Nümayəndə
heyətinin taleyi - Azərbaycan Xalq Cümhuriyyəti-100
Vilayət QULİYEV
1919-cu
ilin yanvarında 19-da İstanbula varid olan və Fransaya viza
almaq üçün burada uzun
və üzücü mübarizəyə başlayan Azərbaycan
Cümhuriyyəti nümayəndə heyəti düz bir il
sonra - 1920-ci ilin yanvarında hamıdan gec gəldiyi Parisdə
ilk tarixi zəfərə imza atdı - sülh
konfransının Ali Şurası 10 yanvar tarixli iclasında Azərbaycanın müstəqilliyi de-fakto
tanındı.
Beləliklə, Ə.Topçubaşov və həmkarları
çətin, məsuliyyətli səfərə
çıxarkan bəlkə özləri də
qarışıq hər kəsə inanılmaz görünən
mühüm qələbəni qazandılar - dünyanın
diqqətini Şərqin ilk Cümhuriyyətinə cəlb edə
bildilər.
İndi qarşıda ilk uğuru möhkəmlətmək -
respublikanın hüquqi cəhətdən, yəni de yure
tanınmasına nail olmaq, həqiqətən də müstəqil
demokratik dövlət qurmaq və onun beynəlxalq miqyasda təsdiqinə
nail olmaq vəzifəsi dayanırdı.
Həyatın, mövcud gerçəkliyin biri-birinin
ardınca ortaya çıxardığı bütün
çətinliklərə baxmayaraq, ümummilli sevinc və təntənənin
yaşandığı, dövlətçilik qürurunun
beyinlərə, ürəklərə hakim olduğu zəfər
günləri bir bu niyyətlər o qədər də uzaq, əlçatmaz
görünmürdü. Azərbaycanın müstəqil dövlət kimi
dünyanın siyasi xəritəsində öz yerini
tutacağına, faktiki müstəqilliyin tezliklə beynəlxalq
hüquqi status da qazanacağına bəslənən ümid
çox güclü idi...
Amma Ə.Topçubaşov
siyasətin sürüşkənliyinə, qabarma və
çəkilmələrinə yaxşı bələd olan təcrübəli
ictimai-siyasi xadim kimi sülh konfransı Ali Şurasının
tarixi qərarından bir neçə gün sonra nümayəndə
heyəti üzvlərini və Azərbaycan hökumətini qələbədən
bir an da sərməst olub
arxayınlaşmamağa, işlərini əvvəlki qətiyyət
və əzmkarlıqla davam etdirməyə
çağırırdı.
Bu
prinsipial mövqeyi 1920-ci ilin yanvarın 14-də heyətin həmin
vaxt Londona ezam edilmiş üzvü Ə.Şeyxülislamov və
müşavir M.Mehdiyevə göndərdiyi məktubdakı sətirlərdən
də görmək mümkündür: “...məsələ
aydınlaşandan sonra (faktiki tanınma ilə bağlı
Ali Şuranın protokolunun əldə olmaması nəzərdə
tutulur - V.Q) əvvəlkindən
daha fəal işləyəcəyik.
Ümumiyyətlə, indi hamımıza
tarazlığı qoruyub saxlamaq çox vacibdir. İstəyirəm ki, hər birimiz vəzifəmizə
ciddi yanaşdığımızı, həyəcana
qapılmadan işimizi davam etdirdiyimizi sübuta yetirək.
Bir sözlə, istədiyim budur ki, həm
sevincli, həm də kədərli anlarımızda biz bu
xüsusiyyətimizi hər zaman əsas prinsip sayaq”.
Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyinin
de-fakto tanınması qərarı nümayəndə heyəti
üçün siyasi-diplomatik qələbədən daha
çox məqsədyönlü mübarizənin növbəti
mərhələsinə keçid xarakteri
daşıyırdı. Qarşıda daha ciddi vəzifələr - gənc
dövlətin Millətlər
Liqası üzvülüynə qəbul olunması, Avropa
ölkələri ilə yalnız siyasi deyil, ticari-iqtisadi və
mədəni-mənəvi əlaqələrini genişləndirməsi,
bir sözlə, dünya birliyinin tam hüquqlu üzvünə
çevrilməsi üçün görülməsi tələb
olunan çoxlu mühüm işlər dayanırdı.
