Vətənə
vurğunluqla yaşanan ömrün səhifələri
İmran
Rəşid oğlu Əbilovun ömürlüyü hər
bir insan üçün yaşam nümunəsi, şəxsiyyətin
həyatında qazandığı nüfuzun zirvə nöqtəsi,
arzu etdiyi mərtəbə, ucalıq ola
bilər.
O,
Respublika Ağsaqqallar Şurası idarə heyətinin
üzvü, Qarabağ
Müharibəsi və Əmək veteranı, Respublikanın
Əməkdar Kənd Təsərrüfatı
işçisidir. "Xalqlar dostluğu", iki
"Şərəf Nişanı" ordeni və bir sıra
medallarla təltif olunub.
... Onun barəsində yazanlar, söz deyənlər,
işgüzarlıq və məsuliyyətini, alicənablıq
və sadəliyini insan xarakterinin dörd qütbü kimi səciyyələndirir,
onu tanıtmaq üçün bəşərə xas olan ən
ülvi xüsusiyyətləri də bu siyahıya əlavə
edirlər. İmran müəllim mənim
uşaqlıq xatirələrimin qəhrəmanıdır.
Masallıda onun haqqında hər evdə
söhbət olardı. İşgüzar,
bacarıqlı, yorulmaz kənd təsərrüfatı
mütəxəssisiydi. İndi də belə
danışılır onun haqqında... İmran Əbilovun
müəllifi olduğu, mənalı həyatından bəhs
edən 280 səhifəlik "Vətənə vurğun:
ömürdən səhifələr" kitabı Bakıda,
"Araz" nəşriyyatında, ADU-nun dosenti, pedaqogika üzrə fəlsəfə
doktoru Şahrza Aşayevin redaktorluğu ilə çap edilib.
23 oktyabr 1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub
İmran Əbilov. 1953-cü ildə Lənkəran Pedaqoji
Texnikumunu bitirib, Boradigahda müəllim kimi fəaliyyətə
başlayıb. 1959-cu ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü
ilə bitirib, Həsənli kəndindəki "Şən həyat"
kolxozunda baş zootexnik işləyib. 1960-1962-ci illərdə
Masallı RPK-da təlimatçı, Masallı RKK-nın
birinci katibi, 1962-ci ilin mart ayından Azərbaycan LKGİ MK-nin
təşkilatçısı, 1963-1969-cu illərdə
Masallı rayon Kənd Təsərrüfatı İstehsalat
idarəsinin rəisi vəzifələrində olub.
1969-1991-ci illərdə Azərbaycan kənd təsərrüfatı
nazirinin müavini, Dövlət Sənaye Komitəsinin sədr
müavini, 1991-ci ildən Azərquşsənaye Dövlət
şirkətində vitse-prezident işləyib.
1997-ci ildən Nazirlər Kabinetində Aqrar-sənaye
şöbəsində baş məsləhətçi kimi fəaliyyət
göstərib.
2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.
"Biz kimik, dünyaya nə üçün gəlmişik?" -
öz-özünə verdiyi bu suala cavab tapmaq müəllifin
məqsədi, əsərin əvvəlindən
sonuna - 279-cu səhifəsinə kimi oxucunun marağını
cəlb edən bir sorğudur. Müəllif
yaşadığı ömrün xatirələrini, soy
kökündən övladlarına kimi ətrafında
olanlarla dərindən nüfuz etdiyi cəmiyyətdə
qarşılaşdığı, iş birliyi
yaratdığı, insanlarla münasibətlərini qələmə
almaqla bu böyük sorğuya cavab tapmaq istəyir.
Ömrün müdrik çağlarını
yaşayan, dünyanın sevincini, fərəhini,
ağrı-acısını görmüş, el-obada, ailədə,
sənətdə, çalışdığı vəzifələrdə
özünü təsdiq etmiş insanın keçdiyi həyat
yoluna baxanda gördükləri çoxdur.
Bu barədə
yazır:
- Deyirlər,
gərək insan cavanlığında elə işlər
görsün ki, qocalanda gənclik illərinə nəzər
salanda acı xatirələr yox, şirin duyğularla
yaşasın..."
Bəli, şirin duyğular, xoş məqamlar təşkil
edir Hacı İmran Əbilovun həyat leytmotivini. Gənclik illərində
ağır müharibə dövrünə, həmin
vaxtın gətirdiyi mərhumiyyətlərə baxmayaraq,
oxuyub savad alıb. Aldığı biliyi
istehsalata tətbiq edə bilib. Özünə
və başqalarına tələbkar olub. Başlıcası isə insanları istedadına
inandırıb, onları arxasınca apara bilib. Vəzifələrdə çalışanda
yüksək təşkilatçılığı diqqəti
cəlb edib. Təsadüfi deyil, 22 il
4 ay Azərbaycan kənd təsərrüfatı nazirinin
müavini olub... Həmin dövrlərdə
respublikada heyvandarlıqda geriliyin aradan qaldırılması,
bu sahədə damazlıq işinin təşkili, onun sənaye
üsuluna keçirilməsi və elmi əsaslarla idarə
olunmasında əməyi var.
