Firudin İbrahiminin "Sülh
uğrunda" əsərinə bir baxış
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə
institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə
üzrə fəlsəfə doktoru, fövqəladə və
səlahiyyətli səfir
1945-ci il
dekabrın 12-də Təbrizdə yaranan və bir il sonra o
zamankı ölkədaxili və xarici səbəblər
üzündən süqut edən Azərbaycan Milli Hökumətinin,
onun üzvlərinin fəaliyyəti və aqibəti onilliklər
keçsə də, hər zaman İranda və onun sərhədlərindən
kənarda, xüsusilə, Azərbaycan Respublikasında, eləcə
də dünyadakı bütün azərbaycanlılar
arasında maraq doğurmaqda davam edir.
Baş
nazir Seyid Cəfər Pişəvəri daxil olmaqla Milli
Hökumətin nazirləri, hüquq mühafizə və
qoşun rəhbərləri, digər yüksək məsul vəzifəli
şəxsləri barəsində, eləcə də, bu
hökumətin ideya və təşkilati rəhbəri olan Azərbaycan
Demokrat Firqəsi (ADF) haqqında çoxlu araşdırmalar,
elmi, publisistik tədqiqatlar, xatirələr meydana
çıxmışdır.
Qeyd etmək
lazımdır ki, Təbrizdə
bir il ərzində Milli Məclisin (sonra Əyalət
Əncüməni) və Milli Hökumətin qəbul etdiyi
qanun və qərarlarda, S. C. Pişəvərinin nitqləri və
çıxışlarında, ADF-nin orqanı "Azərbaycan" qəzetinin
materiallarında və digər çoxlu sənədlərdə
xalqımızın milli-demokratik hərəkatının məntiqi
nəticəsi olaraq, ikinci dünya müharibəsi bitəndən
sonra regionda yaranan şəraitdən istifadə edərək
təşəkkül edən Azərbaycan Milli Məclisi və
Milli Hökuməti barəsində dəyərli məlumatlar,
təhlillər və ümumiləşdirmələr
verilmişdir. Bu sənədlərin və materialların
öyrənilməsi, təhlil edilib, elmi süzgəcdən
keçirilərək geniş oxucu mühakiməsinə
verilməsində AMEA-nın akademiki, millət vəkili
Gövhər Baxşəliyevanın rəhbərlik etdiyi
Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun Cənubi Azərbaycan şöbəsinin təqdirəlayiq
xidmətləri vardır. Həmin şöbənin
müdiri, Cənubi Azərbaycan tarixinin tanınmış tədqiqatçısı,
tarixçi-diplomat Səməd Bayramzadənin və
şöbənin digər əməkdaşlarının
ardıcıl səyləri ilə son illərdə bir
sıra dəyərli elmi araşdırmalar meydana
çıxmışdır. Xüsusilə, bir neçə
ay öncə S. Bayramzadənin səyi ilə Azərbaycan
Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin
ilk 90 sayının
orijinalında olduğu kimi, birinci hissə olaraq kitab-qəzet
halında ilk dəfə nəşr edilməsi əlamətdar
hal kimi qeyd edilməlidir. Burada tədqiqatçıya
kitabın qalan üç hissəsinin də hazırlanıb
nəşr edilməsində uğurlar
arzuladığımızı da ifadə etməyi lazım
bilirəm.
Təqdirəlayiqdir
ki, Azərbaycan Milli Hökumətinin Baş prokuroru olmuş,
görkəmli hüquqşünas və azadlıq mücahidi
Firudin İbrahiminin "Sülh uğrunda" (Paris Sülh
Konfransı barədə qeydlər - 1946) kitabı bu
yaxınlarda S. Bayramzadə tərəfindən ərəb əlifbasından
bizim əlifbaya çevirməklə tərtib edilib, ətrafı
ön söz, qeydlər və şərhlərlə "Elm
və təhsil" nəşriyyatında nəşr
edilmişdir. Tədqiqatçının kitaba
yazdığı əhatəli müqəddimədə F.
