Həmzət bəy Qəbulovun
"Molla Nəsrəddin"dəki yazıları
Həmzət
bəy Qəbulov-Şirvanlı haqqında bir neçə
söz
Həmzət bəy Həbibulla bəy oğlu Qəbulov-Şirvanlı
1884-cü ildə Zaqatala dairəsinin Qax kəndində anadan
olub.
O, ilk təhsilini
Qaxda aldıqdan sonra Stavropol gimnaziyasında oxuyub, sonra isə
təhsilini Kiyev hərbi məktəbində davam etdirib.
Təhsilini bitirib Tiflisə dönən Həmzət bəy
bir müddət burada dövlət vergi idarəsində
işləyib.
Ancaq bu cansıxıcı iş mənəvi cəhətdən
onu qane etməyib. Rəsmi dövlət
qulluğunu birdəfəlik buraxaraq publisistika ilə məşğul
olmaq istəyib. Tez-tez mətbuatda
ayrı-ayrı məsələlərə öz münasibətini
bildirib, ictimai işlərdə, mədəni tədbirlərdə
fəal iştirak edib. Publisistikaya
marağı onu əbədi olaraq mətbuata bağlayıb.
O, Tiflisdə rus dilində nəşr olunan "Zakavkazye"
qəzetində (1906-1914) 1908-ci ildən "müsəlman
şöbəsi"nin müdiri vəzifəsində
işləməyə başlayıb.
Həmzət
bəyin "Zakavkazye" qəzetində
çalışmağa başlaması Azərbaycan ədəbiyyatı
və mədəniyyəti ilə bağlı ən
yaxşı nümunələrin bu qəzetdə dərc edilməsinə
təkan verdi. Bu illərdə "Zakavkazye"
qəzeti Azərbaycan mövzusuna daha geniş yer verdi. Yalnız onu demək yetər
ki, Vaqifin məşhur "Bəh, bu bağın nə əcəb
sərvi-dilaraları var" müxəmməsinin rusca ilk
poetik tərcüməsi, C.Məhəmmədquluzadənin
"Ölülər" komediyası haqqında ilk rəy,
M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı və
başqa bir çox yazılar məhz Həmzət bəyin
sayəsində bu qəzetdə dərc edilib.
Mətbuatdakı işi Həmzət bəy Qəbulovu
yalnız mənəvi baxımdan təmin edirdi,
özünü bütünlüklə xalq işi uğrunda
mübarizəyə həsr edən bu görkəmli ziyalının
maddi durumu isə əsla ürəkaçan deyildi. Bir kasıb
komada yaşayır, əskimiş paltar geyir, daimi ehtiyac
içində yaşayırdı.
Ruhca idealist olan, dünya nemətlərindənsə mənəvi
qidanı üstün tutan Həmzət bəyin nimdaş
sürtukunun altında xalqına sonsuz məhəbbət dolu,
qaynar bir ürək çırpınırdı; elə bir
ürək ki, onun yiyəsi yurduna, elinə xidməti
dünyanın hər cür naz-nemətindən üstün
tuturdu.
H.Qəbulov mətbuatdakı
çıxışlarında başlıca diqqəti
xalqının mədəni tərəqqisinə, maarifə,
klassik irsin, yeni ədəbiyyatın təbliğinə, ana
dili, qadın azadlığı məsələlərinə
və başqa sahələrə yönəldir, hər dəfə
maraqlı fikirlər irəli sürürdü.
Həmzət bəy mədəni inkişaf uğrunda
mübarizənin əsas vəzifələrindən birini ana
dilinin saflığını yad təsirlərdən qoruyub
saxlamaqda görürdü. O deyirdi ki, xalqla heç kəsin
başa düşmədiyi ərəb-fars tərkibləri ilə
deyil, təmiz ana dilində, onun başa düşdüyü
dildə danışmaq lazımdır. Onun
fikrincə, bu məsələ həll edilməsə,
aparılan mübarizə istənilən nəticəni verməyəcək.
Görkəmli mütəfəkkir M.F.Axundzadənin 100
illik yubileyinin keçirilməsinin ilk təşəbbüsçülərindən
və əsas təşkilatçılarından biri H.Qəbulov
olmuşdu. Onun bir çox ən yaxşı məqalələri
M.F.Axundzadəyə həsr edilib.
