Söz ömrünə calanan ömür
VAQİF
MƏMMƏDOVUN 70 İLLİYİNƏ
Vaqif Cəfər
oğlu Məmmədov 1948-ci il iyun
ayının 28-də Naxçıvan Muxtar
Respublikasının Sədərək kəndində anadan
olub.
1970-ci ildən
bədii yazıları mətbuatda çap olunan, 40-a yaxın
bədii-publisistik kitabın müəllifi olan Vaqif Məmmədovun
şeirləri müxtəlif dillərdə, Türkiyə,
İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus,
Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan və ABŞ-da
çap edilib.
Azərbaycan
Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar
Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat
Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya
Yazarlar Birliyinin (2010) üzvü olub.
Vaqif Məmmədov Özbəkistanda keçirilən
"Daşkənd təranəsi" beynəlxalq poeziya
müsabiqəsinin qalibi seçilib (1983), YUNESKO xətti ilə
Bağdadda keçirilən "Füzuli günləri"ndə
(1994), Türkiyə, İran, İraq, Hollandiya və Pakistanda
keçirilən bir çox beynəlxalq konfranslarda iştirak
və çıxış edib, bir neçə beynəlxalq
şeir müsabiqələrinin qalibi olub.
2001-ci ildə "Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Müəllimlər
İnstitutunun yaranması və inkişaf yolu"
mövzusunda dissertasiya müdafiə edib tarix üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alıb. 1995-2000-ci illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
olub. 2005-ci ildə Naxçıvan Muxtar
Respublikasının "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq
görülüb, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin "Qabaqcıl təhsili işçisi"
döş nişanı ilə təltif olunub. "Həsən bəy
Zərdabi" və "Qızıl qələm"
mükafatları laureatıdır.
1998-2015-ci illərdə Naxçıvan Dövlət
Universitetinin "Qeyrət" nəşriyyatının
direktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı"
kafedrasında dosent vəzifəsində
çalışıb.
6 fevral 2016-cı ildə vəfat edib.
Xanəli
KƏRİMLİ
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan ədəbi mühitinin yetirməsi və
çağdaş poeziyamızda özünəməxsus yeri
olan Vaqif Məmmədovun yaradıcılıq yolu ötən əsrimizin
70-ci illərindən başlayır. Bu illərdə
artıq ümumən Azərbaycan ədəbi mühitində
tanınan, Naxçıvanda yeni ədəbi mühitin
formalaşmasında və inkişafında mühüm rol oynayan
Hüseyn Razı, Əliyar Yusifli, Müzəffər Nəsirli,
Adil Qasımov, Həsən Fətullayev, Əbülfəz
Muxtaroğlu, Kəmalə Ağayeva, Elmira Qasımova, Validə
Hüseynova kimi şairlər, xalq yazıçısı
Hüseyn İbrahimov, Həmid Arzulu, Möhsün
Möhsünov, Novruz Nehrəmli, Əbülfəz
İnfiloğlu, Bayram İsgəndərli, Akif Axundov kimi nasirlər,
necə deyərlər, söz meydanında idilər. Vaqif Məmmədov, bu mənada
yanaşanda, ədəbiyyata, böyük poeziyaya belə bir
mühitdə qədəm qoydu və az bir
müddətdə ədəbi nəsildaşları içərisində
bir qələm adam kimi tanınmağa,
sayılıb-seçilməyə başladı. Sonralar şeirləri
dünyanın bir sira ölkələrində - Türkiyədə,
İranda, İraqda, Yunanıstanda, ABŞ-da, Rusiyada, Ukraynada,
Belarusda, Özbəkistanda, Almaniyada, Bolqarıstanda çap
olunan Vaqif Məmmədov 21 şeir, 15 elmi-publisist, 12
kitabın tərtibçisi oldu və haqqında 7 kitab
yazıldı.
