Məryəm Əlizadə:
"Şuşalı günlərimin xiffətini çəkirəm"
"MƏNİM ÜÇÜN ŞUŞANIN İŞĞALINDAN BÖYÜK FACİƏ YOXDUR"
Müsahibimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
prorektoru Məryəm Əlizadədir.
- Məryəm
xanım, bu gün cəmiyyətimizdəki hərbi vətənpərvərlik
ovqatını necə dəyərləndirirsiniz?
- Mən
müəlliməm, daha çox gənclərlə işləyirəm.
Müşahidələrimə əsasən tam
inamla deyə bilərəm ki, torpağını, yurdunu sevən
vətənpərvər bir gənclik yetişib. Aprel döyüşləri gedən günləri
yaxşı xatırlayıram. Gənclər
həmin vaxtlar heç bir çağırış gözləmədən
orduya yollanmağa hazır idilər. Halbuki onlara heç
kim səfərbər olmaq əmri verməmişdi.
O günlərdə gənclərin hərbi vətənpərvərlik
hissləri coşmuşdu. Onlar özlərini
yurdumuzu qorumağa hazır hesab edirdilər. Əgər həmin ərəfədə Ali Baş
Komandanın əmri olsaydı, gənclərimiz yurdumuzu
işğalçılardan azad etmək üçün
döyüşlərə atılmağa və düşməni
məhv etməyə yollanacaqdılar. Bu,
çox müsbət haldır. Vətənpərvərlik
elə bir hissdir ki, o, insanda birdən-birə
formalaşmır. Yaşadığımız
mühit özü vətənpərvər gənclər hazırlayır.
Həmişə qəhrəman olan Azərbaycan
xalqı tarixdə pozulmaz izlər qoyub. Qədim
tariximizə boylananda çox şərəfli səhifələr
görürük. Qəhqəmanlıq ənənələri
bu gün də gənclərin qanında yaşamaqdadır.
Bu gün cəmiyyətdə vətənpərvərlik
ovqatı yüksəkdir. Amma
düşünürəm ki, bu, azdır. Axı biz, müharibə şəraitində
yaşayırıq, torpaqlarımızın iyirmi faizindən
çoxu ermənilər tərəfindən işğal
edilib. Ona görə də tədris ocaqlarında bu
istiqamətdə çox ciddi işlər
aparılmalıdır və aparılır da... Vətənimiz, müstəqilliyimiz naminə
hamımız çalışmalıyıq. Yurdumuzu qorumaq bizim vətəndaşlıq
borcumuzdur.
-
Müharibələr zamanı ölkə vətəndaşlarının
üzərinə qaçılmaz vəzifələr
düşür. Hamı yalnız qələbə
naminə çalışmalıdır. Sizcə,
müharibə gedən günlərdə yazıçı və
şairlər, ümumiyyətlə, yaradıcı adamlar nə
etməli, hansı addımları atmalıdır?
- Hər
bir vətəndaş məsuliyyət hissini
unutmamalıdır. Müharibə gedən
ölkədə qələbə naminə bir vətəndaş
kimi şair, yazıçı, rəssam, bəstəkar, teatr
və kino xadimlərinin da üzərinə müəyyən
vəzifələr düşür. Düzdür,
yaradıcı insanlar bu istiqamətdə müəyyən
işlər görüblər, müharibə mövzusuna
müxtəlif əsərlər həsr ediblər, filmlər
çəkiblər. Acı olsa da deyim ki,
bütün bu əsərlər hələ istənilən bədii
səviyyəyə yüksəlməyib, hədəfə
düzgün istiqamətlənməyib. Müharibə
mövzusunda olan əsərlərin çoxu ağlaşma,
ahu-zar və göz yaşlarından ibarətdir. Gəlin bir anlıq düşünək, baxaq
görək belə zəif əsərlərlə gəncliyi
necə ruhlandırmaq olar? Bununla cəmiyyətin
içinə necə gedə bilərik? Bu
günlərdə mətbuat səhifələrində Xalq
yazıçısı Elçinin bir məqaləsini oxudum.