Həmzət bəy beynəlmiləlçi publisist idi. Başqa
xalqların da ədəbi-mədəni nailiyyətləri onu
sevindirirdi. O, müsəlman Şərqinin məşhur
sənətkar və filosoflarından biri olan əl-Qəzali
haqqında geniş fikir söylədiyi, çeçen
teatrı və əlifbasının yaradılmasını
alqışladığı kimi, gürcü sairi Akaki
Seretelinin 50 illik yubileyini də ürəkdən təbrik
etmişdi. Onun bu münasibətlə göndərdiyi
təbrik məktubu Azərbaycan-gürcü ədəbi əlaqələri
tarixi üçün də qiymətli sənəddir.
Bütün ömrünü xalqının tərəqqisi
uğrunda işə həsr etməyi düşünən
H.Qəbulovun sağlamlığı onun arzularının tam
gerçəkləşməsinə imkan vermədi. Tələbəlik
illərindən başlanmış xəstəlik M.F.Axundzadənin
yubileyi ərəfəsində daha da şiddətləndi.
Onun səhhəti o dərəcədə zəiflədi
ki, hətta yubilyar haqqında hazırladığı məruzəni
təntənəli gecədə oxumağa belə taqəti
olmadı, həmin məruzəni Tiflis Xeyriyyə Cəmiyyətinin
katibi M.F.Əfəndiyev oxudu.
Ağır
xəstəliyinin müalicəsinə vaxt da, maddi vəsait də
tapa bilməyən H.Qəbulov Axundzadənin yubiley təntənəsindən
cəmi bir ay sonra - 1912-ci il yanvarın 9-da
Tiflisdə Haqqın dərgahına qovuşdu. Onun vaxtsız vəfatından
iki gün sonra - 11 yanvar 1912-ci ildə "Baku" qəzetində
Hüseyn bəy Minasazov yazırdı: "Daim millətin mənafeyi
keşiyində duran cavan bir jurnalistin ölümü hiss ediləcək
itkidir. Bu itki adamı bir də ona görə
yandırır ki, mərhum Həmzət bəy kimi səmimi,
təmiz qələm sahibləri bizim aramızda azdır".
Həmzət bəyin publisistik irsi, təəssüf ki,
indiyədək toplanaraq kitab halında xalqa
çatdırılmayıb. Biz onun "Molla Nəsrəddin"
məcmuəsində 1909-1910-cu illərdə "Sofi Zənbil"
gizli imzası altında dərc edilmiş 15
yazısını bir yerə yığaraq "525-ci qəzet"in
oxucularına təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
QREK
BAYRAMI
("Molla
Nəsrəddin", 13 sentyabr 1909-cu il, ¹
34)
Biri var
idi, biri yox idi, Nuxa şəhərində Davaxana bazarında
muncuq satan Ciğayev Cabbar namında bir oyunbaz var idi. Bu
yazığı neçə illərdir ki, İsmayıl
Sadıqov tamaşa üçün salıbdır meydana.
Sadıqov cənabları bu fəqiri gah ceyranı oynadır,
gah uzundərə oynadır, gah qopartma muğamı oynadir. Bəzi
vaxt Ciğayev duymasın deyə bir neçə mütəşəxxis
hacıları tovluyub İsmayıl özü dəxi oyun meydanına daxil
olur; ancaq əksər övqat oyun meydanı Ciğayevin təsərrüfündədır,
zira bu cənab naşükür deyil, hər günə
havacat olsa oynamağa
hazırdır. Xülasə, bu
vücudlar mazipərəstlikdə o qədər şöhrət
tapıblar ki, hər bir mazipərəstlərin bunlar piri hesab
olunur... Bəli, keçək mətləb
üstə. Cənab Sadıqov "Millət qəzetəsilə
furqonçu xalvarında bir təfavüt bilməyir.
Ona görə hər günə mətalib olursa dərhal
mübarək qələminə alıb verir Ciğayev cənablarına
ki, o da imzaladıb atsın xalvara!.. Mən bircə
işə məəttəl qalmışam, əgər
Sadıqov cənablarının yazdqları qabil mətalib isə,
nə üçün özü imza etməyir? Əgər
naqabil mətalib isə, Cığayev ilə nə ədavəti
var ki, o yazıgı ələ salıb?..
Hə, mətləbdən uzaq düşdük.
