“Qatillə görüş”: sadəliyin
cazibəsi
Şahanə MÜŞFİQ
Etiraf edim
ki, yazıya başlamamışdan öncə fikrimdə fərqli,
bədii, cəlbedici, bir az da qəliz
cümlələr qurmuşdum. Amma elə ki yazmaq
üçün masa arxasına keçdim, bütün
cümlələr üzünü çevirib getdi, sanki “Sən
elə bir müəllifdən və onun əsərindən
yazırsan ki, burada bizə ehtiyac yoxdur, sən də sadə
ol: onun özü və qələmi kimi!”- deyirdilər.
Haqlıdırlar!
Əjdər Ol adı çəkiləndə ilk
yadıma düşən söz “sadəlik” olur. Əjdər
müəllimi əvvəlcə şeirlərindən, sonra
hekayələrindən, ən sonda isə şəxsən
tanımışam. Və bütün
hallarda bu “sadəlik” sözü sanki bizi qarabaqara izləyib.
O, insan kimi də, şair kimi də, nasir kimi də təvazökarlığın
simvoludur. Bu sadəlik mətnlərində də
özünü göstərir. Onun mətnləri
strukturu, mövzu və ideyası, sujet xətti ilə o qədər
sadə, aydın və axıcı olur ki, istənilən
oxucu çox rahatlıqla onları oxuya və anlaya bilər,
bir stəkan sərin suyu başına çəkirmiş
kimi...
Əgər bu “sadəlik” sözünün yanına bir
“səmimilik” sözünü də əlavə etsəniz, elə
bilin ki, Əjdər Ol yaradıcılığının
portretini cızmısınız.
Onun “Qatillə görüş” hekayəsini ilk dəfə
“Qəzənfər müəllimgilin Şuşaya
yürüşü” kitabından oxumuşdum. Hekayədə ilk diqqətimi
çəkən müəllifin iki xüsusiyyətinin
çuğlaşması oldu: zahirindəki
soyuqqanlılıqla daxilindəki səmimiyyət... Yazıçı təhkiyəsində nə qədər
səmimidirsə, hadisələrə və qəhrəmanlarına
münasibətində bir o qədər də
soyuqqanlıdır. Bu cür ağır
hadisəni soyuqqanlı şəkildə oxuya bilməyən
bizlərsə, sadəcə müəllifin bu peşəkarlığına
heyrət etməklə kifayətlənməli oluruq.
Əsər çox sadə, rahat və aydın təsvirlə
başlayır. Buna təsvir demək də olmaz, sadəcə məlumat:
“Universitetdə müəllimliyə başladığım
ildi. Yaşca tələbələrimdən
çox da böyük deyildim,
qaynayıb-qarışmışdıq, mənə əməlli-başlı
ərkləri vardı”. Bura qədər hər
şey adi və gözəldir. Sonra nə olursa, oxucu
gözünü on səhifəlik bir qəribəliyin
içərisində açır...
Hekayəni oxuduqca sanki bütün əhvalatlar
gözümün qarşısında canlanırdı. Halbuki müəllif
bütün əsərlərində olduğu kimi, burada da
uzun-uzadı təsvirlərdən, yersiz cümlələrdən
qaçır, hər olay haqqında bir-iki cümlə deməklə
kifayətlənir. Amma hiss edirsən ki, burada dərin bir
həyat hekayəsi var. Mavi ekranda daha gözəl canlana biləcək
bir hekayə...
Sonradan
öyrəndim ki, mənim hekayə haqda
düşündüklərimi artıq rejissor Ruslan Hüseyn
öz təcrübəsindən keçirib və Azərbaycan
kinosunda “Qatillə görüş” adlı bir ekran işi var.
Hələ 2013-cü ildə çəkilən film təəssüf
ki, müəyyən səbəblərdən yetərincə
nümayiş olunmayıb.
