Qəlbi Qarabağla
döyünən şair
Qələndər
Xaçınçaylının 60 yaşına
Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat
adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub qərarlaşa
bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda
bir-birindən bənzərsiz yazıları ilə minlərlə
insan qəlbini fəth edən şairlərimiz, söz
adamlarımız var. Onlardan biri də Qələndər
Xaçınçaylıdır - Əhmədov Qələndər
İslam oğludur...
Qələndər Xaçınçaylı - Azərbaycan
Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər
Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist,
tanınmış şair - yazıçı, publisistdir...
1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və
məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat
və incəsənət", "Kommunist",
"Bakı", "Savalan", "Azərbaycan
pioneri", "Fəryad", "Meydan", "Səs",
"Gələcək gün", "Ədalət",
"Təzadlar" qəzetlərində, "Azərbaycan",
"Ulduz", "Müxbir", "Kənd həyatı",
"Göyərçin", "Pioner" jurnallarında
ardıcıl olaraq çap edilib. Həmçinin,
"Gənclik" nəşriyyatının
"almanax"larında əsərləri oxuculara təqdim
olunub.
Onun ilk kitabı "Qarabağın ağlar
gözü" (1998) adlanır. Kitabın tərtibçisi,
redaktoru və "Gənc şairin ilk kitabı və ilk
söz" ön sözünün müəllifi isə mən
olmuşam və bu istedadlı gəncə uğur diləmişəm.
Görünür, bir tənqidçi kimi zənnimdə
yanılmamışam. İndiyənə qədər Qələndərin
bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000),
"Dünya mənim söz qalamdır" (2004), "Dərd
ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət
qalası" (2007), "Yaza tələsən çiçək"
(2008), "El ağsaqqalı" - publisistika (2008), "Şərəfli
ömür" - (publisistika, 2009), "İkinci
ömrümü yaşayıram" (2011), "Gözləmə"
(2012), "Ömür mənalı keçəndə"
(2012) şeir və poemalardan ibarət kitabları nəşr
olunmuş, indi isə ilk nəsr əsəri olan və 20
Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs
edən çox maraqlı "Güllə
işığında" povesti çap olunmaq üzrədir
və Qələndər
Xaçınçaylının 60 illik yubileyində
oxucularına ərməğanıdır...
Onun
kitablarının adlarından da göründüyü kimi, Qələndər
Xaçınçaylının bütün
yaradıcılığı
Qarabağ prizmasından keçərək hədəflərini
ümumi bir çevrədə - vətənpərvərlik və
mübarizlik çevrəsində toplayır, bu bölgənin
söz mühitindən pərvazlanmış qələm
sahibi kimi simurqa çevrilir, öz odunda yanıb-dirilir...
Onun yaradıcılığı həmişə maraqla
qarşılanıb, tanınmış ədəbiyyatşünas-alimlər,
ictimai-siyasi xadimlər, qələm dostları - şair və
jurnalistlər mətbuatda çıxış edərək
haqqında dəyərli söz demiş, fikir söyləmişlər.
Millət
vəkili, yazıçı-publisist Aqil Abbas: "Qələndər
Xaçınçaylının
yaradıcılığındakı vətən həsrəti,
vətən nisgili əslində gənclərimizə örnək,
nümunədir. Şairin kövrək, vətən həsrəti
ilə yanan poeziyası var. Onun "Qarabağın ağlar
gözü", "Qarabağa gedən yollar",
"Dünya mənim söz qalamdır", "Dərd
ürəyimdə mamır bağlayıb" kimi kitabları
Azərbaycan ədəbiyyatına daxil olan gözəl
nümunələrdəndir. Ona tutduğu bu
yolda uğurlar arzulayır,
yaradıcılığının davamını diləyirəm.
Fürsətdən istifadə edərək gənclərimizə
tövsiyə etmək istərdim ki, Qələndər müəllim
kimi şairlərin yaradıcılığını
mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində həvəs
yaratsınlar".