Kitabda Vətənə,
xalqına, valideynlərinə, övladlarına, dostlarına
böyük məhəbbət dolu səhifələr diqqəti
çəkir. Həmçinin, doğma kəndində,
rayonda, respublikada işlədiyi müddətdə dostluq etdiyi
insanlarla bağlılığı onun gözəl
xüsusiyyətləri kimi üzə çıxır.
İmran müəllimin ulu öndər Heydər
Əliyevlə görüşlərinə həsr etdiyi səhifələr
böyük məhəbbətlə oxunur, unudulmaz xatirələrdir
və müəllif indi də onların
işığında özünü xoşbəxt sayır.
Atası Rəşidin keçdiyi gərgin həyat
yoluna, övladlarının fəaliyyətinə həsr olunan
xatirələri də həyəcansız oxumaq olmur. Həmçinin,
qardaşı, Prezident təqaüdçüsü Şirvan
Əbilovun ulu öndər Heydər Əliyevlə
görüşləri, onun misilsiz xidmətləri haqqında
yazısı da maraqla oxunur.
"1975-ci ilin ortaları idi. Mərkəzi Komitənin
bürosunda Abşeron rayonundakı Ramana
südçülük kompleksinin cins mal-qara ilə təmin
olunması məsələsi müzakirə olunurdu. RPK-nin birinci katibi Tamara xanım Hümbətova
şikayətləndi ki, kompleksi keyfiyyətsiz tikiblər, həm
də mal-qara gətirə bilmirik. MK-nin
birinci katibi Heydər Əliyev büronu özü
aparırdı.
Müzakirə
zamanı Nazirlər Sovetinin sədr müavini Ş.Rasi-zadəyə,
MK-nın şöbə müdiri L.Rəcəbovaya, KT naziri
M.Xəlilova və mənə tapşırıldı ki, təcili
kompleks yenidən qurulsun və cins mallarla təmin edilsin.
Bürodan sonra tapşırığa əsasən, mən,
sovxozlar nazirinin müavini H.Abdullayev, KTN-nin idarə rəisi
N.Bağırov Belorusiyaya cins mal gətirmək
üçün ezam olunduq. Minskdə olduq və
oradan da Brest şəhərinə yollandıq.
Böyük Vətən müharibəsinin ilk
günü Brest qalasına olan hücumun acı nəticələrini
gördük.
Həqiqətən də xalq və ordu
böyük qəhrəmanlıq göstərmişdir. Adam bu mərdliyə və göstərilən
şücaətə valeh olurdu.
Qalanın və binaların bütün divarları minlərlə
güllədən deşilmişdi. Nəzərdə
tutulan plana görə, biz 600 baş Polşadan gətirilmiş
cins malları qəbul edib, Bakıya yola saldıq. Nazir müavini rəhmətlik Hacıməmməd
Abdullayev özü də vaqonla Bakıya qayıtdı.
Mən və rəhmətlik Nurəddin Bağırov isə
təyyarə ilə Minskə getdik. Orada Belorusiyanın
nazir müavini Minçenko bizi Belaya Puşşada qonaq elədi
və sonra biz Bakıya qayıtdıq. Heydər
Əliyevin tapşırığını icra etdiyimiz
üçün çox sevinirdik və qürur duyurduq".
Bu da
başqa bir təsssürat: "İlk dəfə xaricə səfərim
Hindistana olub. Mən keçmiş Sov.İKP MK-da Aleksandr
İvanoviç Linkovun və SSRİ KT nazirinin müavini Lev
Nikolayeviç Kuznetsovun təklifi ilə Hind-Sovet simoziumunda
(camışçılıq üzrə) iştirak etmək
üçün noyabr 1978-ci ildə Hindistana getdim. Nümayəndə heyətinə görkəmli
alim, dünya camışçılıq elminin banilərindən
biri prof. Ağaxan Ələsgər oğlu Ağabəyli, Azərbaycanın
keçmiş MK-nın şöbə müdirinin müavini
Surxay İmran oğlu Tağızadə, Gürcüstandan
İvan İliç Sivsivadze daxil idilər.
Moskvada olarkən məlum oldu ki, professor A.Ağabəyli
infarkt keçirmişdir. Bu səbəbdən
onu Hindistana buraxmadılar. Hindistana təyyarə
ilə uçduq və orada bizi qarşıladılar. Hindistan Kənd Təsərrüfatı nazirinin
birinci müavini doktor Soni qəbul zamanı ilk sözündə
Ağabəylini soruşdu. Sonra axşam səfir
Vorontsov bildirdi ki, simpoziumu Hindistanın Kənd Təsərrüfatı
Nazirliyi Ağabəylisiz keçirmək istəmir. Həmin
simpozium Sovet-Hindistan adına olsa da, oraya 50
ölkədən nümayəndələr, alimlər dəvət
edilmişdi. SSRİ Hökumətinə bu barədə
məlumat verildi. Səhərisi gün
Ağabəylini təcili Hindistana yola saldılar. Professorun gəlişi bizi və alimləri çox
sevindirdi".