Onları
ardıcıl və düşünülmüş şəkildə,
pillə-pillə həyata keçirmək məqsədi ilə
Ə.Topçubaşovun rəhbərliyi altında Azərbaycan
heyəti Millətlər Liqası və sülh
konfransının Ali Şurasının 1920-ci ilin martında London,
aprel ayında İtaliyanın San-Remo şəhərində
baş tutan konfranslarının işində iştirak
etmişdilər. Spada (Fransa) keçirilməsi
nəzərdə tutulan növbəti görüşə
hazırlaşırdılar. Parisdə
yarımçıq qalmış məsələlərin
müzakirəyə çıxarıldığı iki əvvəlki
beynəlxalq forumda diqqətin Azərbaycana yönəldilməsinə
bacardıqları qədər səy göstərmişdilər.
Hökumətlə davamlı əlaqə saxlaya
bilməsələr də, lazımi maddi və mənəvi dəstək
görməsələr də, onlar nə istədiklərini
yaxşı başa düşür, Bakıda yaşanan
arzuları gerçəyə çevirmək
üçün heç bir çətinlik və əziyyətdən,
xristian ayrı-seçkiliyindən və Qərbin soyuq soyuq
münasibətindən qorxub çəkinmirdilər.
Və ilk baxışdan işlər hələlik sanki
yolunda gedirdi.
Azərbaycan heyəti mötəbər
toplantılara qatılırdı. Yüksək
səviyyəli ingilis, fransız, amerikalı diplomatlarla
görüşlər keçirilirdi. Əlimərdan
bəy və həmkarları müxtəlif toplantı və
müzakirələrdə iştirak edir, öz sözlərini
deyirdilər. Bir illik gərgin fəaliyyətdən sonra
Avropanın diqqətini az da olsa, cəlb
etmək mümkün olmuşdu.
Bu diqqəti daha da artırmaq üçün Azərbaycan
ilk növbədə daxili sabitliyə, yüksək dövlətçilik
şüuru və mədəniyyətinə malik olmalı
idi. Hər
şeyin yoxdan başladığı bir şəraitdə buna nail olmaq mümkün idimi?
Əlimərdan
bəy düşünürdü ki, mümkündür! O,
Parisdən göndərdiyi məktubların birində əqidə
dostlarını daha əzmli və səbatlı olmağa
çağıraraq yazırdı: “İnanıram ki, buna
gücümüz çatacaq. Çünki
xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz təbii
sərvətlərlə zəngindir. İndiyə
qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəbimiz
olmadığından geniş xalq kütlələrinin öz
gənc dövlətinin müəssisə və
qurumlarından nümunə götürməsi,
yaşadığımız sınaq anının tam ciddiyyətini
dərk etməsi çox zəruridir. Paytaxt
və rəhbər xadimlər - bax, Azərbaycana bütün
varlığı ilə xidmət etməyin nümunəsini
geniş xalq kütlələrinə onlar göstərməlidir.
Ümumi borc xalqı səfərbər etmək,
onu müstəqil mövcudluq ideyası ətrafında sıx
birləşdirməkdir. Çünki artıq
şüurlarda geriyə dönüş üçün yer
olmadığına, ola da bilməyəcəyinə
əminik. Qarşımızda yalnız bir yol
var, o da Azərbaycanın müstəqilliyinə aparan yoldur!”
Və nümayəndə heyətinin bütün fəaliyyəti
bu müstəqilliyin əbədi
yaşarılığının dönməzliyinin təmin
olunmasına yönəlmişdi.
Amansız
qasırğa kimi hər şeyi silib-süpürən fəlakət
gözlənilmədən baş verdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşevik
işğalına məruz qalması haqqında alınan
acı xəbər Ə.Topçubaşov və həmkarlarını
zəhmətini bir anın içində heçə
çevirdi. Artıq adından
danışdıqları, haqqını tələb etdikləri
dövlət yox idi. Dünənə qədər
istiqlal təşnəliyi ilə yaşayan xalq kobud, qaba
güc qarşısında susmaq, geri çəkilmək məcburiyyətində
qalmışdı. Cəmisi bir neçə ay əvvəl
Azərbaycanın müstəqil siyasi mövcudluğu ilə
razılaşmış kimi görünən Avropa dövlətləri
bolşevik bütöv bir xalqın faciəsinə tam laqeydliklə tamaşa
edirdi.
Rusiya bu dəfə sovet imperiyası libasında,
bolşevik cildində Azərbaycanı işğal etmişdi. Sanki hər şeyi yenidən
başlamaq zərurəti yaranmışdı: indi bir tərəfdən
arxasında heç bir güc dayanmayan nümayəndə heyətinin
siyasi müstəvidə qalıb yaşaması uğrunda
gündəlik mübarizə aparmaq, o biri tərəfdən isə susqun,
laqeyd dünyanın diqqətini Azərbaycan faciəsinə cəlb
etmək tələb olunurdu.
