Oftalmoloq Yazgül Abdiyeva:
"Dünyagörüşü, həyata baxış
üçün təkcə göz kifayət etmir"
Cəmiyyətin həm görən, həm görünən
gözü qadındır. Qadın ana, qadın
simadır. Ətrafının yaşam tərzini
yansıdan ən birinci səbəb qadının üz cizgiləri
və baxışındakı mənadır.
Əsrlərlə, qərinələrlə müqtədir
insanlar cəmiyyətdə hər zaman qadının
savadlı görməsi üçün mücadilə
aparıblar. Bu gün də belədir. Tək bir fərqlə...
Keçmişdə qadınların cəmiyyətdə
özünü təsdiqi üçün maneələr
aşması gərəkirkən, bu gün qadın öz
ayaqları üzərində möhkəm duran söz
sahibidir. Ölkə başçısının sərəncamı
ilə bu il Azərbaycan Cumhuriyyətinin
100 illiyi qeyd olunur. Və Şərqdə ilk
olaraq qadına seçmək və seçilmək hüququ
məhz bizim ölkədə verilib.
Müsahibimiz
həyatı boyu öz fəaliyyəti, savadı və peşəkarlığı
ilə seçilən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat
bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə
doktoru Yazgül Abdiyevadır. Söhbətimizin
uğurunu onun müxtəlif mövzulara baxış
bucağının ölçüsü təyin edəcək.
- Yazgül xanım, bir qadın
özünütəsdiq üçün nədən
başlamalıdır?
-
Özünütəsdiq uşaqlıqdan formalaşmağa
başlayır, yetkinlik yaşında bir az
da təkmilləşir və gənclik yaşında artıq
formalaşmış olur. Yəni
özünütəsdiq üçün illər lazım
olur. Hər bir qadının
özünütəsdiqi onun ilk olaraq öz şəxsiyyətindən
başlayır. Dünyagörüşü,
həyata baxışı, ətrafla davranışı onun
kimliyini göstərir. Mən orta məktəbdə
çox yaxşı oxumuşam, ictimai işlərdə də
fəal olmuşam. Hətta bu fəallığım
Tibb Universitetində təhsil aldığım illərdə
də özünü göstərib. İndiki
işimdə də beləyəm. Demək
uşaqlıqdan başlayan fəallığım indiki
yaşıma qədər formalaşıb və indi deyərdim
ki, tam təsdiqini tapıb. Ailədə isə
qadının özünütəsdiqi ailəsinə,
övladına verdiyi tərbiyəyə çox təsir edir.
Qadın ailədə ya formalaşır, ya da
formalaşdırır. Məncə,
güclü qadın ailəni formalaşdırır ki, bu da
elə onun özünütəsdiqi deməkdir.
- İnsanı gözündən
tanıyanlardansınızmı?
- Bu, bir qədər
çətin məsələdir. Bəzən bəli,
elə ilk söhbətdən qarşımdakı insanın nə
istədiyini, niyyətini anlayıram. Amma bəzən
isə əksinə, illər uzunu dostluq etdiyim birinin xəyanətini,
saxtakarlığını görəndə onun bütün
bunları necə gizlətdiyinə məəttəl
qalıram. Bir sözlə, bu suala birmənalı
cavab vermək çətindir. Amma o da var
ki, zaman bizim ən böyük müəllimimizdir. Yanlışlıqlarım illər ötdükcə
azalır, daha tez qarşımdakını tanıyıram.
- Orta məktəb
illərindən bir çox özəllikləri ilə
seçilən Yazgül Abdiyeva istənilən sahədə
uğur qazanacaqdı. Niyə o, məhz göz həkimi
olmağı seçdi?
-
Uşaqlıqdan həkim olmaq arzusunda idim. İnsanları
sağaltmaq, onları həyata qaytarmaq çox ülvi bir
hissdir. Hətta mən orta məktəb illərində
oxuyanda doğulub böyüdüyüm Gədəbəyin ən
səfalı Zamanlı kəndinin dağlarından, dərələrindən
şəfalı otları yığıb Bakıda yaşayan
qohumlarıma göndərirdim. Hətta hər
bir otun üzərinə nə üçün olduğunu,
neçə dəfə qəbul etmək lazım olduğunu
da yazıb göndərirdim. Bundan çox
böyük zövq alırdım. İnsanlara
yardımçı olmağımı görüb deyirdilər
ki, bu qız həkim olacaq.
Hətta uşaq vaxtı 7-ci sinifdə oxuyan zaman 10-cu
siniflər üçün nəzərdə tutulan olimpiadada
iştirak edir və uğur qazanır. Onun bu əzmkar xüsusiyyəti
indi də hər tərzindən seçilir. O illəri
xatırlatsam, yəqin ki, məmnuniyyətlə
bölüşər.
