Daş karxanası - (hekayə)
Hər dəfə evə dönəndə söz verirdi ki, bir
daha bu lənətə
gəlmiş karxanaya getməyəcək, özünə
başqa bir iş tapacaq. Amma borc sahiblərinin ona verdiyi vaxtın
tamamı gələndə
gözünü açıb
görürdü ki, toz-torpaq içində yenə də daş karxanasında daş yükləyir.
Borcu günbəgün
artıb çoxalırdı. Borc da elə şeydir ki, "pəncərədən
girər, o qədər
şişər böyüyər
ki, axırda qapıdan da çıxa bilməz"
- deyiblər.
Onun borcu başqalarının bir gecədə kefə xərclədiyi pulların
heç yarıdan yarısı deyildi. Ancaq ona
görə, düşdüyü
borcun altından çıxmaq cəhənnəm
əzabından qurtulmaq
kimi bir şeydi. Bilirdi ki, bu borcları qaytarmaq üçün daş karxanasına hələ xeyli ayaq döyməli
olacaqdı. Ürəyində yalvarırdı ki, nə olaydı, birdən-birə əlinə
çoxlu pul gələydi, borclarının
hamısını birdəfəlik
ödəyə biləydi.
Arada inciyib canı boğazına yığılanda
isə, özünə
ölüm arzulayırdı.
Ölmək onu bu əzablardan qurtarardı,
- düşünürdü. Amma balalarını, həyat yoldaşını yadına
salanda özünü
qınayıb bu fikrindən daşınırdı.
Ailəsi elə də
böyük deyildi, iki azyaşlı qızı, bir də həyat yoldaşı. Özündən başqa işləyəni
olmasa da, amma hamısının ağzı işləyirdi.
Yemək-içməkləri bir yana,
hələ geyim-keçimləri,
qohum-əqrabanın xeyir-şərini
hesablayanda onun gözlərindən yuxusu
da çəkilərdi.
Yaşadığı ətrafda qazanclı iş-güc olsa da, nədənsə
onun-bunun qapısında
işləməyi özünə
sığışdırmırdı, -
"adamla adam
kimi rəftar etmirlər" - deyirdi. Daş karxanası beləydi ki, orada həmişə iş olurdu, həm də hansı sənətin sahibinə desən orada rast gəlinərdi,
fəhləsindən tutmuş
müəlliminə kimi.
Daş karxanasında hər kəsin çörəyi
daşdan çıxırdı.
Bu dəfəki gedişində
daş karxanasındakı
işi yaxşı gətirmişdi. Havasat yağışlı-yağmurlu olduğundan daş yükləməyə gələnlərin
sayı az
idi. Bəxti gətirsəydi, iki-üç maşın
yükləyəcəkdi. Yamanca sevinirdi, günün sonunda alacağı pulların haqq-hesabını ağlına
gətirəndə qollarına
bir az
da qüvvət gəlirdi. İşdir arvad-uşağı qəsəbədəki ərzaq
dükanından əlavə
bir şey götürməsələr, bəlkə
bu dəfə aparacağı pulla borclarının yarısını
qaytara biləcəkdi
- düşündü.
Günün sonuna az
qalırdı. Yüklədiyi iki maşının pulunu almışdı.
Üçüncü maşın da
dolmaqdaydı, axırıncı
sıraların daşını
atırdı. Çox işlədiyindən
qolları tamam keyləşmişdi, ayaq üstə zorla dayanırdı, amma işləməliydi, zarafat
deyil bu gün yüz manata qədər pul qazanacaqdı. Neçə
müddətdi buraya ayaq döyürdü, amma heç vaxt bugünkü kimi əli gətirməmişdi.
Axırıncı sıranın da daşlarını atıb
qurtardıqdan sonra əlinin arxasıyla toz-torpağa bulaşmış
boyun-boğazının tərini
sildi. Hava soyuq olduğundan
tərdən islanmış
paltarları bədəninə
buz kimi yapışmışdı. Havadan ciyərlərinə dolan toz-torpağın nəmqarışıq
qoxusu ürəyini bulandırırdı. Amma kefikök
görünürdü, bugünkü
zəhməti hədər
getməmişdi.
Dərindən nəfəs alaraq əlini cibinə salıb papiros çıxartdı, yandırmağıyla,
tüstünü acgözlülüklə
ciyərlərinə çəkməyi
bir oldu. Soyuqladığından papiros tüstüsü döşünə düşmədi,
bir-iki dəfə bərkdən öskürdükdən
sonra, əlindəki papirosu ayağının altına atıb əzdi. Elə bu vaxt
daş yüklədiyi
maşının sürücüsü
ona yaxınlaşdı:
- Səid, onsuz da axşam tərəfidir,
yolda heç kəs olmur, burayla da razılaşmışam,
nə olar, yüz dənə də əlavə daş at, al, bu da sənin beş manatın, kasıb adamsan, dərdivün birinə xərclərsən - deyib
pulu onun tozlu şalvarının cibinə dürtdü.