Dostlar və tanışlar insan şəxsiyyətini təsdiq
edən amillərdən ən əsaslarıdır. İmranın
kitabda adını çəkdiyi dostları respublikanın
ictimai və siyasi həyatında böyük rolu olan vəzifə
sahibləri, ziyalıları, yazıçılar, şairlər,
alimlər, incəsənət adamlarıdır. Onlar barədə
qısa məlumat verilməklə yüzlərlə dövlət,
elm, incəsənət xadimi oxucuya təqdim edilir... Təkcə çağdaş şair və
yazıçıların adı kifayət edir ki, müəllifin
gərgin işi, vaxtının azlığı müqabilində
yaradıcı şəxsiyyətlərlə bağlı
insan olduğunu təsdiqləsin.
Lənkəranda tələbə olarkən Xalq şairi
S.Vurğuna məktub yazması, Rəsul Rza, Bəxtiyar Vahabzadə,
İlyas Əfəndiyev, Mehdi Hüseyn, Nəbi Xəzri, Xəlil
Rza, Əliağa Bakirlə görüşlərini müəllif
çox böyük ehtiramla xatırlayır.
"Dağlıq
Qarabağ hadisələri", "Tükürpədici hadisələr"
sərlövhələri ilə verilən yazılarda nazir
müavini kimi Qarabağın ayrı-ayrı bölgələrində
heyvandarlığın vəziyyəti barədə məlumat
almaq üçün gedərkən üzləşdiyi
çətinliklər az qala insan həyatı
bahasına başa gələn olayları həyəcanla təsvir
edir.
Vəzifəsi ilə əlaqədar Azərbaycanı
qarış-qarış gəzən İmran Əbilovun səfər
coğrafiyası, eyni zamanda, dünyanın bir sıra məmləkətlərini
əhatə edir.
Hindistan,
Misir, İsveç, Bolqarıstan, Ukrayna, İran, Belarusda,
Rusiyanın Moskva, Penza, Krasnodar, Belqorod, Orenburq və digər
şəhərlərində işgüzar görüşlər,
müşavirələr, təcrübə mübadilələri
geniş və dolğun təsvir olunur.
Əsərləri Hindistanda, Misirdə, Bolqarıstanda,
Rusiyada, İtaliyada çap edilmişdir.
İmran Əbilovun özünəməxsus poetik
düşüncələri vardır. Bu baxımdan
onun "Qocalıq" şeiri dərin məna kəsb edir.
Tərk
edir bu canı cavanlıq quşu,
Yerinə astadan gəlir qocalıq.
Qarşıda
görəndə eniş-yoxuşu,
Yolları ikiyə bölür qocalıq.
lll
Gəncliyin
qədrini cavanlıqda bil,
Atılan ox geri qayıtmaz bir də.
Günəş
də qocalır, əbədi deyil,
Axırda özü də ölür qocalıq.
İmran Əbilov kitabında bütün səhifələri
insan haqqında, ömrün hikməti, mənəvi dəyərləri
barədə ən gözəl sözlərdən çələng
kimi hörüb.
"Ləyaqət"
sərlövhəli yazıdan "boylanan", orada
obrazlaşdırılan insanların müəllifə daha
çox bənzəri var. O, dünyanın böyük şəxsiyyətlərini
zəngin insani, zamanın bütün keşməkeşlərinə
baxmayaraq, dəmir zindanda, kürədə, odun içində
polad kimi döyülüb çıxan, bərkiyən, ləyaqət
sahibi olan, öz ləyaqətini qoruyub saxlaya bilən insanlar
adlandırır. Qəlbindən gələn
lirik misralarla bu ləyaqətli insanın - dünyanın ən
mərd, uca, ən xoşbəxt adamının portretini
yaradır.
Ləyaqət
deyilən bir qismət vardır,
Kimə
pay düşərsə daim ucalar.
Ləyaqət
sahibi nə bəxtiyardır!
Tanrı
mükafatı başa tac olar.
Bəli, Tanrıdan böyük mükafatı xalqa xidməti,
cəmiyyətdə hörməti, xoşbəxt ailəsi,
uğurlu nəsil şəcərəsidir İmran
Əbilovun.
Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisi, Əmək və Qarabağ müharibəsi veteranı İmran Əbilov ömrünün ahıl çağını yaşasa da, yenə fəaliyyətdədir, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi xidmətini dövlətimizdən, xalqımızdan əsirgəmir.
Əlihüseyn ŞÜKÜROV
"Yeni həyat" qəzetinin baş redaktoru
(Masallı)
525-ci qəzet.- 2018.- 9 may.- S.8.