Əjdər
Olun sözügedən hekayəsinin ssenarisi əsasında
rejissor Ruslan Hüseynin quruluşunda çəkilən film
dedektiv janrında olsa da, hadisənin kökü sevgiyə, məhəbbətə
söykənir. Universitetlərin birində tələbə
qız Rəna gənc müəllimi olan Rasim müəllim
ona vurulduqdan sonra günlərin birində yoxa
çıxır. Rasim müəllim Rənanı
sevsə də, aralarında olan müəllim-tələbə
məsafəsini ön plana çıxararaq Rənanı
axtarmır. Amma Rasim müəllim Rənanı
heç vaxt unutmur. Digər tərəfdən,
bir oğru bandası cinayətlər törədərək
tamaşaçı nəzərində hadisələrin
istiqamətini dəyişir.
Rejissorla
bu əsərə müraciəti haqqında söhbət edərkən
öyrənirəm ki, sən demə, o da Əjdər Ol
yaradıcılığını sevənlərdəndir:
“Əjdər müəllimin bir çox əsərlərini
oxumuşam. Onun hadisələrə münasibəti
və təsvirini çox bəyənirəm. Demək olar ki, onun bütün nəsr əsərləri
film üçün bir ssenaridir. Bu hekayə
də həmçinin. Hətta
düşünürəm ki, mən əsəri
ekranlaşdırarkən Əjdər müəllimin qələminin
gücünü tamaşaçıya çatdıra bilmirəm.
Əsər onun qələmində daha
güclüdür, nəinki kamera qarşısında”.
Film tamamilə yeni kollektivi ilə diqqət çəkir. Ekran işinin
quruluşçu operatorları Şəhriyar Köçərizadə
və Ruslan Ağazadə, baş prodüsseri Etibar
Hüseynovdur. Aktyorların çoxunu
tamaşaçılar o qədər də yaxşı
tanımır, yəqin. Filmdə Yusif Cəfərzadə,
Elvina Qurbanova, Emiliya Qurbanova, Ruslan Ağazadə, Ruslan
Hüseynov, Etibar Hüseynov, Şaban Şener, Sevinc Səfərova,
Azər Qadaşov və başqaları rol alıblar.
Hekayədə olduğu kimi, filmdə də hadisələr
birinci şəxsin - Rasim müəllimin (Yusif Cəfərli)
dilindən danışılır. Gənc müəllim
öz tələbəsi Rənaya vurulur. Rəna
zəngin həyat yaşayan, dərsi, universiteti çox da
vecinə almayan, sözü birbaşa üzə deyən
qızdır. Deyəsən, elə müəllimi
də bu sonuncu xüsusiyyəti ilə özünə cəlb
edə bilir. Qabil müəllimin imtahanına hazır gəlməyən,
bu da azmış kimi onunla mübahisə də edən gənc
qız bütün tələbələrin kənarda, bucaqda
danışdıqlarını, qorxularından dilə gətirə
bilmədiklərini düz müəllimin gözlərinin
içinə deyir: “Sizin dərslərinizdə
darıxırdım”, “Siz maraqsız
danışırsınız”, “Qabil müəllim bilsin ki, o,
pis adamdır, tələbələr onu sevmirlər. Dalınca bircə xoş söz deyən yoxdur”.
Bəli, Rəna belə qızdır. Heç nədən və
heç kimdən qorxmayan, həqiqətin gözlərinin
içinə düz baxmağı bacaran, həyatı
çox da ciddiyə almayan biri... Təəssüf
ki, bu cür insanlar, illah da ki, qızlar cəmiyyət tərəfindən
birmənalı qarşılanmır. Bu və
ya başqa şəkildə bu cür olmaqlarının bədəlini
ödəyirlər.
Rəna da
bunun bədəlini öz canıyla ödəyir...
Bu sujet həm hekayədə, həm də filmdə
olduğu kimi qalıb. Amma təbii ki, filmdə rejissor əlavələri
də olmalı idi. Ruslan Hüseyn də
filmə bir neçə başqa paralel hadisələr və
yeni personajlar əlavə etməklə hadisələri dedektiv
janrın tələblərinə uyğun olaraq daha da müəmmalı
şəklə salıb. Bu müəmma,
hekayədə olduğu kimi, yalnız filmin sonunda
açılır.