Parisdə
tam qeyri-müəyyənlik və naməlumluğun hökm
sürdüyü 1920-ci ilin may ayında baş vermiş fəlakətin
miqyas və dəhşətini təsəvvürünə gətirə
bilməyən Ə.Topçubaşov Bakıya, artıq
çox güman özü də həyatda olmayan baş nazir
N.Yusifbəyova yazırdı: “Bir daha təkrar edirəm,
nümayəndə heyəti son dərəcə ağır,
sarsıntılı günlər yaşayır. Heç bir xəbər
tuta bilmədiyimiz ailələrimizin, doğma və
yaxınlarımızın dərdi bir yana qalsın, indiki vəziyyət
ölkənin və ordunun, Parlamentin və hökumətin
taleyindən tam məlumatsız qalmağımız səbəbindən
bizi dözümlülük sınağına çəkir,
hər an səbir və iradə nümayiş etdirməyə,
gərginlik içində gözləməyə, gözləməyə
və yenə də gözləməyə
məcbur edir. Lakin belə ümidsiz vəziyyətə
düşməsinə baxmayaraq, nümayəndə heyəti hazırkı son
dərəcə çətin şəraitdə yenə də
işini davam etdirmək, üzərinə düşən vəzifələri
bacardığı qədər yerinə yetirmək
üçün özündə qüvvə tapır”.
Acı xəbərin alındığı ilk gündən
bu qətiyyətli mövqe nümayəndə heyəti
üzvlərinin dəyişməz həyat və
davranış prinsipinə çevrilmişdi. Onlar
böyük ideyanın reallığa çevrilməsi yolunda
qalan həyatlarını qurban verməli olduqlarının fərqində
idilər. Və bundan əsla qorxuya, vahiməyə
düşmürdülər. Taleyin
bütün zərbələrinə mətanətlə sinə
gərməyə hazır idilər. Faciənin
miqyasının az-çox bəlli olduğu, Gəncə
üsyanının uğursuzluğu ilə bağlı səhih
xəbərlərin alındığı 1920-ci ilin iyun
günlərində Ə.Topçubaşov yazırdı:
“Əgər
dünyanın bütün şeytanları bir yerə
yığılıb Şərqə qarşı çevrilmiş cəhənnəm
planı qurmaq istəsəydilər, yenə də taleyin
hökmü ilə kainatın bu hissəsində hökm
sürən indiki müdhiş dağıdıcılıq, hər
şeyi xarabazara çevirmə üsullarından daha mükəmməl
bir şey fikirləşə bilməzdilər. Digər tərəfdən,
əgər cahanşümul hadisələr, bütün
inkişaf və dirçəlişlər sonda rəngarəng
gülzara və bol bəhrəyə qovuşmaq
üçün mütləq qurbanlar, həm də qanlı
qurbanlar tələb edirsə, o zaman
yaşadığımız günlər özünün dəhşətləri
ilə nə qədər faciəli olsa da, yenə bədbinliyə
və ümidsizliyə qapılmağa dəyməz”.
Nümayəndə
heyəti üzvlərini on illər boyu ayaqda tutan da bu ümid
idi...
lll
1919-cu ilin yanvarında (Ə.Topçubaşov 1918-ci ilin
sentyabrında) Paris sülh konfransında iştirak etmək
üçün Azərbaycan hökumətinin mandatı ilə
Bakıdan çıxan, bir də heç zaman doğma vətənə
qayıda bilməyən, məzarları dünyanın
müxtəlif guşələrinə səpələnən
nümayəndə heyəti üzvlərinin qürbət həyatı
biri-birindən fərqli olmuşdu. Amma kiçik istisnalarla onların
hamısını bir nöqtədə birləşdirən
iki cəhət, iki xüsusiyyət vardı: hamısı nəvbənöv
siyasi, ictimai, mənəvi, maddi məhrumiyyətlərə
sinə gərməli olmuşdu, hamısı həyatının
sonuna qədər azadlığı üçün
çarpışdığı Azərbaycan həsrəti ilə
yaşamışdı...
Əlimərdan bəy Topçubaşov - şübhəsiz,
həm yaşı, həyat təcrübəsi, həm də
tutduğu mövqe baxımından çətinliklərin və
məsuliyyət payının ən böyüyü onun
üzərinə düşmüşdü. Çünki tək
özü və ailəsi üçün deyil, rəhbərliyi
altında Parisə gələn nümayəndə heyətini
hər bir üzvü, təmsilçisi olduğu hökumət,
fövqəladə və səlahiyyətli naziri kimi fəaliyyət
göstərdiyi Azərbaycan
Cümhuriyyəti üçün cavabdehlik
yükünü həyatının sonuna qədər
çiyinlərində daşımışdı.
