Vətənsevərlikdə və
maarifpərvərlikdə Xəlil ağa
Hacılarov örnəyi
100 il bundan
əvvəl Naxçıvana
erməni-daşnak quldur
dəstələrinin hücumu
başlanan kimi Naxçıvanın vətənpərvər
və qürurlu oğulları tutduğu mövqelərdən asılı
olmayaraq Naxçıvana
qayıtdılar.
Daşnakların və onların himayədarları olan xarici müdaxiləçilərin
qarşısını almaq
üçün onlar
qətiyyətlə doğma
Naxçıvanın müdafiəsinə
qalxdılar. Həmin illərə aid olan sənədləri öyrənərkən
bu vətənpərvər
oğullar içərisində
Xəlil ağa Hacılarovun da adına tez-tez
rast gəlinir.
1919-cu il 30 yanvar
tarixli bir sənəddəki məlumata
görə, təşkil
edilmiş komissiyanın
tərkibində Xəlil
ağa da vardır. 1920-ci ildən
sonra ancaq maariflə bağlı sənədlərdə adı
çəkilən Xəlil
ağanın 1918-1920-ci illərdəki
fəaliyyəti haqqında
o qədər yazılmayıb.
Xəlil
ağanın adı yazıçı Əli Səbri Qasımovun və Əziz Şərifin xatirələrində
də hörmətlə
çəkilir.
Xəlil
ağa İsmayıl ağa oğlu Hacılarov 1892-ci ildə
(bəzi sənədlərdə
1895-ci il) Naxçıvan şəhərində
doğulmuşdu. O, 1906-cı ildə Naxçıvan şəhər məktəbini,
1913-cü ildə isə
Qori Müəllimlər
Seminariyasını bitirmişdi.
Bir müddət müəllimlik
etdikdən sonra təkrar təhsilini davam etdirmək üçün Tiflisə
qayıdır. Baxdığımız sənədlərdə onun
Stavropol Ali Pedaqoji İnstitutunda
və Tiflis Aleksandrovski
Müəllimlər İnstitutunda
təhsil alması haqqında məlumatlara rast gəlinir.
1918-ci ildə Naxçıvana
qayıdan Xəlil ağa Naxçıvan şəhərindəki ibtidai
məktəbdə müəllim
işləyir. O illərdə müəllim işləməklə
yanaşı, Naxçıvanda
yaradılan Araz Türk Respublikasının
fəal üzvlərindən
olur. Onun ata babası
Həşim ağa çar Rusiyasının hökmranlıq etdiyi illərdə Naxçıvanın
pristavı vəzifəsində
çalışıb. Xəlil ağanın təhsil almasında onun yaxın qohumu polkovnik Əbülfət ağa Şahtaxtinskinin böyük köməyi olub. Ancaq Xəlil ağanın Şahtaxtinskilərlə necə
qohum olduqlarını
ətraflı öyrənmək
mümkün olmasa da, onun Tiflisdə
təkrar ali
təhsil almasında,
o vaxtlar Qafqazda çox böyük nüfuzu olan Əbülfət ağa Şahtaxtinskinin rolu vardı.
Araz Türk
Respublikasının əldə
edilən sənədlərini
öyrənərkən aydın
olur ki, həmin illərdə Xəlil ağanın adı həmişə böyük şair və dramaturq Hüseyn Cavidlə birgə çəkilir. Onun rus dilini mükəmməl bilməsi bir çox müraciətlərin
və məktubların
hazırlanmasında əsaslı
yardım göstərmişdir.
Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan MSSR-in torpaq
işləri üzrə
xalq komissarının
müavini təyin edilir. 1922-ci ildən 1928-ci ilə qədər Naxçıvan MSSR-in Xalq
Maarifi Komissarlığının
kollegiya üzvü olan Xəlil ağa Hacılarov Naxçıvanda qısamüddətli
pedaqoji kursların, bir sıra məktəblərin
təşkil olunmasında
böyük xidmətlər
göstərir. Onun gördüyü
bu işlər haqqında olan sənədlər Naxçıvan
Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunur.
Xəlil ağa Hacılarovun "zikur" və "ünas" pedaqoji texnikumlarında pedaqoji fəaliyyəti tədqiqatçı
alimlər İbrahim Mollayev və Nazim Məmmədov tərəfindən tədqiq
edilib. Ona görə də
bu haqda geniş söhbət açmayacağıq. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin tapşırığı
ilə Xəlil ağa Naxçıvan Pedaqoji Texnikumunu yaradıb. Onun özünü texnikuma
müdir təyin etmişlər. 1927-ci ildə texnikumun ilk buraxılışı olur.
