Ümummilli
lider Heydər Əliyevin ədəbiyyat strategiyası
YAXUD ULU
ÖNDƏR MİLLİ İCTİMAİ ŞÜURUN
FORMALAŞMASINDA ƏDƏBİYYATIN ROLU HAQQINDA
Ümummilli
liderimiz Heydər Əliyev istər sovet dövründə Azərbaycanda
rəhbər vəzifələrdə
çalışdığı vaxtlarda, istər respublikaya rəhbərlik
etdiyi zamanlarda, istərsə də müstəqil dövlətimizin
başçısı olarkən xüsusi diqqət yetirdiyi,
onun üçün prioritet olan sahələrdən biri də
mədəniyyət
idi.
Ümummilli lider milli tərəqqini mədəni
inkişafdan ayrı təsəvvür etmir, mədəni
inkişafı milli varlığın irəliyə doğru hərəkətində
əsas təkanverici amillərdən biri sayırdı. Bu nöqteyi-nəzərdən
o, Azərbaycan xalqının ədəbi-bədii sərvətlərinə
müstəsna dərəcədə böyük dəyər
verirdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqına böyük sevgisi həm də onun milli ədəbiyyatımıza
böyük sevgisindən qidalanırdı. O, ədəbiyyatımızı,
şəxsən özünün və eyni zamanda
xalqımızın qürur mənbəyi sayır, onun
keçdiyi inkişaf yolunda milli varlığımızın
və dövlətçiliyimizin tarixi mənzərəsinin dəqiq
təsvirini görürdü. Azərbaycan
yazıçılarının X qurultayındakı nitqində
ulu öndər qürur hissi ilə deyirdi:
"Xalqımızın tarixi çox zəngindir. Ancaq biz
tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud
onları cəmiyyətə, dünyaya daha geniş
çatdırmaq istəyərkən, birinci növbədə
və bəzən də yalnız mədəniyyətimizə,
mədəniyyət, ədəbiyyat xadimlərinin
yaratdığı əsərlərə, tarixi memarlıq
abidələrimizə və böyük şairlərimizin,
mütəfəkkirlərimizin yazdığı əsərlərə
istinad edirik.
Biz
Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını
böyük iftixar hissi ilə çəkirik və onların
əsərlərini oxuyaraq xalqımızın nə qədər
dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk
edirik. Eyni zamanda, dünya, bəşər
qarşısında bunlarla fəxr edirik,
öyünürük. Öyünməyə
də haqqımız var. Çünki bu böyük insanlar nəinki
xalqımızı, bütün bəşəriyyəti, bəşər
tarixini zənginləşdirən əsərlər
yazmışlar".
Ümummilli lider mənsub olduğu xalqın ədəbiyyatına
qəlbən bağlı idi. Bu
"bağlılığ"ın psixoloji əsasını
şərtləndirən amil onunla müəyyənləşirdi
ki, o, xalqının ədəbiyyatını dərindən
bilirdi, ədəbiyyatımızın keçdiyi tarixi inkişaf
yolunun hər səhifəsinə bələd idi. Azərbaycan ədəbiyyatını daim oxumaq,
mütaliə etmək onun üçün ruhi-mənəvi
ehtiyaca çevrilmişdi. Ulu öndər
qürurla etiraf edirdi ki, onun mənəvi təkamülündə
ədəbiyyatımızın müstəsna rolu olmuşdur.
O, ədəbiyyatın tərbiyəvi
imkanlarını önə çəkir, insanın mənəvi
zənginləşməsində onun roluna inanır, Azərbaycan
ədəbiyyatının bu baxımdan gücünü
xüsusi dəyərləndirir və bütün bunların
təkzibedilməz faktı kimi
Azərbaycan ədəbiyyatının və ümumiyyətlə,
ədəbiyyatın özünün şəxsiyyət kimi
formalaşmasındakı rolunu nümunə gətirirdi. Azərbaycan
yazıçılarının X qurultayında
üzünü qurultay iştirakçılarına tutaraq
dövlətimizin başçısı deyirdi: "Birincisi,
şəxsən mən ədəbiyyatı çox sevən
adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə
ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı
sevmişəm. Bu gün sizə deyə bilərəm ki,
şəxsən mənim bir insan kimi formalaşmağımda,
təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox böyük rolu olmuşdur... Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm,
mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə
daim bağlı olmuşam".