1920-ci
ilin iyununda Parisdən İstanbula, Əli bəy Hüseynzadəyə
göndərdiyi məktubda üzərinə düşən
problem və qayğıların ağırlığını dostu ilə bölüşərək
yazırdı: “Artıq iki aydır ki, kimlərin idarə
etdiyini bilmədiyim ölkəmdən, necə və nəyin
hesabına yaşadıqlarından xəbərsiz
qaldığım ailəmdən tamamilə uzaq
düşmüşəm. Əgər belə
davam edərsə, tezliklə özüm də, buradakı
nümayəndə heyətimiz də ehtiyac girdabında
boğulanların sırasına qoşulacağıq.
Fransada, Almaniyada, İtaliyada təhsil alan
78 azərbaycanlı tələbənin aqibəti necə
olacaq? Hətta bu barədə düşünmək
özü dəhşətdir”.
Lakin Əlimərdan bəy yaxasını heç vaxt bu
dəhşətlərdən kənara çəkməmişdi,
əksinə, həmişə ən “odlu nöqtələrdə”
olmuşdu. Hələ bolşevik hakimiyyətinin “bal ayı”
başa çatmamış o, xalqın yeganə qanuni hakimiyyəti
kimi Azərbaycan Cümhuriyyətinin Millətlər
Liqasına üzvlüyü uğrunda mübarizə
aparırdı. Daha sonra bu mübarizə
Genuya və Lozanna konfranslarında, Avropa rəsmiləri ilə
görüş və söhbətlərdə, qəzetlərdəki
məqalə və çıxışlarda, çoxsaylı
məktub və notalarda, bəyanat və demarşlarda öz əksini
tapmışdı. O, var gücü ilə milli dövlətçiliyin
yeganə qanunu təmsilçisi kimi nümayəndə heyətinin
mövcudluğunu qoruyub saxlamağa, müxtəlif ölkələrə
səpələnmiş siyasi mühacirləri vahid
ideya və məqsəd ətrafında birləşdirməyə,
daxili ixtilaf və çəkişmələrə son
qoymağa çalışırdı.
Ölümündən
bir neçə ay
əvvəl sanki bütün mübarizələrinin
yekunu, siyasətçi həyatının “qu quşu” nəğməsi
kimi Brüsseldə Gürcüstan və Şimali Qafqaz
Dağlıları Respublikasının nümayəndələri
ilə birlikdə Qafqaz Konfederasiyası Paktını
imzalamışdı. Ermənistanın destruktiv
qüvvə kimi kənarda qaldığı bu pakt də sovet
imperiyasının süqutu zamanı “Qafqaz evi” adı
altında aktuallıq qazanmışdı və Əlimərdan
bəyin böyük siyasi bəsirətindən xəbər
vermişdi.
Tale onu biri-birindən amansız sınaqlara çəkmişdi. Böyük
çətinliklərdən sonra ailəsini bolşevik əsarəti
altındakı Azərbaycandan Parisə gətirə bilsə
də, burada heç vəchlə onlara layiq olduqları
güzəran qurmağı bacarmamışdı. Nümayəndə heyətində şəxsi katibi
vəzifəsini yerinə yetirən sevimli oğlu Rəşidi
25 yaşında itirmişdi. Bir qızı, iki oğlu
qürbət məmləkətdə ailə qura, ev-eşik
sahibi ola bilməmişdilər. Ehtiyac üzündən valideynləri ilə birlikdə
Türkiyəyə köçən sevimli nəvələrinin
üzünə həyatının sonuna qədər həsrət
qalmışdı. Maddi
sıxıntılar Damokl qılıncı kimi daim
özünün və ailəsinin başı üzərindən
asılmışdı. Dəfələrlə
Paris kənarında yaşadığı evdən bayıra
atılmaq təhlükəsi ilə üzləşmişdi.
Amma heç bir şey onu millətə, milli
ideyaya xidmət əzmindən döndərə bilməmişdi.
Məşum
28 apreldən 11 il sonra, 1931-ci ilin aprelində əqidə və
əməl dostu Xəlil bəy Xasməmmədliyə
yazdığı və taleyinə düşən acı,
sarsıdıcı zərbələrdən söz açan kədərli
məktubundakı aşağıdakı sətirlər də
bu həqiqəti bir daha nəzərə
çarpdırmaqdadır: “Nə irəliləyən yaş,
nə xəstəliklər, nə ehtiyac məni ümumi
işə xidmətdən kənarlaşdıra bilər.