İbrahiminin həyatı və ictimai-siyasi fəaliyyəti
barəsində ətraflı məlumat verilir və qeyd olunur
ki, o, 29 iyul - 15 oktyabr 1946-cı il tarixlərində Parisdə
21 dövlətin iştirakı ilə təşkil olunmuş
Sülh Konfransında Azərbaycan Milli Hökumətinin mətbuat
nümayəndəsi kimi iştirak etmiş, konfrans və onun
iştirakçısı olan dövlətlər və
nümayəndə heyətlərinin fəaliyyəti barədə
arayışlarını Azərbaycan Demokrat Firqəsinin Mərkəzi
Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin 9
noyabr - 12 dekabr 1946 tarixləri arasında
çıxmış 23 sayında "Sülh uğrunda"
başlığı altında çap etdirmişdir.
1918-ci ildə
Astara şəhərində (İran) doğulmuş F.
İbrahimi 1945-ci ilin mayında Tehran Universitetinin hüquq
fakültəsini bitirəndən sonra Xarici İşlər
Nazirliyi və "Ettelaat" qəzetinin iş təklifinə
baxmayaraq, Azərbaycana qayıdıb doğma Vətəninə
xidmət etməyə başlamışdı. Hələ
1943-cü ildən S. C. Pişəvərinin təsis etdiyi
"Ajir" qəzetində məqalələrlə
çıxış edən F. İbrahimi İran Xalq
Partiyası sıralarına qoşulmuşdu, ölkənin bir
sıra demokratik yönlü mətbuat orqanları ilə, o
cümlədən, "Rəhbər", "Mərdan",
"Zəfər", Cənubi Azərbaycanda nəşr
olunan "Xavər-e nou" (Yeni Şərq), "Azərbaycan"
qəzetləri ilə yaxından əməkdaşlıq
edirdi. F. İbrahiminin 1945-ci il sentyabrın 5-də ADF-nın rəsmi
orqanı kimi çap edilməyə başlayan "Azərbaycan"
qəzetindəki silsilə məqalələri
xalqımızın zəngin tarixi və mədəniyyətinin
öyrənilməsi və təbliğində əvəzsiz əhəmiyyətə
malik idi, xüsusilə, onun qəzetin 42-ci sayından 60-cı
sayınadək (31 oktyabr-21 noyabr 1945-ci il) "Azərbaycan
danışır...iftixarlı tariximizdən bir neçə
parlaq səhifə"
başlıqlı məqalələri Azərbaycan
türklərində milli şüurun oyanması və
inkişafında əhəmiyyətli rol oynamışdır.
Təqdirəlayiqdir ki, həmin 19 məqalə Milli Hökumət
zamanı Təbrizdə Sovet Mədəniyyət evi tərəfindən
"Azərbaycanın qədim tarixi haqqında" adı ilə
nəşr edilmişdir.
Beynəlxalq
münasibətlər və hüquqi məsələlərdən
yaxşı baş çıxardığına və
publisistik məharətinə görə Milli Hökumət
F.İbrahimini Paris konfransına İrandan qatılan dörd nəfərlik
mətbuat nümayəndəliyi tərkibində Parisə
göndərmişdi. Bu mötəbər
konfransda Azərbaycanın səsini duyurmaq üçün
bundan başqa vasitə yox idi. Təbrizdə Azərbaycan
türkcəsində yazılmış pasporta Fransa vizası
alınması Tehranda - İran Xarici İşlər Nazirliyində nə qədər təəccüb
və narazılıqla qarşılansa da, bir qədər əvvəl
Azərbaycan Milli Hökuməti ilə mərkəzi İran
hökuməti arasında əldə edilmiş
razılaşmanın şərtlərinə görə nəhayət
bu məsələ həllini tapmışdı. F. İbrahimi bu barədə
yazmışdı: "Mənim pasportum Təbriz polis idarəsi
tərəfindən verilmiş və nəticədə Azərbaycan
dilində yazılmışdır. Ona görə
də mən bu pasportu həmişə bir əziz yadigar kimi
saxlayacağam".
