Türk-islam alimi Baba Nemətullah
Naxçıvani və orta əsrlər
Naxçıvan mühiti
Azərbaycan xalqının iftixarı,
Naxçıvan ictimai-mədəni
mühitinin yetirdiyi türk-islam aləminin görkəmli övladlarından
biri Baba Nemətullahın
adı islam
elmində qürurla səslənməkdədir.
Əsl adı Nemətullah ibn Mahmud Şeyx Əlvan olan bu görkəmli islam alimi
və şəxsiyyəti
Naxçıvanda doğulması
etibarilə "Naxçıvani"
nisbəsini götürmüşdür.
Yüksək mərtəbəli
islam alimlərindən
və eləcə də Nəqşibəndiyyə
təriqətinin nəhəng
simalarından biri kimi yüksək mövqeyə malik olan Nemətullah Naxçıvani yazdığı
qiymətli əsərlərlə
diqqəti cəlb etmişdir. Onun heç bir
kitaba baxmadan yazdığı Qurana ikicildlik təfsir kitabı alimin şöhrətini daha da artırmış, təfsir sahəsində adını birinciliyə qaldırmış, alimlər
alimi kimi yüksək mərtəbəyə
çatmasına vəsilə
olmuşdur. Müasirlərindən
olmuş Əhməd Daşköprüzadə onun
haqqında bəhs edərkən bu görkəmli islam
mütəsəvvifi və
alimini "Allah yolunda
xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri", - deyə adlandırmışdır.
XV əsrin ortalarında
Naxçıvan şəhərində
doğulan və bu yerə nisbət
olaraq Naxçıvani
nisbəsini götürən
Nemətullah Naxçıvani
kiçik yaşlarından
"Naxçıvanın qiymətli
alim və müəllimlərindən dərs
alaraq" istedadlı
şəxsiyyət kimi
yetişmişdir. Bu görkəmli
islam alimi
sonralar qardaş Türkiyənin Ağşəhər
qəsəbəsində yerləşərək
(bəzi mənbələrdə
alimin Naxçıvandan
sonra Təbrizdə elmini artırması və yaşaması barədə də fikirlər vardır - R.Q.)
"burada istər yaşayış
və istərsə ərsəyə gətirdiyi
yazılı əsərləri
ilə hər kəsə əxlaq, fəzilət, elm və irfan nümunəsi" olmuşdur. Bu görkəmli
alim haqqında bəhs edənlər yazırlar ki: "Tarixdə və günümüzdə, bilavasitə
ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah,
Baba Nemət və Nemətullah Sultan kimi adlarla tanınan bu böyük türk-islam alim və vəlisi dövründəki alim və vəlilərin ən irəlidə olanlarından idi".
"Naxçıvan tarixi"
üçcildliyinin birinci
cildində də görkəmli türk-islam
alimi haqqında məlumat verilərək yazılır ki: "Naxçıvan bögəsinin
yetirmələrindən olan
və həyatının
bir hissəsini Naxçıvanda keçirən
məşhur alimlərdən,
sufi şeyxlərindən
biri hesab edilən Baba Nemətullah Naxçıvani zəmanəsinin
məşhur alimlərindən
idi".
Baba Nemətullah Naxçıvaninin
həyatı və fəaliyyətində, islam aləminin görkəmli alimi kimi yetişməsində Naxçıvan ictimai-mədəni
mühitinin rolu müstəsna əhəmiyyətə
malik olmuşdur. Naxçıvanın orta əsrlər
dövrü mühitinin
Nemətullah Naxçıvaninin
yetişməsi və
parlamasına böyük
təsiri olmuşdur.
Belə ki, qeyd edilən
bu dövrlərdə
Naxçıvanda çoxsaylı
alimlər, görkəmli
sənətkarlar, ədiblər,
müxtəlif peşə
sahibləri fəaliyyət
göstərərək elmi,
mədəni inkişafın
davamlılığına xidmət
etmişlər. Bu görkəmli
islam alimi və Quran təfsirçisi
haqqında bəhs edən professor Hacı Fəxrəddin Səfərli
də özünün
"Naxçıvanda sufiliklə
bağlı mərkəzlər"
monoqrafiyasında yazır
ki: "Baba Nemətullah
Naxçıvani uşaq
yaşlarından islami
elmləri öyrənməyə
başlamış, həmin
vaxtlardan özünün
əqli, zəkası
və digər müsbət keyfiyyətləri
ilə diqqəti cəlb etmişdir. Gənclik illərində zəmanəsinin
bir çox alimlərindən, o cümlədən,
məşhur alim Xacə Mahmud Parsandan dərs almış və özü də qısa bir zamanda hicri
IX (miladi XV) yüzilliyin
məşhur alimlərindən
birinə çevrilmişdir".
