qalxsın naləsi.
Vətən sənə ümidli
Xaindi yağı düşmən.
Haydı irəli, əsgər,
Qoy yesin ağı düşmən.
Azadlığım məhv olar,
Sən olmasan önümdə.
Qorxub səndən çəkinir,
Vaxtsız gələn ölüm də.
Əlindədir bayrağım,
Dodaqlarında himnim.
Bil ki, sənlə azaddı
Mənim ana vətənim.
Dalğalan, bayrağım!
(Cümhuriyyətin
100 illiyinə)
Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə laylay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Baxıb
sənə qürurlandı
igidlər,
Dalğalandın, şəfəq saçdı
üfüqlər,
Dara düşüb gizlədildin
çox illər,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Hər bir ölkə bayraq ilə tanınar,
Şəhidləri bayrağına sarılar,
Qarabağda zəfər marşı
çalınar,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Məzahir MƏZHƏR
525-ci qəzet 2018.- 2 may.- S.8.