Ləyaqətin anatomiyası
HAMLET
İSAXANLININ 70 YAŞINA
Bədirxan ƏHMƏDLİ
Hamlet İsaxanlı ixtisasca riyaziyyatçıdır,
bu, onun yaradıclığının ana xəttidir,
çoxparametrli spektral nəzəriyyə üzrə bir
çox elmi əsərlərin müəllifidir.
Həm bir alim, həm də təhsil islahatçısı
kimi ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Kanada,
Almaniya və b. ölkələrdə yaxşı
tanınır.
Onun yaratdığı Xəzər Universiteti bu
gün də Azərbaycan təhsil sisteminin önündə
gedən məkandır. Ədəbiyyat, mədəniyyət
və incəsənətin, siyasi və media mədəniyyətinin
inkişafında müəyyən rolu var. Bütün bunlar və
sadalaya biləcəyimiz bir çox ali
keyfiyyətlər Hamlet İsaxanlının Azərbaycan cəmiyyətində
çoxdan formalaşmış, hamı tərəfindən qəbul
edilmiş obrazıdır. Ancaq yeni minilliyin ilk
yüzilliyində biz onu həm də bir şair kimi
tanıdıq. Bəlkə bunun bir rəmzi
mənası da var. Görkəmli adamların ömrün
müəyyən dayanacaqlarında poeziyaya müraciəti
çox olmuşdur. Riyazi tənliklərin
poeziyasından həyatın poetik ifadəsinə keçmək
özünüifadənin bir yoludur. Üstəlik, gəncliyindən
şeirlər yazmasına rəğmən, son illərdə
çap etdirməyə başlayıb: “Təzadlar” (2001), “Bu
da bir həyatdır” (2004), “Dördlüklər” (2007), “Ziyarət”
(2009) və s. kitabları işıq üzü görüb. Şeirləri rus, ingilis, çin, gürcü,
eston, türk və başqa dillərə tərcümə
edilib. Ancaq bu tarix onun poeziyaya gəlişinin
başlanğıcı deyil; uzun müddət
yaradıcılığının ana xətti riyaziyyat
poeziyanı üstələsə də, sonunda poetik
yaradıcılığı boy göstərib. Biz də burada Hamlet İsaxanlının poetik
yaradıcılığından söhbət
açacağıq.
Ədəbi
prosesə müstəqillik dövründə daxil olan
H.İsaxanlının poetik yaradıcılığı hiss
ilə fikrin, ağıl ilə bədii təxəyyülün
qovuşuğundan yaranıb. Olsun ki, bu müəllifin
elm adamı, riyaziyyatçı olmasından irəli gəlib.
Şairin təbiətində elmi təfəkkürlə
bədii təfəkkür sintez şəklində qovuşub.
Onun poeziyası ilk baxışdan sadəliyi ilə
fərqlənir; belə ki, həm forma, həm də məzmun
baxımından ənənəvi görünür, lakin bu,
heç də şairin ənənəvi poeziya yollarında hərəkət
etməsi anlamına gəlməməlidir. Şeirlərində heca, hecalı sərbəst,
ritmik sərbəst, eləcə də digər vəznlərin
qovuşuğunu və qarışıq istifadə poetik təkümülünün
əsas xüsusiyyətlərindən biri kimi səciyyələnir.
Ənənəvi formanın özü belə,
şairdə yeni bədii təsvir və ifadə vasitələrindən,
poetik fikrin yeni formada ifadəsini şərtləndirir. H.İsaxanlının şeirlərində ideya
qaranlıq bir kölgə altında, yaxud qatı duman
içində gizlədilmir, açıq tendensiya ilə
deyildiyindən şairin məqsədi də oxucuya tez
çatır. Məzmun etibarilə də
bu şeirlərdə yeni poetik fikir formalaşdırılır;
burada sevincdən, qəmdən, kədərdən yaranan
şeirlərlə yanaşı, sadəcə hər hansı
əhvali-ruhiyyəni əks etdirən ovqat düşüncəsi
də aparıcı olur. Az sözlərlə
mənalı fikir ifadə etmək H.İsaxanlı
poeziyasının səciyyəvi cəhətlərindəndir. Ümumən, həyat və
ömür haqqında böyük və kiçik həcmli
şeirlər çoxdur; H.İsaxanlı isə cəmi
üç sətirdə həyatın fəlsəfəsini
belə ifadə edir:
Ömür
var, mənası - ye, iç, yat,
Nə dərin həyəcan, nə fəryad.
