Uzaq gəncliyimin yaxın dostu
Rəssam Elçin Aslanovun ölüm xəbərini
çox gec eşitdim. Azərbaycanın
gözəl rəssamının,
dərin təfəkkürə
malik araşdırıcısının, çox
təvazökar ziyalısının
vəfatı səssiz-soraqsız
keçdi.
Elçin özəlliklə son illərdə
qapalı bir həyat yaşayırdı,
gəncliyimizdə tez-tez
görüşdüyümüz halda axır vaxtlar nadir hallarda rastlaşırdıq.
Rəssamlar arasında yaxın dostlarım vardı və var. Elçin Aslanov onların ilki, ən qədimi
idi. Atamın kitabına bədii
tərtibat verməliydi,
bu münasibətlə
İçərişəhərdəki evlərində görüşdük
və birinci təmasdan, necə deyərlər, qanımız
qaynadı bir-birimizə.
Çox
istedadlı fırça
ustası olmaqla bərabər, Elçin həm də sənətin, xüsusilə,
xalq sənətinin kamil
bilicisi və tədqiqatçısı idi.
Novruz mərasimləri,
Qaravəlli, Orta oyunu, Kilimarası, Şəbeh tamaşaları
bir araşdırıcı
kimi onun maraq dairəsindəydi və
bu sahədə geniş biliklərini, orijinal fikirlərini onlarla məqaləsində
mətbuat səhifələrinə
çıxarırdı. Bir çox
yazılarını o vaxt
redaktoru olduğum
"Qobustan" toplusunda
dərc edirdik.
Bəzən çox orijinal və gözlənilməz
təkliflər irəli
sürürdü. Bir yazısında
sübut edirdi ki, Azərbaycan dramaturgiyasının tarixini
Füzulinin "Həqiqət
üs-süəda" əsərindən
başlamaq lazımdır.
Sonralar bəzi
yazılarını "El-oba oyunu, xalq
tamaşası" adlı
kitabında toplayıb
nəşr etdirdi. Bu kitab xalq teatrımızın önəmli
sahəsi haqqında
ilk və çox dəyərli məxəzlərdən
biridir. Elçin Aslanovun kitabı xalq tamaşalarımıza
aid terminlərin izahlı
lüğətidir, eyni
zamanda, bu tamaşaların qurucuları
və ifaçıları
haqqında müfəssəl
ensiklopediyadır.
"Şami-qəriban" terminini
Elçin belə şərh edir ki, bu tamaşa Aşura gecəsi icra olunarkən bütün şamlar (mumlar) söndürülürdü. Duanı qaranlıqda
oxuyurdular. Ona görə
bu ritual "mumsöndü"
də adlanırdı.
Şamlar yalnız dua
bitəndə yandırılırdı.
Kitabda bu yeri oxuyanda çox
uzaq bir anımla Haydnın
"Vida simfoniyası"nı xatırladım. Bu simfoniya çalınarkən
orkestr ifaçıları
bir-bir qarşılarındakı
şamları söndürərək səhnəni tərk edirlər.
Elçin Aslanovun araşdırıcı
fəaliyyəti onun əsas peşəsini - boyakar və qrafik kimi yaradıcılığını
kölgədə qoymur.
Bir çox
kitablara bədii tərtibat vermiş rəssamın bu sahədə ən maraqlı işlərindən
biri "Kitabi-Dədəm
Qorqud" motivləri
əsasında çəkdiyi
şəkillərdir. Dastanın
obrazları bir
çox görkəmli
rəssamlarımızı cəlb edib. Onların sırasında
Elçinin
bu mövzuda çəkdiyi şəkilləri
də bənzərsizdir.
Vaxtilə bu işləri
sərgidə görərkən
təəssüratımı mətbuatda paylaşmışdım.
Qeyd edirdim ki,
Elçin Aslanov ədəbi mətni dəqiq duya bilir. Dədə Qorqud silsiləsində
də dastanın qəhrəmanlarına (dastanda
olduğu kimi) məhrəm, isti yanaşma duyulur. Personajların yozumunda şərtilik
və bu şərtiliyin özünə
də ironik münasibət, yüngül
zarafat ovqatı hiss olunur. Rəsmlərin cizgilərində şəbəkələrimizin, xalçalarımızın təsiri açıq aşkardır.
Elçin Aslanovun teatr rəssamı, səhnəqraf
kimi işləri də diqqətəlayiqdir. Üzeyir
Hacıbəylinin "Leyli
və Məcnun" operasına
(Mehdi Məmmədovun
quruluşunda) Elçinin
verdiyi tərtibat muğam operalarımızın
janr orijinallığına
uyğun olaraq şərti üslubda idi. Leyli-Məcnun süjetinin zirvəsi
Məcnunun Kəbədə
Allaha yalvarmasıdır.