Ciğayev cənabları bu vaxta kimi deyirdi: "Mən əsl
müsəlman firqəsindəyəm". Ancaq
bu günlərdə məlum oldu ki, bu cənab əsl qrek firqəsinə
mənsub imiş. Ondan ötrü ki, bir günü
dükançılar görürlər ki, Ciğayev cənabları
öz həmməsləklərilə bir bəşaşətli
bayram edir... Axırda məlum olur ki, dreklər Niyazi bəyin qətlinə
dair verdikləri xəbərdən
şad və xoşnud olub bayram edirlər. Bu cənab
o bayrama iştirak etməklə məsləkdaşları olan
qreklərin rizasını kəsb ediyormuş. Allah
tükü sanda xeyir versin!..
İndi
nuxalı qardaşlardan rica edirəm, məftil teleqraf ilə məlum etsinlər. Əvvələn-Sadıqov İsmayılın
Ciğayev Cabbar ilə nə ədavəti var? Saniyən-Ciğayevin Nuxada olmağını qreklər
bilirmi? Əgər bilməyirlər isə
təxirsiz onlara məlum edəsiniz, yoxsa Şeyx Hacı Osman əfəndiyə
deyərəm İlusu qəryəsində nəsryənsər
oxuyan itini zincirdən açıb göndərər məşrutəçiləri
tikə-tikə elər.
Sofi Zənbil
ŞEYX
("Molla
Nəsrəddin", yanvar 1910-cu il, ¹ 1)
Dağıstanın
"Taşlı" məhəlindən neçə illərdir
ki, "elmsiz bikar bir yekə nəfər - cahil, biar, zorbaca xər" Dübür İsa adlı bir
şeyx çidarı qırıb gəlir düz Qovax-çöl kəndinə və "Gözəl xala" kimi burada başlayır
şeyxlik eləməyə. Hərçəndi
həmin kəndin "Çopur Ömər" kimi kəmetiqadları şeyxin əməli - qəbihəsini bilib məzkuru o kənddən
çıxartmağı öz camaatına bir neçə kərə
tövsiyə edibsə də, camaatın əksəri
mömin və cahil olduqlarından Şeyx İsa Dübür
ilə behişt səfərinə hazırlanırdılar. Həmin kəndin möminə övrətləri kəmali
- ədəblə hər gün Dübür İsanın xidmətinə
bərəkət almağa gəlirlərmiş. Sora il dolanır, ay batır... İsa
Dübür şıllaq atır. Axır bir ay bundan müqəddəm
biri gözəl, digəri bir az çirkin iki nəfər cəvanə
gəlinlər Şeyx İsa Dübürün xidmətinə
gəlirlər. Cənab Şeyx çirkin gəlini
çöldə qoyub gözəl gəlini çəkir
öz otağına, burada məzkurə gəlini özü
ilə dizbədiz oturdub və başını
aşağı salıb başlayır mü-raqibəyə.
Məzlumə gəlin Şeyx İsa
Dübürün kəramətini görən kimi daban
alır evlərinə. Haman kəndin bir para adamları
bu kəraməti eşidən kimi dərhal gedib Piləkənddə
olan Şeyx İsanın qardaşına təvəqqe edirlər
ki, gəlib Şeyx İsanı Qovaxçöldən aparsın,
çünki o
kənd kafi dərəcədə
bərəkətlənibdir...
Allah
Dağıstanın himar və tənbəl və biar
adamlarına, yəni şeyxlərə ömür versin.
Sofi Zənbil
KEÇƏN
İLİN ATÇOTU
("Molla
Nəsrəddin", 14 fevral 1910-cu il, ¹ 7)
1)
Keçən il, əlhəmdülillah,
Qafqaz həbsxanaları vücudi-möhtərəmlər ilə
ləbaləb dolub xarici millət üçün heç bir
azadə vakansiya qalmadı.
2)
Camaati-müslimin, himmət babətindən olaraq, qətnamə
ilə hər kənddən 2-3 nəfər yetimləri
naxır və buzov akademiyalarına göndərib, axırda
onlara hər biri bir
çanaq toyuq dəni hədiyyə elədilər.
3)
Diş, baş, göz və qeyri ağrıların dəfi
üçün yaş yetirmiş və dünya
görmüş qoca agaclara əvvəl-axır 352748
cırıq-cındır bağlandı.
