“Yurd dediyim
bu torpaq” işıq üzü gördü
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin
üzvü şair Nəzakət Məmmədovanın
yenicə çapdan çıxan “Yurd dediyim bu torpaq”
kitabında vətənpərvərlik
mövzulu şeirləri
toplanıb.
“Ömrüm” (2008), “Ömrün
qatarı” (2013, Bakı
və Tehran), “Saralmış
yaprağa benzeyir ömrüm” (2014, Türkiyə)
kitablarından sonra müəllifin oxucularla növbəti görüşü
olan bu kitabın
redaktoru Zülfüqar
Şahsevənli, ön
sözlərin müəllifləri
filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Əməkdar incəsənət xadimi
Barat Vüsaldır.
“Araz” nəşriyyatında
çap olunan kitabda toplanmış “Ömrüm”,
“Dünya”, “Şəhidim”,
“Yanvar ağırısı”,
“Vətən, bizi bağışlama!”, “Mən
zabit anasıyam!”, “Darıxıram, ay ana”, “Dərd”, “Ömür qatarı”, “Anam”, “Qarabağ qoxusu”, “Buz heykəl”, “Yurd həsrəti”, “Tənha qadın”, “Ata”, “Şəhid qızı”,
“Millətin ünvanı”,
“Kaş elə gün gəlsin”, “Ərdəbilim”, “Adsız
qəhrəman”, “Soraq
elə”, “Tale qapısı”,
“Şah əsərim”,
“Ayrılıq” və
s. kimi şeirlərin
və “Şəhid zirvəsi” poemasının
əsas qayəsi yurd həsrəti, Vətən dərdidir. Heç şübhəsiz,
qəm əkib, dərd göyərdən
vətəndaş şairənin
göz yaşlarına
bələnmiş bu nisgilli misralar Qarabağ həsrəti, Böyük Azərbaycan eşqi ilə çırpınan hər
bir türk övladını, poeziyasevərləri
ciddi şəkildə
düşündürəcəkdir.
Sona Vəliyeva kitaba yazdığı “Ruhun poetik yaddaşı” adlı ön sözdə N.Məmmədovanın
yurd həsrətli poeziyası və xüsusən “Şəhid
zirvəsi” poeması haqqında deyir: “Nəzakət xanımın
misraları yol olub Şuşadan, Xankəndidən, Xocalıdan,
Daşaltıdan keçib,
yol alıb Kəlbəcər, Laçın,
Qubadlı, Zəngilan,
Ağdam döyüş
meydanlarından keçir,
içimizin ağrısına
bələnərək ümid-ümid
çiçəkləməyə tələsir... Proloqla başlayan ümid,
zəfər, qələbə
dastanını müəllif
epiloqla yekunlaşdırır.
Beləcə sonda şəhidlik
müharibədə yurd
həsrətinin ən
ilahi məqama qovuşması kimi dəyərləndirilir. Qələbəyə gedən yollar şəhid vermədən
açılmaz. İlk misrasından
başlayaraq son epiloqa
qədər müəllifin
yurd sevgisi, yurd arzuları, ağrının yaddaşından
süzülərək hər
birimizi döyüşə,
zəfər, qələbə
gününədək rahat
olmamağa səsləyir”.
B.Vüsalın müəllifin şəxsiyyətindən
və poeziyasından bəhs edən “Sözdən düşən
işıq, yaxud ağrıyan ruh...” adlı yazısında bu fikirlər diqqət çəkir: “Nəzakət Göyün
Yer dərdini, Yerin Göy dərdini çəkə-çəkə
cadar səhraları yağışa, cadar dodaqları neyə həsrət qoymayan şairlərdəndir. Dərdlər içində ən ağır dərdlərdən
biri də əlbəttə ki, Yurd həsrətidir, Yurd dərdidir... Nəzakətin Xocalı faciəsinə
həsr olunmuş “Şəhidlik zirvəsi” poeması onun kimliyini, vətəndaşlıq
pasportunu daha yaxşı əks etdirir, ehtiva edir. Bu əsər
Vətənin əsgərləri
haqda, Vətən, yurd dərdi çəkənlərin qeyrəti
haqda rekviyemdir, elegiyadır”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 5 may.- S.13.