İndiyədək qüvvəmin imkan verdiyi qədər,
yaxamı heç bir məsuliyyətdən kənara çəkmədən,
hər hansı səhvimi pərdələmədən həmin
işin öhdəmə
düşmüş, düşən və düşəcək
qismini görmüşəm. Bundan sonra da eyni
şəkildə işləməyə hazıram”.
Bolşevik mətbuatı onu nüfuzdan salmaq
üçün gah xalq xarici işlər komissarı
Çiçerinə müraciət edərək SSRİ-yə
qayıtmaq istədiyi, gah mövqeyindən çəkilib təslim
bayrağı qaldırdığı barədə şayiələr
yayırdılar. Hər belə uydurmadan sonra
Ə.Topçubaşov növbəti sərt bəyanatları,
qətiyyətli addımları ilə bu fikirlərin
çürüklüyünü və həqiqətdən
uzaqlığını ortaya qoyurdu.
Əlimərdan
bəyin ömür yolu 1934-cü il
noyabrın 5-də vətəndən uzaqlarda, Paris
yaxınlığındakı Sent Klu qəsəbəsində
yoxsulluq və ehtiyac içində başa çatmışdı.
Azərbaycanlı siyasi liderin ölümü
yalnız həmvətənlərini deyil, keçmiş Rusiya
imperiyasının əksər xalqlarının siyasi
mühacirət dairələrini silkələmişdi.
Bolşevik işğalının vətənlərindən
didərgin saldığı minlərlə insan Əlimərdan
bəyin simasında əzmkar mübarizə yoldaşı, sədaqətli
dost və müdrik insan itirmişdi. Bəlkə
bu səbəbdən də azərbaycanlı
Ə.Topçubaşovun dəfni çoxmillətli Paris
mühacirətinin birlik nümayişinə
çevrilmişdi.
Vida mərasiminə
həmvətənləri ilə birlikdə Gürcüstan,
Ukrayna, Orta Asiya, Şimali Qafqaz, Volqaboyu, Ermənistan və
başqa yerlərdən olan, çoxu vaxtı ilə Paris
sülh konfransında indi sovet işğalı
altındakı ölkələrini təmsil etmiş
ictimai-siyasi xadimlər, keçmiş dövlət və
hökumət başçıları iştirak edirdilər. Mərhumun məzarı başında onun səmimiyyəti,
yüksək insani keyfiyyətləri, siyasi müdrikliyi,
prinsipiallıq və səbatlılığı barədə
çoxlu ürəkdən gələn sözlər hərarətli
sözlər söylənmişdi. Lakin heç
şübhəsiz, Əlimərdan bəyin milli ideal naminə
yarım əsrlik fəaliyyətinə ən böyük qiyməti
uzun illərin mübarizə yoldaşı M.Ə.Rəsulzadə
vermişdi: O, demişdi: “Əlimərdan bəyin adı bizim
ictimai və siyasi həyatımızın ən mühüm
dövrlərindən birinin yaranmasını özündə
təcəssüm etdirir. Sözü, qələmi,
tükənməz enerjisi ilə o, həyatının son
gününə qədər xalqının xoşbəxtliyi
və millətinin haqq işi uğrunda mübarizənin
ön cərgəsində dayandı. Biz azərbaycanlılar
Əlimərdan bəyin simasında milli hərəkatın
bütöv bir dövrünün təmsilçisini,
böyük dövlət xadimini, müstəqillik uğrunda
dönməz mübarizi itirdik. Elə bir
zaman gələcək ki, artıq ölkəmiz
azadlığa qovuşacaq, Parlamentinin ilk sədrinə,
müstəqilliyinin müdafiəçisinə minnətdar
xalq onun abidəsini ucaldacaq”.
