Uğurlarla zəngin
yaradıcılıq yolu
XALQ YAZIÇISI ELÇİNİN YARADICILIĞINDA İNTERTEKSTUAL ƏLAQƏLƏR
... Ədəbiyyat həm də üslubi rəngarəngliyin,
daha doğrusu, müxtəlif üslubların məcmusudur.
Yazıçı
öz üslubunu "yaradıb" formalaşdıra bilmirsə,
polifonik ədəbi "orkestrdə" onun "solo"su
eşidilmirsə, böyük ədəbiyyat və ciddi ədəbi
sima haqqında söhbət gedə bilməz. Elçin
öz üslubu, öz ifadə və təhkiyə tərzi
olan yazıçıdır. Əgər
belə demək caizsə, o, yazıçı-stilistdir.
Əsl ədəbiyyat
həm də mövzuların rəngarəngliyi,
çeşidli hadisələrə müxtəlif bucaqlar
altında baxmağın bədii-estetik formalarından biri,
habelə sözün müəyyən mənasında, ədəbi
iddiası olan adamın öz mövzu
"monopoliyasına" malik olması deməkdir. Elçin "öz mövzusu" olan
yazıçıdır. Onun ədəbi
personajlarının - qəhrəmanlarının əksəriyyəti
heç də böyük xarüqələr yaradan "qəhrəmanlar"
deyil. Lakin bu "qəhrəman" olmayan (və ya ola bilməyən) qəhrəmanlar (obrazlar) məhz
Elçinin təqdimatında orijinal təsir
bağışlayır. Doğrudur, ədəbi təsərrüfatda
Elçinə qədər də həmin obrazlara, bir az da başqa cür desək, həmin qəhrəmanlara,
müraciət edilib. Lakin etiraf etmək lazımdır ki, bu
cür "qəhrəmanların" əksəriyyəti o
vaxtacan başqa "platforma" və ampluada təqdim olunub;
belə ki, qəzet-jurnal səhifələrində, ekran-efir
dalğalarında, məsələn, "aerodrom"
kepkalı mirzoppalar, mirzağalar, baladadaşlar uzun illər tənqid
və istehza hədəfinə çevrilib. Məhz
Elçinin təqdimatında oxucu bu "antiqəhrəmanları"
yeni rakursdan seyr etmək, onlarla yaxın(dan)
tanış olmaq imkanı əldə edib. Və əgər
bu cür ifadə etmək təbiri-caizsə, bir çox ənənəvi
"mənfi qəhrəmanları" Elçin ədəbiyyata
təzə "xasiyyətnamə" ilə təqdim edib;
yazıçı özünün bir vaxtlar ittiham olunan,
"təqib olunan" qəhrəmanlarına qeyd-şərtsiz
"ədəbi reabilitasiya" verib.
Ədəbiyyat - həyatın bədii inikası deməkdir. Elçinin qəhrəmanları
(hətta mifoloji və ya tarixi personajları belə) diri,
canlı və həyatidir.
Elçinin ayrı-ayrı əsərləri haqqında
ədəbi tənqiddə vaxtaşırı söhbət
açılıb. Mən bu müxtəsər yazıda
yazıçının yaradıcılığının
yalnız ümumi məziyyətlərinə toxunaraq qısaca
onu deyə bilərəm ki, Elçin öz dəst-xətti,
öz mövzusu, öz qəhrəmanları, öz
stixiyası və özünəməxsus ədəbi
arqumentləri olan yazıçıdır. Onun roman, povest, hekayə, esse, dram və oçerkləri
bir sıra dillərə tərcümə olunub, müxtəlif
məmləkətlərdə çap edilib.
Elçin həm də ədəbi prosesi (geniş
spektrdə) diqqətlə izləyən tənqidçidir. Əgər o,
bədii əsərlərində hadisələrin "induktiv
tədqiqinə" daha çox diqqə yetirirsə, ədəbiyyatşünaslığa
aid əsərlərində "deduktiv təhlilə"
üstünlük verir. O, bədii yazılarında
"detallarla", elmi-tədqiqat xarakterli əsərlərində
isə paradiqmalarla "danışmağı" sevir.
Və
kiçik bir haşiyə (xatirə):
1978-ci ildə mən Uzaq Şərqdə, Vladivostok
şəhəri yaxınlığındakı hərbi hissələrdən
birində - tank alayında xidmət edirdim. Həmin ilin
qışında xəstələnib hospitala
düşmüşdüm. Məni müalicə edən
zabit-həkim həm də ziyalı bir adam
idi; ədəbiyyatla ciddi maraqlanırdı. Amma
ən çox oxuduğu rus klassikləri idi. Mən onunla tez-tez mübahisə etməli olurdum.
Məsələ burasında idi ki, həkimin digər
xalqlar, o cümlədən, Azərbaycan xalqı və onun ədəbiyyatı
haqqında təsəvvürü sıfıra bərabər
idi.
