Azərbaycanın qeyri-maddi
mədəni irsi və Ərtoğrol Cavid
XXI əsrdə
Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin
qorunması və öyrənilməsi sahəsində
xüsusi fəallığın yaranmasına mədəni
inkişafla bağlı olan mühüm hadisələr təkan
vermişdir.
Mənəvi
dəyərlərə marağın artmasında Ulu öndər
Heydər Əliyevin ənənələrini layiqincə davam
etdirən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin və Respublikanın birinci xanımı,
birinci vitse-prezident, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın bu sahədəki titanik fəaliyyətləri
əvəzsizdir. Xüsusilə, Mehriban xanım
Əliyevanın şəxsi təşəbbüsü və
yaxından iştirakı sayəsində Azərbaycan
muğamının və aşıq sənətinin YUNESKO-nun
mənəvi dəyərlər siyahısına daxil edilməsi
Azərbaycan musiqi mədəniyyəti üçün qiymətsiz
töhfə oldu. Bu sırada çap olunan müxtəlif nəşrlər
(kitab, lüğət, ensiklopediya, albomlar) milli musiqi sərvətimizin
qorunub saxlanılması, öyrənilməsi, bütün
dünyada tanıdılması istiqamətində mühüm
hadisəyə çevrilib. Belə mühüm və ciddi tədbirlərin
davamı kimi Azərbaycan Milli Elmlər Akademiyasının
Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanıb
geniş oxucu auditoriyasına təqdim edilən on üç
cilddən ibarət “Azərbaycan qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrol Cavid” (Bakı,
Çaşıoğlu, 2011- 2015) nəşrinin də işıq
üzü görməsi böyük maraq doğurur. Müasir
qloballaşan dövrdə bu nəşri xalqın qeyri-maddi
irsinin qorunub saxlanılması və öyrənilməsi sahəsində
qiymətli layihələrdən biri hesab etmək olar.
Çoxcildlik
öz bədii dəyəri və əhəmiyyətinə
görə diqqəti iki cəhətdən daha çox cəlb
edir. Bir tərəfdən - xalqın uzun illər arxivlərdə
saxlanılan və mütəxəssislər üçün
naməlum olan qeyri - maddi irsinin bir qisminin aşkarlanması və
digər tərəfdən, bütün bu materialların XX əsrin
birinci yarısında yaşayıb-yaradan, lakin həyatdan
çox tez gedən folklorşünas, bəstəkar, dahi
Hüseyn Cavidin nişanəsi Ərtoğrol Cavid (1919-1943) tərəfindən
dərin araşdırma və təhlilindən sonra onlara
verdiyi rəylərlə birgə təqdim edilməsidir.
Nəşrdə
toplanan materialların qaydaya salınmasında XX əsrin
30-40-cı illərində dahi Üzeyir bəy Hacıbəylinin
təşəbbüsü ilə təşkil edilən və
Bülbülün rəhbərliyi altında fəaliyyət
göstərən Musiqi Elmi Tədqiqat Kabinetində
Ərtoğrol Cavidin bir folklorşünas-tədqiqatçı,
gənc olmasına baxmayaraq, çox istedadlı və geniş
düşüncəyə malik bir mütəxəssis kimi məsuliyyətlə
və var gücü ilə çalışması heyrət
doğurur.
Belə
ki, layihədə biz Ə.Cavidi təkcə təqdim edilən
materialları dərindən araşdıran, onlara çox
yığcam, lakonik, lakin çox məntiqli irad və təkliflərini
verən bir ekspert kimi deyil, həm də onun özünün
də bir folklorşünas olaraq xalq mahnı nümunələrini
nota saldığının şahidi oluruq. Bütün
bunlarla yanaşı, layihədə Ərtoğrol Cavid həm
də istedadlı, böyük ümidlər verən gənc
bəstəkar kimi “kəşf” edilir. Belə ki, layihənin
son iki cildi (XII-XIII) bütövlükdə Ərtoğrol
Cavidin yaradıcılığına həsr edilmiş və
xüsusi maraq doğurmuşdur. Bu cildlərdə onun həm
etnomusiqişünaslıq, həm də bəstəkarlıq
yaradıcılığı əksini tapmışdır.
İlk
dəfə olaraq geniş oxucu dairəsi Ə.Cavidin Cabbar
Bağdadbəyovun ifasından nota
köçürdüyü “Bayatı-kürd”, “Segahın
mübərriqəsi”, “Zəminxara”, “Şüştər” və
s. təsniflərlə tanış olur. Folklorşünas
Ə.Cavidin nota aldığı unudulmuş Masallı xalq
mahnılarının - “Hökmü rəvan”, “Nar atdılar”,
“Qadan alım”, “A dağlar”, “Hay hey”, “Xub oyna”, “Şal alan”, “Ay
nənəm də qurban”, “Mənim olasan yar”, “Sallan
gülüm” və s. nəşri isə onlara yeni həyat bəxş
edir.