Sevdasız bir həyat - nə həyat?!
Bütün bunlar paetik səslənmir, şairin dünyaya
baxışının yeni bədii formulu kimi səslənir. Bu şeirlərin
hər birinin əsasında fikir durur, məhz bu fikir şeirin
ideyasının strukturunu təşkil edir; lakin bu surroqat
şəkildə deyil, obrazlı şəkildə ifadə
olunur. Şairin
əksər şeirlərində elmi mühakimə, fəlsəfi
çalarlarla bədii təxəyyül qoşa qanad kimi
çıxış edir. Həyatımızdakı
təzadlar yeni donda və biçimdə təqdim olunur; bəzən
bütöv bir şeirdə, bəzən isə bir misrada həyatın
fəlsəfi çalarlarını verməyi bacarır.
“Saçımda meh gəzir, ayağımda
şeh”, “Bu nə sevgi, nə fəlsəfə? Sevməyənlər
kef-damaqda”, “Ömrümüzdən keçən illər, Bəhsə
girdi xeyirlə şər”, “Təklik-fikrimizn səsləndiyi
Ən uca yüksəklik” və s. misralarında
dünyanın, gerçəkliyin, həyatın
antitezaları açılır. Onun şeirlərində
fikrin, məntiqi mühakimənin olması yeni poetik mətnlərin
yaranmasına nədən olur. Bu mətnlər
strukturuna görə yeni olduğu kimi, safdır, bulaq suyu kimi
təmizdir, lüzumsuz təfərrüatdan, gərəksiz
ricətlərdən uzaqdır. Bu mənada
şairin şeirləri müəyyən ölçüyə
malikdir; heç zaman əndazəni aşmır, fikri
uzatmır, parıltıdan, dəbdəbədən
qaçır. Adi, tanış və
sadə sözlərlə həyatdakı, təbiətdəki
qeyri-adiliyi göstərməyə çalışır:
Əyildim
otlara diz üstə çökdüm,
Güllərin ətrini içimə çəkdim.
Günəş
də telini çəmənə sərdi
Daha nə möcüzə istəyəcəkdim.
Yeridim
meşələr, dağlar arası
Meh əsdi,
yarpaqlar səs-səsə verdi.
Bəlkə
məlhəm tapa könül yarası
Üşümüş
qəlbimdə bir od közərdi.
Bir şair kimi Hamlet İsaxanlı poeziyasının səciyyəvi
cəhətləri çoxdur; ancaq onlardan ən başlıcası
hisslərinin, duyğu və düşüncələrinin təbiiliyi
və səmimiliyidir. Şairin son iyirmi ilin ədəbi prosesində
(şair üçün bu elə də böyük bir zaman
deyil!) özünü təsdiq etməsi və şeirlərinin
bu qədər geniş əks-səda doğurmasını
şərtləndirən amillər də məhz bununla
bağlıdır. Şair bədii axtarışlarında, demək
olar, vaxt itirmədi, yeni, orijinal poetik tapıntılarla
özünün gələcək poetik yolunu müəyyənləşdirdi.
