Elçinin teatr planeti

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

Elçin Azərbaycan xalqının yazıçısıdır, özü də Dərbənddən Zəncana qədər geniş bir ərazidə məskunlaşmış böyük bir xalqın sevimli yazıçısıdır. Çünki xalq sadəliyi, yaşantıların həqiqiliyini, təhkiyənin axıcılığını, personajların bir-birilə, dünya ilə isti, diri münasibətinin təsvirini sevir, sevir ki, ona xoş, pozitiv duyğular, ovqatlar bağışlasınlar, onu doğruluğun, ədalətin, xeyirxahlığın, kişiliyin, ləyaqətin və yaxşı adamların hələ də tükənmədiyinə inandırsınlar...

 

Elçin həmişə xalqın istədiyini, arzuladığını yazmağı bacarıb, yazdığını əla yazmağı, xalqın şah damarını tutub yazmağı bacarıb.

 

Elə buna görə də Elçin Azərbaycan ədəbiyyatının fenomenidir, milli ədəbi-bədii düşüncənin fenomenidir, müasir Azərbaycan teatr qavrayışının fenomenidir.

 

Bir anlamda fenomen hadisənin, təzahürün duyğusal müşahidəsidir. Başqa bir anlamda isə fenomen artıq hamıya bəlli, məlum bir hadisəni, bir təzahürü işarələyir, nişan verir. Hərçənd ki, bu hadisə, bu təzahür müəyyən antropoloji, sosial-psixoloji, fəlsəfi-kulturoloji bilgi sistemlərinə uyğun olsa da, onun dərki çətindir.

 

Elçin öz yaradıcılığında hər dəfə yeni bir ədəbi missiyada, yeni bir ədəbi formatda gündəmə gəlir. O, əgər dünən hər hansı bir pyesi bir mütəfəkkir jesti, bir filosof zövqü, bir dramaturq fantaziyası ilə sona yetirib nöqtələyibsə, bu gün qəfildən dönüb uşaqlaşır, uşaqlaşıb sadəliyin, səmimiliyin son həddinə çatır və balaca cocuqlar üçün bir nağıl yazır, ertəsi gün isə sanki əllərinə döyüş əlbəsələrini geyinib gözlənilmədən iri bir məqalə ilə əsl debatçı əzmində ədəbi diskussiyaya qatılır, birisi günə isə daha hansısa bir ədəbi ideyanı nəsrdə reallaşdırmağı planlaşdırır. Lakin bütün hallarda Elçin öz duyğular və düşüncələr dünyası ilə oxucusunu və seyrçisini əfsunlayıb onun qəlbini ələ ala bilir.

 

“Elçin və fenomen” mövzusunun koordinatlarında mülahizələrimi davam etdirərək söyləyim ki, dahi alman filosofu Edmund Qüsserl fenomenə tamam fərqli bir yöndən yanaşır. Onun fəlsəfi paradiqmasında fenomen təkcə nəsnələrin keyfiyyətinin müşahidəsi kimi qiymətləndirilmir, həm də hadisənin məzmun birgəliyi kimi dəyərləndirilir.

 

Fikrin daha aydın və sadə izahı baxımından Azərbaycanın görkəmli ədəbiyyatşünas-alimi,  akademik Nizami Cəfərovun 2005-ci ildə Elçinin “Seçilmiş əsərləri”nin nəşri münasibətilə yazdığı məqalənin preambulası olduqca konkret və simptomatik görünür. Hətta N.Cəfərov kimi bir alim etiraf edir ki, Elçin “yaradıcılığını ona layiq bir səviyyədə təhlil edib dəyərləndirmək, qaldırdığı ictimai-ideoloji problemlərin “coğrafiya”sını tələb olunan şəkildə əhatə eləmək, bədii idrakının özünəməxsus texnologiyalarını, ritmini, intonasiyasını az-çox elmi interpritasiyanın predmetinə çevirmək o qədər də asan deyil”. Mən də bu fikri dəstəkləyirəm. Lakin bununla yanaşı, N.Cəfərov həməncə öz nəzəri bilgilərinin müstəvisində dəqiq analitik bəyanatla çıxış edir: “Elçinin hər bir əsəri - hekayədən romana, publisistik məqalədən monoqrafiyaya qədər -məhdudlaşmayan, onunla tükənməyən bütöv (intəhasız!) bir yaradıcılıq metafizikasının təzahürüdür. O, bu və ya digər əsərinin müəllifi olmaqdan daha çox həmin əsərlərdə zühur edən tarixi ədəbi istedadın (və ya missiyanın!) müəllifidir”. Bax, budur fenomen... okean və damla... Bir damla okeanın bütün xassələrinin təcəssüm modelidir. Bir qar dənəciyi kainat suyunun şəklidir. Gerçəklikdə su adi sudur, qar dənəciyini isə qavrayış möcüzə bilir. Hərçənd ki, qar dənəciyi də elə həmin su damlasıdır ki var...