AYB-nin
Qarabağ bölgəsi üzrə sədri, şair Ənvər Əhməd:
"80-ci illərdə ədəbiyyata gəlmiş
istedadlı şairlərimizdən biri olan Qələndər
Xaçınçaylının imzası oxuculara
yaxşı tanışdır. Şairin
yaradıcılığına nəzər yetirənlər
görürlər ki, onun bütün şeirlərinin əsasını
vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil
edir. Ona bu dərdin sona yetməsini
arzulayıram".
Şair-tədqiqatçı
İslam Sadıq: "Şair dostum Qələndər
Xaçınçaylının şeirlərini oxuyub
gördüm ki, onun bütün yazılarına misra-misra vətən
dərdi, yurd ağrısı, torpaq sızıltısı
hopub. Əsası da odur ki, Qələndər
müəllimin yaradıcılığı ilə
yaşamı vəhdət təşkil edir. Sanki onun həyatı yaradıcılığına
yansıyıb və orada əks olunub.
Mən də
Qələndər müəllimin şeirlərini oxuduqca onun
ürəyini gözlərimlə görmüşəm və
hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində
mamır bağlıyıb və bu mamırın dərmanı
yalnız Qarabağda - Kolanıdadır".
Şair
Yusif Nəğməkar: "Qələndər müəllimin
kitablarında nəcib missiya var. Bu isə ondan ibarətdir ki,
şair Qarabağ dərdini sanki hamı tərəfindən
ağlayır. Bundan sonrakı kitablarında
Qarabağ sevincini əks etdirməsi isə ona ən
böyük arzumdur".
Mərhum
jurnalist Ceyhun Nağının fikridir: "Biz Qələndər
müəllimlə bir "səngərdəyik". Qələndər müəllim məsuliyyətli
insan, məsuliyyətli jurnalistdir. Yaşına
baxmayaraq, istənilən faktın arxasınca gedən, tapan,
yazan və yoruldum deməyən bir insandır. Qələndər müəllim şeirlərində
işğalda olan torpaqların taleyindən,
övladının sabahından özünün
narahatlığını ortaya qoyur. Arzu
edirəm ki, Qələndər Xaçınçaylı
yaxın günlərin birində bu
narahatçılıqlardan qurtulmuş olsun".
Qeyd edək
ki, şair Qələndər Xaçınçaylı
1980-ci ildən -
38 ildir ki, jurnalist kimi Azərbaycan mətbuatında
çalışır. "Fəryad", "Cümhuriyyət",
"Meydan", "İcmal", "Ədalət" və
digər qəzetlərdə fəaliyyət göstərib,
hazırda "Həftə içi" qəzetində
çalışır. Günün ən
ağrılı, lazımlı, aktual problemlərini əks
etdirən, dövlətimizin marağını qoruyan
maraqlı məqalələrin müəllifidir.
Q.Xaçınçaylı yaxşı bir jurnalist kimi
həmişə ağrılı məqamlara,
düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi
dəyərləri qorumağa cəhd edir. Şeir
yaradıcılığında da belədir! O, həmişə
çalışır ki, mühüm əxlaqi-mənəvi
məsələrə toxunsun... Yazılarında səmimidir,
milli ruhludur, xəlqidir, təəssübkeşdir... Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin
gözündə şair olmalı və insanların ürəyinə
yol taparaq sevilməlidir və yenə də, mənə elə
gəlir ki, Q.Xaçınçaylı bunu bacarıb, bunu əldə
edə bilibdir.
Və elə bu cür dəyərli ədəbi, ictimai
fəaliyyətinə görə, o, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif olunub.
Onun
şair ömrü, şair xisləti kövrək nəğmələrdən
mayalanıb:
Bir
kövrək nəğmədir həyatım mənim,
Bir kövrək nəğməylə mən
doğulmuşam.
Açılır
hər yana qanadım mənim,
Həyatda
bir kövrək nəğmə olmuşam...