O, sozügedən məsələlərə daha tutarlı
faktlarla toxunur və çox haqlı olaraq təəssüflənir
ki, müharibə mövzusunda elə bir dəyərli,
dünya ədəbiyyatı səviyyəsinə
çıxarılması mümkün olan əsərlər
yazılmayıb. Məncə, bu mövzuda elə
əsərlər yaranmalıdır ki, onların bədii səviyyəsi
yüksək olsun, insanları düşmən üzərinə
səfərbər edə bilsin. Bu əsərlər
o qədər təsirli olmalıdır ki, hər bir vətəndaşın
içindəki vətəndaşlıq hissini oyatsın.
Ən başlıcası da odur ki, müharibə
mövzusuna köklənmiş əsərlərdən qələbə
qoxusu gəlməlidir.
- Böyük Vətən müharibəsi illərində
yazıçı və şairlər qələmə
sarılıb xalqı, döyüşçüləri qələbəyə
ruhlandıran əsərlər yazdılar. Amma Qarabağ
müharibəsində biz bu fəallığı
müşahidə etmədik. Sizcə, bu,
nədən belə oldu?
- Doğrudan da, o dövrdə
Böyük Vətən müharibəsindən bəhs edən
bədii cəhətdən çox güclü əsərlər
yaradıldı, filmlər çəkildi. O vaxtlar bizim
görkəmli şairlərimiz Səməd Vurğun,
Süleyman Rüstəm, Rəsul Rza və başqaları
tez-tez cəbhə bölgələrinə gedir, azərbaycanlı
döyüşçülər qarşısında
çıxış edir, onları qələbəyə
ruhlandırırdılar. Bu sənətkarların
qələmindən çıxan bədii əsərlər cəmiyyəti
müharibəyə səfərbər edə bilirdi. Üstündən uzun zaman keçməsinə
baxmayaraq, bu əsərlər bədii dəyərini bu gün
də qoruyub saxlayır. Böyük Vətən
müharibəsindən bəhs edən filmlər günün
bu günündə də sevilə-sevilə baxılır.
Deməli, bədii dəyəri yüksək
olan əsər həmişə tamaşaçı və
oxucu rəğbəti qazanır. Təəssüf
ki, Qarabağ müharibəsi zamanı bu fəallığı
görmədik. Çox istərdim ki, bizim
sənətkarlarımız və ədəbiyyat xadimlərimiz
bu mövzuya biganə qalmasınlar. Cəmiyyəti
Vətənin müdafiəsinə səsləmək
gücündə olan əsərlər yaratsınlar. Aprel döyüşləri bir daha sübut etdi ki,
bizim ordumuz, əsgərimiz çox güclüdür. Deməli, güclü döyüşçüdən
zəif əsərlər yazmaq bizə heç bir uğur vəd
etmir. Gərək sənətkar mövzuya
böyük önəm versin, işinə məsuliyyətlə
yanaşsın, onu dərindən duyub içindən
keçirsin. Müharibə mövzusuna səthi,
ötəri yanaşmaq yolverilməzdir. Məncə,
yaradıcı adamların devizi belə olmalıdır:
güclü ordu, güclü əsgər və güclü əsər.
Bu məşhur deyimi də heç vaxt unutmamalıyıq: Hər
şey qələbə üçün, hər şey cəbhə
üçün. Müharibə şəraitində
yaşadığımız indiki çağlarda bu, hər
birimizin, hər günümüzün şüarı
olmalıdır. Yaradıcı insanlar isə
həmişə ön sıralarda getməlidir.
- Məryəm
xanım, necə fikirləşirsiniz, qələm silaha nə
vaxt, hansı anlarda, hansı zamanlarda çevrilməlidir?