 

Sənətkarın özü və təcrübəsi bəlli bir zaman nöqtəsinə çatanda artıq mədəniyyətin tədqiqat predmeti kimi formalaşmış təkzibedilməz faktına çevrilir: bu faktda bir damcı suda olduğu kimi milli mədəniyyətin bütün atributları, tanış cizgiləri öz əksini tapır. Elçin yaradıcılığı isə bir tablodur və bu tablodan ən müxtəlif masştablarda, ən müxtəlif rəng çalarlarında Azərbaycanın özü, azərbaycanlıların özləri və mədəniyyətləri görünür.

 

Elçin məhz öz ədəbi-bədii yaradıcılığının məzmun birgəliyi baxımından fenomendir. Odur ki, Elçin-yazıçını Elçin ədəbiyyatşünasdan, Elçin-ədəbiyyatşünası Elçin-dramaturqdan ayırmağı, onların yerini müxtəlif fəaliyyət sahələrinə görə müəyyənləşdirməyi heç də düzgün saymıram. Çünki onsuz bu yoxdur, bunsuz da - o. Bir də... Elçin nə yazırsa yazsın, fərqi yoxdur ki, bu hekayə, povest, roman,  dram, publisistik oçerk, tənqidi məqalə, yaxud ədəbi xülasə olsun, o, həmişə, hər yazısında müasirini tanımağa, onu anlamağa, dərk etməyə çalışır, müasirinin  yaşantılarında, portretində dövrü, zamanı təcəssüm etdirməyə çalışır. Elçin çalışır ki, müasirinin köməyilə öz içinin dərinliklərinə yol tapsın, öz dünya modelini qursun, insan batininin qaranlıqlarını işıqlandırsın. Çünki o da Sinoplu Diogen kimi gündüzün günorta çağı əlində məşəl tutub insanı axtarır.

 

Hər dəfə Elçin yaradıcılığına müraciətim Elçin fenomenini Azərbaycan mədəniyyəti kontekstində, insani dəyərlər kontekstində öyrənmək, dövrün ictimai-siyasi proseslərinin, təbəddülatlarının müstəvisində təhlil etmək, onun yaradıcılığının sal qaya kimi bütövlüyünü teatr və dramaturgiya materialına söykənərək ortaya qoymaq cəhdimdən irəli gəlir. Yaradıcılığın bütövlüyü isə xarakterin, xislətin bütövlüyüdür, şəxsiyyətin bütövlüyüdür, özünə sədaqətin bütövlüyüdür.

 

Digər tərəfdən isə Elçinin dramaturgiyası, bütün yuxarıda deyilənlərə baxmayaraq, Elçin dünyası içində özəl bir dünyadır, hətta haradasa ada təəssüratı yaradan bir dünyadır. Elə bir ada ki, o ada elə bil gəmi kimi Elçinin proza okeanında sərbəstcəsinə üzüb arzuladığı sahilə yan ala bilir, istədiyinə istədiyi kimi və həməncə reaksiya verə bilir... Belə ki, bu ada lirik-psixoloji yaşantıların, poetik düşüncələrin, sonsuzluğa söylənilmiş monoloqların səhnəsi də ola bilir, homerik gülüşlərin, satirik öcəşmələrin, sarkastik şəbədələrin meydanı da... Bu ada absurdun beşiyinə dönüb dəlixananı da xatırlada bilir, adi bir ailənin məişət dramı oynanılan mənzilini də... Başqa sözlə, Elçinin dramaturgiya adası intensiv metamorfozlar, yəni dəyişmələr, çevrilmələr dünyasıdır və burada hər bir insan özünü kənardan görüb tanımaq imkanına malikdir. Çünki Elçin yad planetlilərdən yazanda da, əslində, elə bizdən, bizim həyatımızdan, bizim ağrılarımızdan, dərdlərimizdən, məişətimizin, düşüncəmizin problemlərindən, qavrayışımızın streotiplərindən yazır, bəzən də bizi hətta inanılmaz, qeyri-adi dramatik situasiyalara salıb yazır.