Hər bir şair üçün bu əsas
şərtlərdən biridir. H.İsaxanlı da
müxtəlif formalı, janrlı şerlərdə bədii
axtarışlara, poetik fikrin orijinallığına xüsusi
fikir verdi. Ən kiçik
şeirində belə həyat, dünya ilə bağlı
duyğularını, poetik fikirlərini orijinallıqla ifadə
etməyə çalışdı. O, yaxşı
başa düşürdü ki, poeziyada deyilməmiş fikir
yoxdur, ancaq onu yeni formada, orijinal ifadə tərzi və
metaforalarla təsvir etmək şair fərdiyyətinin
ömürlüyü ola bilər. Bu cəhətdən şairin şeirlərində ənənəviliklə
yenilikçilik yanaşı durur. Bunu nəzərdə
tutan fəlsəfə elmləri doktoru C.Mustafayev yazır:
“Hamlet Isaxanlı bizim poeziya ənənələrimizə yeni
yolla yanaşır. Bu yenilik özünü
Hamlet İsaxanlı yaradıcılığında söz və
canlı mənanın dialektik vəhdətində göstərir.
Həqiqət budur ki, yaradıcı məna
daşımadan heç bir poetik söz uzun müddət
yaşamaq haqqı qazana bilmir. Hamlet
İsaxanlı poeziyası, sadəcə, bədii zövqü
oxşamaqla məhdudlaşmır. Onda
estetiklik canlı fikirlə vəhdətdə poetik əksini
tapır. Hamlet İsaxanlının
şerlərini oxucular özlərinin mənəvi - estetik
maraqlarına, zövqlərinə uyğun kəşf edəcəklər”.
H.İsaxanlının yaradıcılıq sirri də məhz
bundadır; onun yaradıcılığında məhəbbətdən
başlamış dünya hadisələrinə qədər
müxtəlif mövzular, yeni semantikada, üslubda təqdim
olunur. Müxtəlif problematikalı şeirlərində
dünyanın, həyatın dərki başlıca yer tutur. Həyatın filosofcasına dərki
H.İsaxanlı poeziyasının səciyyəvi xüsusiyyətidir;
burada həyat da var, həyatın
təzadları və ziddiyyətləri də var, bir də
bunlardan çıxan məna, poetik məntiq var. “Son xatirələr”,
“Məndən sonra”, “Sənsizlik”, “Dəniz sahilində
görüş”, “Ya sən, ya heç”, “Nə olardı” və
s. şeirlərində həyata, dünyaya yeni baxış
bucağından baxır. Bu cəhətdən “Son xatirələr” şeirinə
nəzər salaq. Belə ki, xatirə,
ölümdən sonrakı həyat həmişə maraq
doğurub, H.İsaxanlının şeirində isə bu həyatın
fəlsəfi dərki özünəməxsus şəkildə
verilir. Zahirən hamıya məlum bu həyat şeirdə
yeni biçimdə və yeni metafora ilə anladılır:
Getdiyim
yol qırılacaq
Bir gün tamam bitəcək.
İçimdəki
payız rəngli xatirələr
Yarpaq-yarpaq
budağından üzüləcək,
Töküləcək,
itəcək
Elə o
gün ömrüm sona yetəcək
Səsim
bəzi qulaqlarda qalacaq
Kimlərsə
şeirimdən ilham alacaq
Sözümü
kimlərsə yada salacaq-
Adamın
Allahı var
Yada salmaqdan bezmir insanlar.
Burada ideya, ideyanın büründüyü bədii
struktur və düşüncə konstruksiyası da yenidir; həyat
mürəkkəbdir, mürəkkəb olduğu qədər
də ziddiyyətlidir; lakin bu həyatdan bizdən sonra qalacaq
xatirənin özünün ömrü necə olacaq? O nə zaman bitəcək? Həyat haqqında verilən bu suallar həyatın
özünün obrazını yaratmış olur. Sonuncu bənddə şairin bu ömürlə
bağlı fəlsəfi qənaətləri ümumiləşdirilir.
Özü də şair sonuncu hissəni (poetik
qənaətlərini!) tamamilə yeni ahəng və
intonasiyada təqdim edir. Parçanın ümumi ahəngi
ilə strukturun daxili dinamizmindəki gələcək zaman
şəkilçiləri şeirin döyünən ritmini
müəyyən edir:
Olacaq, çox işlər olacaq...
Dünya yeni insanlarla dolacaq
Mənə bağlı xatirələr
Seyrələcək, saralacaq, solacaq,
Yarpaq-yarpaq budaqlardan üzüləcək,
Töküləcək, itəcək -
Xatirə də bir həyatdır, bir ömürdür
Bir gün o da bitəcək.