Ümummilli
liderin bu mülahizələri onun ədəbiyyata
bağlılığının tarixi köklərini
açır, onun böyük ədəbiyyat sevgisinin ruhi mənbələri
ilə bizi tanış edir. Lakin
bütün siyasi fəaliyyəti zamanında onun ədəbiyyat
və mədəniyyət xadimləri ilə keçirdiyi
çoxsaylı görüşlərdə və milli teatrda
tamaşa etdiyi əsərlərlə bağlı təəssüratlarını
ədəbiyyat və mədəniyyət xadimləri ilə
bölüşəndə irəli sürdüyü
mülahizələr aydın göstərir ki, onun ədəbiyyata
bağlılığı, ilk növbədə, fitrətindəki
nəhayətsiz ədəbiyyat duyumundan irəli gəlir.
Bu cəhət onun istər ədəbiyyat
haqqında ümumiləşdirici mülahizələrində,
istərsə də konkret əsəri ideya-estetik cəhətdən
dəyərləndirilmələrində aşkar görünən
bir keyfiyyətdir. Ancaq burasını da
xüsusi qeyd etməyə dəyər ki (və bu bizim
üçün olduqca xoş bir haldır ki), bu duyumu, bir
qayda olaraq, ədəbiyyata ciddi intellektual münasibət
müşayiət edir. Bu o deməkdir ki,
ümummilli liderin ədəbiyyat baxışları sənətə
təkcə estetik zövq mənbəyi kimi yanaşmaqla məhdudlaşmır.
Böyük
hərfli vətəndaş və siyasətçi olaraq o ədəbiyyata
"sənət sənət üçündür" prizmasından
yox, daha çox "sənət həyat
üçündür" prizmasından baxır və qəbul
edir. Onun bədii əsərin mütaliəsindən
və yaxud tamaşasından aldığı estetik
zövqün mayasında da bu həyatilik dayanır.
Məlumdur ki, XVIII əsr Avropasında, xüsusən
maarifçi realistlərin ədəbiyyat revanşı ədəbiyyatın
ictimai həyatla əlaqəsini möhkəmləndirdi, ədəbiyyat
sosial missiya ilə yükləndi, həyat insan və cəmiyyət,
insan və mühit kontekstlərində idrak və inikas
olunmağa başladı. XIX əsrin tənqidi
realistlərinin və romantiklərinin
yaradıcılığında sosiallıq bədii ədəbiyyatın
təbiəti kimi çıxış etməyə
başladı. Bu, əslində, vətəndaşlıq
düşüncəsinin formalaşdırılmasında ədəbiyyatın
üzərinə qoyulan böyük missiya idi.
H.Əliyev
ədəbiyyatdan intellektuallıq tələb edəndə və
ədəbiyyata məhz bu nöqteyi-nəzərdən daha
çox dəyər verəndə, heç şübhəsiz
ki, "ictimai düşüncənin formalaşmasında ədəbiyyatın
üzərinə qoyulan böyük missiya"nı
nəzərdə tuturdu. Bu onun ədəbiyyat
strategiyasının, ədəbiyyatı qiymətləndirmə
prinsiplərinin əsasını, meyarını təşkil
edirdi.
XVIII əsr Avropasında ədəbiyyatın
sosiallaşmasına artan meylin Azərbaycan ədəbiyyatındakı
ilk əks-sədası M.F.Axundzadənin
yaradıcılığı idi. Məhz M.F.Axundzadənin, Y.Qarayevin təbirincə
desək, səpdiyi toxumlar XIX əsrin sonları, XX əsrin əvvəllərində
ciddi məhsul verməyə başladı və məhz bu
dövrdə milli ədəbiyyatın sosial məzmunu, həyatla
əlaqəsi möhkənlənməyə başladı. Məhz bu dövrün ədəbiyyatı öz
üzərinə milli ictimai düşüncəni
formalaşdırmaq missiyasını götürdü. Demək lazımdır ki, milli ədəbiyyatımız
üzərinə götürdüyü bu missiyanı namusla
yerinə yetirdi. XIX əsrin sonu, XX əsrin
əvvəllərində yetişməkdə və formalaşmaqda
olan kapitalist iqtisadi münasibətləri zəminində Azərbaycan
xalqının millət kimi formalaşmasında bu mərhələnin
ədəbiyyatının müstəsna rolu oldu.