Yaradıcılığının
erkən çağlarından ədəbi-elmi mühitin
aparıcı sımalarının diqqətini çəkən
V. Məmmədov az bir zamanda öz
yaradıcılıq kredosunu formalaşdıra bildi. Xüsusilə,
ötən əsrimizin 80-ci illərinin sonlarinda bədnam ermənilər
tərəfindən başlanan və bu günə qədər
davam edən ədalətsiz Qarabağ hadisələrindən
sonra bütün elmi, ədəbi, ictimai mühitimizin
aparıcı mövzusu Vətən, Xalq, Azadlıq amalı
olduğu kimi, V. Məmmədovun da yaradıcılığının
əsas qayəsi, başlıca amalı Vətən, Xalq,
Azadlıq mövzuları oldu.
Ən başlıcası da, Vaqif Məmmədovun
doğulub boya-başa çatdığı Azərbaycan
torpağının qeyrət qalalarından birinə
çevrilən Sədərəyə erməni faşistlərinin
1990-cı ilin yanvar ayının 18-19-da başladığı
ilk hücumları (bu hücumlar 1993-cü ilə qədər
14 dəfə davam etdi və bu döyüşlərdə
100-dən çox şəhid, 500-dən çox
döyüşçü və mülki şəxs
yaralanaraq müxtəlif dərəcələrdə əlil
oldular) və bu hücumlara qarşı gedən vətən
oğullarının döyüş anları, mərdlik və
cəsarət nümunələri Vaqif Məmmədov
yaradıcılığının baş mövzusuna
çevrildı. Bir məktəb direktoru, bir qələm
və söz adamı kimi daima xalqın içərisində
olmaq, "müsəlləh bir əsgərə" dönmək,
etiraf edim ki, o dövrün çox "qələm
adamlarına" nəsib olmadı. Vaqif Məmmədov,
bəlkə də, o dövrdə Azərbaycanda yeganə qələm
adamıydı ki, Sədərəyin ölüm-dirim məsələsi
həll olunanda Vətən, Millət, Qeyrət naminə ailəsini,
uşağını müəllim əməyi ilə min əzabla
tikdiyi evindən çıxarıb evini, halal
ocağını hərbi qərargaha çevirdi, Sədərəyin
müdafiəsi üçün bütün döyüş əməliyyatları
o halal müəllim ocağından idarə edilirdi. Təkcə bu fədakarlığına görə
Vaqif Məmmədov şairliyindən, alimliyindən daha
çox bir vətəndaş kimi, M. Araz demişkən, bir
"vətən daşı" kimi yaddaşlara
köçüb sağlığında əbədiləşdi.
V. Məmmədovun o dövrdə qələmə
aldığı şeirlər, publisistik yazılar zamanın,
Vətənin haqq bağıran səsi, harayı idi. Elə
buna görə də akademik Ziya Bünyadov Vaqif müəllimin
Sədərəklə, Sədərək döyüşləri
ilə bağlı şeirlərini oxuyandan sonra yazmışdır:
"Vaqif Məmmədovun Sədərək haqqında
şeirlərini oxudum. Çox təsirləndim.
Eşq olsun qəhrəman Sədərək
xalqına".
Xalq
şairi Bəxtiyar Vahabzadə isə "Mədəniyyət"
qəzetinin 17.09.1992-ci il tarixli sayında
yazırdı: "Sədərəkdən Vaqif Məmmədovdan
bir məktub aldım. İçində bir
neçə şeir vardı. Ah dolu, aman dolu bu şeirlərdən
üzümə alov vurdu, varaqlar əlimi yandırdı. Bu şeirlər Sədərəyin bugünkü
müsibətinin sabah üçün tarixidir".
Doğrudan da, bu, belədir.