Əhməd bəy Ağayev - nümayəndə heyətinin
bütün səylərinə baxmayaraq, Müttəfiq
qoşunlar komandanlığının həbsə
atdığı Əhməd bəyin gənclik illərinin
şəhərinə - Parisə getməsi mümkün
olmamışdı. 1918-ci il mayın 28-də,
müstəqilliyin birinci ildönümündə Ə.Topçubaşov başda
olmaqla Azərbaycan heyətinin ABŞ prezidenti, məşhur
“Vilson prinsiplərinin” müəllifi Vudro Vilson tərəfindən
qəbul edildiyi gün ingilislər onu Osmanlı
imperiyasının tanınmış ictimai-siyasi xadimləri və
fikir adamları ilə birlikdə Malta adasına sürgünə
göndərmişdilər. Əhməd bəy
iki illik həbsxanaya bərabər sürgün
dövrünü başa vuranda artıq qurucuları
sırasında yer aldığı Azərbaycan Cümhuriyyəti
devrilmişdi. Sovet Azərbaycanının lideri N. Nərimanov
onu Bakıya çağırsa da, “Türklüyə xidmət
sərhəd tanımır” - düşüncəsindən
çıxış edən Əhməd bəy artıq
“namus borcu” ilə bağlandığı “ikinci vətəni”
- Türkiyəni seçdi. Həyatının son
gününə qədər Türkiyənin və
türklüyün xidmətində dayandı, millət vəkili,
qəzet redaktoru, hüquq professoru, çoxsaylı
kitabların müəllifi, siyasi partiya lideri və
Atatürkün yaxın silahdaşlarından biri kimi Türkiyə
Cümhuriyyətinə, türklüyə xidmət göstərdi.
Paris səfərinin pozulmasında
Ə.Topçubaşovun günahı olmasa da, Fransaya gedə
bilmədiyi üçün həyatının sonuna qədər
köhnə dostu ilə soyuq münasibət saxladı.
Məmmədhəsən Hacınski - 1919-cu ilin
sentyabrında M.Hacınski iki aylıq məzuniyyətlə
Parisdən vətənə qayıtdı. Əlimərdan
bəyin onun üzərinə heç bir vəzifə qoymamaq
və Bakıda göstrərilən vaxtdan çox ləngiməsinə
imkan verməməklə bağlı israrlı xahişlərinə,
xəbərdarlığına baxmayaraq, M.Hacınski bir daha
Parisə, nümayəndə heyətindəki fəaliyyətinə
dönmədi. Müsavatın II
qurultayında partiyanın MK-nə üzv seçildi. 1919-cu ilin dekabrında N.Yusifbəylinin
dördüncü hökumət kabinəsində daxili işlər
naziri təyin edildi. 1920-ci il
fevralın 18-də ticarət, sənaye və ərzaq naziri
oldu. Həmin il martın 30-da başlayan hökumət
böhranı zamanı yeni kabinet təşkili M.Hacınskiyə
həvalə
edildi. Lakin aprelin 22-də o, Parlamentin
müvəqqəti sədri M.Y.Cəfərova hökumət
qura bilmədiyi barədə məlumat verib eyni gündə
Müsavat partiyasını tərk etdi və bolşeviklərin
tərəfinə keçdi. Bu addım
milli hökumətin süqutunda həlledici zərbəyə
çevrilməsə də, cümhuriyyətçilərin
inamını sarsıtdı. Sovet hakimiyyəti
dövründə əsasən şəhər təsərrüfatı
sahəsində çalışan M.Hacınski 1931-ci ildə
Beriyanın əmri ilə həbs olunmuşdu. Bir versiyaya görə həmin ilin aprelində Tiflis
həbsxanasında həyatına intiharla son qoymuş,
başqa bir versiyaya görə isə Beriya tərəfindən
güllələnmişdi.
Məhəmməd Məhərrəmov - 1982-ci ildə 87 yaşında Parisdə dünyaya göz yuman M.Məhərrəmov nümayəndə heyətinin həyatdan sonuncu köçən üzvü idi. Onu həm də məşhur heyətin həmvətənlərlə ünsiyyətdən çəkinməyən yeganə təmsilçisi adlandırmaq mümkündür. Bir neçə il Azərbaycan Milli Mərkəzinin üzvü və xəzinədarı kimi çalışması istisna edilərsə, M.Məhərrəmov ümumiyyətlə, siyasətdən nisbətən uzaq olmuşdu. Əvəzində Fransa paytaxtında öz kiçik biznesini qurmağa çalışmış, bukinist və bibliofil kimi tanınmışdı. Ötən əsrin 70-ci illərində Parisdə tanış olduğu YUNESKO əməkdaşı diplomat Ramiz Abutalıbova və ədəbiyyatşünas-alim, professor Abbas Zamanova bir sıra nadir kitablar bağışlamışdı. Bu kitablardan biri - Abbas müəllimin hədiyyə etdiyi “Qafqaz Azərbaycanı nümayəndə heyətinin Paris sülh konfransından tələbləri”nin ingilis nəşri qəribə bir təsadüf nəticəsində bu sətirlərin müəllifinə qismət olmuşdu. Rus yazıçısı A.İ.Gertsenin Londonda buraxdığı “Kolokol” jurnalının komplektini və eyni müəllifin İsveçrədə çıxan külliyyatını Moskvadakı Lenin kitabxanasına hədiyyə etdiyi üçün 1970-ci illərdə keçmiş SSRİ-nin Xarici Ölkələrlə Dostluq və Mədəni Əməkdaşlıq Cəmiyyətləri İttifaqının xüsusi medalına layiq görülmüşdü.