F. İbrahiminin yazdığı hesabatlarla
yanaşı, konfransda iştirak edən müxtəlif ölkələrin
nümayəndə heyətləri, partiya və mətbuat
xadimləri ilə görüşləri Azərbaycanın səsini
dünyaya çatdırmağa xidmət etmişdir. Onun Misir, Əlcəzair,
Tunis, Mərakeş nümayəndələri ilə
görüşləri və Azərbaycan milli-demokratik hərəkatı
barəsində onları məlumatlandırması, həmçinin,
Azərbaycan haqqında onların fikirlərini öyrənməsi
və Azərbaycan hökumətini məlumatlandırması əhəmiyyətli
idi. Ərəb ölkələrinin mətbuat
nümayəndələri ilə görüşü barəsində
F. İbrahimi hesabatında yazır ki, onların nəzərində
Ərəb Dövlətləri Liqası böyük bir milli
qüvvə kimi görünürdü və ona görə
belə düşünürdülər ki, bütün
müsəlman xalqlarının nicatı bu qüvvədən
asılıdır. Mən Ərəb Dövlətləri
Liqasının nə olduğunu və həqiqi mahiyyətini
onlar üçün izah etdim və anlatdım ki, "hər bir millət həqiqi
azadlıq əldə etmək və öz müqəddaratına
sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir.
O da millətin birliyi və bu birlikdən əmələ gələn
qüvvədir".
Azərbaycan
Milli hökumətinin varlığını, həyata
keçirdiyi islahatları konfransda görüşdüyü
nümayəndə heyətlərinə şərh edən F.
İbrahimi Təbriz radiosunda Azərbaycanda baş verən
inqilabi hadisələr barəsində Azərbaycan dilində
verilən xəbərləri izləyən bir misirli gənc
ilə söhbətindən sonra yazır ki,
xalqımızın azadlıq vədəsi verən nidası
bütün Yaxın Şərq ölkələrini
bürümüş və piramida ətəklərində
öz vətəninin həqiqi azadlığını arzu edən
misirli cavana mübarizə dərsi öyrətmişdir.
Azərbaycan
Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 3
sentyabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsinin
yaranmasının bir illik bayramı münasibətilə Təbrizin
dövlət teatrı salonundakı nitqində F.İbrahiminin Paris
Sülh konfransından göndərdiyi hesabatları yüksək
qiymətləndirərək demişdir: "Bizim hərəkatımız
dil vasitəsilə dünyada nüfuz və şöhrətə
malik ola bildi. Dünya bildi ki, beş
milyonluq bir xalq var ki, öz dillərində yazıb və
oxuyur... İndi dünyanın yazıq millətləri
bizi alqışlayır və bizə nicat verən bir millət
kimi baxırlar".
F.İbrahiminin
ABŞ, Böyük Britaniya,
Fransa, SSRİ və başqa dövlətlərin yüksək
nümayəndə heyətlərinin fəaliyyətləri,
müzakirə edilən məsələlər, alınan nəticələr
haqqında məlumat və fikirlərində o dövrdə
müharibədən sonrakı dünya düzəninin necə
formalaşdırıldığı haqqında maraqlı təhlillər
vardır. Onun Böyük Britaniyanın Baş
naziri U.Çörçilin 19 sentyabr 1946-cı ildə
Sürix universitetində etdiyi məruzədən gətirdiyi
nümunə bu baxımdan maraqlıdır. Baş nazir demişdi ki, biz Avropada sülh və təhlükəsizlik
şəraiti yaratmalıyıq. Ona görə
"Avropa Birləşmiş Dövlətləri" kimi bir
qurum yaratmalyıq... Almaniyanı da yeni hücum
qüvvəsindən məhrum etmək lazımdır.
