İpəkləşən erməni “məxməri”
Rafiq ƏLİYEV
Yaşadığımız müasir dünya qeyri-sabit
və təhlükəli olması ilə əvvəlki illərdən
xeyli fərqlənir.
Beynəlxalq aləmdə hökm sürən iqtisadi və
mənəvi-əxlaqi böhran getdikcə dərinləşərək
idarəolunmaz və qorxunc hala düşür. Gözlənilməz
hadisələr, qeyri-adi olaylar və tez-tez ortaya atılan
sürprizlər ilə zəngin dünyada yaşamaq və
bütün bu baş verənlər haqda düşünməmək,
onları məntiq çərçivəsinə salmağa cəhd
etməmək ciddi səhv olardı. Odur ki, Kainatın
bir parçası olaraq bizim hər birimiz nəinki planetimizdə
baş verənlərlə bağlıyıq, həm də
onlara görə müəyyən insani məsuliyyət daşıyırıq
və ümumi sabit inkişaf naminə əlimizdən
gələni etməyə borcluyuq.
“Susmaq qızıldır” məsəli, zənnimcə,
ömürlük susqunluq üçün yox, sadəcə,
müəyyən vaxt əldə edərək daha dərindən
düşünmək, təhlil aparmaq və sağlam qərar
qəbul etməkdən ötrü qısamüddətli mərhələ
üçün nəzərdə tutulub. Ətrafda
baş verənlərə reaksiya verib, onlara münasibət
bildirmək bizim əsas vəzifələrimizdəndir. Əks halda şüurlu şəkildə qurub
yaratdığımız dünya dözülməz və mənasız
mühitə çevrilər. Belə
neqativ prosesin başlanması, yəqin ki, şübhə
yaratmır. Bu isə aydın məsələdir
ki, elmi və yaradıcı insanları daxilən incidir.
Belə olduğu halda insanlar sərbəst fikir
yürütmək, ədalətlə qərar qəbul etmək
imkanlarından məhrum olurlar. Bu, bizi daima
stress və narahatlıqda saxlayır. Özünü
şüurlu insan cəmiyyətinin adi bir üzvü hesab edən
şəxs kimi mən obyektiv səbəblərə görə
belə vəziyyəti qəbul edə bilmirəm, içəridən
gələn səs məni qıcıqlandırır və
odur ki, ürəyimdəkiləri digərləri ilə
bölüşməyə ehtiyac duyuram.
XIX-XX əsrlərdə baş vermiş tarixi hadisələri
araşdırarkən Qərbin və Şərqin ictimai-mədəni
həyatında mühüm rol oynamış, bəşəriyyətin
elm və insəsənət xəzinəsinə misilsiz
töhfələr vermiş şəxsiyyətlər
arasında xeyli sayda həmvətənimizin də olduğunu
indiyə qədər nəşr olunmuş kitablardan, tarix dərsliklərindən
bilirik. Təbii ki, bu gün Qərb də, Şərq də
həmin insanları unutmamalı, yada salmalı, hətta
öz inkişafına, qazandığı nailiyyətlərə
görə onlara minnətdarlıq hissi duymalıdır.