Hamlet İsaxanlının poeziyasını səciyyələndirən
başqa bir xüsusiyyət onun şeirlərinin yeni
düşüncə tərzi və formalardan istifadə etməsindədir. O, hecada yazdığı
kimi, sərbəst və ya ritmik sərbəstdə də
yazır. Şairin heç bir ənənə
cığırına sığışmayan, azad, sərbəst
ifadə formasıyla seçilən poeziya nümunələri
də var ki, burada heca ilə sərbəstin qovuşuğu
aydın hiss olunur. Bu cür şeirlərində şair yeni formalar
yaratmış olur. Sərbəst şeirin
özündə belə daxili bölgülərdə qafiyələrlə
şeirin intonasiyasını təmin edir. “Qaramtıl
işıq”, “Dəniz sahilində görüş”, “Hər
sevən yetməz ki kama”, “Bu nə sevgi, nə
fəlsəfə”, “Ya sən, ya heç” və s. şeirlərinin
hər birinin özünəməxsus daxili bölgüsü
və bu bölgüdən yaranan orijinal ritmi var:
Saçımda meh gəzir, ayağımda şeh
Xəyalım sevdalı, əməlim saleh
İçdiyim su zəm-zəm,
şair ruhum dəm...
Duyan varmı görən?
Varsa-xeyli kəm...
Düşünürəm hərdən: meydanda təkəm
Mənə soyuqdur
Ölmüşəm, ortadan götürən yoxdur.
H.İsaxanlının şeirləri müxtəlif mövzuludur; burada məhəbbət, dünya, həyat, insan mövzusu şairin poetik yaradıcılığının əsasını təşkil edir. “Səni sevdim çox sadəcə” şeirində real dünyəvi sevginin sadə gözəlliyi, “Səs” şeirində isə gözəlliyi könüllərin vəhdətini yaradan ecazkar qüvvə kimi anladır. “Ölümə nə var ki” şeirinin leytmotivini dünya, yaşamaq uğrunda mübarizə zərurəti təşkil edir və yaşamağın ölməyə gedən yol olduğu vurğulanır. “İstanbul, Boğaziçi” şeiri isə duyğusal bir şeirdir; burada insanın təsəvvüründə ani olan, amma unudulmaz etüdlər canlandırılır və dünyanın bütün ayrılıqları xatırladılır. “Səni sevdim çox sadəcə” şeirində vətən məhəbbəti əks etdirilir. Təsadüfi deyil ki, şair Zəlimxan Yaqub bu şeirin Səməd Vurğunun “El bilir ki, sən mənimsən” sözləri kimi sadə və gözəl olduğuna diqqət çəkir. Şairin “Şər və xeyir”, “Ömrün harasındayıq?”, “İşıq və qaranlıq”, “Ot kökü üstə bitər” kimi şeirləri oxucuya yüksək mənəviyyat aşılayır. “Dənizdə bir quş” şeirində mənəvi dünyasındakı təlatümlərin mahiyyətini axıracan dərk etmək, duymaq üçün dənizdə ağlayan quşu Vətəndə, ya qürbətdə, uzaqda, ya yaxında olmağından asılı olmayaraq, arzularını göyərdə bilməyən insan kimi təsəvvür edir.
H.İsaxanlı formasından asılı olmayaraq bütün şeirlərində həm də bir filosof kimi çıxış edir; dünya, cəmiyyət, təbiət haqqında poetik fikirlər onun şeirlərində səpələnmiş haldadır. Hər bir şeirinin sonunda sanki fəlsəfi ümumiləşdirmələr aparır. Onun heç kimə bənzəməyən yazdığı formalarda (rübailər, bayatılar, yarpaqlar, məcazlar) fəlsəfi məzmun həm də formanın özünün mahiyyətindən gəlir. Şair burada heç kimin nə formaca, nə də məzmunca getdiyi yolu getməmiş, poeziyanın estetik mahiyyətini ruhuna hopdurmuşdur. Rübai və bayatı forması ənənədən gəlmədir, ancaq bu ənənəvi formada şair poeziyamıza tamamilə yeni ifadə tərzi gətirmişdir. Onun dördlükləri fəlsəfi təzadlarla zənginliyi ilə seçilir.