Amma gərək keçmişi yaddan çıxardıb cəza
verməkdən vaz keçək...
F.İbrahimi
yazırdı ki, Paris Sülh konfransında əslində,
demokratik və ədalətli bir sülhə qarşı
geniş mübarizə gedirdi... Anqlo-sakslar rəqibsiz
bir surətdə dünyaya hökm etmək istəyirdilər.
Faşist işğalı nəticəsində siyasi
etibarı sarsılmış Fransa Müqavimət hərəkatı
sayəsində Avropa və dünya siyasətində yüksək
mövqe qazanmağa çalışırdı... Sovet
nümayəndələri bütün xalqların azadlıq və
istiqlalını müdafiə edirdilər və kiçik
xalqların hakimiyyət haqqına müxalif olan təhriklərə
qarşı ciddi mübarizə aparırdılar... Bu kimi məlumatlardan aydın görünür ki,
F.İbrahiminin arayış və təhlilləri dəyərli
idi və gənc Azərbaycan hökumətini dünyada gedən
proseslərdən xəbərdar etmək məqsədi də
daşıyırdı.
F. İbrahimi Təbrizə döndükdən sonra yenidən
Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edir, hüquq-mühafizə sahəsindəki fəaliyyətini
davam etdirirdi.
Lakin o, 12 dekabr (21 Azər) 1946-cı il
tarixində İran şahlıq rejiminin amansız ordusu ilə
qeyri-bərabər döyüşdə, ADF MK-nın
binasında 34 saatlıq silahlı müqavimətdən sonra həbs
edilib zindana salındı. Həbsxanada yüksək ləyaqətini
qoruyub saxlayan F. İbrahimi İran xəbər agentliklərinin
birinin "Siz prokuror
olduğunuz zaman hansı işləri icra etmisiniz?"
sualına belə cavab vermişdi: "Biz məhbusların
cinayət işlərini araşdırdıq, mürtəce
qanunlar əsasında həbs edilən günahsız insanları
azad etdik. Xalqın hüquqlarını
müdafiə etməklə onları satqın hakimlərin
zülmündən xilas etdik".
Kitabın
ön sözündə qeyd edildiyi kimi, Şah rejiminin ədalətsiz
məhkəməsində də, 1947-ci ilin may ayının
23-də Təbrizin Səttarxan xiyabanındakı meydanda dar ağacına aparılanda da
F.İbrahimi azadlıq işinə dönməz sədaqətini
bir daha nümayiş etdirmişdi. Onun məhkəmədə
irticaçı şah rejimini ittiham edən nitqi bu gün də
İran azadlıqsevərlərinin qulağında səslənməkdədir.
F. İbrahimi demişdi: "Gün gələcəkdir ki,
bütün İran xalqını öz hüquqlarından məhrum
edənlər, onların mədəniyyət və milli
qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini
qızılla doldurmaq xatirinə zəhmətkeş
insanları istismar edənlər xalq qarşısında
törətdikləri xəyanət və cinayət əməllərinə
görə cavab verməyə məcbur olacaqlar".
Qeydlərimin sonunda vurğulamaq istərdim ki, əlbəttə,
tarix özü ən yaxşı ədalət tərəzisidir.
XX əsrdə Cənubi Azərbaycanda başlayan və
bütün İrana demokratiya dərsi verən, əsla
bölücülük salmadan bütövlükdə
İranı azad, demokratik bir dövlətə çevirməyə,
Azərbaycana isə onun tərkibində muxtariyət hüququ
qazandırmağa çalışan milli-demokratik hərəkatları
zalımlıqla boğan şahlıq
rejiminin süpürülüb atılması bunun ən
yaxşı nümunəsidir. Bu isə Firudin İbrahimi və onun kimi fədakar
azadlıq mücahidlərinin hədər yerə mübarizə
aparmadıqlarının göstəricisidir.
525-ci qəzet 2018.- 11 may.- S.6.