Üç
həftədən sonra 100 illiyini qeyd edəcəyimiz Azərbaycan
Demokratik Respublikasının yaranmasında da vaxtilə siyasi, elmi, yaradıcı
baxımdan o dövrün “qaymaqları”nın, həmin vaxt hələ
millət kimi formalaşmamış xalqın sırasından
çıxmış “seçilmişlər”in əvəzsiz
xidmətlərini önə çəkən televiziya
verilişlərinin şahidləriyik. Elə təkcə bu
fakt kifayətdir ki, ətrafda baş verənlərə nə
üçün münasibət bildirmək məcburiyyətində
olduğumuzu dərk edək. Bu gün əcdadlarımızın
uğrunda çalışdıqları ədalətli cəmiyyət
- insanlara xidmət edən mənəvi-əxlaqi dəyərlərin
və ümumiyyətlə, bəşəriyyətin durumu, hətta
normal sülh şəraitində inkişafı belə təhlükə
altındadır. Təbii ki, baş verənlərə
münasibətimizi insan beyninin çox da mükəmməl
yaratmadığı qüsurlu, amma ictimai münasibətləri
tənzimləməyə iddialı olan müasir demokratiya,
beynəlxalq hüquq normaları və qəbul olunmuş
universal dəyərlər sistemi çərçivəsində,
kimsənin haqqını pozmadan və qanuna zidd hərəkət
etmədən danışaraq, yazaraq öz münasibətimizi
bildirməliyik. Şəxsən mən bunu
özüm üçün vacib sayıram.
Bu gün kimsə müharibə alovunda yanan, şəhərləri
xarabalığa çevrilən Yaxın Şərq dövlətlərinin
- İraqın, Suriyanın dünya sivilizasiyasının
beşiyi olduğunu inkar edə bilməz. Axı o
torpaqlarda doğulmuş insanları milliyyətindən, dini və
irqi mənsubiyyətindən asılı olmayaraq bütün
canlılara aid edilmiş ən vacib hüquqdan - yaşama
haqqından məhrum etmək ixtiyarı kimsəyə verilməyib.
Amma bu dəyərlər və normalar müasir
kapital qullarını, bir çox siyasət adamlarını
maraqlandırmır, onların bəşəriyyətə
zidd əməllərinin qarşısını almır.
Bu gün istər Azərbaycan, istərsə də onun
güclü və zəif qonşuları öz geosiyasi
mövqeyinə, dünya çapında siyasi, iqtisadi, hərbi
çəkisinə görə baş verən
savaşların əhatəsindədir. Qan
çanağını xatırladan regionumuzun aqibətinə
necə laqeyd qala bilərik? Rusiya, Türkiyə və
İran üçlüyünün Yaxın Şərq,
xüsusilə də Suriya müharibəsində
iştirakı, Ermənistanda baş verən
iğtişaşlar, “məxmər” sevgisi, illərdir mövqe
seçməkdə tərəddüd edən Gürcüstan
və Ukraynadakı vətəndaş müharibələri
narahatlıq keçirmək üçün ciddi əsaslardır.
Təbii ki, bu cür ekstremal şəraitdə
necə yaşamaq, gücümüzü,
bacarığımızı necə birləşdirmək,
suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa
etməklə bağlı daxili və xarici
çağırışlara hansı cavabı vermək
sualları haqlı olaraq bizim hər birimizi ciddi şəkildə
düşündürür. Belə bir vəziyyətdə
balanslaşmış uğurlu xarici siyasətlə
yanaşı, dövlətə və insanlara xidmət edən,
əhalinin iqtisadi-sosial, mənəvi-ruhi durumunu nəzərə
alan sabit daxili siyasət yürütmək
bir nömrəli məsələdir. Yalnız vətəndaşların
problemlərinin ədalət və qanun çərçivəsində
düzgün həlli, onların istəklərinin təmini nəticəsində
ölkənin uğurlu iqtisadi inkişafından və daxili
siyasi sabitliyindən danışmaq olar. Hamıya
bəllidir ki, ədalətin, düzgünlüyün,
vicdanın hakim olmadığı cəmiyyətdə həqiqi
tərəqqidən bəhs etmək, insanları buna
inandırmaq çətin məsələdir. Riyakarlıq və tamahkarlığın
yayıldığı cəmiyyətlərin məhvə məhkumluğu
şübhə yaratmır. Ümumi
inkişafa, insanların rifahının yüksəlməsinə
ciddi surətdə mane olan belə mənfi hallar bu gün
dünyanın hər bir ölkəsində, o cümlədən
də Avropa, ABŞ, Rusiya, Çində və digər
dövlətlərdə müşahidə olunmaqdadır.