Ərtoğrol
Cavidin yaradıcılıq irsi ilə tanışlıq gənc
bəstəkarın maraq dairəsinin genişliyini məlum
edir. Son dərəcə qısa olan sənət yolunda bəstəkarın
bir sıra maraqlı əsərlər yaratmağa qadir
olduğu aşkarlanmışdır. Burada onun vokal musiqiyə
olan marağını dahi Azərbaycan şairi Nizaminin söz
dünyasına böyük maraq göstərdiyi lirik-dramatik
tenor və simfonik orkestr üçün “Gəl?!...”
romans-kopriççiosu, “Yar gəlmiş idi” qəzəl-romansı,
həmçinin, türkmən şairi Kəminənin
sözlərinə lirik-tenor və orkestr üçün
“Leylanın vəsfi” romans-nəğməsi, Tahir Rasizadənin
sözlərinə “Səninlə olaydım !?” və s. vokal əsərləri
sübut edir. Bununla yanaşı, Ə.Cavidin instrumental və
orkestr üçün kompozisiyaları da onun yüksək
peşəkarlığını təsdiqləyir. Lakin təəssüf
ki, amansız tale böyük ümidlər verən bu
istedadlı gəncin hələ nə qədər yeni-yeni əsərlər
yaratmaq arzusunun reallaşmasına imkan verməmişdir. Onun
adı və yaradıcılığı uzun zaman Azərbaycan
musiqi mədəniyyəti tarixində kölgədə
qalmış, çoxaspektli qısa yaradıcılıq fəaliyyəti
layiqli qiymətini almamışdır. Bu baxımdan on
üç cildlik bu layihədə Ərtoğrol Cavidin də
fəaliyyətinə ayrılan yer təqdirəlayiqdir.
Layihədə fond materiallarının dəqiq differensiasiyası əsasında onun hər bir cildi özündə daşıdığı məqsədə müvafiq olaraq adlandırılır. Məsələn:
I cild - “Azərbaycan adət-ənənələri və Ərtoğrol Cavid”
II cild - “Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid”
III-VIII cildlər - “Azərbaycan dastanları və Ərtoğrol Cavid”
IX-X cildlər - “Azərbaycan aşıq şeirləri və Ərtoğrol Cavid”
XI cild - “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”
XII cild - “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”
XIII cild - “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri”.
Göründüyü kimi, nəşrdə təqdim olunan hər bir sahədə, istər xalq mərasim sistemi olsun, istər muğam sənəti və ya aşıq yaradıcılığı, fərq etməz, istənilən sahədə Ərtoğrol Cavidin izi, onun ruhu və erudisiyası özünü göstərir, qısa bir vaxt ərzində onun titanik əməyi təzahürünü tapır.
Qeyd olunduğu kimi, I cild özündə Azərbaycan xalqının adət və ənənələrini, musiqi folklorunun bəzi nümunələrini təmsil edir. Burada XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın müxtəlif bölgələrinin (Gəncə, Xızı, Bakı, Şəki, Dərbənd) toy mərasimlərinin keçirilmə özünəməxsusluğu haqqında verilən məlumatlar böyük maraq doğurur. Xüsusən, az saylı xalqların (tatların, talışların) toy adətləri haqda olan materiallar Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq multikultural əsasdan danışmağa imkan verir.
Bu cildin xüsusi “Muğamlar” adlı bölməsində XIX əsrin sonlarında fəaliyyət göstərən məşhur xanəndə və tarzənlərin ifasında muğam dəstgahlarının (“Mahur-Hindi”, “Bayatı-İsfahan”, “Rast”, “Bayatı-Qacar”, “Şur”, “Çahargah”, “Dügah”, “Segah Zabul”, “Humayun”, “Rəhab”) şöbə adları, poetik mətnləri daxil olmaqla geniş material təqdim edilir. Diqqətəlayiq haldır ki, bütün bunlar Ə.Cavidin rəyi ilə təsdiqlənmiş Musiqi Kabinetinin gərgin və məhsuldar fəaliyyətinin yekun hesabatı kimi çıxış edir.