Ümummilli
lider ədəbiyyatla bağlı
çıxışlarında klassik ədəbiyyatımıza
həmişə böyük dəyər vermiş, milli tarixi
varlığımızın təsdiqində, bir xalq və
millət olaraq dünyada tanınmağımızda və qəbul
edilməyimizdə klassiklərimizin - Nizami, Xaqani, Nəsimi,
Füzuli kimi dühalarımızın çox dəyərli
rollarından ürək dolusu danışmışdır. Bununla belə, ədəbiyyatla bağlı nitqlərini,
sənət adamları ilə söhbətlərini təfsilatlı
şəkildə nəzərdən keçirdikdə onun XIX
və XX əsrdə yaranan ədəbiyyatımıza
xüsusi diqqət yetirməsini, xüsusi dəyər verməsini
görürük. Bu diqqət, ilk növbədə,
bu əsrlərin Azərbaycan xalqı üçün
xüsusi taleyüklü bir zaman olması ilə
bağlıdır. Məlumdur ki, məhz
bu əsrlərdə Azərbaycan xalqı böyük güc
dövlətləri içərisində öz taleyini müəyyənləşdirməyə
çalışmış, tarixi taleyimizdə ağır iz
qoyan ikiyə parçalanma ağrısını
yaşamış, özünü bir millət və dövlət
kimi təsdiq etmək zərurəti qarşısında
qalmışdır.
H.Əliyev xalqımızın bir millət kimi
özünüdərkində və təsdiqində, milli
dövlətçilik uğrunda mübarizəsində bu
dövrün ədəbiyyatının oynadığı
müstəsna rolu görür və ədəbiyyat və mədəniyyət
xadimləri qarşısındakı
çıxışlarında bu rolu dönə-dönə
vurğulayırdı. Bu, təkcə tarixi dövrün
düzgün qiymətləndirilməsi, qədirşünaslıq
nöqteyi-nəzərindən dilə gətirilmiş
mülahizələr deyildir. H.Əliyev XIX əsrdə və
XX əsrin əvvəllərində milli ictimai şüurun
formalaşması və dövlətçilik uğrunda
mübarizənin dərslərini xatırladırdı, milli
müstəqillik dövründə müstəqilliyimizin
"dönməzliyi və əbədiliyi"ndə bu dərsləri
yaddan çıxarmamaq, bu təcrübədən istifadə
zərurətini önə çəkirdi. Ulu
öndər Azərbaycan ədəbiyyatının
keçdiyi yolu milli yaddaşın tarixi yolu hesab edir, XIX əsr
və XX əsrin əvvəllərini bu tarixi yaddaşın ən
mühüm səhifələri kimi dəyərləndirirdi.
O deyirdi: "Azərbaycan Asiya ilə Avropanın birləşdiyi,
qovuşduğu bir ərazidə yerləşən, amma
Avropaya daxil olan bir ölkədir. Ancaq Azərbaycan
öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə
görə Şərq aləminə, İslam, türk
dünyasına daxil olubdur. Bu qəbildən
olan xalqlar, millətlər içərisində Azərbaycan
xalqı XIX-XX əsrlərdə öz milli köklərindən
ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini
dünyanın inkişaf etmiş Qərb mədəniyyəti,
ədəbiyyatı ilə birləşdirə bilibdir".
"Bizim milli ədəbiyyatımızı, mədəniyyətimizi
Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirən,
onun sintezini yaradan insanlar" sırasında H.Əliyev
M.F.Axundzadənin, S.Ə.Şirvaninn, N.Vəzirovun, H.Cavidin,
M.Ə.Sabirin, C.Məmmədquluzadənin və
başqalarının adlarını dərin bir məmnunluq
hissi ilə çəkirdi. Əslində, H.Əliyev
müstəmləkə rejimləri şəraitində
xalqımızın milli tarixi varlığını qoruyub
saxlayaraq Qərb dünyasında gedən mütərəqqi
prosesləri mənimsəməsində bu sənət
adamlarının gördüyü böyük işlərdən
danışır və bütün bu "işlər"in
strateji məqsədlərə xidmət etdiyini, son nəticədə
Azərbaycan xalqını milli istiqlala qovuşdurmağa
hesablandığını görür və yüksək dəyərləndirirdi.