 

Ona görə Elçin dramaturgiyasını öyrənmək, tədqiq eləmək xüsusi maraq doğurur. Bu marağı şərtləndirən birinci səbəb dramatik vəziyyətlərin orijinallığı, onların fantastika ilə gerçəklik sərhədində yerləşməsi və haradasa qeyri-adi səciyyə daşımasıdır. İkinci bir səbəb də ondan ibarətdir ki, Elçin dramaturgiyasından Azərbaycan teatrının son 20-30 il ərzində yaşadığı tarixin mənzərəsi açılır və nəinki təkcə Azərbaycan teatr tarixinin mənzərəsi... Üçüncü səbəb budur ki, Elçinin pyeslərində güclü tənqidi ruh var. Komediya, gülüş həmişə tənqiddir, nəinsə təftişidir, sınağa çəkilməsidir, yoxlanılmasıdır, inkarıdır və eyni zamanda, bu, nə qədər qəribə səslənsə belə, ümidin təsdiqidir. Çox zaman deyirlər ki, həyatda ən axırıncı ümid ölür. Məncə, bu deyimdə bir balaca boşluq var, çünki ümid heç vədə ölmür. İnsanlığın bütün ümidləri yaşayır və ta sonuncu insan yer üzündən yox olana qədər yaşayacaq. Bu mənada, ümid insan deməkdir, insan - ümid... Hətta belə bir fikri də dilə gətirmək olar ki, ümid sözdür, enerjidir, antimateriyadır və hər cür yaşam fövqündədir, zaman dışındadır. Elçinin də bütün əsərlərinin  sonunda mütləq şəkildə bütün hadisələrin fövqündə qərarlaşmış bir ümid işığı yanır.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, Elçin dramaturgiyası milli dramaturgiyamızda indiyə kimi rast gəlmədiyimiz yeni mövzuları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsilə fərqlənən yeni insan tiplərini, obrazlarını yaratdı. Bu pyeslərdə dramaturqun “mövcudluq effekti”nin parlaqlığı, maraqlı dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, çağdaş dövrə xas davranış tipi və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla bir-birinə hörülüb. Şrtixləri, detalları, intonasiyaları, süjet xətlərini mükəmməl şəkildə seçən dramaturq  gah məişət motivlərilə xəyali romantik çırpıntıların bir-birinə bağlandığı komediyalar yazır, gah da mənəviyyatını, ruhunu qoruma instinktini itirən insan obrazlarını yaradır.

 

Elçin dramaturgiyasına marağı çəkən dördüncü məqam görkəmli teatrşünas-alim Aydın Talıbzadənin təbirincə desək, “Elçin öz nəsrində elə bil ki Abşeronun qum teatrını yaradıb: onun prozasının plastikası o qədərdir ki... o qədərdir burada işıq-kölgə effekti ki, ovqatlar, personajlar, siluetlər, görüntülər həməncə anbaan dəyişir, ilğımlaşır, birindən digərinə transformasiya olunur”. Müşahidənin özü və onun sözlə ifadəsi dəqiqdir. Amma mən buraya bir mühüm cəhəti də əlavə etmək istərdim. Elçinin dramaturgiyası da işıq və kölgənin bir-birilə əvəzləndiyi sərhəddə təzahür eləyir. Onun, demək olar ki, əksər pyesləri yuxu ilə, xəyal ilə, fantaziya ilə gündəlik məişət təkrarlarının sintezində, qarışığında əmələ gəlir. Bu əsərlərin fakturasında hər iki dünya - təsəvvürlə reallıq yanaşıdırlar və onların arasına nazik bir tül pərdə atılıb. Birindən digərinə keçid cəmi bircə anın məsələsidir. Heç də təsadüfi deyil ki, Elçin pyeslərində personajlar tez-tez xəyalların oyunu ilə gerçəkliyi səhv salırlar, gerçəklikdən ayrılıb ya ilğımlarla yaşayırlar, ya da gerçəkliyin özünü ilğımlaşdırırlar. Hətta onların yaşadıqları məkanın özü belə haradasa yırğalanan, dayanıqsız qumları xatırladır. Əgər personajlar bu qumların üstündə aşırı ləngisələr, o andaca qum dənizində yoxa çıxarlar. Mən bunu Elçin dramaturgiyasının çox özəl, nadir xüsusiyyəti kimi dəyərləndirirəm.