Vətənpərvərlik duyğuları onun şeirlərinin
əsas leytmotividir. Vətən həsrəti, Qarabağ dərdi,
yurd nisgili şairin yaradıcılığının ana xəttini
təşkil edir. Necə deyərlər,
sazlı-sözlü, bayatılı Qarabağ
torpağında pərvazlanan şair indi yurdundan-yuvasından
ayrı vətən ağrılarını çəkə-çəkə
yazıb-yaradır. Onun ədəbi
yaradıcılığında səmimiyyət və təbiilik
ilk baxışdan özünü göstərir. Şair və yazıçının
yazıb-yaratmağı onun gələcəyə
baxışıdır, sabaha olan inamıdır. Onun
şeirlərində sızıltı yoxdur, mübarizə, həyat
eşqi, yurda qovuşmaq inamı var...
Yaxşı cəhətlərdən biri də, budur ki,
Qələndərin yaradıcılığında mövzu
kasadlığı, lirikasında isə janr yeknəsəkliyi
yoxdur. O,
hissi-emosional, polifon şairdir. Ən müxtəlif
mövzularda, lirik, satirik, ironik ladda, qoşma-gəraylıdan
tutmuş hecanın müxtəlif növlərində, sərbəstdə,
modern şeir formalarında, klassik lirik janrlarda təsirli və
gərəkli şeirlər qələmə alır, nəfəsi
təngimir, ahəngi tıncıxmır, lətif bulaq suyu təki
axardadır...
Onun qələmi
milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin
möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin
qorunmasına xidmət edir... O, şair-jurnalist
məsuliyyətinin mahiyyətinə
varan və əməl edən qələm sahibidir. Onun
poeziyasında milli cavabdehlik ruhundan irəli gələn kəskin,
prinsipial, tendensiyalı
notlar olsa da, mövqeyi pozitivdir, nikbindir, ümidi
sarsılmazdır, hadisələrə münasibəti
durğun və etinasız deyil, intensivdir...
Qələndərin
"Qoymayırlar yaşamağa" adlı şeirində şair "məni" və
ictimai mövqeyi səmimiyyəti və
prinsipiallığı ilə özünü göstərir:
Nadanlar
baş alıb gedir,
Dünyanı qış alıb gedir.
Ömür
qısalıb gedir,
Qoymayırlar
yaşamağa
Adam kimi bu dünyanı.
Q.Xaçınçaylının
şeirləri məzmunca getdikcə ovxarlanır, daha da bədiiləşir,
müdrikləşir, ictimai-sosial motivasiya bu poeziyanın əsas
əlamətinə çevrilir, "Ağarmazdı"
şeirində olduğu kimi:
Hər
adamın saçlarını
El
ağartmır,
El
ağardan saçları da
Yel qaraltmır.
Misri
qılınc paslanmazdı
Koroğlular ölməsəydi.
Vaxtsız
saçım ağarmazdı,
Həmzələri
görməsəydim...
Qələndər
həyatın - cəmiyyətin problemlərinə biganə
deyil... Həssasdır, sevgisində
də, qəzəbində də... Həyatın şirinliyi də,
ağrı-acısı da ona eyni dərəcədə təsir
edir və yaxşısı budur ki, o, həyatdan, gerçəklikdən
aldığı bütün bu hisslərini poetik ovqatla, səmimiyyətlə,
bəzək-düzəksiz şeirinə yansıda bilir...
Qələndər bütün məqamlarda Vətəni,
torpağı - Qarabağı səcdəgahı bilir. Kürəyini dağ vüqarlı elə-obaya,
haqqa-ədalətə söykəyib və "Arxamda
dağlar dayanıb.
Onlar
qoymazlar Məni yıxılmağa..." - deyərək, bu
misraların selində 60 yaşına gəlib
çatıb...
Qoynunda
dünyaya göz açmışam mən,
Ağdam səcdə yerim, qibləgahımdı.
Öz
isti yuvamdan perik düşmüşəm,
Qabartı
göz yaşım, Xaçın ahımdı,
Babamın məzarı səcdəgahımdı.