Ümummilli lider bu "yüksək dəyərləndirmə"də,
ilk növbədə, irs-varislik əlaqəsini nəzərə
alır və hesab edirdi ki, əgər bu gün biz "öz
milli, mənəvi ənənələrimiz əsasında,
xalqımızın, həyatımızın xüsusiyyətlərini
nəzərə alaraq öz dövlətimizi qururuq"sa, qura biliriksə, deməli, bu proseslərdə
tarixi ənənənin və heç şübhəsiz ki, ədəbi
ənənənin də böyük payı vardır.
Ümummilli liderin ədəbiyyat strategiyasında ədəbi-tarixi
yaddaşın bərpası və qorunması məsələsi
mühüm yer tuturdu. O, çox yaxşı bilirdi ki, ədəbi-tarixi
yaddaşın bərpası və qorunması mahiyyətcə
milli tarixi yaddaşın qorunması və bərpası demək
idi və strateji planda bizim özümüzü dərkimizə,
təsdiqimizə və milli tarixi keçmişimizi dünyaya
tanıtmaq məqsədinə xidmət edirdi. Məhz bu məqsədlə
o, Azərbaycan xalqının özünütəsdiqində əhəmiyyətli
rolu olan sənətkarların yubileylərinin keçirilməsini
vacib hesab edir və bu məsələdə əks mövqe
tutanları təkzibedilməz dəlillər və məntiqlə
yerlərində otuzdururdu: "Məhz bu fikirlərlə XIX əsrin
və XX əsrin Azərbaycan ədəbiyyatı
üçün nə qədər məhsuldar olduğunu
bildirmək istəyirəm. Bu gün biz burada
qurultay keçirərək müasir ədəbiyyatımız
haqqında danışarkən bu ədəbiyyatı
yaradanları, bu ədəbiyyatı daim inkişaf etdirənləri
daim hörmət, ehtiram, minnətdarlıq hissi ilə yad etməliyik.
Ona görə də təsadüfi deyil ki, biz Azərbaycanda yazıçıların,
şairlərin yubileylərinin keçirilməsini
böyük əhəmiyyətli bir hadisə hesab edirik... Əminəm ki, keçirilən hər bir yubiley
bizim həyatımızda çox böyük yeni hissiyyatlar
doğurur, yeni qüvvələr meydana gətirir".
H.Əliyev
XIX-XX əsrlər ədəbiyyatının doğurduğu
"yeni hisslər"dən, "yeni qüvvələr"dən
danışarkən nəyi nəzərdə tutur, milli
düşüncəmizdə və cəmiyyətimizdə
baş verən hansı proseslərə işarə edir? "Bu gün əəbiyyatımız haqqında
danışarkən biz bu dövrü çox yüksək
qiymətləndirməliyik" deyərkən və bu fikrində
israr edərkən ümummilli liderin qiymətləndirmə
meyarının prinsipləri nədən ibarətdir?
H.Əliyevin ədəbiyyatla bağlı
çağırışlarını analitik təhlilə cəlb
etdikdə belə bir birmənalı qənaətə gəlmək
mümkündür ki, onun XIX və XX əsrlər ədəbiyyatında
ən çox dəyər verdiyi keyfiyyət müasirlikdir. Bu
çıxışlardan aydın olur ki, XIX əsrdə və
XX əsrin əvvəllərində, eləcə də sovet
dövründə ədəbiyyatın milli mücadilə hərəkatının
başında durması öz səciyyəsi etibarı ilə
bu gün də aktualdır və müstəqillik
dövrünün ədəbiyyatının
qarşısında bir vəzifə kimi durur. Sadəcə keçən iki əsrdə milli
müstəqillik uğrunda mücadiləni XX əsrin
sonlarında müstəqilliyimizin əbədiliyi və
dönməzliyi uğrunda mübarizə əvəz edir.