Yazılarımın birində əsl qələm
adamlarının yazdıqlarını "zamanın qara
qutuları" adlandırmışdım və əlavə
də etmişdim ki, təyyarələrin uçuş
zamanı qəfil qəzaya uğramasının əsl səbəbini
araşdırmaq üçün təyyarəyə yerləşdirilmiş
qara qutuların rolu nə qədər böyük və əvəzolunmazdırsa,
müəyyən bir dövrün, zamanın ictimai-siyasi mənzərəsinin
əsl mahiyyətinin özündən sonrakı nəsillərə
olduğu kimi çatdırılmasında zamanında
yaşamış qələm və söz adamlarının
yaratdıqları da o qədər dəyərli və əvəz
olunmazdır. V. Məmmədovun bir şair, publisist, alim və
ictimai xadim kimi (o, həm də birinci
çağırış Naxçıvan Ali Məclisinin Sədərəkdən
seçilmiş deputatı idi)
yaradıcılığının əsas qayəsini
yaxın keçmişimizin ictimai-siyasi həyatı və o
hadisələrin xalqımızın milli yaddaşında
oyatdığı təbəddülatlar təşkil edirdi. Çünki V. Məmmədov bir şair, ictimai
fikir və düşüncə adamı kimi xalqın
içindən çıxmış, onun mənəvi
yükünün daşıyıcısına
çevrilmişdir. Elə buna görə də akademik
İsa Həbibbəyli V. Məmmədovun
yaradıcılığından danışarkən doğru
olaraq qeyd edir: "Vaqif Məmmədov Azərbaycan və
türk dünyasında tanınan şairdir. Yüksək
hazırlıq səviyyəsi, şeirə-sənətə
vaqiflik, elmə dərindən bələdçilik Vaqif Məmmədovun
sənətini və elmi yaradıcılığını
daima irəli aparır".
V. Məmmədov
torpağa, vətənə, xalqa bağlı olan milli
duyğulu, milli düşüncəli şairdir. Poetik duyğularında daima milli əxlaqi,
mənəvi duyğular tərənnüm edən şair bir
azca çətinlik görən kimi minillik ata-baba
ocağını ataraq "xoş günlər eşqiylə"
torpağını tərk edənlərə qarşı
çıxaraq yazırdı:
Nə
havaydı gəldi sənin başına,
Dönük çıxdın torpağına,
daşına.
Yaraşmırdı
bu köç sənin yaşına,
Bu torpağın ahı səni tutacaq.
Yaxud da, Sədərək
döyüşlərinin qanlı-qadalı günlərində
qələm aldığı və bu gün də Vətən
uğrunda döyüş ruhunda yazılmış ən
layiqli poetik nümunələr içərisində bədiiliyini,
ideya-siyasi dəyərini qoruyub saxlayan "Qeyrət
qalası" şeirində bir səngər şairinin
könül duyğularının narahat notlarını
görməkdəyik:
Dəyanət
dəmiydi, qeyrət dəmiydi,
Yolumuz
haqq işə uzanan yolsa,
Sədərək
ümmanda batan gəmiydi,
Qeyrətsiz
olsaydıq, silaha qalsa...
Bu və bu kimi misralar bir daha göstərir ki, V. Məmmədov
xalqın Vətən və torpaq uğrunda silahdan çox
qeyrətə, namusa sığındığı,
arxalandığı bir dövrün şairidir. Müşahidələr
göstərir ki, 90-cı illərn ağrılı günlərində
V. Məmmədovun yaradıcılığında sevgi
şeirlərinə, məhəbbət duyğulu misralara rast
gəlmək mümkün deyil. Çünki Vaqif bir
şair, vətəndaş kimi bütün
varlığını, hiss və duyğularını, maddi və
mənəvi dəyərlərini yalnız Vətəninə
basqın etmiş erməni cəlladlarının hücumuna
qarşı mübarizə üçün səfərbər
etmişdir.
Burada böyük xalq şairimiz Xəlil Rza Ulutürkün məşhur "məndən başlanır Vətən" misrasını xatırlamaq, fikrimizcə, çox yerinə düşərdi. Vətənin bütövlüyü Vətən əsgərinin silahının gücüylə Vətən şairinin qələminin qüdrətinin vəhdətindən yaranır desək, heç də səhv etmərik. Bu həqiqəti bir şair kimi dərindən dərk edən və özünün yaradıcılıq amalına çevirən Vaqif "Sərhəddə düşüncələr" şeirində yazırdı:
Bu sərhəddi, mərdlər durub keşikdə,
Talan olar, yoxsa bəhər-bar gedər.