Səid yazıq-yazıq sürücünün
üzünə baxdı. Bu baxışlarıyla demək
istədi ki, vallah ölürəm, yorulmuşam, gücüm çatmaz. Amma borclarını yadına
salanda razılaşmaqdan
savayı çarəsi
qalmadı. Əlcəklərini əlinə keçirtdi və yerdən bir daş götürüb
maşındakı daşların
üstünə atdı.
Sonra yenə də bir neçə daş qovzadı. Yorulduğundan atdığı
daşlar ona çox ağır gəlirdi, həm də, maşındakı
daşların sırası
qalxdıqca, yerlə maşın arasındakı
məsafə bir az da uzaqlaşırdı. Ayaqlarının
altına daş düzdü ki, bir az hündürə qalxa bilsin. Pəncələrinin üzərinə qovzanmaqdan ayaqlarının
damarları rezin kimi dartılaraq onu incidirdi. Möhkəmcə yorulmuşdu, halı
özündə deyildi,
bunu maşının
sürücüsü də
hiss edirdi. Odur ki, əlini onun çiyninə toxundurub: - Az
qalıb, üç-dörd
dənə də atsan daha bəsdir
- deməsini də güclə eşitdi.
Səidin gözlərinə qaranlıq
çökdü, başının
üzərinə qaldırdığı
daş əlində səndələdi. O, son gücünü
toplayıb daşı
maşının kuzovuna
tullamağa çalışdı.
Elə bu vaxt ayağının
altında üst-üstə
çinlədiyi daşlar
tərpəndi. Əllərini yanına salmağa macal tapmamış başına düşən
ağır daşın
təsirindən dizləri
üstə çöküb
xırıldadı. Bir
anın içindəcə
üst-başındakı ağappaq
daş unu al-qırmızı rəngə
boyandı... Səidin sir-sifəti al-qanın
içərisindəydi. Ağzı torpağa qapananda son dəfə gözlərini
dolandırıb sürücünü
axtardı. Sürücü isə dizə çöküb əlindəki
cibdəsmalıyla onun
başından axan qanı dayandırmağa çalışırdı. Çaşqın və qorxu içində Səidə yalvarırdı:
- Heç nə olmayıb, qorxma, azacıq başın qanayıb, indi səni xəstəxanaya çatdıraram, bir az möhkəm
ol, qardaş.
Səidin
isə başından
axan qan dayanmaq əvəzinə bir az da gurlaşırdı. O,
get-gedə haldan düşərək xırıldayırdı.
Sürücü isə çaşqın halda ona yalvarmaqda
davam edirdi.
Səid
son dəfə gücünü
toplayıb əlini şalvarının cibinə
saldı və oradan kağıza bükülü bir şey çıxarıb
sürücüyə uzatdı
və zarıya-zarıya
dedi:
- Bu, bayaq yüklədiyim iki maşın daşın puludur. İmkanın olsa sən də maşınının
pulunu qoy bu borc siyahısının
arasına, verərsən
bizimkilərə, deyərsən
borclarını qaytarsınlar.
Səidin cansız bədəni sürücünün qolları
arasından sürüşüb
toz-torpaqlı yerə
düşəndə onun
köksündən güclə
eşidiləcək bir
inilti qopdu.
... Bərk yağış yağırdı.
Maşın qəsəbənin lap qurtaracağında məftillə
çəpərlənmiş balaca bir komanın
qarşısında dayandı.
Qəsəbənin işıqları da sönmüşdü.
Hər tərəf zülmət qaranlığa büründüyündən
sürücü maşının
işıqlarını söndürmədi.
Göz-gözü görməyən zülmət qaranlıqda bu güclü işıq seli gecənin bağrından qopan alova bənzəyirdi.
Bu alovun şöləsi
yaxınlıqdakı komanın
miskin görkəmini bir anlıq da olsa nura
boyamışdı. Güclü yağış
damlaları gur işığın altında
göydən yerə səpələnən, sanki
gümüşü rəngli
oxlara bənzəyirdi.
Bu oxlar ardı-arası
kəsilmədən elə
hey göydən səpələnərək
yerə sancılırdı.
Bir azdan komanın qapısı açıldı. İçəridən qucağında uşaq
olan gənc bir qadın çıxıb qapıda
dayandı. O, əlini
gözlərinin üstünə
qoyaraq komadan bir az aralıda dayanmış maşına tərəf baxdı. Az
keçməmiş bir
qızcığaz da yuxulu gözlərini
ova-ova qapıda göründü.
Gözlərinə düşən güclü
işıqdan qorunmaq üçün anasının
arxasına keçib ona sığındı.
Maşının gur işığında onların kasıb və üzgün çöhrələri apaydın
görünürdü. Hər şeydən xəbərsiz
olan bu biçarələr,
yəqin ki, daş karxanasından geri dönən əzizlərinin qayıtdığını
zənn etmişdilər...
Meyxoş ABDULLAH
525-ci qəzet.-2018.-4 may.-S.7.