Bu məqamda
Q.Xaçınçaylının qələm sehri ilə
keçən əsrin 90-cı illərində yaranmış,
dillər əzbərinə çevrilmiş və
şeirimizin böyük və qüdrətli, ustad-dədə
Məmməd Arazının rəğbətini
qazanmış, "Vətən
sənə oğul dedi" şeirini xatırlamadan keçmək
olmur. Bu beş bəndlik şeir Məmməd
Arazın "Vətən mənə oğul desə nə dərdim"
şeirinə, aşıqların ləfzi ilə söyləsək,
"qabaq" deyilib:
Vətən
sənə oğul dedi, ay Dədə,
Mamır
olub qayasında bit, görüm?!
Ələsgəri
tək qoymusan Göyçədə,
Baş
çəkməyə Göyçəmizə get
görüm?!
Qələndərin
əksər şeirlərində olduğu kimi, bu şeirin məna,
mahiyyət, poetik yükü, tutumu olduqca dəyərli,
çoxmənalı və dərindir, mühüm mətləblərdən
xəbər verir... Poetik üslub və dilin
cilası, söz duyumu, sözün alt qatının mənalarına
vara bilmək bacarığı diqqətdədir. Bunlar
onun şeirlərinə lakonizm, ekspressivlik
aşılayır... Lirizm, sətiraltı məna, dünyadakı
haqsızlıq və bərabərsizliklər,
torpaqlarımızın bir hissəsinin gavur düşmən
tapdağı altında olması və s. bu kimi problemlər
onun vətəndaşlıq mövqeyindən
çıxışlarının mahiyyətini təşkil
edir, onu əsasən tənqidi mövzularda da, özü də
cəsarətlə çıxış etməyə sövq
edir... Və bu motiv kompromissiz olduğundan oxucuları tərəfindən
rəğbətlə qarşılanır...
Bir yarasan
ürəyimdə,
Sinə
dağım, Qarabağım!
Sən
olmusan yad əlində,
Viran
bağım, Qarabağım!
Qələndərin
"Şuşa da bir qaladır", "Apar məni
Qarabağa", "İrəli, əsgər", "Pərvizim",
"Vətənimiz Çənlibeldir" və s. şeirlərinə
bəstəkar Aydın Mehrəliyevin və Şəfəqin
bəstəsindəki mahnılar
məşhur müğənnilər Xalq artisti Nəzakət
Teymurova, Tuqay İsmayılov, Rəvanə tərəfindən
ifa edilir; onun bir-çox şeirləri dillər əzbəridir,
şahidi olmuşam ki, el şənlik və mərasimlərində
fanatları tərəfindən fərəhlə söylənilir,
coşqu ilə qarşılanır...
Bu onun
şeirlərinin müasirliyindən, həyat həqiqətlərindən
nəşət
etməsindən irəli gəlir. Məlumdur ki,
şairin hər bir şeiri müasir, ruh və hisscə yeni, təzə olmalı, həyat
həqiqətlərinə arxalanmalıdır. Bir sözlə, şair köhnəliklə
yenilik arasında bir körpü, vəhdət təşkil
etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək
necə görünürsə, gələcəkdən
boylanıb arxaya baxanda da keçmiş o cürə
görünməlidir... Səməd
Vurğun, Rəsul Rza, Məmməd Araz, Fikrət Qoca
bulağından su içmiş, müasirləri Ramiz
Rövşən və Sabir Rüstəmxanlı enerjisindən
güc alan Qələndərin yaradıcılığını
mən bu motivdə görürəm... İnanıram ki, onun şeirləri
zamanın sınağından keçəcək, dəyərli
poeziyamızın zərrin zərrəsinə çevriləcək...
Qələndər Xaçınçaylı hazırda yüksək bir enerji və ilhamla yazıb-yaradır. Onun 60 yaşını qutlayır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram...
Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2018.- 3 may.- S.7.