Forma və poetik struktur cəhətdən tamamilə yeni olan bu dördlüklərdə hadisə və predmetlərin özünəməxsus əlaqə formaları poetik təhlilə cəlb edilir və fəlsəfi nəticələrə varılır. Rübailərdə həyat və dünya hadisələri yeni rakursda təsvir edilir:
Başlanğıc olubsa, söylə, o nədir?
Öncə kainatdır, ya düşüncədir?
Məhdud ağlımızla əbədiyyəti
Dərk edə bilmirik, iş çox incədir.
Yaxud:
Dərin
bir ahənglə dövr edir aləm
Mən bu dərinlikdən hali deyiləm
Yığın-yığın kitab gözləyir məni
Ömür yetməyəcək, budur dərd-ələm.
Bu cür rübailər çağdaş poeziyanı yalnız forma, poetik struktur cəhətdən deyil, həm də məzmun etibarilə zənginləşdirir. Şair hadisələrə yalnız bir müstəvidən baxmır, damla ilə dəryanın vəhdətindən çıxış edir, gecə-gündüz, yaxşı-pis, dərinlik-səthilik kimi təzadlar şairin həyat haqqında düşüncələrini poetik təfəkkürdən keçirir. Şairin rübailərində analitik təfəkkür həyatı, dünyanı an, məqam kontekstində deyil, bir dəfə yaşanmış ömrün poetik qənaətləri kimi ortaya çıxır.
H.İsaxanlının istər rübailərində, istərsə də bayatılarında insan, dünya, həyat xeyir-şər müstəvisində təhlil edilir. Ənənəvi bayatı formasında şair yeni dünya insanını düşündürən problemləri son dərəcə lakonik şəkildə göstərir. Şair ətrafımızda, dünyamızda yer tutan şərin əleyhinədir, onu yaxına buraxmamağı bildirir:
Ətrafı tutarsa şər
Ürəyi boğar kədər
Yanıb-yaxılar ürək
Yana bildiyi qədər.
H.İsaxanlının özünəməxsus bu formalardan yarpaqlar forma-məzmun vəhdəti baxımından çağdaş poeziyamızı zənginləşdirir. Xüsusi qafiyə və heca məhdudiyyəti olmayan yeddilik, onbirlik və onbeşliklərdən ibarət yarpaqlarda təzadlar və kontrastlar poetik fikrin çatdırılmasında yeni forma kimi diqqəti cəlb edir. Bu formanın həm hecalarda, həm də qafiyələnmədə verdiyi sərbəstlik şairin dünyaduyumunu poetik şəkildə əks etdirməyə imkan verir:
Fikir karvanını saxlamaq olmaz
Ağıl güc gəlsə də, ürək aldatmaz.
Qarşıda
nə varsa, yaradan qurur,
Könlümsə keçmişlə oturub-durur.
Ümumiyyətlə, H.İsaxanlının poetik yaradıcılığında forma məhdudiyyəti yoxdur; o, eyni dərəcədə xalq şeiri üslubunda, qəzəl janrında da yazır və ən əsasını-özünü ifadə edə bilir. Aşıqsayağı, xalq mahnısı üslubunda şeirlərinin olması da bunu deməyə əsas verir. “Qədər bumu?” qəzəli bu cəhətdən diqqəti cəlb edir. Əslində, qəzəllərin adı şeirin birinci misrası ilə adlanmalıdır. Lakin şair ona xüsusi ad vermişdir. Buna baxmayaraq, qəzəl forma-məzmun vəhdəti baxımından yeni dövrdə janrın imkanlarını daha da genişləndirmişdir:
Səni itirmək qorxusu məni məhv edir,
gözəlim,
“Candan şirin nə var?!” deyən,
vallah, səhv
edir, gözəlim.