İndiyə kimi yer üzündə mal-mülkə,
var-dövlətə sevginin bəslənmədiyi,
tamahkarlığın müşahidə olunmadığı
nə bir cəmiyyətə, nə də bir dövlətə
hələ rast gəlinməyib. Kəşf
edildiyi ilk gündən kapital hansı formada - qızıl,
kağız pul olmasından asılı olmayaraq,
ayrı-ayrı fərdlərin, insan qruplarının,
xalqların və millətlərin yaşayış səviyyəsini
müəyyən edən vacib amil olub. Bu
gün bizim hər birimizin bacardığımız qədər
qazandığımız pul hesabına
yaşadığımızı kimsə inkar edə bilməz.
Nə qədər zənginiksə, həyatımız
bir o qədər rəngarəng, şən və firavan
keçir. İnsanın ruhu yalnız maddi
və mənəvi tələbatlarını, istəklərini,
arzularını həyata keçirdiyi zaman dinc, ürəyi
rahat olur. Bunun üçün isə bizə
birmənalı şəkildə pul lazımdır. Bu, danılmaz faktdır. Dövlət
də belədir. Ölkənin ümumi gəlirini
büdcə çərçivəsində
bölüşdürüb əhalinin tələblərinə,
dövlətin müdafiəsinə sərf edir. Lakin bu ayrılmış pulları bəzi məmurlar
öz ifrat maddi tələbatlarına sərf edirlər.
Bu hal uzun müddət davam edəndə dövlətin
iqtisadi inkişafı çətinləşir, insanların əsəb
sistemi pisləşir, xəstələrin sayı artır və
cəmiyyətdə birlik, rifah hissi narazılıqla əvəzlənir.
Bu gün
yüz minlərlə erməni öz məişət problemlərini
həll etmək, güzəranını
yaxşılaşdırmağa nail olmaq, məşhur
oğruların isti məkanı olan S.Sarkisyan rejimindən
qurtulmaq üçün İrəvanın küçələrinə
axışaraq ədalət, insanlara hörmət, əhalinin
rahat yaşayışının təminini tələb edirlər.
Bu qədər insanın küçələrə
çıxması üçün onlara ümid verənlər
və onları hər şeyin yaxşı olacağına
inandıranlar olmalıdır. Klassik və
təcrübəli Rusiyanın dəstəyinə güvənən
S.Sarkisyan və onun əl- altıları isə uzun illər
boyunca öz xalqını açıq-aşkar qarət edib.
Görünür, Ermənistan rəhbərliyi
xalqın hakimiyyətdən narazılıq səviyyəsini
düzgün qiymətləndirə bilməyib. Sonda Ermənistan əhalisinin qəzəb və nifrəti
o həddə çatdı ki, heç “böyük
qardaş”ın güclü dəstəyi də
S.Sarkisyanın hakimiyyətdə qalmasını təmin edə
bilmədi. Sarkisyanı baş nazir
seçilməsi münasibətilə ilk təbrik edənlərdən
biri elə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də
son məqamda müdriklik nümayiş etdirərək
xalqın qəzəbi qarşısında aciz olduğunu
etiraf etmək məcburiyyətində qaldı. Acınacaqlısı isə odur ki, yaranmış vəziyyətdən
istifadə edərək hakimiyyəti nasional-şovinist ermənilər
ələ keçirə bilərlər. Rejimə
qarşı çıxan qüvvələr, təbii ki,
xaricdən idarə olunur, maliyyələşdirilir, təlimatlar
alaraq Ermənistanda Ukrayna variantını təkrar etmək
istəyirlər. Maraqlıdır ki, İrəvanda
fəaliyyət göstərən ABŞ səfirliyinin
binası və ştatı hətta Rusiya və Orta Asiya
ölkələrindəkindən sayına görə
çox irəlidədir. Bunun orada gedən
proseslərlə əlaqəsi danılmaz faktdır.