Lakin bu əvəzetmə mahiyyəti qətiyyən dəyişmir
və H.Əliyev müstəqillik dövrünün milli ədəbiyyat
strategiyasını müəyyənləşdirərək sənət
adamlarının qarşısına belə bir vəzifə
qoyur: "Bu sahədə də sizin dəstəyinizə,
köməyinizə ehtiyacımız var. Mədəniyyət,
ədəbiyyat gərək daim dövlətlə bir yerdə
olsun... Siz tam sərbəstsiniz, azadsınız
və sərbəstlik, azadlıq şəraitində nə
cür istəyirsinizsə, o cür də yazın. Hansı mövzunu götürürsünüz,
götürün, sizin öz işinizdir. Dövlət
bu işlərə qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə deyirəm.
Ancaq hesab
edirəm ki, bir məsələdə siz daha da yaxından
iştirak etməlisiniz, bu məsələ də Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın
qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının
hərbi vətənpərvərlik, ümumiyyətlə, vətənpərvərlik
ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin
hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin
möhkəmləndirilməsidir. Bu, çox
vacibdir, çox lazımdır".
H.Əliyev
milli ictimai şüurun formalaşmasında, milli vətəndaşlıq
düşüncəsinin inkişaf etdirilməsində, milli
birlik və dövlətçilik, müstəqilliyimizin
möhkəmləndirilməsi uğrunda mübarizədə ədəbiyyatın
üzərinə düşən funksiyaların XIX və XX əsrlər
ədəbiyyatında çox dəyərli ənənələrinin
olmasından danışır və müstəqillik
dövrünün sənətkarlarını bu ənənələri
öyrənməyə, onlardan novatorcasına bəhrələnməyə
səsləyirdi. O, ədəbiyyatımızın bu istiqamətə
köklənməsinin yaranmış tarixi şəraitin tələblərindən
irəli gəldiyini, yalnız tarixi şəraitin
doğurduğu bu missiyanı ləyaqətlə yerinə
yetirməklə müstəqilliyimizin "əbədiliyi və
dönməzliyi"nə təminat verə biləcəyimizi
vurğulayırdı. H.Əliyev deyirdi: "Bilirsiniz, bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir
ki, şairlərimiz, yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim
milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış,
dirçəliş prosesi xalqımıza birinci növbədə
ədəbiyyatdan keçir" (1,216).
Ulu
öndərin şəxsiyyətinə və
yaradıcılığına çox böyük dəyər
verdiyi görkəmli sənətkarımız H.Cavidin 1915-ci
ildə qələmə aldığı "Müharibə
və ədəbiyyat" məqaləsində milli xarakterin
formalaşmasında, millətin mübarizələr və
münaqişələrlə dolu həyatda irəliyə gedə
bilməsində, müvəffəqiyyət qazanmasında fəlsəfə
və ədəbiyyatın roluna xüsusi dəyər verdiyi
hamımıza yaxşı məlumdur. Bu məqaləsində
H.Cavid milli özünütərbiyə, milli
özünüdərk problemini qaldırır və sübut
edirdi ki, milli xarakteri də, ictimai və fərdi
düşüncəni də tərbiyə etmək, istiqamətləndirmək
lazımdır. O, dünyanın inkişaf etmiş
xalqlarının həyatından nümunələr gətirir,
onların iqtisadi cəhətdən güclənməsində,
hətta müharibələrdə belə qələbə
çalmasında fəlsəfə və ədəbiyyatın
böyük rol oynadığını göstərirdi. H.Cavidə görə, müharibədə yalnız
iqtisadi və hərbi gücü olanlar deyil, həm də
güclü nəzəriyyəyə, xüsusi həyat fəlsəfəsinə,
ideoloji baxışlar sisteminə malik olanlar qalib gəlirlər.
XX əsrin əvvəllərində ictimai həyatımızın
gerçəkliklərindən güc alaraq yaranan bu ədəbi-fəlsəfi
baxış həmin əsrin sonlarında da tam müasir səslənir
və ümummilli liderin ədəbiyyat strategiyasında öz
təfsirini aşağıdakı kimi tapırdı: "Azərbaycanın
daim sülh şəraitində yaşaması
üçün, Azərbaycanın müstəqil dövlət
kimi yaşaması üçün onun qüdrətli ordusu
olmalıdır. Ordunun qüdrəti təkcə
silahda deyil, onun gücündə deyil. Ordunun
əsas qüdrəti hər bir əsgərin mənəviyyatındadır,
hər bir əsgərin şücaətindədir, hər bir əsgərin
xalqına, torpağına, vətəninə sədaqətindədir.