- Məncə,
qələm də silah kimi elə bütün zamanlarda
güclü və kəsərli olmalıdır. Yeri gələndə, məqamı yetişəndə
isə bu kəsər, bu itilik daha da artmalıdır. Müharibə şəraitində qələm, səs
və söz böyük səfərbəredici gücə
malikdir. Üçü bir vərəqdə,
bir musiqidə, bir əsərdə birləşəndə
daha güclü və yenilməz olur. Müharibə
vaxtı yerində və vaxtında deyilən söz çox
şeyi həll edə bilər. Məncə,
hətta səsin də rolu böyükdür. Böyük Vətən müharibəsi illərində
Levitanın səsində nə qədər səfərbəredici
qüvvət və qüdrət var idi. Qarabağ
müharibəsi barədə operativ məlumatları ictimaiyyətə
çatdıran Şəmistan Əlizamanlının səsi
çox təsirlidir. Onun oxuduğu
mahnı və marşlar isə hər kəsin
zövqünü oxşayır, vətənpərvərlik
hisslərini coşdurur. Böyük Vətən
müharibəsinin təcrübəsini unutmamalıyıq.
O dövrü əks etdirən həm bədii, həm də sənədli
filmlərdə güclü qələbə ovqatı var.
Düşünürəm ki, elə filmlər telekanallarda
tez-tez nümayiş etdirilməlidir. Bir də
ki, vətənpərvərlik ruhlu verilişlərin
meydanını genişləndirmək işimizin xeyrinə
olardı. Bu verilişlərə
müharibə mövzusunda danışmağa mənəvi
haqqı olanlar, vətəndaş mövqeyi nümayiş
etdirən insanlar dəvət edilsə, daha yaxşı olar.
Onda gənclər də elələrinə
baxıb nümunə götürərlər. Gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyə olunmasında təbliğat vasitələrinin
rolu böyükdür. Biz torpaqlarımızın iyirmi
faizdən çoxunun düşmən tapdağı
altında qaldığını bir an belə
unutmamalıyıq. Yurdumuzun qəsbkarlardan azad
olunması üçün hər birimiz bir vətəndaş
kimi üzərimizə düşən vəzifələri
yüksək səviyyədə yerinə yetirməliyik.
Bu, təkcə mənim deyil, bütün
ziyalıların fikridir. Böyük Vətən
müharibəsi illərində çox qısa bir zaman
içində qələmlər silaha çevrilib qələbəyə
xidmət etdi. Bu təcrübədən
biz də yararlanmalıyıq.
-
Müharibə rahat günlərimizə gərginlik qatıb
ovqatımızı korladı. Ağ günlərimizin
rəngi dəyişdi. Müharibəyə
qısaca necə tərif vermək olar?
-
Müharibə dağıdıcı bir qüvvədir. Müharibəni həyatın məhvi,
dünyanın sonu adlandırardım. Yüz
illərlə qurulan şəhərləri müharibə bir
neçə günün içində dağıdıb yerlə
yeksan edir. Mərmilər min illik tarixi abidələri
bir göz qırpımında yer üzündən silir.
Hansı ki, bu abidələr bəşəriyyət
tarixinin inciləridir. Amma müharibə tərəfdarı
olanlar sanki insan qanına susayıblar, bütün baş verənləri
görmək və duymaq istəmirlər. Maddi
maraq insanlığı, humanistliyi üstələyib. İnsanlara yalnız ölüm və acı göz
yaşları gətirən müharibələr yer kürəsini
məhvərindən çıxarır, onun
inkişafının, yaşamasının
qarşısını alır. Televiziya
ekranlarından Suriyanın dağıdılmış,
yandırılmış, daşı-daş üstündə
qalmayan şəhərlərinə baxanda göz
yaşlarımı saxlaya bilmirəm. Yer
üzünün bütün humanist insanları müharibəni
pisləməlidirlər. Görkəmli
ziyalılar sinəsini irəli verib milli mənəviyyatımızın
keşiyində dayanmalıdır. Əgər
müharibə insanlara ölüm, bəşəriyyətə
fəlakət gətirirsə, dünyanın harasında
olursa-olsun uca səslə ona "yox" deyilməlidir.
- Sizin həyatınız,
ömrünüzün bir parçası Şuşa
ilə bağlıdır.
- Mən Bakıda dünyaya göz açmışam,
amma uşaqlığım Şuşada keçib. Yeddi il
Şuşada, Malıbəylidə nənəmin yanında
qalmışam. Babam Səlim bəyin həm
Şuşada, həm də Malıbəylidə evi var idi.
