Dünyanı daha aydın
görən şair
Əflatun dünyanın təzadlarına - kədərli-sevincli, acılı-şirinli, yoxuşlu-enişli, ölümlü-yaşantılı bu aləmin hikmətinə gənclik illərindən müdrikliklə baxmağı bacaran bir şairdir.
Bu müdriklik, demək olar ki, onun hər bir şerində
özünü göstə-rir. Əgər desələr
ki, Əflatunun poeziyasını səciyyələndirən əsas
cəhət nədir, mən birinci növbədə onun
şeirlərinə hər şeydən çox aid olan
ümumiləşdirmə gücünü, şairin bu aləmdən
aldığı təcrübənin yekunu kimi səslənən
hikmət dolu misraları, bəndləri göstərərdim.
Hər bir şeirində
duyub-düşündüyü həyat həqiqətlərinin
ümu-miləşmiş obrazını yarada bilməsidir Elə
buna görə də şeir oxumağın mümkün
olmadığı bu aləmdə Əflatunun şeirlərini
oxumaq olur. Həm məhəbbət
lirikasında, həm ictimai-siyasi, fəlsəfi şeirlərində
bu cəhəti görmək mümkündür. El
gözəllərinin, saf və sevimli vətən
qızlarının təsvirinə həsr olunmuş şeirlərində
məhəbbət aləminin şair beynində ümumiləşmiş
obrazları ilə tanış oluruq:
İlk məhəbbət
məktubunu yazanda
Qızlar məhəbbətdən şeir istəyir.
Sən
demə, dünyanın səadət yolu
Görüş yerimizdən gəlib keçirmiş.
Məhəbbət
məhəbbət romanı deyil,
Bir gündə oxuyub çıxasan başa.
Sənin
məhəbbətin - ağac yarpağı,
Mənim məhəbbətim - sadiq budaqdır.
Bir an barmaq saxla, bəstəkar bacım,
Qadının öz qəlbi elə nəğmədir.
"Hicran
cəza imiş eşq qanununda", "Sənsiz qürbət
imiş, demə, vətən də", "Sevib-sevilməyi
gözəl olanın Gözündə yarı da gözəl
olubdur", "Gəlin gözəllikdən sevgi ummayaq,
Sevgidən gözəllik ummalıyıq biz", "Bu ilahi
gözəlliyin vəsfinə Şair kimdi, ulu tanrı söz
desin", "Sevgi payızından tez bezmə hələ,
Qabaqda sevginin sərt qışı durur", "Güneyin
oluram - səni isidən, Sən məni üşüdən
qüzey olursan", "İkili bir dünya
yaratmışıq biz, Bəlkə də, sən onun
şimal qütbüsən", "Məhəbbət
görmüşəm ömrü qısadır Sevgi məktubunun
sətirlərindən" ... kimi misra və beytlərdə
hicranın ağrıları, sevgidə paklıq, təmizlik,
gözəlliyin qüdrəti, sevginin əzabları, sevgilinin
soyuqluğu, ötəri məhəbbətin qısa
ömrü barədə şair xəyalının
yaratdıqları təbii və təsirli aforizmlər kimi səslənir
Əflatun da, hər şeydən əvvəl, gözəllik
şairidir; gözəllərin və gözəlliyin vəsfi
onun yaradıcılığının daha çox
görünən tərəfidir. Gözəli də,
gözəlliyi də, aşiqin vurğunluğunu da
ustalıqla təsvir edir. Bu cür
şeirlər onun həyata, insan və təbiət gözəlliklərinə
xoş və nikbin münasibətindən irəli gəlir,
"Güldür, çiçəkdirsə dağın ətəyi,
O dağın günəşli zirvəsi vardır" - deyən
şair günəşli zirvələri, ümidli günləri
yüksək qiymətləndirir. Şair qəlbi
çox kövrəkdir:
Şimşəkdi
- çaxmağı yox,
Bir
çaydı - axmağı yox,
Buluddu -
yağmağı yox
Ürək səndən küsəndə.
"İlk
görüş yerimin dolar gözləri", "Əsli
kimi alışaydın közümə",
"Könlüm olub dərdin, qəmin ustadı",
"İstəyirdim öpəm o bal dodaqdan, Qara gözün
həyasından utandım", "Dodağının
tamı dodaqlarımda, Ovcumda saçının qoxusu
qalıb", "Özünüz çiçəksiz,
çiçəksiz gəlin, Ürəksiz gəlməyin,
qızlar, görüşə", "Mənim
yollarımı nə duman, nə çən, Mənim
yollarımı gözəllik kəsir"... kimi misra və
beytlər göstərir ki, şair son dərəcə həssas
qəlbə malikdir, gözəlliyə vurğunluğunu Məcnun,
Kərəm vurğunluğu ilə müqayisə edir:
Əflatunam,
nəvəsiyəm Məcnunun,
Görən
onun atası kim, oğlu kim?
lll
Neçə
yol Ərzurum gədiyində mən
Yıxılıb qalmışam qar uçqununda.