Biz xalqımızda, gənclərimizdə,
ordumuzda, hər yerdə bu sədaqət hissini
yaratmalıyıq".
H.Əliyev İkinci Dünya Müharibəsinin
timsalında ədəbiyyatın ictimai şüura təsir
gücünü nümunə gətirir, bədii sözün
döyüşən ordunun ruhunun qaldırılmasında nə
qədər böyük rol oynadığına diqqət
çəkirdi. Böyük Vətən Müharibəsində mərdliklə
döyüşən və həlak olan azərbaycanlı
döyüşçülərin bəzilərinin
"öləndən sonra cibindən Səməd Vurğunun,
Rəsul Rzanın şeirlərinin çıxması"na
dair faktları misal gətirir və belə bir nəticə
çıxarırdı ki, "demək, şeir, şair
sözü, yazıçı sözü hər şeydən
təsirlidir". O, üzünü müstəqillik
dövrünün ədəbiyyat adamlarına tutur və
deyirdi: "Ona görə də istərdim ki, bu sahəni siz
daim öz diqqətinizdə saxlayasınız".
Ümummilli liderə yaxşı məlum idi ki, Azərbaycanda
estetik düşüncə bir qayda olaraq ictimai
düşüncəni qabaqlamışdır. Milli ictimai
düşüncənin formalaşmasında milli estetik
düşüncənin həlledici rol
oynadığını da o, hamıdan yaxşı bilirdi.
H.Əliyev son nəticədə Azərbaycan Milli Demokratik
Respublikasının yaranması ilə nəticələnən
azərbaycançılıq ideologiyasının
formalaşmasında XX əsrin əvvəllərinin ədəbiyyat
və mədəniyyət xadimlərinin, elm və fəlsəfi
fikir daşıyıcılarının həlledici rol
oynadıqlarını, milli ideoloqlar kimi üzərlərinə
düşən vəzifəni axıra qədər namusla
yerinə yetirdiklərini xatırlayırdı.
Dövlətimizin
başçısını sevindirən, ona ruh verən, ədəbiyyatın
ictimai həyatımızda oynadığı rola dair nikbin qənaətlərə
gəlməyə səbəb olan amillərdən biri də
bu idi ki, milli ictimai düşüncə istiqamətində XX
əsrin əvvəllərində formalaşan ənənə
sovet döründə də, tam fərqli ictimai-siyasi sistemdə
belə yaşamaq iqtidarını əlindən verməmişdi.
H.Əliyev deyirdi: "Əsrin əvvəlində - 1910-cu,
1920-1930-cu illərdə bizim böyük şairlərimizin,
yazıçılarımızın əsərləri ancaq
millilik, vətənpərvərlik, millətçilik hissləri
ilə yazılmışdır.
Ancaq sonrakı dövrü mən ona görə
xüsusi vurğulayıram ki, 1937-1938-ci illərdə bizim ədəbiyyatımıza
böyük zərbə vuruldu. Hüseyn Cavid, Mikayıl
Müşfiq, Əhməd Cavad, Çəmənzəminli və
başqaları. Anar dedi ki, 27 şair və yazıçı
1937-1938-ci illərin qurbanları oldu. Ancaq mən
ondan sonrakı ədəbiyyatı inkişaf etdirən
yazıçılarımızı, şairlərimizi deyirəm.
Onların əsərlərində milli
hissiyyatlar həmişə olubdur".
Ümummilli liderin geniş dünyagörüşü,
milli ədəbi prosesin təkamül yoluna dərindən bələdliyi
ona milli ədəbiyyatın inkişaf yolunu tarixilik prinsipi əsasında
qiymətləndirməyə imkan verirdi. Məhz
tarixilik prinsipi ilə ədəbi prosesin hərəkətinə
yanaşmaları ona sovet dövründəki ədəbiyyatımıza
nihilist baxışları təkzib etməyə və
doğru qənaətlərə gəlməyə imkan verirdi.
O, ədəbiyyat tariximizdə S.Rüstəmin də,
S.Vurğunun da, R.Rzanın, S.Rəhimovun da, Mir Cəlalın və
b. yerini, xidmətlərini dəqiq təsəvvür edir,
milli ictimai düşüncənin keçən əsrin əvvəllərindəki
sağlam ənənələrinin onların
yaradıcılığında özünəməxsus şəkildə,
təbii ki, tarixi şəraitin imkanları çərçivəsində
yaşadıldığını yüksək dəyərləndirirdi.
