Ruhu məğlubiyyətlə
barışmayan şair
ƏLİ MAHMUDUN 70 İLLİYİNƏ
Şuşadan, Qarabağdan ayrı düşmüş
şairlər var. Onlardan biri də Əli Mahmuddu. O Əli Mahmud ki qələmini
həmişə döş cibindən vətəndaşlıq
cəsarətiylə çıxarıb. Elin,
obanın, bütövlükdə, xalqın təəssübünü
çəkə-çəkə yazıb-yaradıb.
Əli
Mahmud 1948-ci il mayın 1-də
Laçın rayonunun Piçənis kəndində
doğulub. Bu günlərdə onun 70
yaşı tamam oldu. Və beləcə, Əli Mahmudun
70 illik həyat
və 50 ilə yaxın da keşməkeşli
yaradıcılıq yolu gözlərim önündə
canlanır. O, iki fərqli dövrdə fəaliyyət
göstərib, yazıb-yaradıb - həm siyasi-ideoloji
basqıların, təzyiqlərin insan ruhuna hakim olduğu bir
dövrdə, həm də sözün azadlığa, günəş
işığına çıxdığı bir zamanda -
müstəqillik illərimizdə. Onun ədəbi
taleyi sınaqlardan keçə-keçə zamanımıza
öz saflığı, duruluğu ilə birgə gəlib
çıxıb. Biz indi onu həm sovet
dövrünün, zamanının şairi, həm də
çağdaş, müstəqil Azərbaycanın şairi
kimi tanıyırıq. Postsovet ədəbi
mühitinə məxsus müsbət əlamətləri də
bir şair kimi özündə qoruyub-saxlayıb. Eyni zamanda, sözün müasir ruhunda da özünəməxsus
koloritilə, zəngin yaradıcılıq nümunələrilə
seçilən yazarlarımızdan biridir. Ədəbi yaradıcılığı Qarabağ
tabloları, parçalanmış Vətənin
ayrılıq, həsrət dolu əzabları ilə
çulğalaşıb. Nəticədə,
onun yazdığı bütün poetik örnəklər
canında, qanında təpər olan hər bir
soydaşımızın milli mənliyinin, milli
özünüdərkinin formalaşmasına təsirsiz
ötüşmür. Əli Mahmudun
yaradıcılığı ilə nə vaxt baş-başa
qalıramsa, o zaman sanki XIX əsr ədəbi mühiti də
yaddaşımdan bir-bir gəlib keçir. O
dövrün düşüncəsi, şifahi yaddaşı,
hər cür tərənnüm vasitələri Əli müəllimin
şeirlərində milli-mənəvi
yaddaşımızın bir guşəsi kimi əzizlənir,
nazlanır. Bir sözlə, şair bu günə, sabaha
olduğu kimi, dünənə, ötən çağlara da böyük
sevgilə yanaşır. Dedik ki, Əli Mahmud
Şuşadan, Qarabağdan ayrı düşmüş, lakin
qəlbi doğma yurd eşqi ilə çırpınan
şairlərimizdəndir. Ədəbiyyatşünas, tənqidçi
Vaqif Yusifli bu məqamda çox doğru qeyd edir:
"...Əli
Mahmud mənim üçün Qarabağın mənəvi təcəssümüdür.
Tale elə nəhs gətirib ki, iki dəfə
Şuşaya getmək istəmişəm, amma gedə bilməmişəm.
Bax, Əli Mahmud mənim üçün həmin
Şuşadır - bütün şanlı tarixilə, indisiylə.
Qarabağdan, o cümlədən, Şuşadan
çoxlu tanışım var. Amma onların hamısı bir
yerdə - bütün gözəl xüsusiyyətlərilə
birgə Əli Mahmud obrazında cəmlənir. Yəni
mən əsl qarabağlıdan və əsl
şuşalıdan danışıram..."
Bəli, sözün gerçək mənasında
Əli Mahmud Piçənisdə doğulmasına baxmayaraq, həm
də təpədən-dırnağa bir şuşalı,
qarabağlıdır. Çünki Şuşa
ağrısı onun dilinin ucunda bitib. Və istər-istəməz
bu ağrını heç bir misrasında, heç bir beytində
gizlədə bilmir.
...Şuşa şəhərlərin baş
şəhəriydi,
Yaddaş
şəhəriydi, daş şəhəriydi -
deyən
şairin içində, ruhunda tüğyan edən Vətən
yaralarını gözündən, alnının
qırışlarından, sözünün hərarətindən,
od-alovundan oxumaq olur:
Para meşə paradımı?
