Təranənin ad günü
Mayın doqquzu kiçik bacım Təranənin ad
günüdür.
9 may faşist Almaniyası üzərində qələbə
bayramıdır. Hər
il bu
axşam atəşfəşanlıq
olur. Təranə uşaq olanda
onu inandırmışdıq
ki, bu "salyut" onun ad günü şərəfinədir.
Təranə ailəmizin sonbeşiyidir,
ona həmişə atamla anam da,
böyük bacım Fidan da, mən
də xüsusi nəvazişlə yanaşmışıq.
Rəsul
Rzanın uşaqlarçün
yazdığı poeması
"Təranənin oyuncaqları"
adlanır. Nigar Rəfibəyli
ən kövrək şeirlərindən birini
Təranəyə həsr
edib.
Ömrümün xəzan çağındayam
Təranə
Payız
bağındayam...
Xatirəli günlər
Qızıl-qızıl yarpaqlar kimi tökülür
Ömrümün çılpaq budaqlarında
Şəfəqli bir ümid gülür
O sənsən, Təranəm,
O sənsən
Rüzgarda yaşıl bir
budaq kimi əsən
O sənsən, Təranəm
O sənsən.
2013-cü
ildə Nigar Rəfibəylinin yüz illiyiylə bağlı onun haqqında "Şanlı nəsillərin
yadigarıyam" adlı
xatirələr, məqalələr toplusu nəşr olundu. Kitaba ailə üzvlərinin xatirələri də daxil edilmişdi. Ən qısa və təsirli
mətn Təranəninki
idi:
"22 ildir sənsizəm. Bilsəydin bu
illər başıma
nələr gəldi,
başımıza nələr
gəldi. Sevinc dolu
günlərim də oldu, ancaq sənsiz
ürək dolusu sevinə də bilmədim. Gördüyün nəvələrin böyüyüb, görmədiyin
nəticələrin yavaş-yavaş
böyüyür. Hərdən yuxuda səsini eşidirəm. Sonra oyanıram,
nə sən varsan, nə səsin. Bu ədalətsiz
dünyadan çox-çox
uzaqlarda görüşmək
ümidi ilə qızın Təranə
2003
Köhnə məktubların və
sənədlərin içində
anamın 1955-ci ildə
mənə yazdığı
bir şeirini gördüm və mənə elə gəldi ki, məktubumun cavabını
aldım:
Təriş, Təriş, gül
Təriş
Saçları sümbül Təriş
Anan çıxıb gedəndə
Sən ağlama,
gül, Təriş.
Qurban olum adına,
Anan çatsın dadına
Büzmə dodaq, ağlama
Mən düşəndə
yadına.
Təranə "başıma nələr gəldi, başımıza
nələr gəldi"
yazır. Əziz bacımın ad günündə, başımıza
gələnləri bir
də yada salıb kədərlənmək
və kədərləndirmək
istəməzdim. Amma yaddaşla
da bacarmaq olmur. 1981-ci ildə
yüz gün içində atamızı-anamızı
itirdik.
Ən yaxın qohumlarımız, dostlarımız
dünyadan getdilər
və bu şəxsi bəlalarımız
ümumxalq dərdimizlə
qovuşdu - qövr edən Qarabağ yarasıyla.
Moskva mətbuatının, Mərkəzi
televiziya kanallarının
xalqımızın ünvanına
min böhtan yağdırdığı
günlərdə Borovikin
"Pozisiya" ("Mövqe")
verilişində Azərbaycanın
haqq səsini çatdıran bir teleqram da səsləndi,
Borovik teleqramı oxuyub imzasını da dedi: Təranə
Rzayeva. Təranə bu teleqramı
ailədə heç
kəslə məsləhətləşmədən,
heç kəsə demədən vətəndaş
vicdanının tələbiylə
vurmuşdu. Bu, onun təbiətinə uyğun idi, heç bir vaxt duyduqlarını, ağrılarını heç
kəsə yükləmədən
öz içində çəkərdi və haqsızlığa etirazını
da beləcə heç kəsə bildirmədən eləmişdi.
Axı heç ağlına gəlməzdi ki, teleqramını Borovik TV kanalıyla bütün ölkəyə çatdıracaq.
Təranəyçün də, bütün ailəmizçün də
Abbasın 49 yaşında
qəfil ölümü
çox ağır itki oldu. Həyat yoldaşı
Abbas Zeynalov Təranəylə bir məktəbdə oxumuşdular.
İlk gənclik sevdası xoşbəxt nikahla nəticələnmişdi. Mənimlə Zemfira da bir məktəbdə
bir sinifdə oxuduğumuzçün anam
zarafatla: "mənim balalarım
həyat yoldaşlarını
elə orta məktəbdən tapırlar"
- deyirdi.
Abbas həkim idi, adicə zökəmdən
tutmuş ağır naxoşluqlara qədər
ailə üzvlərimiz
xəstələnəndə ilk növbədə ona üz tuturduq. Son dərəcə xeyirxah, xoşxasiyyət, qeyrətli insan idi Abbas. Gözlənilməz ölüm xəbəri
bizi sarsıtdı.
Dərhal evlərinə
yetişib bacımı
qucaqlayanda Təranə
yalnız: - Abbas yoxdur - deyib ağladı, az sonra özünü ələ aldı. Mən bir daha bacımın
nə qədər böyük iradə sahibi olduğunu gördüm. Biri 24,
biri 21 yaşında atadan yetim qalmış
iki qızlarını
- Nigarı və Bayazı - Təranə
böyütdü, təhsillərini
başa çatdırdı.
Ailə qurdular. İndi özləri də
anadırlar, hərəsinin
iki qızı var. Onların qayğısını
da analarıyla birlikdə bacım çəkir. Uzun illər ali
məktəbdə ingilis
dili müəlliməsi
kimi uğurla çalışan Təranə
işdən çıxıb
indi də nəvələrini böyüdür.
Nənə Təranə
də, övlad Təranə, həyat yoldaşı, ev
xanımı Təranə,
bacı Təranə kimi qayğıkeş və fədakardır.
Atamla anamın vəfatlarından
sonra Təranəgil onların mənzilində yaşayırlar
və bu ailə ocağını qoruyub saxlayanlar da onlar oldu.
Təranə bütün qohumlarımızın
ad günlərini, xoş
və kədərli günlərini bilir, hamısıyla əlaqə
saxlayır. Bir sözlə,
ailəmizin yaşca kiçik ağbirçəyidir.
Mənim
gözlərimdə isə
o, kiçik bacıdan
çox qızım kimidir. Ona görə hərdən qeyri-ixtiyarı çaşıb ona Günel, Günelə Təranə
deyirəm.
Mən orta məktəbin son sinfində
oxuyanda Təranə birinci sinfə daxil olmuşdu. Çox vaxt
onu məktəbə mən aparırdım.
Bəzən mənim yeyin
addımlarımla ayaqlaşa
bilməyib geri qalırdı. Olurdu ki,
hövsələsizlik edərək
onu qucağıma alıb aparırdım.
9 may Təranənin yubileyidir. Adətən
qadınların yaşını
demirlər. Mənimçün
onsuz da Təranə həm əlindən tutub məktəbə apardığım
balaca bacım, həm də Fidanla birlikdə anamın
qoxusunu duyduğum doğmamdır.
Ad günün
mübarək Təranə!
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2018.- 9 may.- S.7.