Mən müalicə olunduğum müddət ərzində
həkim "dostum"a ədəbiyyatımız barədə
xeyli informasiya verdməli oldum. Hospitalın kitabxanasından əldə
etdiyim (rus dilində çap olunmuş) kitabları - Mirzə
Cəlilin, Çəmənzəminlinin, Mirzə
İbrahimovun, İsmayıl Şıxlının əsərlərini
az qala zorla ona oxutdurur, rəyini öyrənmək
istəyirdim. Elə həmin günlərdə
"Yunost" jurnalının bir sayı əlimə
keçdi; orada Elçinin "Gümüşü
furqon" ("Serebristıy furqon") əsəri çap
olunmuşdu. Səhv etmirəmsə,
orijinalda vaxtilə "Bir görüşün tarixçəsi"
adı ilə çap edilmiş həmin povesti də
hospitaldakı "ədəbiyyat aşiqinə" oxutdurdum.
Əsər zabit- həkimin xoşuna gəlmişdi.
Hətta özünün dediyinə görə, həkimlərin
"beşdəqiqəlik" yığıncağında
fürsət tapıb təzəlikcə tanış
olmağa başladığı Azərbaycan ədəbiyyatı
və o cümlədən, adını ilk dəfə
eşitdiyi yazıçı Elçinin Moskvada
"Yunost" jurnalında çap olunmuş yeni əsəri
barədə xoş təəssüratını
bildirmişdi.
... Bəzən sənət əsəri böyük bir
təbliğat maşınının görə bilmədiyi
işi görür. Elə sənətin
bir məziyyəti də bundan ibarətdir.
Biz iki epoxanın qovşağında yaşayan
yazıçıya yeni yaradıcılıq sevincləri arzu
edirik.
May, 2003
... On beş il öncə yazılmış bu
müxtəsər qeydlərə onu da əlavə etmək
olar ki, bu ötən zaman ərzində Elçinin qələmə
aldığı bir sıra ciddi elmi-nəzəri yazılar,
habelə dram və nəsr əsərləri ədəbi
mühitin diqqət mərkəzində olmuşdur.
Sual
yaranır: yazıçının
yaradıcılığında diqqəti cəlb edən
başlıca cəhətləri necə səciyyələndirmək
olar? Əlbəttə, bu məsələ barədə
konkret kanon və reseptlər çərçivəsində
iddialar yürütmək bir qədər çətin
olardı.
İndiki halda onu demək olar ki,
yazıçının müraciət etdiyi mövzular və
eləcə də obrazlar mif, tarix və müasirlik kontekstində
boy verməkdədir. Və bu cəhətlərin konstruktiv
mahiyyətindən çıxış edərək
Elçinin yaradıcılıq nümunələrini də məhz
həmin adekvat prinsiplər müstəvisində-neomifoloji,
realist və postrealist əsərlər kimi nəzərdən
keçirmək olar.
Son illərdə linqvistikada geniş işlədilən
bir termin artıq tənqid və ədəbiyyatşünaslıqda
da özünə möhkəm yer tutmaqdadır. Bu,
"intertekst" və ya "intertekstuallıq"
istilahıdır. Adından
göründüyü kimi, bu anlayışın alt
qatında "gizlənmiş" bir mətn və dialoq
anlayışı aydın sezilməkdədir. Bəli, burada həm müxtəlif üsluba malik
yaradıcı adamların
ortaya qoyduğu mətnlərin, həm də müəllifi
konkret şəkildə bəlli olmayan əsərlərlə
konkret müəllif tekstlərinin "səsləşməsindən"
söhbət gedir. Bu mənada
"intertekstuallıq" təkcə bədii deyil, həm də
elmi əsərlərdə özünü büruzə verməkdədir.
Bəs Elçinin yaradıcılığında bu
"dialoqun" (başqa sözlə,
"intertekstuallığın") kökünü hansı
mətnlərdə axtarmaq olar? Mən bu kiçik
qeydlərdə yalnız onu deyə bilərəm ki, intertekst
Elçin yaradıcılığının bütün mərhələlərində
özünü göstərmişdir. Onun
təkcə təsvir etdiyi hadisə və qəhrəmanlar
deyil, zamanlar və məkanlar da biri digəri ilə dialektik
bağlılığa malik fenomenlər kimi diqqəti çəkir.
Elçinin realist planda qələmə
aldığı obrazlar kimlərdir? Bunlar ilk növbədə
məhdud, "kameratik" mühitdə böyüyən
"kiçik adamlardır". Yazıçı
özünün bu "adi" qəhrəmanlarını
sanki mikroskop altında öyrənir və təqdim edir.
Yazıçının tarixi-mifoloji planda qələmə
aldığı əsərlərin qəhrəmanları isə
"kiçik adamlardan" fərqli olaraq, nəsillərə
zaman-zaman tarixin və yaddaşın nəhəng simaları
kimi təqdim olunmuş persona və personajlardır.