- Niyə zamanı qabaqlamaq istəyir
ki, insan?
-
Dünyada son vaxtlar inkişaf durmadan davam edir. Artıq
insan yüksək texnologiyalar sayəsində çox şeyə
qadir olub. "Biz tələsməsək,
başqaları bizi keçəcək" - fikri çox vaxt insanı
düşündürür və daha fəal edir. Bəzən isə əksinə, özünü
başqaları ilə müqayisə sağlam hisslər
üzərində qurulmur, paxıllıq və xəbislik
üzərində qurulur ki, bu da həmin adamı rəqabətdə
geriyə salır. Bilmirəm, insan
zamanı qabaqlaya bilirmi? Zamanı qabaqlamaq
həm də zamanı itirmək demək deyilmi? Amma onu deyə bilərəm ki, bacarıqlı insan
dünyada baş verən yeniliklərdən geri qalmır.
Və daim irəli getmək istəyir.
- 7-ci sinifdə
qazandığınız uğur sizin yolunuza mayak oldu deyilmi?
- Bəli,
oldu. Mən uşaqlıqdan həmyaşıdlarımdan
seçilirdim. Biologiya fənninə
xüsusi marağım var idi. 7-ci sinifdə
oxuyanda 10-cu siniflər üçün olimpiada
keçirilirdi. Mən də biologiyadan əlavə dərs
proqramı kimi 10-cu sinif dərsliyini tam bilirdim, mən gəldim
olimpiada yarışına professor İbrahimİsayev, Nəsrəddin
müəllim və digər müəllimlər etiraz etdilər,
dedilər qızım sənin yaşın çatmır, get
10-cu sinifdə gəl, mən təkidlə dedim, bu yarışa
qatılmaq istəyirəm, Qabil müəllim dedi, İbrahim
müəllim icazə verək iştirak etsin. Mən çox
sevinirdim ki, bu yarışa qatıla bildim, sonda 10-cu siniflərdən
yüksək bal topladım, 1-ci yer tutdum. Mənə diplom verdilər. Müəllimlər
təəccübləndilər və dedilər qızım,
Tibb Universitetinə sənəd verəndə bu diplomu gətir,
səni 1 imtahanla qəbul edərik, təbrik etdilər məni...
Amma Universitetə sənəd verəndə diplomu
götürmədim, fikirləşdim necə ola bilər, bir
olimpiada diplomuna görə mən bir imtahan verə bilərəm,
İmtahanlarımın 4-nü də verdim, heç kimə
heç nə demədim, qəbul oldum, 3-cü kursda uşaq xəstəlikləri
kafedrasına dərsə gəldim, professor İ.İsayev məni
görəndə dedi, o balaca qız sənsən?.. Tibb Universitetini Fərqlənmə
diplomu ilə bitirdim. Indi alim kimi öz müəllimlərimlə
birlikdə konfransda elmi yenilikləri müzakirə etmək
çox sevindiricidir. Hesab edirəm bu sizin
dediyiniz mayakın işığıdır.
- Bəs bu gün necə, öz
zamanından nə qədər irəlidədir?
- Məncə,
bunu mənim ətrafım, əldə etdiyim nailiyyətlərim
göstərə bilər. Mən
bacardığımı edirəm, amma zamandan irəlidə
olduğumu tam deyə bilmərəm. Zamandan
irəlidə olmaq adlı bir amacım da yoxdur. Enerjimə, düşüncəmə uyğun
davranıram, fəaliyyət göstərirəm.
Onunla ünsiyyətdə olanlar, uzun illər dostluq edənlər
onun çox qoçaq və ictimai fəal olduqlarını
xüsusi ilə vurğulayırlar. Bu gün də belədir. Çalışdığı
müəssisənin müxtəlif istiqamətlərdə
inkişafı üçün çoxsaylı, irimiqyaslı
layihələr planı həyata keçirir. Elə təkcə onu qeyd etmək kifayətdir ki, səyyar
klinika olaraq bölgələrdə sakinlərə xidmət
göstərirlər.
-
Yazgül xanım, bu gün insanlar nə dərəcədə
sağlam görürlər? Bütün mənalarda...
-
Sağlam baxış yalnız sağlam formalaşmış
insanda mümkündür. Bunun üçün
ailənin və cəmiyyətin sağlamlığı
mütləqdir. Təhsilli,
ağıllı insan bütün yaranan vəziyyətə
yalnız sağlam baxa bilər. Bu gün
insanların bütün yaşananlara nə dərəcədə
sağlam baxa bilmələri bəzi məqamlarda bir həkim
kimi məni narahat edir.