Qara daşım qaradımı?
Dağlar məni aradımı?
Kimə
dedi gileyimi?
Saçlarımda
mehi qalıb,
Əllərimdə
şehi qalıb,
Bu
dağların nəyi qalıb,
Çalınmayan bir neyimi?
Məncə,
o ney təcavüzə məruz
qalmış insan taleyinin ən kədərli nəğməsini
çalmaq istəsəydi, yenə də şairlərə
üz tutardı. O şairlərdən biri də elə
haqıında danışdığım müəllifin
özüdür. İçində həm də
millətin ağrı-acısını gəzdirən, ruhu
etiraflarla dolu bir şairin özü.
Ürəyimiz
dağlı hələ,
Yollarımız
bağlı hələ,
Bir
qılıncam zağlı hələ,
Bəs
niyə qoruyammadım,
Quzeyimi, güneyimi?
Bu yerdə
yenə də cəfakeş tənqidçimiz Vaqif Yusiflinin
şair haqqında dedikləri yadıma düşür:
"Əli Mahmudun haqqı var qışqırmağa ki
"Vətən, haram olsun bizə çörəyin".
Elə şairlər var ki, onların bu və ya digər
misraları buz üstdə yeriyən poeziyanı
xatırladır. Əli Mahmudun da elə misraları var ki,
onu təkrar-təkrar yada salmaqdan, misal gətirməkdən
çəkinmirsən. Yada salacağım həmin
misralar da şairin poeziyasının baş tacı hesab etdiyi Şuşa haqqındadır:
Dan yeri
qanla
Sökülən şəhərim.
Kişnərtisi
qızıl qayada
boğulub itən,
tövləsi, axuru sökülmüş,
yüyəni, yəhəri yandırılmış,
inadı
sındırılmış
Kəhərim.
Bax, həmin inadı sındırılmış kəhərin
- Şuşanın işğalının daha bir
ildönümüdür. Düşmən
tarixin elə bu günlərində Əli müəllimin
doğma kəndini - Meşəlini, Kərkicahanı, Malıbəylini,
Quşçuları, Xocalı qəsəbəsini viran qoyaraq
Şuşaya doğru irəliləyir. Amma
Şuşanın süqut edəcəyinə kimsə
inanmırdı. Və beləliklə,
Şuşanın işğalı günü Azərbaycan
xalqının mənəviyyatına, düşüncəsinə
endirilən böyük zərbə, hər bir yurdsevər azərbaycanlının
bağrını qana döndərən fəlakət, daim
ürəyimizdə, gözlərimizdə sızlayan yaraya
çevrildi. O yara artıq vücudumuzda
üçüncü onilliyini yaşayır. Amma
eyni zamanda, bətnimizdə bir qeyrətin, şücaətin
formalaşıb doğulması ərəfəsini də
yaşamaqdayıq. Bu ruhu bizə dövlətimizin,
hökumətimizin tutduğu Azərbaycançılıq,
türkçülük yolu ilə bərabər, şair-yazıçılarımızın
- təkcə
silahın yox, həm də sözün qələbəsinə
inanan yaradıcı insanlarımızın mənəvi əzəməti
aşılayır. Biz mübariz şairlərin
şeirlərini oxuduqca, içimizdə bir dirçəliş
dalğası ləngərlənir. Bu
baxımdan, Əli Mahmudun da şeirləri hər zaman bir qayda
olaraq mübariz əhvali-ruhiyyə ilə bitir. Yəni
o, bir az əvvəldə də dediyim kimi,
heç vədə sözün bədii məğlubiyyətilə
barışmır.
Əli Mahmudun çox sevdiyim poetik obrazlarından biri də
"dağ" obrazıdır. Dağları vəsf
edən şairin dağlardan ayrı
düşdüyünün qüssəsini yaşadan
çoxlu şeiri var. Bu silsilədən "dağlara bahar gələr"
şeiri özəl poetik duyğular yaratmasıyla fərqlənir.
İnsanlar
qayaların
məxmər, mamır telləri.
Burum-burum
burular
dərələrin selləri.
Şimşəklər çaxar gələr.
dağlara bahar gələr.
Vətəni talan edilmiş, yurdu yağmalanmış
şairin dağlara mütəmadi üz tutması da təbiidir. O, dağlara bir əyilməzlik
simvolu, təbiətin nizamını qoruyan, yerin ləngərini
saxlayan güc-qüdrət mənbəyi kimi baxır.