II cilddə biz başlanğıcı I cilddə qoyulmuş Azərbaycan muğam sənətinin tarixindən qiymətli materiallarla tanış oluruq. Burada Azərbaycan muğam sənətinin inkişafında böyük xidmətləri olan görkəmli ifaçılardan Cabbar Qaryağdının və tarzən Süleyman Mansurovun əlyazmaları əsasında keçmiş ifaçılar haqda xatirələri, muğamların quruluşuna dair fikirləri əksini tapmışdır. Bununla yanaşı, cilddə C.Qaryağdının söylədiyi mahnı mətnlərinin (25-ə yaxın), özünün oxuduğu mahnı mətnlərinin (20-yə yaxın), həm də öz şeirləri (50-dək), eyni zamanda, Nizaminin sözlərinə müxtəlif muğamlar üstə oxunan çoxsaylı təsnif mətnlərinin toplanması böyük maraq doğurur. Bu cild, həmçinin, Süleyman Mansurovun xatirələrindən keçmişin məşhur muğam ifaçıları, muğam mətnləri və ifaçılıq xüsusiyyətləri haqda verilən qiymətli məlumatlarla zənginləşdirilərək Azərbaycanın musiqi keçmişi və adətləri haqda dolğun təəssürat yaradır.
Layihənin böyük bir hissəsini aşıq sənəti ilə bağlı materiallar təşkil edir. Belə ki, nəşrin III-VIII cildlərində Azərbaycan dastanlarının, IX-X cildlərində isə aşıq şeirlərinin mətnləri təqdim olunur. Burada qırxdan artıq Azərbaycan aşıq dastan və nağıllarının ədəbi mətnləri, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli söz-saz ustaları Molla Cümənin, Miskinli Vəlinin, Aşıq Ələsgərin, Ağdabanlı Qurbanın, Hüseyn Bozalqanlının və başqalarının şeirləri əksini tapmışdır.
Layihənin XI cildində Azərbaycan nəfəsli musiqi aləti haqda dərsliyin - Saleh Əbdüləlimovun 1937-ci ildə hazırladığı, lakin məlum səbəblərə görə o dövrün repressiyalarına məruz qalan “Balaman məktəbi”nin ilk nəşri təkcə orqonoloqlar üçün deyil, bütün musiqişünaslar üçün böyük marağa səbəb ola bilər. Diqqətəlayiq haldır ki, dərsliyin əlyazması uzun zaman Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivində qorunub saxlanılmış və yalnız 80 ildən sonra onun yenidən nəşrə hazırlanmasında, xüsusən, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz xanım Babaxanlının rəhbərliyi, o cümlədən, muzey əməkdaşlarının transfoneliterasiya, elmi redaktə işi və not materiallarının elektronlaşdırılmasında yaxından iştirakı nəticəsində işıq üzü görməsi mümkünləşmişdir.
Toplunun birinci cildinə yazılmış “Ön söz”də Gülbəniz Babaxanlı doğru olaraq qeyd edir ki, “Hüseyn Cavidin Ev Muzeyində saxlanan və bu nəşrlə oxucuların ixtiyarına verilən folklor materiallarının bir qismi orijinaldır, bir qisminin variantları çap olunub; ancaq onlar əsas etibarilə bir də ona görə qiymətlidir ki, onları böyük Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün də əhəmiyyətini itirməyən elmi aparatura ilə təmin edib”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s sərəncamı ilə nəşr olunan bu toplunun ictimaiyyətə çatdırılmasında Ərtoğrol Cavidin xidmətləri qədər də Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşlarının və təbii ki, Gülbəniz Babaxanlının xidmətləri də böyükdür. Belə ki, 80 ildən arxivlərdə qalan və zaman-zaman yer dəyişdirən əlyazmaların bərpası, tərcüməsi, redaktəsi Ərtoğrol Cavidin yazdığı tövsiyələrin yerinə yetirilməsi kimi çətin işlərin öhdəsindən uğurla gəlmişdir.
Toplunun müasir elmi-poliqrafik səviyyədə həyata vəsiqə almasında elmi redaktor, farsca mətnlərin tərcüməçisi akademik Teymur Kərimlinin də xidmətlərini qeyd etmək lazımdır.
Şübhəsiz, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliliyi özünün nəfis tərtibatı və yüksək poliqrafik səviyyəsi ilə də diqqətəlayiqdir. İnanırıq ki, böyük əmək sərf olunan bu irimiqyaslı layihə bir çox sahələrin mütəxəssislərinə - filoloqlara, sənətşünaslara, etnoqraflara və s. sahələrin mütəxəssislərinə zəngin qiymətli tədqiqat materialı verməklə yaxından yardım göstərəcəkdir.
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilib.
Rəna
MƏMMƏDOVA
AMEA-nın müxbir üzvü, sənətşünaslıq
üzrə elmlər doktoru, professor, Memarlıq və İncəsənət
İnstitutunun şöbə müdiri
525-ci qəzet.-2018.-5 may.-S.16.