Baba Nemətullah Naxçıvani
kimi geniş şöhrət sahibi olan islam
alimi və təfsirçisinin yaşayıb-təhsil
aldığı XV əsrin
ortalarından sonuna doğru Naxçıvan ciddi ictimai-siyasi hadisələr, o cümlədən,
mənəvi-ideoloji mühitlə
zəngin idi. Bu görkəmli alimin
gözünü açıb
gördüyü təxminən
XV əsrin ortalarından
sonuna doğru olan dövr Ağqoyunlular dövlətinin
qurulması və Səfəvilərin vahid Azərbaycan dövləti
yaratması kimi ciddi ictimai-siyasi hadisələrlə səciyyəvidir.
Lakin Baba Nemətullah Naxçıvaninin islam alimi və təfsirçiliyinə
gedən yolunun başlanğıcının Naxçıvanda
aldığı ilk təhsildən
başlandığını nəzərə alsaq, bu dövrdə Naxçıvanın elm, eləcə
də din elmi, sufi mərkəzlərindən
biri olduğunu qeyd etməliyik. Artıq məlumdur ki, qeyd edilən
dövrdə Naxçıvan
görkəmli alimlərin
yaşadığı, islam
elmi və təriqətlərinin yayıldığı
ciddi mərkəzlərdən
biri olmuş və bura Fəzlullah
Nəiminin adı ilə bağlı olan hürufiliyin, eləcə də digər sufi təriqətlərinin fəaliyyət
mərkəzlərindən olmuşdur. Bunu "tarixin təhrif
olunmamış qaynaqlarından
biri olan və ərazidə indiyədək qalan epiqrafik abidələr də təsdiq etməkdədir". Naxçıvanda
sufi təriqətlərinin
görkəmli nümayəndələri
arasında Şeyx Əbu Səidin ardıcıllarından olan
Əbu Ömər Naxçıvani, Şeyx əbu Səid Əbül Xeyr-Xorasaninin nəslindən olan Şeyx Əbu Səid, habelə Hürufilik təriqətinin
mürşidi Fəzlullah
Nəimi və başqa xeyli sayda şeyxlərin adı çəkilir. Mənbələr bunu da sübut edir
ki, görkəmli alimlərin yetişməsində
mühüm töhfələr
vermiş Naxçıvanda
orta əsrlər dövründə iki növ mədrəsələr
olmuş, hətta Yaxın və Orta Şərqin bir sıra ölkələrindən
uşaqlar gəlib orada təhsil alaraq vətənlərinə
qayıtmışlar. Hətta bu
fikirləri orta əsr tarixçisi və coğrafiyaşünası
Əbdürrəşid əl-Bakuvinin
Naxçıvan şəhəri
haqqında bəhs edərkən qeyd etdiyi aşağıdakı
fikirlər də təsdiq etməkdədir.
O yazır: "Orada (Naxçıvanda - R.Q.) məşhur
binalar, mədrəsələr
və xanəgahlar var". Ümumiyyətlə,
Naxçıvanda mövcud
olan epiqrafik abidələr, onlar haqda məlumat verdiyi əl-ustad mövlana Səfər, alim İzzəddin Məhəmməd, şeyx
Hacı Lələ Məlik, Mövlana Şəmsəddin Məhəmməd
və başqa çoxsaylı elm və
din xadimləri, tanınmış
şeyxlərin məhz
bu qədim türk-oğuz yurdunda fəaliyyət göstərmələri
Naxçıvanda dini-ideoloji
mühitin zəngin, islam elmi və
dini təlimin yüksək olduğundan xəbər verir.