Mən milli dekorativ sənət nümunələrini
çox sevirəm. Çünki onlar
özlərində tarixin izlərini yaşadırlar. Həm Şuşadakı, həm də Malıbəylidəki
evimizdə çoxlu milli dekorativ sənət nümunələri
var idi. Marağımı görən
yaxın qohumlar da evlərindəki milli dekorativ sənət
nümunələrini mənə bağışlayıb
deyirdilər ki, Məryəm, sən bunları qoru, saxla.
Mən də imkan daxilində onları
toplayırdım. Demək olar ki, həm
Malıbəylidə, həm də Şuşadakı evimizdə
muzey yaratmışdım. Burada bütün qədim alətlərimiz,
dübək, fərməş, xalça, palaz,
gümüş toqqa və bilərziklər, məcməyi,
parç və sairlər var idi. Bütün
bunlar mənim üçün bir dünya idi. Təəssüflər
olsun ki, Şuşa işğal olunan ərəfədə
mən bu sənət nümunələrini şəhərdən
çıxara bilmədim. Çünki mən
o yerlərin düşmən əlinə keçəcəyinə
heç vaxt inanmırdım. Bir vaxtlar əzab-əziyyətlə
topladığım milli dekorativ sənət nümunələrimiz
torpaqlarımızla bərabər düşmən əlinə
keçdi. İndi yəqin ki, gavurlar həmin
sənət nümunələrinə də sahib duraraq
aparıb qoyublar muzeylərinə. Həmin
milli dekorativ sənət nümunələrini öz
adlarına çıxıb erməni xalqının "qədimliyindən"
dəm vururlar. Düşmən belə
şeylərə vərdiş edib. Ermənilər
həm torpaqlarımıza, həm sənət əsərlərimizə,
həm musiqimizə, həm mətbəximizə, ümumiyyətlə,
yaxşı nəyimiz varsa hamısına sahib durmağa
çalışırlar. Mənə elə gəlir ki,
ermənilərin içində xalqımızın
böyüklüyünə, tarixi qüdrətinə,
yüksək mədəniyyətinə, qəhrəmanlığına
bir qibtə, xainlik, gözü götürməməzlik var.
Qəribədir, daşnaklar özümüzə düşmən
gözü ilə baxırlar, amma xalqımızın
yaratdığı maddi-mənəvi nemətlər o qədər
xoşlarına gəlir ki, onlara yiyə durmağa
çalışırlar. Çox anormal bir cəhddir.
Bu yaxınlarda beynəlxalq simpoziumda iştirak
etmək üçün İstanbula getmişdim.
Universitet rektoru məruzəmi bəyəndiyi
üçün məni yüksək maaşla həmin ali təhsil ocağına işləməyə
dəvət etdi. Vətənimdən ayrıla
bilmədiyim üçün imtina etdim. Mən milli
ziyalıyam, kökümlə bu Vətənə bağlı
insanam, başqa
yerdə yaşamağı təsəvvür edə bilmirəm.
Düzdür, Türkiyə də mənə
çox əzizdir. Amma doğma vətəndə
yaşamaq daha yaxşıdır.
- Yəqin
ki, Şuşa və Malıbəyli ilə
bağlı xatirələriniz bitib-tükənən deyil...
- Birinci
sinfin sentyabr ayını Malıbəylidəki məktəbdə
oxumuşam. Sonrakı illər yay tətillərində
Qarabağa gedirdim. Beləcə, illər
ötüb keçir, mən də yavaş-yavaş
böyüyürdüm. Mən o yerlərə
çox bağlı bir insanam. Qarabağ
torpağı mənim üçün çox əziz və
doğmadır, çünki yurd yeridir. Bu
yaxınlarda Respublika Xalça Muzeyinin əlli illiyi ilə
bağlı tədbirə qatılmışdım. Sənətşünas
yoldaşlardan biri yaxınlaşaraq dedi ki, Məryəm
xanım, xəbəriniz varmı ermənilər Amerikada
xalça sənəti ilə bağlı beynəlxalq bir mərkəz
yaradıblar? Həmin mərkəzin embleminə
isə sizin havasını udub, suyunu içdiyiniz Malıbəyli
kəndinin şəklini qoyublar. Bu xəbərdən
çox məyus oldum. Bilirsinizmi, Malıbəyli
kəndi xalçaçılığın ən qədim məskənlərindən,
mərkəzlərindən biridir. Şuşa
bəylərindən olan Səlim bəyin xanımı
İmmi nənəm el-obada ən məşhur xalça
toxuyan idi. Görkəmli rəssam və xalçaşünas
alimimiz Lətif Kərimov tez-tez Malıbəyliyə gələrdi.