Can
şirindir o halda ki,
candan
şirin cananı var,
Könül
o cananı istər,
can da o
cana can atar.
Həyatımda
tutduğun yer, gözəl,
necə
də dərinmiş,
İllərlə
bəslənən sevgi candan qat-qat
çox
şirinmiş.
...
Dünyada hər növ insan var - böyük,
kiçik, adlı-sanlı...
Gülüm,
sənsiz ölür biri - yazıq, fağır
İsaxanlı...
Hamlet İsaxanlı yaradıcılığında poema
janrına da müraciət edir; çağdaş poeziyada bu
janr əvvəlki dövrlərə nisbətən bir qədər
geri çəkilsə də, yeni formaları yaranmaqdadır. Bu mənada
şairin “Ziyarət” poeması xüsusi yer tutur.
Ayrı-ayrı şeirlərdən (“Şükür gəldik
kəndimizə”, “Dilimiz gödək olmasın”, “O gözəllik
qocalmışdı”, “Yaşadığım mənə yetər”,
“Könül səsi” və s.) ibarət olan poemada şair
doğulduğu yerin, həyati, olub-keçmiş, lakin əbədi
iz salan hadisələrin etnoqrafik təsvirini verir.
Poema xatirə-retrospeksiya formasında qələmə alınmışdır. Uzun müddətdir ki, ananı ziyarət etməyən oğul nəhayət “doğulduğu”, “boy atdığı” kəndə gedir. Yaddaş poemanın leytmotivinə çevrilir. Ana obrazı əsərdə simvollaşır, yalnız konkret bir kəsi dünyaya gətirən qadını deyil, həm də həmin adamın dünyaya gəldiyi ocağı, yurdu, eli-obanı təmsil edir və vətən məfhumu ilə eyniləşir. Uzun müddətdir oğlunu görməyən Ana bu görüşü qismət hesab edir. Bununla şair insanın öz kökündən ayrılmadığını, daim onunla nəfəs aldığını, yaddaşında kök saldığını göstərmək istəmişdir. O, haraya getsə, harada yaşasa da, yaddaş da onunla bərabər yaşayır və nəhayət, onu yenidən geriyə qaytarır. Şair konkret hadisələri təsvir etməklə yanaşı, lirik kənaraçıxmalarda insan - dünya - zaman probleminə də nəzər salır. Poemanın “Çaylar axmazmış tərsinə” hissəsində doğma yurduna qayıdan qəhrəmanın dili ilə xatirələri belə təsvir edir:
Gördüm ki, doğma evdəyəm...
Ev o evdir, bağ da o bağ
Həm böyüyəm, həm də uşaq...
yaşıllaşıb yaza sarı
Yumşaq söyüd budaqları.
Canıma soyuq dolubdu
Qışla yazın arasında
Əllərim çat-çat olubdu.
“Ziyarət” poemasında yurda bağlılıq, ona qovuşmaq və onu qorumaq hissi poetik şəkildə təlqin edilir. Açıq tendensiya ilə deyilməsə də, yurda sədaqət, doğma torpağa bağlılıq poemanın əsas leytmotividir.
Ümumiyyətlə, H.İsaxanlı
poeziyasında özünün daxili aləmini,
düşüncələrini, həyata
baxışını ifadə edir, bu aləmdən gələn
sualları oxucuya ünvanlayır. Oxucu da bu suallara cavab
tapmağa çalışır. Burada obrazlılıq və
obrazlar mahiyyət etibarilə yenidir, poetik fikirlərində
daxili hərəkət, dinamizm etkiləyicidir,
güclüdür. Bu şeirlərin başlıca
obrazları insanın əzəli və əbədi
atributları ləyaqət, mənəviyyat, düzlük,
doğruçuluq, sədaqət, sevgidir. Bu mənada
H.İsaxanlının poeziyası həm də şəxsi ləyaqətinin,
mənəviyyatının və istedadının
anatomiyasıdır; necə varsa, eləcə də
görünür...
525-ci qəzet.-2018.-5 may.-S.14-15.