Naxçıvanda mövcud olan ictimai-siyasi durum, sabitlik müxtəlif peşə
və sənət sahələrinin inkişafı
ilə bərabər elmin də inkişafına
vəsilə olmuş,
Baba, Nemətullah Naxçıvani
kimi görkəmli alimin yetişməsinə
şərt olmuşdur. Sonralar Anadolunun
Ağşəhər bölgəsinə
gedən Nemətullah Naxçıvani burada geniş şöhrət qazanmışdır. Nemətullah Naxçıvani
məhz burada öz istedadı ilə parlamış, böyük şöhrət
sahibi olmuş, özünü misilsiz bir din alimi kimi
tanıtmışdır. Onun ərsəyə gətirdiyi
"Əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə
əl-muzihatu lil-kəlimil-Quraniyyə
vəl-hukəmil-Furkaniyyə" adlı Quran təfsiri, eləcə də bir sıra digər
əsərlərlə bağlı
təfsirləri, yaradıcılıq
məhsulları onun
din elmi tarixində xüsusi mərtəbəyə
ucalmasına vəsilə
olmuşdur. Onun
"Təsəvvüfə dair qardaşlara düzgün yol göstərmə" ("Hidayət
əl-ixvan fi-t-təsəvvüf") traktatı,
eləcə də görkəmli islam
alimi İbn-Ərəbinin
"Hikmətlərin incə
mənaları" ("Füsus
əl-hikəm") kitabına
yazdığı şərh,
habelə görkəmli
islam filosof-alimi Mahmud Şəbüstərinin "Gülşəni-raz"
fəlsəfi poemasına
yazdığı izahlar
təsəvvüf elminin
fəlsəfi qayəsi
və mahiyyətini şərh etmək baxımından yüksək
qiymətləndirilmişdir. Onun "Nöqtənin sirlərinin
şərhi" ("Şərh
əsrar əl-nüktə")
adlı digər bir əsərinin olduğunu da xatırladırlar.
Qurana yazılan çoxsaylı təfsirlər içərisində Nemətullah Naxçıvaninin təfsiri daha çox öncüllük qazanmış və ona geniş şöhrət gətirmişdir. Tədqiqatçılarından İshaq Doğan haqlı olaraq yazır ki: "Müəllifin heç bir təfsirə müraciət etmədən yazdığı bu təfsir ... təvil və təsəvvüf baxımından əhəmiyyətli bir əsərdir". Əsərin özünəməxsusluğu və dəyəri ondadır ki, "Nemətullah Quranın başdan-başa hər ayəsini təsəvvüfi baxımdan təfsir etmişdir. Ondan əvvəl yazılan təsəvvüfi təfsirlər hər ayəni əhatə etməzdi, bəzi ayələri keçərdi. Ötürdüklərinin də hamısını deyil, bəzi kəlmələrini təfsir edər, ümumi mənasının üzərində durardılar. Baba Nemətullah isə hər ayəni kəlmə-kəlmə təfsir etmiş, təfsir etmədiyi ayə qoymamışdır. ...Təfsir başdan-başa səclidir".
Beləliklə, türk-islam mədəniyyətinin paytaxtı Naxçıvanda dünyaya göz açan və mənsub olduğu xalqa geniş şöhrət və qürur gətirən Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani və başqa çoxsaylı şəxsiyyətlərdən biri kimi Baba Nemətullah Naxçıvani də özünəməxsus mövqe və böyük şöhrət sahibi olmuşdur. Onun elm aləmində parlaması və böyük şöhrət qazanması ilk vətəni Naxçıvanda qiymətli alimlərdən aldığı təhsilin nəticəsi kimi iftixar doğurur. Onun Anadoluda böyük bir din alimi, şeyx, Quran təfsirçisi kimi özünə və xalqına qazandırdığı şöhrət, elmə gətirdiyi yenilik və verdiyi misilsiz töhfələr də alimin şəxsiyyətinə böyük ehtiram qazandırır. Türk-islam mədəniyyəti yurdu olan Naxçıvanın həm türk, həm də islam aləminə bəxş etdiyi bu kimi görkəmli şəxsiyyətlər və bu yurd yerinin tarixdə oynadığı misilsiz mövqe bu torpağın türk-islam mədəniyyətinin paytaxtı olmasını bir daha təsdiqləyir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2018.- 9 may.- S.6.