İntertekstuallıq prizmasından yanaşdıqda qəribə
nəticələrə gəlib çıxırıq. Sən demə, mətnlər
arasındakı "səsləşmə" və ya "dialoqu"
bütün hallarda "yad ədəbi qütblər"
arasında axtarmaq işin yalnız bir tərəfidir. Bu mənada Elçinin tarixi və müasir
mövzularda qələmə aldığı mətnlərdə
kifayət qədər assosiotiv, yəni "intertekstual momentlər"
tapmaq mümkündür.
Geniş
oxucu auditoriyasının mühüm kəsimi Elçinin "Mahmud və Məryəm",
"Ağ dəvə", "Qətl günü",
"Baş" romanları ilə
tanışdır. Əgər yazıçı bayaq dediyimiz
kimi, öz realist qəhrəmanlarını "mikroskop
altında" təqdim edirsə, postrealist qəhrəmanlarını
sanki "teleskopla" müşahidə edir və buradaca
xatırlatmağı vacib bilirəm ki, Elçinin
"Teleskop" adlı pyesi də vardır.
Təkcə oxucular deyil, elə peşəkar ədəbiyyatşünaslar
da həmin əsərlərin janrının müəyyənləşdirilməsi
zəminində müəyyən mübahisələrin
şahididir. Hər bir istedadlı yazıçı həm də
istedadlı oxucudur desək, zənnimcə, səhv etmərik.
Bu mənada Elçin dünya ədəbiyyatına
yaxından bələd olan, geniş mütaliəli bir sənətkardır.
İndiyəcən onun tarixi-mifoloji planda
yazılmış əsərlərinin üslub və janr
xüsusiyyətləri barədə bir sıra mülahizələr
söylənmişdir. Əlbəttə,
bu əsərlərdə biz realizm və postrealizm, modernizm və
postrealizm, mifoloji və neomifoloji elementlər tapmaq
mümkündür. Və burada, yeri gəlmişkən,
bir nüansa toxunmaq istəyirəm: yazıçı, hətta
elmi-nəzəri cəhətdən ən hazırlıqlı
yazıçı belə, öz yazdıqlarının estetik
mahiyyətini tam dolğunluğu ilə açmağa qadir
deyildir. Bunun üçün daim "yad gözə",
"yad baxışa" ehtiyac duyulur. Bu
da təbii bir haldır. Heç bir halda,
heç bir normal yazıçı əlinə qələm
alarkən əsərinin hansı janrda, hansı üslubda və
ya hansı metodoloji prinsiplər əsasında
yazılacağını əvvəlcədən müəyyən
edə, "dəqiqləşdirə" bilməz. Klassiklərin bir çoxunun haqlı olaraq dedikləri
kimi, üslub və janr - elə yazıçının
özü deməkdir. Bu mənada, hər
bir qələm əhlinin, eləcə də Elçinin əsərlərinin
janr və üslub xüsusiyyətlərini müəyyənləşdirmək
məhz ədəbiyyatşünaslığın və ədəbiyyatçıların
borcudur.
Elçinin yuxarıda adı çəkilən
romanları barədə fikir söyləyən ədəbiyyatçılar
bir çox hallarda həmin əsərləri polifonik əsərlər
qisminə aid edirlər. İncəsənət və mədəniyyət
nəzəriyyəçisi Mixail Baxtin vaxtilə Tolstoy və
Dostoyevski yaradıcılığından söhbət
açarkən birincini daha çox monoloji, ikincini isə
polifonik romanlar müəllifi kimi xarakterizə edirdi. Özlüyündə maraqlı yanaşmadır.
Amma hesab edirəm ki, üslubları bir-birindən kəskin
şəkildə fərqlənən hər iki dahi sənətkarın
yaradıcılığında kifayət qədər
"ümumi cəhətlər", "səsləşmələr"
də tapmaq mümkündür.
Bəli, bir qədər əvvəl başlanan söhbətə
qayıdaraq bunu da demək olar ki, intertekstuallıq
bütün yaradıcılığı boyu Elçin
yaradıcılığını izləmişdir. Həm də
bu "dialoq" təkcə mövcud mətnlər, hadisələr
və qəhrəmanlar arasında baş vermir. Əsl yazıçı həm də öz
yaratdığı obrazlarla daim təmasda olur, onlarla
mübahisəyə girişir, onların fikirlərini tənqid,
təkzib və ya təsdiq edir. Hesab edirəm
ki, məhz bu cəhət də yazıçı ilə obraz
arasındakı intertekstual əlaqə, rabitə və
bağlara aid edilə biləcək bir fenomendir.
Sözümün sonunda, həyat və yaradıcılığının ən məhsuldar dövrünü yaşayan Xalq yazıçısı Elçinə möhkəm cansağlığı arzu edirəm.
May, 2018
Firuz
MUSTAFA
525-ci qəzet.-
2018.- 8 may.- S.8.