Əkbərağa Şeyxülislamov - nümayəndə heyətinin digər üzvləri kimi Ə. Şeyxülislamov da Parisdə məhrumiyyətlərlə dolu mühacir həyat yaşamağı və ideallarına sadiq qalmağı prinsiplərinə hər hansı şəkildə arxa çevirməkdən üstün tutmuşdu. Azərbaycan mühacirətinin tanınmış simalarından biri - M.Vəkilli onu “yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bir çox məşəqqətlərə sinə gərmiş cəfakeş, idealist” adlandırırdı. 1924-cü ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulan və siyasi mühacirətin bir araya gətirilməsini qarşısına məqsəd qoyan Azərbaycan Milli Mərkəzinin fəaliyyətində iştirak etmişdi. Əvvəlcə yaxın silahdaşlarından biri kimi tanındığı Əlimərdan bəylə bəzi problemləri meydana çıxmışdı. 1950-ci illərdə Azərbaycan Milli Birlik Məclisi üzvlüyünə seçilmiş, tale yoldaşı C.Hacıbəyli və İ.Əkbərlə ilə birlikdə Rusiya Millətlərinin Qurtuluş Şurasının təsisi haqda Visbaden Bəyannaməsini imzalamışdı. Yazı irsindən sadəcə qiymətli xatirələrdən ibarət “Azərbaycan necə yarandı” məqaləsi günümüzə çatıb. Ailəsi, övladı olmayan Ə.Şeyxülislamov 1961-ci ildə tənha və yoxsul şəraitdə vəfat etmişdi. Paris ətrafındakı Bobinyo şəhərinin müsəlman qəbiristanlığındakı məzarı 2002-ci ildə Azərbaycan XİN-in təşəbbüsü ilə bərpa olunmuşdu.
Mir Yaqub Mehdiyev - Azərbaycan Cümhuriyyətinin süqutundan sonra əvvəlcə Parisdə, 1928-ci ildən sonra isə Türkiyədə yaşamış, daha çox siyasi publisistika və elmi yaradıcılıqla məşğul olmuşdu. 1928-ci ildə İstanbulda türkcə “Beynəlmiləl siyasətdə petrol”, 1933-cü ildə Parisdə fransızca “Le probleme du Caucas”, 1934-cü ildə isə yenə Parisdə rus dilində “Beynəlxalq vəziyyət və sovetlərdə milliyyət məsələsi” kitablarını nəşr etdirmişdi. Bundan başqa, ictimai-siyasi xarakterli məqalələri “Azəri-Türk”, “İstiqlal”, “Qurtuluş”, “Odu yurd” kimi məcmuələrdə özünə yer almışdı. 1920-ci illərin ikinci yarısında Ə.Topçubaşovla aralarında bəzi anlaşılmazlıq və problemləri baş vermişdi. Keçmiş Rusiyadan olan siyasi mühacirləri birləşdirən “Prometey” hərəkatının və “Prometey” jurnalının fəal əməkdaşlarından biri kimi tanınmışdı. Azərbaycanlı siyasi mühacirlərin 1943-cü ildə Berlində qurduqları “Milli Azərbaycan Komitəsi” üzvləri sırasında yer almışdı. İstanbulda yaşadığı illərdə Hərbi Akademiyada rus dili dərsi deyirdi. Həyatının sonuna qədər əqidəsi uğrunda ictimai-siyasi fəaliyyətdən geri çəkilməyən Mir Yaqub Mehdiyev 1949-cu ildə Türkiyədə vəfat etmişdi.