O, kənddə xalça sexi açmış və həvəskar
qadınları işə dəvət etmişdi. Dəfələrlə də nənəmin yanına
gəlib xahiş etmişdi ki, gedib o qadınlara xalça
toxumağı öyrətsin. İmmi nənəm
də bu böyük sənətkarın sözünü yerə
salmamışdı. Kənddə nənəmin
barmaqlarının izi qalmış xalçalar çox idi.
Onlardan birini də mən evimdə göz-bəbəyim
kimi qoruyub saxlayıram.
Doğma yerlərimizi işğal edən ermənilər
beynəlxalq xalça mərkəzi açmaqla demək istəyirlər
ki, yəni biz Malıbəylini ələ keçirmişik,
burada nə varsa hamısı bizimdir. Amma yamanca səhv edirlər... Şuşanın işğalıdan, sözün həqiqi
mənasında, sarsıldım. Babamın
yurdu düşmən əlinə keçmişdi. Mənim üçün bundan böyük faciə
yoxdur. İndi Şuşalı günlərimin
xiffətini çəkirəm. O vaxtlar indikindən cavan
idim. Həmin günlərdə qərara gəldim
ki, əgər qadınları da müharibəyə səfərbər
etsələr, birinci mən gedəcəyəm. Döyüşüb vuruşmasam da, hansı işlərdəsə
əsgərlərə kömək edərəm. Belə hisslər insanı qürurlandırır.
Əzizlərimin çoxu Malıbəylidə
dəfn olunub. Ermənilər doğma
ocaqlarımızı zəbt etdikdən sonra qəbirləri də
dağıdıblar. Düşmən o yerlərdə azərbaycanlıların
yurd yerlərinin
izini silmək üçün belə edir. Erməni vəhşiliyinin sərhəddi yoxdur.
Qardaşımın oğlu, babamın
adını daşıyan Səlim rəssamdır. O, həm
Malıbəylidəki, həm də Şuşadakı evimizin
rəsmlərini yağlı boya ilə işləyib. Həmin əsərləri evimizin ən
baxımlı yerindən asmışam. O rəsmlərə
baxdıqca Şuşalı, Malıbəylili günlərim
kino lenti kimi gözlərim önündən gəlib
keçir. Bu həsrətə dözmək
çox çətindir.
- Qeyd
etdiyiniz kimi, siz gənclərlə
işləyirsiniz. Tələbələriniz təhsillərini
bitirəndən sonra hərbi xidmətə yollanırlar.
Ordu sıralarında olarkən onlarla hansı
bir formadasa əlaqə saxlaya bilirsinizmi?
- Bəli,
əhatəmdə olanlar həm gənclər, həm də
yaradıcı insanlardır. Mən tələbələrimə
də dost gözü ilə, gələcəyin sənətkarları
kimi baxıram. Onlar təhsillərini başa
vurandan sonra böyük həvəslə ordu sıralarına
yollanırlar. Həmin günlərdə tələbələrin
gözlərində sevinc parlayır. Onları
belə ovqatda görəndə ürəyim qürurla dolur.