 

Elçin dramaturgiyasına mənim marağımı cəlb edən beşinci səbəb isə onun pyeslərinin səhnə üçün hədsiz dərəcədə effektli olmasıdır, canlı xalq dilində yazılmasıdır, dramatik vəziyyətlərin dinamikliyi və mütəhərrikliyidir. Bu dinamikanı, mütəhərrikliyi təmin edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi absurd formatıdır. Azərbaycan ədəbiyyatşünaslığının ən parlaq simalarından biri Yaşar Qarayev heç də əbəs yazmırdı ki, “Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji streotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq, ədəbi, estetik münasibət ifadə edir”. Xaosun obrazı - hər növ fantaziya üçün, fantaziya əlvanlığı üçün, təxəyyülü oyatmaq üçün olduqca təsirli bir qıcıqdır. Xaosu hərə bir cür görür, bir cür təsəvvür edir və bir cür modelləşdirir. Lakin Xaos həm də o nəsnədir ki, içində dünyaya yer verir, dünyanı öz sahmansızlığından doğurub sahmana gətirir. Elçinin pyesləri də sanki xaosun parametrlərsiz məkanında strukturlaşır. Ona görə rejissorlar belə bir məkanda özlərini tam azad, tam sərbəst hiss eləyirlər, öz improvizə etmək qabiliyyətlərini heç nə ilə məhdudlaşdırmırlar. Aktyorlar barəsində də bunları demək mümkündür. Onların Elçin pyeslərində aldığı rollar birmənalı şəkildə aktyor improvizəsini şərtləndirir. Çünki Elçin aktyora obrazı yox, obrazın kodunu, şifrəsini təqdim edir. Aktyor məhz bu koda, bu şifrələrə əsasən obrazın səhnə həyatını, onun daxilini və plastik rəsmini, bir sözlə, bütövlüyünü yaratmalıdır. Ona görə də hər bir aktyor Elçin dramaturgiyasında oynadığı rolu öz improvizəsinin gücünə söykənərək yaradır. Bu da ondan irəli gəlir ki, Elçinin pyeslərində statik, daşlaşmış, dəyişməz heç nə yoxdur. Elçinin dramaturji mətnləri improvizələrə, yozumlara, innovasiyalara, müxtəlif modulyasiyalara açıq ədəbi mətnlərdir.

 

Hər məqaləmdə bu pyesləri bircə-bircə araşdırmaq, onların səhnə təcəssümündən danışmaq, Elçindən Elçinə danışmaq, baxmayaraq ki, o, bunları məndən daha müfəssəl və daha mükəmməl bilir, mənə son dərəcə zövq verən bir məşğuliyyət kimi görünür.

 

Azərbaycanın görkəmli söz adamı, ədəbiyyatşünası, ictimai xadimi, çoxsaylı hekayələr, povestlər və romanlar müəllifi  Elçin  kimi çox uğurlu bir yazıçı 90-cı illərin əvvəllərində daha fəal bir surətdə dramaturgiya ilə, absurd pyeslər yazmaqla məşğul olur, özü də o dərəcədə böyük həvəslə, entuziazmla məşğul olur ki, dramaturgiya tədricən Elçin yaradıcılığında önə keçib avanqard mövqelərdə dayanır. Burada mən “avanqard” kəlməsini gəlişi gözəl söz kimi işlətmədim. Elçin, həqiqətən, Azərbaycan dramaturgiyasına və teatrına münasibətdə avanqard bir mövqe tutmuşdur. Fikrimin təsdiqi onun pyesləri, pyeslərinin strukturu və bu pyeslər əsasında hazırlanan tamaşaların keyfiyyətindədir.