Filmin ilk səhnələrində Rəna öz rəfiqəsi
Məhinlə (Emilya Qurbanova) qarşımıza
çıxır. Evin tək qızı olan Məhin
ölümcül xəstəliyə tutulub. Onun müalicəsini Rəna öz üzərinə
götürür. Bu səhnədə biz
Rənanın rəfiqəsi üçün necə narahat
olduğunu, təlaşlandığını
görürük. Qabil müəllimlə
sərt və kobud davranan qız burada kövrək və həssasdır,
çox sevdiyi rəfiqəsini ölümün pəncəsindən
ala bilmək üçün hər cür fədakarlığa
hazırdır. Gənc aktrisa Elvina
Qurbanovanın maraqlı ifası ilə Rəna getdikcə
gözümüzdə sirr pərdəsinə
bürünür. O kimdir, nə işlə məşğuldur,
hadisələrlə əlaqəsi nədir?! Bütün
bu suallar filmin sonuna qədər tamaşaçını
öz cazibəsində saxlayır.
Filmin ən uğurlu obrazlarından biri aktyor Yusif Cəfərlinin
canlandırdığı Rasim müəllimdir. O, sevdiyi qız Rənadan fərqli
olaraq, çox sakit, saf bir oğlandır. Hələ gənc
yaşında ikən az qala öz
yaşıdlarına dərs deməli olur. Bu da,
təbii ki, onun düşüncələrində, hisslərində
qarışıqlıq yaradır. Rasim müəllim həm
də bir az kompleksli insandır. Bunu onun Rənayla söhbətində və Rəna
haqqındakı düşüncələrində daha
aydın görmək olar. Elə buna da səbəb
tələbə-müəllim münasibətləridir.
Ta əzəldən cəmiyyətimizdə müəllim-şagird,
müəllim-tələbə arasında görünməz
bir sədd olub. Bu səddi keçmək
mümkün deyil. Müəllim hər
zaman tələbəsi ilə məsafəli olmalı, tələbə
müəlliminin hər bir hərəkətini,
sözünü birmənalı qəbul etməli, ona hörmət
bəsləməlidir. Rasim müəllim
üçün də Rəna bir qızdan, qadından öncə
onun tələbəsidir. Tələbəsini
sevmək sanki bir ayıbmış kimi, o, bu hisslərini
ciddi-cəhdlə gizləməyə çalışır.
Bəs buna müvəffəq olurmu? Rasim
müəllim bir həqiqəti unutmuşdu: sevgi varsa, mütləq
üzə çıxacaq, onu gizləmək mümkün
deyil! Elə son səhnədə Rənanın ölüm xəbərini
alarkən yanaqlarından süzülən yaşlar kimi... Yusif Cəfərli bu obrazı özünəməxsus
şəkildə oynayıb. Gənc müəllimin
içindəki təlatümlər, əzab, fikir
dolaşıqlığı və tərbiyəsindən
qaynaqlanan ədəb-ərkan aktyorun üz cizgilərində,
mimika və jestlərində əks olunub.
Başqa bir xətdə isə oğru bandası fəaliyyətdədir. Bu
bandadakılar getdikləri təntənəli tədbirlərdə
hansısa varlı ailəni gözaltı edib, onun haqqında
məlumat toplayandan sonra münasib vaxtda evini soyurlar. Bandanın başçısı Sosu (Sevinc Səfərova)
ləqəbli qadındır. Bandanın
digər üzvü Nicatla sevgili olan bu qadın filmdəki digər
qadınlardan tamamilə fərqlidir. O, elitar
görünüşü ilə olduğu bütün
yüksək səviyyəli məkanlarda insanları aldada
bilir.
Bəzi filmlərdəki kimi burada da rejissor həm də
aktyor olaraq qarşımıza çıxır. Oğru
bandasının üzvü Nicatı filmin rejissoru Ruslan
Hüseyn oynayır. Amma görünür
ki, onun bu rolu nə rejissorluğuna, nə də aktyorluğuna
mane olur.