Sevinirəm ki, bu oğullar sabahımızın
əsgərləri olacaqlar. Tələbələrim
hərbi xidmətə gedəndə bir-bir hamısı gəlib
mənimlə görüşürlər. Hamısını bağrıma basıb xeyir-dua
verirəm. Tapşırıram ki, hərbi
işi yaxşı öyrənib döyüşlərdə
uğur qazansınlar. Mən hərbi xidmətə
yollanan tələbələrimə Qarabağın,
Şuşanın xilaskarı kimi baxıram. İnanıram ki, onlar yurdumuzun azadlığı
uğrunda qəhrəmanlıqla vuruşacaqlar. Məzuniyyətə gələndə mənimlə
görüşüb ordu həyatından həvəslə
danışırlar. Onlardan xoş sözlər
eşitdikcə ürəyim dağa dönür. Şükürlər ki, möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin diqqət və
qayğısı sayəsində ordu quruculuğunda uğurlu
islahatlar həyata keçirilir. Nəticə
göz qabağındadır. Hər şey
kökündən dəyişilib, yenilənib. İndi ordumuz torpaqlarımızı erməni
işğalçılarından azad etməyə qadir və
hazırdır. Bir vətəndaş kimi
bu, məni çox sevindirir.
- Siz sənətşünassınız.
Sənət və müharibə, yaxud əksinə,
müharibə və sənət. Bunların
bir-birinə təsiri, yaxud əks-təsiri varmı?
- Görkəmli
teatr xadimi, dramaturq Bertold Brextin müharibə mövzusunda
"Kuraj ana və uşaqları" adlı məşhur bir
pyesi var. Çox təsirli və
düşündürücü əsərdir. Müharibə
nədirsə, nə qədər dağıdıcı, məhvedicidirsə,
B.Brext bu pyesində onu yüksək bədii ustalıqla, həm
də bütün çılpaqlığı ilə təsvir
edir. Mən arzu edərdim ki, bizdə də
belə əsərlər yaransın. Rejissor, Xalq artisti
Rafiq Əliyev həmin pyesi bir neçə il
əvvəl Azərbaycan Dövlət Dram Teatrında
hazırlamışdı. Tamaşaya baxanda da,
pyesi oxuyanda da müharibəyə nifrət edirsən, yer
üzündə müharibələrin olmasını istəmirsən.
Pyesdə müharibənin törətdiyi insan
faciələrinin bütün dəhşəti göstərilir.
Bu pyesdə müharibənin bədii təsvirində
sənət və sənətkar qələbə
çalır. Əsəri oxuduqca təsvir
olunan hadisələrdən təsirlənirsən, hisslərin
coşur, fikirlərin dəyişir. Bax, sənətin
gücü də bundadır. Yazıçı
tərənnüm etmək istədiyi ideyanı oxucuya bədii
vasitələrlə çox ustalıqla çatdırır.
-
Müharibə mövzusunda yazılmış əsərlər
sizdə hansı hisslər oyadır?
- Bu
mövzuda əsərləri oxuduqca adamın içində
müharibəyə də, onu törədənlərə
qarşı da yalnız nifrət hissləri oyanır. Amma ağır olsa da, belə əsərləri
oxumaq lazımdır. Çünki
hamısı müharibənin əleyhinə yazılıb.
- Aprel
döyüşləri cəmiyyətin Silahlı Qüvvələrə
olan münasibətini kökündən dəyişdi,
xalqın orduya sevgisi artdı. Bu
döyüşlər barədə də fikrinizi bilmək istərdik.
- Ordu hər birimizin qürur mənbəyidir. Aprel döyüşləri gedən günlərdə uğurlarımıza çox sevindim. Ordumuza olan sevgim artdı. Mən həmin günlərdə bir daha gördüm ki, analar necə də qəhrəman oğullar doğublar. Aprel döyüşünün iştirakçıları da, şəhidləri də bir daha göstərdilər ki, Vətən onlara gənc həyatlarından da, canlarından da əzizdir. Deməli, Vətən hər şeydən yüksəkdir.
Mən Silahlı Qüvvələrimizin şəxsi heyətinə xidmətlərində uğurlar və qələbələr arzulayıram. Xalqımız bu gün torpaqlarını qorumağı onlara etibar edib. İnanıram ki, zabit və əsgərlərimiz qəhrəmanlıqları və hünərləri ilə xalqımızın etimadını doğruldacaq və bizi yeni qələbələri ilə sevindirəcəklər. Möhtərəm prezidentimiz, Silahlı Qüvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrinə hazır olacaqlar.
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.-
2018.- 8 may.- S.4.