4)
Yanvarın ibtidasından 31 dekabra kimi hər həftə
cümə günləri 7516 nəfər
ana-bacılarımız hər biri bir badya aş ilə millətimizin
ehyasına çalışan mücahid məhbuslarımızı
ziyarət etməyə təşrif buyururdular.
5)
Möhtərəmə analarımızın övladlarına
verdikləri tərbiyədən dolayı 17393 nəfər məsum
uşaqların burnunda çöp qalıb, bu cümlədən
8314 uşağın çöpü üfürülüb qalanları tək
səbir gəldiyindən gələsi
ilə qaldı.
6) Gələcəkdə
fəxr edəcəyimiz millət balalarının mühafizəsi
üçün 24593 bədnəzər duası
yazılıb, onların çiyinlərinə dəxi 36649 ədəd
itmuncuğu tikildi.
7) Cənab
cindarlarımız xəstələrin şəfası
üçün 61351 sürxbad oxuyub, 319 arşın göy qədək
yandırıb, 9327 çardaqda başı-ayağı
bağlı qarğı-qamış həbs ediblər və
bunların əlavə 465 ədəd
qara qoçun ətini yeyib gəmiklərini dəfn ediblər
və
8) Mərhumani-millətin
günahlarının məğfirəti üçün təziyələr də biri bir abbasıdan bisavad
adamlar tərəfindən 123 ədəd saxta
və səhv cüz oxunub, 3528 yerdə möhtərəm
mollarımız boğça-boğça oynadılar.
Sofi Zənbil
KÜRT
("Molla
Nəsrəddin", 7 mart 1910-cu il, ¹ 10)
Molla əmi!
Ölənlərinizə Allah rəhmət eləsin.
Mənim rəhmətlik nənəm həmişə
bizə nəsihət edərdi ki, bala, Allah xatirinə məhlədə
toyuq saxlamayın. Çünki
quşların içində bu toyuq firqəsi ən
naşükürlərdəndir. Zira
bunlara hər gün nə qədər dən töküb
hörmət eləsən də, bu heyvanlar öz təbiətlərində
sabit qalıb, genə fürsət ələ
düşdükcə bitəklif evə girib palaz-paltarı
zibilliyəcəkdir. Hərgah bir də sən üstə
çıxıb xahiş eləsən ki, bu dəvətsiz
müsafiri evdən çıxarasan, dərhal həmin toyuq irəfə
çıxıb qab-qacağı yerə salıb qıracaq,
necə ki, həkim Cəlalın evindəki qab-qacağı Zəyəmli
Abdulla Nadir oğlu qıran kimi, başlayacaq sənin evində
"qaq-qaq" deyə rusca danışıb evin bərəkətini
qaçırmağa və bəzi vaxt irəfdən balaca
uşağın başına bir ağır şey salıb məsum
uşağın ölməyinə dəxi səbəb olacaq.
Məsələn, necə ki, yarım ay bundan
müqəddəm Qaxbaşlı Hacı İsmayıl övrəti
Məsumə dörd yaşında olan ögey
qızının başından maşa ilə vurub
öldürən kimi. Bəli, rəhmətlik
nənəm arabir bizə belə təsəlli dəxi verərdi.
Toyuğun yenə hər zərərinə
dözmək olar, amma kürtün rəftarını Allah
düşmənə də göstərməsin. Məsələn, gedib nə zəhmət ilə və
baha qiymətə ikisi bir şahıdan 25, 30 ədədə
yumurta alıb tökürsən kürtün altına ki,
cücə çıxarsın. Bir də
ya görəcəksən cücələr çıxana
yaxın bu bədzah kürt yumurtaları sındırıb
cümləsini içibdi necə ki, möhtərəm ruhanilərimiz
mövfuqat pullarından pürrəng və pürşəkər
çay içən kimi. Yaxud cücələri
çıxarıb bir az böyüklədəndən
sonra bu məlum kürt dimdiyi ilə o məzlum cücələrin
başını, gözünü yarıb yola salır. Bəzən belə də ittifaq düşür ki,
kürt bədxasiyyət və bəd-əxlaq olduğundan
cücələr soyuz edib kürtü baykot edirlər. Necə ki, Qaxda məhəllə imamı Hacı
Əbdülrəhman əfəndini bədrəftar
olduğundan öz cammatı altı aydır ki, baykot edirlər.