 

Elçinin avanqardçılığı daha çox onun absurd pyesləri üçün səciyyəvi bir xüsusiyyətdir. Elçin absurd çərçivəsində maraqlı şəxsi, fəlsəfi, sosial konstruktlar qurmaqdan həzz alır, öz personajlarını həm müəyyən konstruktların, həm də müəyyən dramaturji vəziyyətlərin içinə atıb onların necə davranacağına tamaşa edir: hərdən nəzarəti gücləndirir, hərdən də zəiflədir. Bu konstruktlar kontekstində Elçin personajı yox, personaj öz-özünü yazır, öz-özünü yaradır.  Elçinin “Ah, Paris, Paris”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb”, “Mənim ərim dəlidir” komediyalarında “sosrealizm nəzəriyyə”sinin qəlibləri əsasında “büt”ləşmiş qəhrəman tipajı illyuziyası darmadağın edilir, “sosrealizm estetikası”ndan heç bir əsər-əlamət qalmır, absurd hüdudlarında bütün izmlər, bütün ifadə boyaları ustacasına bir-birinə qarışdırılır, sosialist realizmi atmosferin sürrealizmi ilə əvəzlənir, hətta bəzən hiperrealizmin ordan-burdan baş qaldırdığı belə nəzərə çarpır, bəzən impressionist ovqat personajları öz içinə alıb somnambulik valsa  dəvət edir, bəzən acı kinayə emosiyalar lirizmini qabağına qatıb romantik yaşantıları uçurub dağıdır, bəzən isə gerçəkliyin mahiyyəti qəddarlıq maskasında görünür. Bunun əsəs səbəbi, məncə, Elçinin bir dramaturq kimi güclü bədii təxəyyülə, fantaziyaya və improvizator keyfiyyətlərinə malik olmasıdır. Elçin öz absurd pyeslərində “fristayl” üslubunda çəkdiyi tabloları heç vaxt sonacan doldurmur. O, bu lövhələrdə müəyyən mənalı boşluqlar saxlayır ki, onlar da fantaziyanın, təxəyyülün qıcıqlandırıcıları kimi yozula bilər. Məhz bu “boşluqlar” çoxsaylı improvizələrə yol açır. Absurd  pyeslər “heçnə haqqında heç nə” və ya “hər nə istəsəniz” prinsipinə riayət etmək baxımından improvizə əsasında formalaşırlar ki, burada hər məqam, hər ifadə istənilən kimi yozula bilər. Lakin bu heç də o demək deyil ki, absurd pyes struktursuz pyesdir. Xeyr, bəlkə də əksinə. Absurd improvizə ilə bərabər hər bir sözün dəqiq müəyyənləşdirilmiş yerini tələb edir.

 

Elçinin 90-cı illərdə yazdığı absurd pyeslərdən zamanın, gündəlik həyatın, məişətin, iddiaların, şüarların, sarsaq niyyətlərin, vəzifəpərəstliyin, mənasız didişmələrin, yaltaqlığın absurdu fışqırır.

 

Teatr bir oyun növüdür, dram oyundur, poeziya oyundur.  Komediya isə daha çox oyundur, çünki başqalarından fərqli olaraq özünün qeyri-ciddiliyini öncədən elan edir. Ona görə absurd özünü əksər hallarda komediya janrında tanıyır, komediya ilə identifikasiya eləyir. Hər bir komediyada absurd rüşeymi var, hətta dahi Aristofanın “Lizistrata”sında, “Buludlar”ında, “Arılar”ında absurdun izlərini, cizgilərini asanca aşkarlamaq mümkündür. Elçinin öz yaradıcılığının 90-cı illər mərhələsi üçün komediya yazması, komediyanı öz fikirlərini, duyğularını ifadə etməsi üçün daha məqbul, daha perspektivli, daha məqsədyönlü sayması da bu baxımdan heç təsadüfi deyil. Hətta mən bir qədər dərinə gedib onu deyərdim ki, Elçinin absurda meyllənməsi, komediya janrı ilə gündəmə gəlməsi sözün əsl mənasında kulturoloji və ədəbi-bədii aksiya idi. Elçin risk eləyirdi, çünki 90-cı illərə qədər Azərbaycanın ədəbi ictimaiyyəti onu son dərəcə ciddi nasir, yüksək intellektli yazılar müəllifi kimi tanıyırdı və Elçin nəsrində rəğbət və sevgi ilə yoğrulmuş yumor sərhəddindən kənara çıxmağa özünə yol vermirdi.