Sovet hakimiyyəti illərindəki
sənədlərdə sadəcə
Xəlil Hacılarov yazılan Xəlil ağanı zadəgan mənşəyinə görə
həmişə təqib
edirdilər. Əgər o illərə aid sənədləri
izləsək, bunun şahidi olarıq.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvana
gələrkən etdiyi
tarixi çıxışlarının
birində naxçıvanlı
doktor Məmmədtağı
Sultanov və onun təqib olunması haqqında ətraflı danışmışdı. Naxçıvanda hamının "doktor Sultanov" deyə müraciət etdiyi həkimin yaşadığı
gözəl mülk Zaviyə məhəlləsində,
Bazarçayın sahilində
idi. Alim Əziz Şərifin
atası ilə divar-divara qonşu olan Sultanovlar Xəlil ağanın yaxın qohumları idilər. Xəlil ağanın qızı
rus dili müəllimi olan Gülnarə xanım doktor Sultanovun oğlu Polad həkimin həyat yoldaşı idi. Bir az da irəliyə getsək, həm Sultanovların, həm də Hacılarovun Nehrəmdə geniş torpaq əraziləri var idi. Maraq üçün
deyək ki, dövlət xadimi və yazıçı N.Nərimanovun xalası Fatmanisə xanım doktor Sultanovun anası idi. Polad bəyin qızı İsmət xanım Balabəy Aşurbəyovun
həyat yoldaşı
olduğundan təqib edilənlərin siyahısında
onlar da vardı. Bütün bu təqiblər
Xəlil ağanın
da həyatından yan keçmədi.
1928-ci ildə Xəlil
ağa Tiflisə köçməyə məcbur
olur. O, 1941-ci ilə qədər
Tbilisi Azərbaycan Pedaqoji
məktəbinin və
fəhlə fakültəsinin
dərs hissə müdiri işləyir. Xəlil ağa 1939-1950-ci illərdə A.S.Puşkin
adına Tbilisi Dövlət Müəllimlər
İnstitutunun Azərbaycan
şöbəsində baş
müəllim işləməklə
bərabər, eyni zamanda, həmin şöbənin müdiri
olub. 1950-1957-ci illərdə isə Gürcüstanın ayrı-ayrı
məktəblərində dərs
müdiri və müəllim işləyib.
Xəlil ağa, necə deyərlər, gözdən
uzaqda yaşamaqla onu izləyən təhlükələri özündən
müəyyən qədər
uzaqlaşdırmağa nail olmuşdu. Qürbətdə Naxçıvan həsrəti
ilə yaşasa da, qəlbən bağlandığı pedaqoji
fəaliyyəti yüksək
qiymətləndirilmiş, buna
görə bir sıra orden və medallarla təltif edilmişdir.
1957-ci ildən təqaüdə
çıxsa da, ömrünün sonunadək
pedaqoji təcrübəsini
gənc müəllimlərə
öyrətmişdir. Keçən
il Tbilisidə
olarkən onun bir vaxtlar işlədiyi
Azərbaycan məktəbinə
getdim. Çox maraqlı bir
faktla rastlaşdım.
Hələ də onu həmin məktəbdə
hörmətlə xatırlayırlar.
Başqa
bir həmyerlimizin qızı Nazlıbəyim
Şahtaxtinskaya (İsa
Sultanın qızı)
da onunla həmin məktəbdə
işləyib. Gürcüstanın Əməkdar müəllimi
Xəlil ağa 1970-ci
ildə Tbilisidə vəfat etmişdir. Yeri gəlmişkən, Xəlil
ağanın iki oğlu da maarif
sahəsində tanınmış
pedaqoqlar olmuşlar.
1925-ci ildə Naxçıvanda
anadan olan oğlu Kamal 1943-cü ildə Tbilisidəki 43 nömrəli rus orta məktəbini bitirib, Dmitrov adına Tbilisi aviasiya zavodunda usta köməkçisi, sonra isə müstəqil usta kimi işləyir. O,
1945-ci ildə A.S.Puşkin
adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat
şöbəsinə daxil
olur və 1949-cu ildə oranı bitirir. Elə həmin ildən həyat və fəaliyyətini xalq maarifinə bağlayan həmyerlimiz 1973-cü ildə
Gürcüstanın əməkdar
müəllimi fəxri
adına layiq görülür. O da atası Xəlil
ağa kimi bir çox medalların, fəxri fərmanların və
döş nişanlarının
sahibidir.
Tbilisidə çox böyük nüfuz sahibi olan Kamal müəllim 1981-ci il yanvarın 6-da vəfat edib. Tblisinin Nutsubidze küçəsində naxçıvanlı Xəlil ağanın varislərinin bu gün də yaşadığı bir ev var. Burada yaşayanların qəlbində kövrək bir nəğmə çalınır. Həmin nəğmədəki vətən həsrəti-Naxçıvan həsrətidir. Bir vaxtlar doğma Naxçıvanı quldur yağı daşnaklardan qoruyan Xəlil ağa ilə Tbilisidə və Naxçıvanda öyünməyə, qürur duymağa mənəvi haqları var.
Musa RƏHİMOĞLU (Quliyev)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2018.- 8 may.- S.8.