Onlar öz ideyalarını (Ermənistanı Rusiyanın təsirindən
çıxarmaq)
həyata keçirmək üçün ortada
olan bütün əngəlləri aradan qaldırılmayanadək
sakitləşməyəcəklər. Qərbsayağı
“inqilablar”ın qaydası belədir. Pislə
yanaşı, yaxşı olanları da məhv edir - qurunun
oduna yaş da yanır və mütləq cəmiyyətdə
qarşıdurma, siyasi idarəetmədə hərcmərclik
yaranır, hətta ölkədə vətəndaş
müharibəsi üçün münbit şərait
formalaşır. Dağılmasına
ehtiyac olmayanlar da kütlənin qəzəbinə tuş gəlir.
Əsas məqsəd də, məncə, elə
budur. Bütün tarixi inqilablarda və
dövlət çevrilişlərində olduğu kimi, bu dəfə
də əziyyət çəkən sadə xalq olacaq. 1930-1945-ci illər Almaniya tarixi sonrakı hadisələrin
mümkün ssenarisi ilə bağlı ehtimallar irəli
sürməyə imkan verir. SSRİ-nin süqutu
zamanı həyata keçirilən “yenidənqurma”, MDB, Afrika,
Asiya, Yaxın Şərq və Latın Amerikası dövlətlərindəki
rəngli inqilablar, yəqin ki,
çoxlarının yadındadır. Biz buna bənzər
olayları 1988-1994-cü illərdə “qardaş” Ermənistanın
Azərbaycana dördüncü dəfə hücum etdiyi zaman
yaşamışıq. Hadisələrin
necə nəticələndiyi isə hamımıza
yaxşı bəllidir.
Aqressiv erməni xalqının “müharibə” həvəskarı
olduğunu gözəl bilirik. Gah parlamentdə silahlı
atışma təşkil edirlər, gah XX əsrdə
dördüncü dəfə azərbaycanlılara qarşı
soyqırım, gah da Torontoda terror həyata keçirirlər
(23 aprel 2018-ci il).
Bütün bunları nəzərə alaraq, Ermənistandakı
nümayişlərin və etirazların nə ilə bitəcəyi
ilə bağlı ehtimallar irəli sürmək
mümkündür. Əvvəla ölkədə
tüğyan edən hərc-mərclik ilk növbədə
dövlətin onsuz da silkələnmiş təməlini daha
da sarsıdacaq. İqtisadi və hərbi
baxımdan onsuz da ürəkaçan vəziyyətdə
olmayan Ermənistan bir qədər də zəifləyəcək.
Küçələrə axışan səbr
kasası dolmuş, qəlbi nifrətə
bürünmüş, gözləri qan çanağına
dönmüş erməni xalqının fikrində indi
yalnız qarşısına çıxanı
dağıtmaq, olanları məhv etməkdir.
Bəlkə də kimlərsə ötən yüzillikdə
baş vermiş inqilablarla bağlı
yürütdüyüm fikirlə razılaşmayacaq. Amma mən
düzgün təhlil apardığımdan əminəm.
XIX əsrin sonu-XXI əsrin əvvəllərində
baş vermiş bütün xaricdən idarə olunan, maliyyələşdirilən
“inqilablar” dediklərimi açıq şəkildə
sübut edir. Yeri gəlmişkən, mən
SSRİ-nin tərkibinə daxil olan dövlətlərin öz
müstəqilliklərini inqilab yolu ilə
qazandıqlarını düşünmürəm. Sadəcə, SSRİ xalqları bir ictimai-siyasi
sistemdən digərinə - bizə tam əyani şəkildə
məlum olan kapitalizmə keçid etdilər. Hətta nisbətən sülh yolu ilə aparılan
bu keçid özü də itkisiz ötüşmədi.