 

90-cı illərdən bu yana isə Elçin teatr üçün absurd oyunlar yazırdı, bu oyunların içini komediya ilə, gülüşlə, zarafatla, kinayə ilə, sarkazmla bəzəyirdi. O, gülüş parametrlərində qurduğu müxtəlif oyunlarda adi olanı qeyri-adiyə çevirirdi, fantastik olanı isə adiləşdirirdi, mahircəsinə romantikadan şəbədəyə, kinayədən lirizmə adlayırdı, yəni sərhədləri tamamilə götürürdü, gerçəkliyi oyun modelində təqdim edirdi, oyun içində məxfiləşdirirdi.

 

90-cı illər ədəbi ictimaiyyətə yeni Elçini təqdim etdi, dramaturq Elçini,  komedioqraf Elçini təqdim etdi. Elçin 1994-cü ildə “Literaturnaya qazeta”nın müxbiri Elmira Axundovaya verdiyi müsahibəsində heç də əbəs demirdi ki, “1990-cı ilin yanvar hadisələri həyatımı ikiyə böldü”... Rica eləyirəm, fikir verin: o, demir ki, yaradıcılığımı, deyir ki, həyatımı. Bu onu bildirir ki, 1990-cı illərdən sonra o, özünü də, dünyanı da, ətrafını da, hadisələri də artıq tamam başqa cür görməyə başlayır, tamam başqa cür qiymətləndirir və bütün bu duyğularını, emosiyalarını ifadə etməkdən ötrü yeni yazı metodologiyaları və texnologiyaları arayır. Onun bu müsahibəsi Elçinin 90-cı illər yaradıcılığının tədqiqindən ötrü bir epiqraf kimi götürülə bilər, çünki bu epiqrafda həm dövr, həm şəxsiyyət, həm sənətçi ovqatı və həm də yazıçı axtarışları öz əksini tapır. Və hətta bundan əlavə Elçinin bu müsahibəsi mənə çox simptomatik psixoloji bir durumun xəritəsi və həmin durumdan azad olmaq, çətin sarsıntıdan çıxa bilmək resepti, düsturu, yolu kimi görünür.

 

Bu müsahibə Elçin düşüncəsinin həyatında mühüm bir not, bir mesaj kimi çox dəyərlidir. Yazıçı, mütəfəkkir, ziyalı və adi vətəndaş Elçin burada əslində, bir ruh adamı kimi, bir söz adamı kimi öz xilasından danışır. Belə ki, məhz komediya ona 20 yanvar hadisəsinin ruhi sarsıntısından qurtulmağa, danışmağa, özünü, yaşantılarını tam ifadə etməyə imkan verib, Elçin üçün təzədən yaradıcılığa qayıtmağa bir təkan, bir impuls olub.

 

Bir qayda olaraq, Elçinin komediyalarında müsbət qəhrəman yoxdur və ya  qəhrəmanının müsbət keyfiyyətlərini dramaturq məharətlə örtüyə bürüyüb arxa plana atıb, yəni o da başqalarından heç nə ilə fərqlənmir. Böyük masştabda götürdükdə, Elçin pyeslərində heç mənfi personajlar da yoxdur, əgər cəmiyyət xəstədirsə, dəlilik yaşam norması kimi qəbul olunursa, insanları - personajları müsbət və ya mənfi qütblərə yığmağın, müsbət və ya mənfi qütblərdə qruplaşdırmağın mənası varmı?