Məlumdur ki, bədii irsi müstəqillik
dövrünün ictimai düşüncəsində
müxalif mövqelərə də yol açan, bədii fikir
tariximizdə mövqeyinə kölgə salmağa can
atanların da olduğu sənətkarlarımızdan biri də
S.Vurğundur. H.Əliyevin S.Vurğun irsinə verdiyi qiymət
öz obyektivliyi və elmi dəyəri, milli məzmunu
baxımından çağdaş dövrün nihilistlərinə
ən tutarlı cavabdır: "Səməd Vurğun öz
dövrünün, zəmanəsinin mühitində, çərçivəsində
yazıb-yaradıb və Azərbaycan xalqı
qarşısında əvəzsiz xidmətlər göstəribdir.
Azərbaycan ədəbiyyatını, mədəniyyətini,
dünya ədəbiyyatını zənginləşdiribdir...
Səməd Vurğunun şeiri Azərbaycan
dilini zənginləşdiribdir, inkişaf etdiribdir. Bu da Səməd Vurğunun Azərbaycan xalqı
qarşısında göstərdiyi böyük xidmətlərdən
biridir.
Səməd Vurğun şeirinin böyüklüyü,
eyni zamanda, gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi,
hər sətri hər bir azərbaycanlının qəlbinə
çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri
altına salırdı".
H.Əliyevin
qiymətləndirmələrinin ən əsas dəyəri
konkret tarixi şəraitdən çıxış edərək
mülahizə yürütməsində, sənətkarın
yaşayıb fəaliyyət göstərdiyi dövrü,
mühiti, bu dövr və mühitlərin "çərçivələri"ni nəzərə almasında idi. Məhz
tarixilik prinsipi ona "sosrealizmin qəti normativləri"
çərçivəsində - 30-40-cı illərdə yaşayıb-yaradan
S.Rüstəm, R.Rza, Mir Cəlal, S.Rəhimov və
başqalarının yaradıcılığına obyektiv
baxış ifadə etməyə imkan verirdi.
H.Əliyev
B.Vahabzadəni, X.Rzanı dissident hesab edir və deyirdi:
"Yaxşı ki, siz dissident olmusunuz. Əgər
dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhvali-ruhiyyəni
qaldıra bilməzdiniz. Əgər Bəxtiyar
Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərinin
şüuruna təsir edə bilməzdi. Əgər
Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri
güclü olmazdı" (1,218-219). Maraqlı
burasıdır ki, B.Vahabzadənin, X.Rzanın dissidentliyi
haqqında qənaəti ümummilli lideri 30-40-cı illərin
ədəbiyyatı ilə bağlı bədbin notlara gətirib
çıxarmır. Çünki H.Əliyev Mir Cəlalın
və B.Vahabzadənin, S.Vurğunun və X.Rzanın fərqli
tarixi şəraitlərdə fəaliyyət göstərdiyinin
fərqinə varır və məsələlərə məhz
bu prizmadan dəyər verirdi: "Bəli, biz Hüseyn Cavidin,
Mikayıl Müşfiqin və bizim başqa görkəmli
şəxslərin repressiya qurbanları olması haqqında
on illərdir ki, böyük ürək ağrısı ilə
danışırıq. Onlar əlimizdən
getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı,
elmimizi, mədəniyyətimizi kim
yaradacaqdı?
İndi kim hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər, onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar ağır dövrdə o xətalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan görkəmli başqa şairlərimiz olmasaydı, onlar yazıb yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vuğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz də təsəvvür edə bilmirəm".
Deməliyik ki, H.Əliyevin 30-40-cı illər və 50-ci illərin birinci yarısında yazıb yaradan sənətkarların yaradıcılığına münasibəti bu mərhələnin ədəbiyyatına baxış üçün müstəqillik dövrünün ədəbiyyatşünaslığına metodoloji yanaşma prinsiplərinin açarını verir və əslində, bu dəyərləndirmələr bütöv bir elmi-nəzəri konsepsiya səciyyəsi daşıyır.
Təyyar
SALAMOĞLU
525-ci qəzet.- 2018.- 9 may.- S.4.