Əli Mahmud obyektiv və təmənnasız bir
ziyalı, sakit və təmkinli bir insandı. Elə
yaradıcılığı da özünə bənzəyir.
Şeirləri öz təmkini və sanbalı
ilə seçilir.
Şairin əqidəsindən, xarakterindən doğan bu
müdrikliyinə, onun milli-mənəvi
yaddaşımızı daim ayaqda saxlayan ədəbi və
işgüzar fəaliyyətinə dövlətimiz və
müxtəlif ədəbi təşkilatlar həssaslıqla
yanaşaraq, yüksək qiymətləndiriblər. Belə ki o,
"Qızıl qələm", "Məmməd Araz",
"Dan Ulduzu" mükafatlarına layiq görülüb və
Prezidentimizin sərəncamına əsasən, "Tərəqqi"
medalı ilə təltif edilib.
Mənim
düşüncəmə görə isə, onun adı
qarşısına yazılan şair titulu bütün rəsmi və mənəvi
adlardan ucada dayanır. Əsası odur ki,
şair millətimizin məğlubiyyətilə
barışmır. Daim milli qürurumuzu,
soydaşlarımızın əqidə və amalını qələbə
uğrunda inama kökləyir. Doğrudur,
onun şeirlərinin əsas qəhrəmanı Vətəni
talan olmuş, yurdu yandırılmış, ocağı
söndürülmüş Azərbaycan
övladlarıdır. Lakin bu
övladların, şeirlərində poetik məni
canlandırılan bu qəhrəmanların gözündən
bir ümid işığının boylanmasını da
görürük. Şair özü də
etiraf edir ki, ruhu məğlubiyyətə uğramayan bir millət,
bir xalq nə vaxtsa öz haqqını tələb edərək,
öz ədalətini bərpa edəcəkdir. Əsası odur ki, ruhumuzun işğalı baş
verməyib. Şair ən adi təbiət
təsvirlərində də bu qəbildən olan
sarsılmazlığı poetik fikir kimi ortaya qoyur. Zərifliyi, nəcibliyi Allah da qoruyur. Yetər ki, varlığın, insanın içərisindəki
inam qırılmasın, itməsin. İşıq
nə qədər gur olsa da, gözlərini qırpmadan
işıq selinə baxa bilmək üçün insanın
mənəvi ləyaqəti büdrəməməlidir.
Qarabağın Araza doğru millənən son ətəklərində,
yamaclarında - doğulduğum Cəbrayıl
torpağında da bənövşələr adətən
qayaların sığınacaqlarında, daş taxçalarda
və qaratikan kollarının dibində qorunardı. Bir qədər
geniş sferadan yanaşanda, bu üç-dörd sətirə
bütöv bir həyatın fəsləfəsi
sığışdırılıb. Həm
də təkcə fəlsəfəmi? Diqqət
etsəniz, bu misraların arasında böyük bir tarix də
uyuyur - qanlı-qadalı bir tarix. Xocalıda,
Laçında, Şuşada, külli Qarabağda əsir
düşən, qanı axıdılan, qətlə yetirilən,
ruhuna və məninə təcavüz edilən qan qardaşlarımız,
bacılarımız, analarımız yada düşür. Şeirdə o da xatırlanır ki, sən demə,
zərifliyi qorumaq üçün tikanlar da gərəkmiş.
Və düşmən bizim zəriflyiimizə
susasa da, tikanlarımızı da görməlidir.
...Düşüncələrimi
şairin sevdiyi poetik obrazlardan biri olan dağa müraciətlə
yazdığı misralarla bitirmək istəyirəm.
Uca
dağ,
Bütün
dağlardan
Qoca
dağ!
Gəlmişik,
Bir ürək
sevgi
Gətirmişik sənə.
Övlad
məhəbbətiylə
Qorunacaqsan yenə.
Bu da
Əli Mahmudun özünəməxsus poetik vüqarı və
gələcək qələbəmizə inamı işarələyən
zəfər nidası...
Amma təəssüf, min təəssüf ki hələ də həsrət, hicran, ayrılıq onun başı üzərində amansız cəllad kimi dayanır. Şairin öz ifadəsiylə desək, əlində də zağlı qılıncı. Klassik düşüncədə deyildiyi kimi, başım cəllad əlində - nə kəsər, nə bağışlar...
Fariz ÇOBANOĞLU
525-ci qəzet.-
2018.- 8 may.- S.8.