Hadisələrin düyün nöqtəsi Rənanın
yoxa çıxmasındadır. İmtahandan bir gün
sonra üçün Rasim müəllimə görüş
təyin edən gənc qız elə həmin gün yoxa
çıxır. Yoxa
çıxmamışdan öncə özü
hazırladığı tortu bibisi oğlu vasitəsi ilə
Rasim müəllimə çatdırır. Ancaq Rəna haqqında düşünən müəllim
isə tortu gətirən uşağın üzünə belə
diqqət etmir.
Film boyunca müxtəlif hadisələr, personajlar
bir-birini əvəzləsə də, Rəna haqqında
heç bir məlumat verilmir. Ta sona qədər...
Əjdər Ol hekayəsinin sonunda Rənanın
başına gələn əhvalatı yaşlı müəllimin
- Qabilin dili ilə Rasimə çatdırır. Sən demə,
Rənanın bibisi bir oğru bandasının üzvü
imiş. Tutulan banda üzvlərindən
biri bibisini satır. Girdikləri evlərin
birində Rəna da olduğundan həm Rəna, həm də
bibisi elə imtahanın səhəri günü, yəni Rasim
müəllimə görüş təyin etdiyi gün
tutulurlar. Bunu özünə
sığışdıra bilməyən bibisi oğlu isə
(Rasimə tort gətirən) elə türmədəcə
anasına bıçaq çəkir. Rəna
araya girdiyindən bıçaq qızın ürəyindən
dəyir, o ölür. İstintaq
zamanı Rənanın heç nədən xəbəri
olmadığı, günahsızlığı aşkarlanır.
Təəssüf ki, çox gec...
Film isə bununla bitmir. Təkcə Rəna
deyil, onun bibisi də günahsızdır. Banda başçısı Soso qadından
oğurladığı yaxa sancağını girdikləri
evlərdən birinə atır. Beləcə günah
onların boynunda qalır... Davamı isə
hekayədə olduğu kimidir.
Burada
tamaşaçını bir sual düşündürür:
Rənanın qatili kimdir? Uşaqlığından
böyüklərin təlqin etdiyi, amma heç zaman mənasını
tam açıqlamadığı namus, qeyrət, şərəf
sözlərini qulaqlarında sırğa edib, bu sözlərin
mənasını başa düşmədiyi halda hadisələrin
mahiyyətinə varmadan əlinə bıçaq alan
bibioğlu, günahsız insanları öz suçlarına
alət edən o quldur dəstəsi, hadisələri elə
göründüyü kimi qəbul etməyə
alışmış, səbəb və nəticə
axtarmayan cəmiyyət, yoxsa müəllimlik adına
sığışdırmadığından sevgisini etiraf etməyə
və sonra Rənanı axtarmağa cəhd etməyən Rasim
müəllim? Məncə, hərəsi bir az
təsirkardır.
Rejissor Ruslan Hüseyn sonluğu da özünəməxsus
tərzdə yekunlaşdırır.
Rənanın
ölüm xəbərini alan Rasim müəllim
göz yaşları içərisində qızın qatili
ilə görüşünü xatırlamağa
çalışır: “Qabil müəllimdən ayrılandan
sonra xeyli müddət Rənanın bibisi oğlunu
xatırlamağa çalışdım. Ancaq
görüşdüyümüz gün fikrim-zikrim Rənanın
yanında olduğuna görə oğlanın üz cizgilərinə
ötəri baxmışdım. Bu səbəbdən
də heç cür onu gözümün qabağına gətirə
bilmədim. Yəqin haçansa Rənanın
qatili ilə üz-üzə gəlsəm, onu tanımaram”.
... Və
7 il sonra, saçları ağarmış
Rasim müəllim küçədə cılız bir
oğlanla qarşılaşır, onu harda
gördüyünü xatırlamağa çalışsa
da, alınmır...
525-ci qəzet 2018.- 5 may.- S.17.