Əflatun şairin və şerin qarşısında
ciddi tələblər durduğunu bilir və bunu
başqa-larına da anlatmağa çalışır. Şeir ürəklərə
od salmalı, insanın duyğu və
düşüncələrini öz təsiri altına
almalıdır, insan qəlbinə od qalamalıdır:
Mənim
yüz kitaba adım düşüncə,
Kaş bircə ürəyə odum düşəydi.
"Şairlər
doğulur əzab çəkməyə", - bu onun öz
sözləridir və bunu bilə-bilə dünyanın hər
əzabına dözdüyünü, lakin söz qoşmaqdan
yorulmadığını bildirir: "Vallah, söz
qoşmaqdan yorulmamışam". Şeirsiz ötən hər
bir anını "hədəfə dəyməyən
ox", şeirli anlarını "bir ilk bahar" hesab edir,
"Sinəsində sənət diləyinin qaynadığ-ını"
qeyd edir. Şairi elin dərdi, vətənin
parçalanmasından doğan ağrı-acılar daha
çox ağrıtmalıdır. Elə buna
görə də Əflatun el dərdi ilə dolanmağın
"şirinliyini" də yaxşı duyur; el qeyrəti
çəkənlərin daim əzablar içərisində
olduğunu, bu dünyada yalanın ayaq tutub yeridiyini, həqiqətin
dili tutulmasa da, haqqa, həqiqətə baxan
olmadığını bilir. Şair olan öz halal tikəsi
ilə dolanmalıdır:
Gərək
el dərdini dada biləsən,
Yağ
üstündən balı yaxmağa nə
var?!
lll
Namərddən
demişəm, mərddən demişəm,
Mən də sənin kimi dərddən demişəm.
lll
Yalan
danışıram, tutulur dilim,
Doğru danışıram, sözüm yerimir.
Əflatun,
el çəkməz şair çəkəni,
Milyona dəyişmə halal tikəni.
Sərdar
Əsəd, Əli Kərim kimi çox erkən dünyadan
getmiş istedadlı şairləri misal gətirir, onları
özünə örnək bilir, onların nakam taleyini bir
şair kimi dünya qeydi ilə içəridən
yaralanmaları ilə izah edir:
Şairlər
də vətən igidləridir,
Şairlər içindən yaralanıblar.
Bitsə
də yarıda həyatı, ömrü,
Sənətdə əbədi yol gedir onlar.
Vaxtilə
Sərdar Əsəd deyirdi:
Yerli-yerində
hər söz qiymətli bir incidir,
Ürəkdən gəlməyənlər ürəkləri
incidir.
Əflatun
da bir şair kimi şerin bu cəhətini daim diqqət mərkəzində
saxlamağı özünə şüar etmişdir:
Yerinə
düşməsə ən dürlü söz də,
Ürəyi göynədib, dili incidər.
Poeziya insan duyğularının səlis, sərrast,
ritmli və emosional ifadəsidir. Şeirdən söhbət
gedirsə, poeziyanın şirin dili ilə insanların hisslərinə
təsir etmək, onla-rın mənəvi aləmini zənginləşdirmək
tələb olunursa, şair öz duyğularını
düzgün oxumalıdır. Əks təqdirdə,
həqiqi poeziyadan danışmaq olmaz, çünki poeziya zərif
və həssas qəlbin bəzən titrək, bəzən ətrafa
hikmət inciləri səpən dili, bəzən də
üsyan edən, haqsızlığı, nadanlığı,
yaramazlığı külə döndərməyə
çalışan alovu, odudur. Yalnız həssas
qəlbi olanlar həqiqi poeziya nümunələri yarada bilirlər.
Həm də tələb olunur ki, duyğu və
düşüncələrinə xəyanət etməyəsən,
duyğuları qələmə alanda "özün
olasan", onları saxtalaşdırmayasan.
Kirpiyim
gözümə gözətçi durub,
Qoymayır yaxına yuxularımı.
Bir
şair babayam, boynumu burub
Mən də oxuyuram duyğularımı.
lll
Taleyə
gah küsüb, barışıram mən,
Xəyallar
mülkündə sayrışıram mən,
Başqa
vaxt hamıya qarışıram mən,
Mən şeir yazanda özüm oluram.
Əflatunun şair xəyalı bizim bu sirli
dünyamız haqqında orijinal misralar, beyt və bəndlər
yaratmışdır. Böyük Şəhriyar kimi, o da bu
dünyanı "yalan dünya" hesab edir.