Siyasi hakimiyyət dəyişdi, səriştəsiz
“inqilabçılar” hakimiyyətə gəldilər, yüksək
vəzifə kürsüsündə oturdular, dövləti
“idarə” edərək siyasi-iqtisadi hərc-mərclik
yaratdılar.
Şükürlər olsun ki, Heydər Əliyevin siyasi
müdrikliyi sayəsində özünü
“inqilabçı” adlandıranlar hər şeyi məhv etmək
istəklərini sonadək gerçəkləşdirə
bilmədilər. Amma dağıdılan və itirilənləri
sonradan bərpa etmək, inkişaf yoluna salmaq hakimiyyətə
və xalqa o qədər də asan başa gəlmədi.
Son nəticədə aydın oldu ki, o illər
qazancımız itkimizdən çox oldu. Gənc
nəslə miras qalan müstəqillik, suverenlik, siyasi sabitlik,
qonşularla gözəl münasibətlər (Ermənistan
istisna olmaqla), uğurlu daxili və xarici siyasət, iqtisadi
inkişaf məhz həmin nailiyyətlərin nəticəsi
kimi qiymətləndirilməlidir. Bütün bunlar
üç əsas amil sayəsində əldə olunub:
1) düzgün və səriştəli siyasi
idarəetmə;
2) iqtisadi inkişafın sabitləşdirilməsi;
3) soisal ədalətin bərpası prosesində,
korrupsiya, məmur özbaşınalığına
qarşı mübarizədə xalqın marağını
müdafiə etmək kimi vacib amillər.
Bunlara
nail olanda xalqın dəstəyini qazanmaq və cəmiyyətlə
hakimiyyət arasında qarşılıqlı
anlaşmanı təmin etmək də mümkün olar. Nəticədə
Ermənistanda, Ukraynada, Qırğızıstanda olduğu
kimi, xalq məhv etmək, dağıtmaq yolunu deyil, dövlətin
tərəqqisi naminə birləşmək yolunu seçir.
Düzdür, bu gün bəzi pantürkçülər
guya təhlükəsizliyimiz naminə qardaş Türkiyə
ilə konfederasiya yaratmaq, tədricən bu dövlətin tərkibinə
daxil olmaqla bağlı çətin anlaşılan siyasi
çağırışlar edirlər. Fikrimcə,
bu, tamamilə yanlış, ölkəmizin,
xalqımızın əleyhinə olan fikirdir. Bu addımı atmaqla biz dövlətimizi və
xalqımızı siyasi-iqtisadi müstəqillikdən məhrum
etmiş olarıq. Görəsən, bu cür
sərsəm və məntiqsiz fikirlər onların
ağlına hardan gəlir? Əfsuslar
olsun ki, həm Azərbaycanda, həm də Türkiyədə
bu ağlasığmaz ideyaların tərəfdarları
getdikcə artmaqdadır. Türkiyədə
də bu fikri ortaya atan antiazərbaycan xarakterli qüvvələr,
qruplar mövcuddur. Region üçün
yetərincə təhlükəli olan bu tendensiya müstəqil
ölkə olaraq Azərbaycanla strateji əməkdaşlıq
edən dövlətlərlə münasibətlərimizə
ciddi xələl gətirə bilər. Ümid
edirəm ki, Vətənimizin - müstəqil Azərbaycanımızın
sabit inkişafında maraqlı olan heç bir həmvətənimiz
bunu istəməz. Görünən odur
ki, 11 aprel Prezident seçkilərindən sonra
başlanılan yeni islahatlar, yeni təyinatlar dövlətimizin
və xalqımızın gələcəyi ilə
bağlı bizə yeni ümidlər verir və daha da
ruhlandırır. Sülhsevər, xeyirxah və
dözümlü xalqımız sabaha inamla baxır!
Bütün bunlar Ermənistan virusunun bizim ərazimizə
keçməsinə ciddi maneədir.
525-ci qəzet 2018.- 5 may.- S.8.