Ceyhun bəy Hacıbəyli - həyatının sonuna qədər Ə.Topçubaşovla yaxın, səmimi və işgüzar əlaqələrini qoruyub saxlayan, onun ən inanılmış adamı və “sağ əli” kimi qalan yeganə heyət üzvü idi. Mühacirət illərində daha çox ədəbi-ictimai və elmi fəaliyyətlə məşğul olmuş, Azərbaycanı Fransada tanıtmaq və təbliğ etmək istiqamətində çalışmışdı. 1925-ci ildə qardaşı Üzeyir bəyin “Arşın mal alan” əsərini fransızcaya çevirərək Parisdə tamaşaya qoyulmasına nail olmuşdu. “La Revue du Monde Musulman”, “Journale Asiatique”, “La Revue Contemporaire” və nəşrlərdə Azərbaycan folkloruna, tarix, ədəbiyyat və mədəniyyətinə dair çoxsaylı məqalələr dərc etdirmişdir. İkinci Dünya müharibəsindən sonra Almaniyada Azərbaycan Milli Birlik Məclisi idarə heyətinin üzvü, eyni zamanda, bu siyasi qurumun “Azərbaycan” adlı jurnalının redaktoru idi. “Azadlıq” radiosunun qurucularından və Münhendəki SSRİ-ni öyrənən İnstitutun fəal əməkdaşlarından biri olmuşdu. Bədii-publisist yaradıcılıqla da məşğul olmuş, sovet həyatının naqislik və eybəcərliklərini göstərən maraqlı hekayələr, düşündürücü publisist məqalələr, satirik etüdlər, esseler yazmışdı. 1961-ci ildə Parisdə vəfat etmiş və orada da dəfn olunmuşdur. Nəslinin davamçıları Fransada yaşayır. “Bir il xəyallarda... və bütöv bir ömür” adlı memuarların müəllifidir.
Abbas bəy Atamalıbəyov - nümayəndə
heyətinin ən gənc üzvü idi. Parisə 1919-cu ilin avqustunda
Parlamentin Sosialist fraksiyasının üzvü kimi ilə gəlmişdi. Əslində,
fraksiya yoldaşı M.Məhərrəmovu əvəz etməli
idi. Lakin həmin dövrdə iki aylıq
ezamiyyətlə Bakıya getmiş M.Hacınski
qayıtmadığından, digər tərəfdən də
heyətin işləri çoxaldığından M.Məhərrəmovun
Parisdən ayrılması mümkün olmamışdı.
A.Atamalıbəyovun üzərinə isə
nümayəndə heyətinin katibi vəzifəsi
qoyulmuşdu. Parlamentin qərarı ilə 100 nəfər
azərbaycanlı gənc ali təhsil məqsədi
ilə Avropa ölkələrinə göndərildikdən
sonra onların məsələlərinə cavabdehlik də
A.Atamalıbəyovun üzərinə qoyulmuşdu. 1920-ci illərdə nümayəndə heyətinin tərkibindəki
fəaliyyətdən qismən uzaqlaşmış, Paris
birjasında qiymətli daşlar üzrə mütəxəssis
kimi çalışmışdı. İkinci
Dünya müharibəsi dövründə Ə.Fətəlibəyli-Düdənginski
və F.Əmircanla birlikdə Almaniyada yaradılan və azərbaycanlı
hərbi əsirlərə yardım göstərməyi
qarşısına məqsəd qoyan “Əlaqə heyətinin”
üzvü olmuşdu. Dünyanın müxtəlif
ölkələrini gəzib-dolaşmış, 1971-ci ildə
oğlu, kimyaçı mühəndis Qalib Atamalı ilə
yaşadığı Çilidə vəfat
etmişdi.
Fransada 1950-ci illərin əvvəllərinə qədər
mühacirətdə olan gürcü hökuməti fəaliyyət
göstərmişdi. Ə.Topçubaşovun ölümünə
qədər nümayəndə heyəti də təxminən
eyni işi görmüş, Azərbaycan Cümhuriyyətinin
beynəlxalq miqyasda təmsil edilməsini öz üzərinə
götürərək bütün çətinlik və məhrumiyyətlərə
baxmayaraq, bu vəzifənin öhdəsindən
bacardığı qədər gəlmişdi. Onu da nəzərə almaq
lazımdır ki, Gürcüstan hökuməti dövlət
xəzinəsini özü ilə xaricə aparmağa nail
olmuşdu, bir sıra Avropa ölkələrinin, ümumilikdə,
xristian dünyasının diqqət və
qayğısını daim öz üzərində hiss
etmişdi. Ə.Topçubaşov və həmkarları
isə belə imkanlara malik olmadan, yalnız şəxsi
entuziazma və hüdudsuz vətən, millət sevgisinə
arxalanaraq həyatlarının sonuna qədər Azərbaycanı
təmsil etmək, millətin səsi və sözü olmaq vəzifəsindən
yaxalarını kənara çəkməmişdilər.
(Davamı
növbəti şənbə sayımızda)
525-ci qəzet 2018.- 5 may.- S.18-19.