Biz
Əflatunla birlikdə Kəlbəcərdə çox
olmuşuq, Dəli dağın xalı kimi Yer üzünə
sərilmiş çiçəkli yamaclarında çox gəzmişik,
İstisuyun sanatoriya klubunda Q.Qasımzadə, M.Günər,
M.İsmayıl, M.Aslan, D.Abbas, Ş.Əsgərov və
başqalarının iştirakı ilə gözəl poeziya
gecələri keçirmişik. Belə gecələrin
özünü sevdirən, ətirli çiçəklərlə,
gözəl qızların şairə baxıb çəkdikləri
rəsmlərlə təbrik edilən bir nümayəndəsi
də Əflatun olurdu. Çox zaman dibi görünməyən
Bağırsaq dərəsindən aşağılara axan Tərtərin
səsli-küylü mahnılarını birlikdə dinləmişik,
sanatoriya qarşısındakı güllü-çiçəkli
yamacın bal qoxusu ilə nəfəs
almışıq. İndi mən Əflatunun "Bu doğma
elim" şerini oxuyanda onun nələr çəkdiyini, o
yerlərin həsrəti ilə necə qovrulduğunu
hamıdan çox hiss edirəm:
Gah zildən,
gah pəsdən ötəndə Tərtər,
Qayalar
içində itəndə Tərtər,
Vətənsiz
qalanda vətəndə Tərtər
Həsrətdən kövrələn səsinə
qurban.
Şairin çiynində ağır bir dərd
yükü də Təbriz dərdidir, Azərbaycanın vaxtilə
Ru-siya ilə İran arasında parçalanmasından, ikiyə
bölünmüş vətənin o tayının həsrə-tindən
doğan kədərdir. Bu kədər hamımızın qəlbində
vardır:
Təbriz
unudulmaz əsrlər boyu,
O, öz
torpağımız, öz daşımızdır.
Nə
bilim, bəlkə də, Arazın suyu
Bir əsr yarımlıq göz
yaşımızdır?!
Əflatun:
"Bir diyar ağ günün xoş baharında, Bir diyar həsrətin
sərt qışındadır" - dedikdə də
şimalla cənubu müqayisə edir, lakin heç
şübhəsiz, onun şimal üçün dediyi
"ağ günün xoş baharı" da nisbi xarakterdədir,
çünki bu xalq hələ azı altı yerə
parçalanmış vətən torpağının
çox kiçik bir küncünə
qısılmışdır.
Əflatun da şifahi xalq şeiri tərzində yazan
şairlərimizdəndir. Qoşma, gəraylı,
bayatıları vardır. Yeri gəldikcə
qəzəllər də yazmışdır.
Obrazlılığa, poetik kəşflərə daha çox
meyil edir, misraları tutumludur, mənalıdır, simvollardan,
fikrin metaforik ifadəsindən, orijinal təşbehlərdən
geniş istifadə edir, ona görə də hər bir
şeiri oxunur, oxucu şairin təbii və özəl
müqayisələrindən, orijinal qafiyələrindən ləzzət
alır. Aşağıdakı bəndlərə diqqət
yetirmək kifayətdir:
Ulduzlar
gecənin göz yaşlarıdır,
Axıb yanağında gilələnibdir.
Ulduzlar səmanın
naxışlarıdır,
Kiminsə əlilə ilmələnibdir.
Ulduzlar, bəlkə
də, Qafdan asılan
Prometey əlində
od parçasıdır.
lll
Tərpədib,
dindirib ilhamım məni,
Bulaqlar önündə bulaqlaşmışam.
Özüm
də bilmədən açıb qolumu
Mən bu gözəlliklə qucaqlaşmışam.
"Bəlkə,
göbələklər meşə gözəlin Yaşıl
xalatının düymələridir", "Göydə
qatarlaşan qərib durnalar Bu payız şerimin şah
misrasıdır" , Xəzər
haqqında dediyi "O, qız qalasının göy örpəyidir,
Nə vaxtsa başından sürüşüb
düşüb" kimi beytlərdəki müqayisələr
çox təbiidir. Duyğu və düşüncələri
səmimi və zərifdir:
Elin
şad günündə, xürrəm günündə
Aşıq mizrab vursa telə - nəğmədi.
lll
Danışdım
sulara yuxularımı,
Sular bir qədər də duruldu, axdı.
lll
Çiynində
əkməsən kədər yükünü,
Qəlbində dünyanın sevinci bitməz.
lll
Mənə
zirvə olub mən duyduqlarım,
Məndən ucadadır məni duyanlar.
lll
Evin
qapısından əvvəl qonağa
Ürəyin qapısı açılmalıdır.
Bizim bu yığcam qeydlərimiz
Əflatunun poeziyası haqqında müəyyən təəssürat
yaradır, gətirdiyimiz misra və beytlər göstərir
ki, Əflatunun şeirlərini oxumağa dəyər, bunlar
şeir yazmaq, şöhrət qazanmaq naminə
yazılmış əsərlər deyil, həqiqi şair qəlbinin
çırpıntıları və obrazlı ifadəsidir.
Qəzənfər
KAZIMOV
Filologiya
elmləri doktoru, Əməkdar elm xadimi
525-ci qəzet.- 2018.- 9 may.- S.7.