Körpələr
də uyumazlar beşikdə,
Vətən gedər, namus gedər, ar gedər.
... Sərhəd
Məkkə, sərhəd ocaq, sərhəd pir,
Yad baxış da sərhədlərə
tuşlanır.
Sərhəd
dəniz, sərhəd hava, sərhəd yer,
Vətən elə sərhədlərdən
başlanır.
Vətən və Azadlıq mövzularının məntiqi
davam kimi V. Məmmədov yaradıcılığının
çoxçalarlılığına yeni bir rəng verən,
çalar gətirən başlıca mövzulardan biri də,
daima böyük hərflə yazılmağa layiq olan Şəhidlik
mövzusudur. Yeni dövr ədəbiyyatında,
publisistikasında bu şərəfli mövzuya ilk müraciət
edənlərdən biri də V.Məmmədov oldu. Onun muxtar respublikada ilk təşəbbüs kimi
1998-ci ildə nəşr etdirdiyi və ədəbi-ictimai
mühitdə rəğbətlə qarşılanan "Sədərək
şəhidləri" kitabı (bu kitab 2007-ci ildə
"Şexidı Sadaraka" adı ilə Novosibirskidə rus
dilində nəşr edildi) şairin
yaradıcılığında yeni bir dövrün
başlanğıcından xəbər verirdı. Bu mövzu çox çəkmədi ki, Vaqif Məmmədovun
lirikasında da özünə vətəndaşlıq
haqqı qazandı. Onun bu mövzda yazdığı bir
sıra şeirləri, o cümlədən, "Vətənin
müdafiəsində qəhrəmanlıqla şəhid olan
Azərbaycan Milli Ordusunun kapitanı Ceyhun Pirəli oğlu Orucəliyevin
xatirəsinə" epiqrafı ilə qələmə
aldığı "Şəhid" şeiri bu cəhətdən
diqqətə layiqdir:
Şəhidlik
adında ünvanımız çox,
Şəhidin ruhu da bakirə, təmiz.
Zülmətdən
işığa addım-addım yox,
Sanki şəhid-şəhid yol gedirik biz.
Nümunə
gətirdiyimiz təkcə bu bəndin 3-cü və 4-cü
misralarının məna yükünün açımı
şairin bu mövzuya yeni baxışının təzahürü
kimi dəyərlidir...
Kamil qələm
adamlarının ömrü, sözün əsl mənasında,
insanlığın ən ali məqamı
olan SÖZÜN ömrü qədər sonsuzdur. SÖZÜN ömrü İNSANLIĞIN,
İNSANLIĞIN ömrü SÖZÜN ömrü qədərdir.
Çünki söz insanı, insan da
sözü yaradıb. Bu baxımdan
yanaşdıqda, nə qədər insan və insanlıq
yaşayırsa, söz də, nə qədər ki, söz
yaşayırsa, bir o qədər də insan və insanlıq
yaşayacaq. Vaqif Məmmədov ömrü də söz
ömrünə calanan əbədi bir ömürdür, bir
şair ömrüdür, bir vətəndaş
ömrüdür...
2018-ci il iyunun 28-də unudulmaz qələm dostumuzun 70
illiyidir. Ancaq Vaqif 67 yaşında bu "gəlimli-gedimli, son
ucu ölümlü" dünya ilə vidalaşdı...
Həsrəti
saçımda qırovdu, dəndi,
Əbədi yandıran göz dağı oldu.
Vüsalın
elə tez bitdi, tükəndi...
Həsrətin tükənmir, duz dağı oldu.
Bu kövrək, duyğulu misralar da Vaqif Məmmədovundur. Dostlarına və Vaqifsevərlərə
70 illiyinin ağrılı, acılı nisgilini yaşadan
Vaqif Məmmədovun!..`
525-ci qəzet 2018.- 11 may.- S.8.