 

Bir də axı, Elçinin yazdığı pyeslərin əksəriyyəti absurddur! Absurdda müsbət və ya mənfi personaj axtarmağın özü mənasızdır, çünki onlar bu absurd içində yaşamağa məhkum adamlardır, dəlilik və intihar sərhədində dayanmış adamlardır. Bu insanların yaxşılığı və pisliyi ancaq şərti və nisbidir. Absurd pyeslərində həmişə yalnız bir müsbət personaj, bir müsbət sima olur ki, bu da dramaturqun özüdür. Əgər daha dəqiq olmağa çalışsaq, deməliyik ki, bu, müəllifin gülüşüdür. Absurd pyeslərində müsbət rolda məhz “Cənab Gülüş” çıxış edir. Hərçənd ki, Elçin öz absurd pyeslərində həmişə oxucusu-tamaşaçısı üçün qaranlıq tunelin sonunda mütləq bir işıq yandırmağa çalışır. Lakin elə məqamlar olur ki, heç müəllifin özü də bu işığın yandığına inanmır və başlayır öz içində bu işığa da xısın-xısın gülməyə...

 

Elçin zirvədən zirvəyə addımlayır, bir zirvəni fəth edən kimi yenisini axtarır və həmin o zirvəyə qalxmağa hazırlıq görür. Di gəl ki, artıq öz 75 yaşının fövqündə dayanmış Elçin zirvədən zirvəyə yüksəldikcə təngimir, yorulmur, enerjisi tükənmir, elə hey getdikcə gedir, sanki ədəbiyyatın, sənətin sonsuzluğu içində əbədi səyahətə çıxıb...

 

Elçin söz adamıdır...

 

Elçin teatr adamıdır...

 

Elçin Azərbaycan mədəniyyətinin hadisəsidir...

 

Elçinin teatr haqqındakı fikirləri, müasir teatr prosesilə bağlı dedikləri, yazdıqları, qeyd etdikləri Azərbaycan teatrşünaslığı üçün mötəbər bir məxəzdir, Azərbaycan teatrının inkişafına bir təkandır.

 

Elçinin pyesləri Azərbaycan dramaturgiyasının yeni bədii-estetik üfüqüdür, yeni bədii-estetik paradiqmasıdır. Bu paradiqmada absurd faciə ilə, komediya dramla, tragikomediya siyasi pamfletlə qonşulaşır, magik realizm satira ilə, sürrealizm kinayə ilə, bədii şişirtmə eksklüziv reportajla qarışır. Ona görə Elçinin pyesləri teatr qarşısında geniş hüdudlar açır, rejissor fantaziyası üçün səhnədə müxtəlif variasiyalar qurmaq imkanı yaradır.

 

Lakin bütün bunların əsasında Azərbaycana xidmət, Azərbaycan vətəndaşına xidmət missiyası durur. Amma bu heç də o anlama gəlmir ki, Elçin yalnız azərbaycanlılar üçün yazıb yaradır. Xeyr! Elçin yalnız İNSAN faktorunu düşünərək yazır, millilikdə bəşəri olanı axtarır, bütün insanları birləşdirən sosial, psixoloji, kültürəl və duyğusal amilləri bir araya gətirir.

 

Nasir Elçinin xoşbəxt taleyi olduğu kimi, dramaturq Elçinin də xoşbəxt teatr taleyi var. Bu taleyi o, öz teatr dünyasını yarada-yarada, öz teatrını yaza-yaza gerçəkləşdirib, gerçəkliyin  bədii modelini qura-qura gerçəkləşdirib. Bu dünya çoxsakinlidir, çoxsəslidir, rəngarəngdir və bu dünya, əslində, Elçinin teatr planetidir.

 

Bu gün Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarını bəzəyir, həmçinin, dünya teatrlarının repertuarını dolaşır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və böyük maraqla səhnədə oynayırlar. Təqdir olunası haldır ki, bu tendensiya gün-gündən artmaqda, şaxələnməkdədir...

 

Bu düşüncələrlə də Azərbaycan dramaturgiyasında özünün bəlli bir “yeri-yurdu” olan Elçinin pyesləri, ONUN TEATR DÜNYASI barəsində düşüncələrimi, mülahizələrimi yekunlaşdırıram...

 

Amma yox... Heç şəksiz ki, bu düşüncələr də Elçinlə, Elçin teatrı ilə, Elçinin teatr planeti ilə yanaşı yol getməkdədir...

 

525-ci qəzet.-2018.-5 may.-S.10-11.