Yarəb
bəlayi eşq ilə qıl aşina məni
Rəssam da operanın quruluşunda Kəbəni
səhnənin ortasında
qurmuşdu. Bu sanki bir sevgi məbədi
idi və bütün iştirakçılar
onun başına dolanır,
ona səcdə edirdilər.
Elçin Aslanovun Milli Dram Teatrında fəaliyyəti
səhnə tariximizin
əlamətdar səhifələrindəndir. Xalq yazıçısı İlyas
Əfəndiyevin "Unuda
bilmirəm" pyesi Tofiq Kazımovun quruluşunda teatr estetikamızda bir dönüş nöqtəsi
oldu və bu uğurda Elçin Aslanovun verdiyi tərtibatın da böyük payı var.
Dram teatrımızın ən yaddaqalan tamaşalarından biri Tofiq Kazımovun quruluşunda Mirzə Cəlil Məmmədquluzadənin
"Ölülər" tragikomediyası
idi. Bu tamaşanın da parlaq səhnə
tərtibatı Elçin
Aslanovundur.
Tamaşa
yaxşı yadımdadır:
rəssam səhnədə
üç iri başdaşı qurmuşdu
və personajlar "ölülər" aləmindən
"dirilər" dünyasına
məhz bu qəbir-qapılardan keçib
gəlirdilər. Tamaşa
atama da xoş təsir bağışlamışdı və bu, Rəsul
Rzanın şeirlərinin
birində əks
olunub:
Səhnə.
Elçinin evi.
Kölgələr başdaşına girir.
Kölgələr başdaşından çıxır.
Təbii
ki, "Elçinin evi" deyəndə rəssamın
səhnədə qurduğu
ev-qəbiristanlıq nəzərdə
tutulur.
Teatrda Elçin
Aslanovun maraqlı işlərindən biri də Mehdi Məmmədovun
quruluşunda Hüseyn
Cavidin "Xəyyam"
pyesi idi. Rəssam
tərtibatda həm şəbeh tamaşalarının
özəlliyindən istifadə
etmiş, həm də aktyorların libaslarını, ümumi
görkəmlərini orta
əsr miniatürləri
üslubuna uyğunlaşdırmışdı.
Personajlar sanki Təbriz,
Herat miniatürlərindən çıxıb səhnəyə
gəlmiş, canlanmışdılar.
Mənim teatr rejissorluğu sahəsində ilk və
son təşəbbüsüm özümün "Adamın
adamı" pyesimə
Milli Dram Teatrında verdiyim quruluş oldu. Bu tamaşanın da
bədii tərtibatı
Elçin Aslanovun idi və rəssamlığından
başqa, o da, Həsən
Turabov da mənə bu naşı olduğum peşədə yardımlarını
əsirgəmirdilər.
Elçin Aslanov bəzi yazılarını Elçin
Muxtar Elxan imzasıyla çap edirdi. Muxtar atasının, Elxan
çox cavan yaşlarında dünyasını
dəyişmiş istedadlı
heykəltəraş qardaşının
adı idi.
Gənclik illərimizdə bir tədbirimiz, bir məclisimiz Elçin Aslanovsuz keçmirdi. Tez-tez rayonlara birgə səfərə çıxardıq.
Yadımdadır, o vaxt Komsomol
xəttiylə avtobusla
Lənkərana getmişdik.
Haradasa rəsmi görüşümüz vardı,
toplantının başlanmasına
az qalmış
Elçin aradan çıxdı. Bəstəkar
Xəyyam Mirzəzadənin
sözləri də qalıb yadımda:
"Yəqin hardasa bir əgri ağac
tapıb, onu çəkir".
Necə
uzaqda qalıb o illər... Dostlar da bir-bir
"aradan çıxır".
Çox
təəssüf ki, Elçin Aslanov müxtəlif sahələrdə
gördüyü böyük
işlərə görə
həqiqi qiymətini almadı. Özü də heç
bir vaxt özünü qabağa verməyə, gördüyü
böyük işləri
aləmə car çəkməyə,
"gözə soxmağa"
çalışmırdı. Həyatdan da elə beləcə
- səssiz-səmirsiz getdi.
Bizim - qalanların
- vicdan borcu gedənlərin xatirəsini
yaşatmaqdır. Elçin Aslanovun da sərgisi
təşkil olunmalı, albomu buraxılmalıdır.
Əgər tədqiqatçılar rəssamın müxtəlif
mövzularda yazılarını
toplasa, onların kitab şəklində nəşrinə nail olmağı
boynuma götürürəm.
29 aprel 2018
Anar
525-ci qəzet.- 2018.- 3 may.- S.7.