-
"Sağlamlığın qorunması" İctimai Birliyi
yaranması zəruri idi. Yalnız
sağlam olan sağlam düşünə bilər. Birlik özündə nələri ehtiva edir?
- Min illər
boyu hamımızın eşitdiyi və şüara
çevirdiyi bir kəlam var: "Sağlam bədəndə
sağlam ruh olar". Demək sağlam insan da
sağlam düşünə bilər. Bu
məsələni həm həqiqi, həm də məcazi mənada
qəbul etmək olar. İnsan
sağlamlığını qorumaqla gələcəyini
qorumuş olur. Sağlam olanda daha çox
işlər görə bilir. Sağlamlığımız
bizim həyatımıza, ailəmizə,
yaxınlarımıza təsir edir, yəni onlara
yanaşmamışdan, qayğılarına qalmamızdan
söhbət gedir. Tutaq ki, bir insan illər
boyu xəstədir, o, həm özünə əziyyət
edir, həm də onun qayğısına qalanlara. Ona görə də Allahın bizə bəxş
etdiyi ömrü sağlam yaşamağa
çalışmalıyıq. Düzdür,
qismətdən də qaçmaq olmaz. Amma əgər
bəzi şeylər əlimizdədirsə, niyə də
onlara əməl etməyək? Təşkilat
rəhbəri olaraq həyata keçirdiyimiz layihələrdə
də əsas məqsədimiz insanların
sağlamlığı ilə bağlı tədbirlər
görmək, maarifləndirici seminarlar, treninqlər
keçirməkdir.
- Orta
statistik insan görmədən baxır, duymadan dinləyir,
hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən
hərəkət edir, qoxuları ayırmadan nəfəs
alır, düşünmədən danışır. İnsanda qəbul etdiyiniz və qəbul etmədiyiniz
xüsusiyyətlər hansılardır?
- İnsan baxdığını mütləq görməlidir. Duymadan dinləyənlər,
təəssüf ki, indi çoxdur. Onlar
ya dinlədiklərini anlamırlar, ya da özlərini dinləmiş
kimi göstərirlər. Hiss etmədən toxunmağa gəlincə,
belələri də az deyil. İnsan
toxunduğunu hiss edər, əslində. Dad
almadan yeyən insanlar artıq insan deyillər (gülür).
Diqqət etmədən hərəkət elə, birinci o insanın özünə
ziyandır, sonra ətrafa. Qoxuları
ayırmadan nəfəs almaq sağlam insana aid deyil. Belə çıxır ki, o, sadəcə nəfəs
alır. Düşünmədən
danışanlar ilk olaraq özlərini biabır edirlər,
özləri haqqında mənfi rəy yaradırlar. Sonra isə onları dinləyənlərin
vaxtını almış olurlar. Belələri
də cəmiyyətimizdə çoxdur, bu da onların
savadsızlığından, kasadlığından irəli gəlir.
İnsanda qəbul etdiyim əsas xüsusiyyətlər
dürüst olmalarıdır. Dürüst insan
gözümün işığıdır. Xəyanətkar və yalançıları sevməm
və onlardan uzaq gəzməyi üstün tuturam.
- 20 il bundan
öncə Yazgül öz dünyasında qurduğu həyatı
yaşayır, bəs Tanrının izni il 20 il bundan
sonranı necə görür?
- Mərhum
şair, professor Famil Mehdinin belə bir
şeiri var: "Başıma gələnlər xoşuma gəlmir,
xoşuma gələnlər başıma gəlmir". Allah şükür ki, mənim başıma gələn
xoş anlarımın çoxu xoşuma gələnlərdir.
Amma iradəmizdən kənar baş verənlər
də olur. Bundan sonrakı (qismət olarsa)
20 ilimin necə olacağını Allah göstərəcək.
Bəli, bacardığım qədər öz
ağlımın, düşüncəmin istəyi şəklində
hərəkət etmişəm və edəcəm də.
Amma biz kimik ki, Allah bilən məsləhətdir.
- Çox az
adamın çatdığı uğurları əldə etmək
üçün, çox az adamın cəsarət edə
bildiyi şeyləri edir. Razısınız bu fikirlə?
- Bu fikirlə tam razıyam. Hamı nəsə etmək istəyir, amma həm də əsas cəsarətdir. Cəsarət insanı irəli aparır. Düzdür, bəzən bu cəsarətli yolda uğursuzluq da ola bilər, amma məncə, bu insanı getdiyi yoldan saxlamamalıdır. Bir addımladığım çox məsləkdaşlarım var, amma təvazökarlıqdan uzaq olsa da, deyim ki, onlardan nə qədər irəlidə olduğumu görürəm.
Fəxriyyə
Lilpar İsayeva
525-ci qəzet 2018.- 2 may.- S.8.