Məzkur Hacı
Əfəndi otuz ildir ki, Qaxda yuxarı məsciddə imamdir.
Onun öz camaatı ilə olan bu vaxta kimi rəftarının
nəticəsi budur ki, bir əsrdən bəri bir-biri ilə nəslən
və qan ilə qohum olmuş otuz ev
camaatı bir-biri ilə düşmən edib və məscidi
qapadıb özüdə gedib vəqf evində oturub. İndi
molla əmi, mənim fikrimə bir şey gəlir necə ki, məlumdur
ki, Yevropa aləmində hər kəs iyirmi beş,
otuz ya əlli il xidmət eləyəndə onun camaatı onun
şərəfinə bir nişangah qayırırlar ki, həmişə
o vücudi möhtərəmin ismi zikr olunsun. Bəlkə
bu mənzur ilə imam hacı Əbdülrəhman əfəndi
otuz illik xidmətindən dolayı camaata rəhm edib onları
xərcə salmayıb özü bir pamyatnik qayirmaq istəyir
ki, bu nəhv ilə onu adı həmişə yad olunsun.
Molla əmi! And verirəm səni axsaq Sofi Bilal
Musafayevin miyanə canına, hərgah İmam Hacı Əfəndinin
fikri belə isə bu üsuli cədid pamyatniki Yevropa aləminə
məlum etməklə biz müsəlman tayfasının
papağını ucaldasuz. Əfv edəsiz
çox uzun oldu.
Sofi Zənbil
QAÇMAQ
HÜNƏRDİR
("Molla
Nəsrəddin", 2 may 1910-cu il, ¹ 16)
Ravilər belə rəvayət edirlər ki, məşhur
Koroğlunun yüz hünəri var idi, 99-u qaçmaq idi. Odur ki, bir
şəxs istəsə ki, dünyada şan-şöhrət
qazansın, gərək Koroğluya haşiyə
düşsün, necə ki, Ləkit qəryəsində olan
Şeyx Əbdülvahab əfəndi kimi.
Bu hərif neçə illərdir ki,
Dağıstanın bir koyulundan çıxıb, Ləkit
camaatını xoşbəxt eləmək üçün bu
kəndə gəlib, avam camaatın köməyi ilə
ev-eşik sahibi olub oturmaqla hələ şeyxlik edir?! Bunun bir yetim
qardaşı qızı var imiş. Dörd il bundan müqəddəm məzkurəni vəlisi
hesab olunan qardaşı İsmayıldan döyə-döyə
razılıq alıb cibişdan xatirəsi üçün
haman kəndli Hacı Mamay əfəndiyə nikah edir. Sora Hacı Mamay əfəndi vəfa edir. Sora qızın başına nə müsibətlər
gəlir. Xülasə, Şeyx Əbdülvahab əfəndi
biçarə qıza etdiyi zülmü əgər qoyaq tərəzinin
bir tayına və bir tayına qoyaq bu günlərdə
Tiflisdə doqquz yaşında ərə verilən bir qıza
olunan zülmü və birəhmliyi, o vədə tərəzinin
meyl İrəvan və Naxçıvanın kasıb bəylərinin
qaməti kimi dümdüz durub heç bir tərəfə əyilməz.
Molla
Əmi! And verirəm sən vaizin doğru olan
moizəsindən rəncidə olan Car bazarının qumarbaz
mücahidlərinin imanlarına. Ləkit
camaatından sual edəsiniz bu bədxasiyyət və bədşarval
şeyxi hardan və nə növ ilə tutub gətiriblər?
Sofi Zənbil
QARAÇI
DİLƏYİ
("Molla
Nəsrəddin", 16 may 1910-cu il, ¹ 19)
Qaraçı
tayfasının dünyada ən mühüm diləyi və
öz balalarını qucağına götürüb hər
saat onlara təlqin etdikləri sözləri budur: "hapulara,
hapulara, o gün olsun oğlum düşsün
qapılara". Bunlara nisbətən Almalı
camaatının da dünya və mafihada əvvəlinci
arzuları və balaca övladlarına hər ləhzə təlqin
etdikləri sözlər budur:
İgid
seçməz haram ilə halalı,
Qarət ilə kəsb eləyər cəlalı.
Sofi Zənbil
Abdurrəhman
QABULZADƏ
525-ci qəzet.-
2018.- 3 may.- S.6.