Vətən üçün Elçin
XALQ YAZIÇISI,
GÖRKƏMLİ İCTİMAİ XADİM, TANINMIŞ
ƏDƏBİYYATŞÜNAS ELÇİNİN 75 YAŞI
MÜNASİBƏTİLƏ
Abid TAHİRLİ
Xalq
yazıçısı Elçinin bədii-publisistik, ədəbi-tənqidi irsi- hekayə, povest, roman, pyes,
ssenariləri, tərcümələri, monoqrafiya və məqalələri
haqqında ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış tədqiqatçılar,
mötəbər ictimai və dövlət xadimləri,
nüfuzlu elm, mədəniyyət
nümayəndələri məhəbbətlə bəhs
etmiş, əsərlərinin ideya, məzmununu, özünəməxsus
dil, üslub məziyyətlərini, sənətkarlıq məsələlərini
hərtərəfli və dərindən təhlil edərək,
yüksək dəyərləndirmişlər.
Elçin
yaradıcılığının bədii gücü,
estetik xüsusiyyətləri, tarixi-fəlsəfi mahiyyəti və dəyəri,
yazıçının milli ədəbiyyatımızın
inkişafındakı yeri, əvəzsiz rolu barədə Məmməd Cəfər
Cəfərov, Mir Cəlal, Məmməd
Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov,
Kamal Talıbzadə, Aydın Məmmədov, Əziz Mirəhmədov,
Bəkir Nəbiyev, Yaşar
Qarayev, Yusif Səmədoğlu,
Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nərgiz
Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin
Şəmsizadə, Nizami Tağısoy, Vilayət Quliyev,
İmamverdi Əbilov, Cahangir Məmmədli, Vaqif Yusifli... kimi
qələm sahibləri fikir söyləmişlər. Müxtəlif nəsillərə,
fərqli, zövq, mövqe və baxışlara mənsub
söz sahiblərini Elçin yaradıcılığı haqqında vahid qənaət
birləşdirir: Elçin dəyərli
əsərləri ilə bəşərin söz-sənət
xəzinəsini zənginləşdirən
dünya şöhrətli sənətkarlarla
bir sırada durmaq haqqını qazanmış klassik Azərbaycan
yazıçısıdır!
Elçin
yaradıcılığından dəfələrlə bəhs etməkbu sətirlərin
müəllifinə də nəsib
olmuşdur. Bu dəfə isə
böyük yazıçının, görkəmli ictimai və
dövlət xadiminin çoxşaxəli, faydalı və fədakar
fəaliyyətinin bir dövründən, bir istiqamətindən
- Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti
- "Vətən" Cəmiyyətinin sədri işlədiyi
mərhələdən danışmaq istərdik. Bəri başdan deyək ki, bu Cəmiyyət
yarandığı ilk gündən - 1987-ci il dekabr
ayının 28-dən fəaliyyət göstərdiyi son
günədək - 1993-cü ilə kimi Elçin Cəmiyyətə
rəhbərlik etmişdir. Mübaliğəsiz
deyəcəyəm ki, "Vətən" Cəmiyyəti XX
əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində
- hələ Sovet hakimiyyətinin, rejimin və kommunist
ideologiyasının mövcud olduğu illərdə leqal,
lakin əsl antisovet bir təşkilat kimi fəaliyyət
göstərirdi. Ölkədəki mövcud ictimai-siyasi
vəziyyəti, mühiti, Milli azadlıq hərəkatının
özü ilə gətirdiyi ab-havanı, Dağlıq
Qarabağda növbəti dəfə
baş qaldıran erməni separatizminin fəsadlarını,
erməni vəhşiliyinin nəticələrini
göz qabağına gətirmədən, onları
xatırlamadan həmin dövr haqqında obyektiv fikir
yürütmək qeyri-mümkündür. Əvvəla,
aqoniya vəziyyətində olan partiyanın Mərkəzi Komitəsi,
senzura öz canının
hayında idi. İkincisi, bütün dövlət
orqanlarında, bütün səviyyələrdə və
mövqelərdə qəlbi, nəbzi xalqla vuran dövlət məmurları,
hüquq və inzibati orqan işçiləri də kifayət qədər idi.
Üçüncüsü isə "Vətən" Cəmiyyətinin
Əsasnaməsi heç yada düşmürdü, Cəmiyyət
öz fəaliyyətini
zamanın tələbi ilə tənzimləyirdi... Hələ
SSRİ-nin mövcud olduğu 1988-ci ildə "Vətən" Cəmiyyətində həmvətənlərlə
görüş zamanı Elçin müəllimin dediyi
aşağıdakı fikirlər Cəmiyyətin gələcək
niyyət və planlarından xəbər verirdi: "Milli
hiss, milli təəssübkeşlik bəşəriliyə aparan ilkin mənəvi mənbədir.
Milli olmayan şəxs beynəlmiləl də ola
bilməz. Vətən məhz ona görə Vətəndir ki, o, taleyin
hökmü ilə didərgin düşmüş
övladlarını da unutmur və həmin
övladlarından da eyni vəfadarlıq tələb edir.
"Vətən" Cəmiyyəti yer kürəsinin ən ucqar
nöqtəsində yaşayan azərbaycanlı
üçün də mənəvi istinadgah olmalıdır.
Biz məhz belə bir ali, yüksək məqsəd uğrunda
çalışmalı, işimizi məhz belə bir əsada
kökləməliyik ("Odlar yurdu" qəzeti",¹13, iyul 1988).
"Vətən" Cəmiyyətinin,
o cümlədən, "Odlar yurdu" qəzetinin fəaliyyəti nə onların
mövcud olduğu illərdə, nə də sonralar kifayət qədər qiymətləndirilməyib.
Yaxşı olardı ki, tədqiqatçılar, sahə
mütəxəssisləri tərəfindən xalqımızın tarixində
parlaq iz buraxmış, xaricdə məskunlaşmış həmvətənlərlə
Azərbaycan arasında ilk dəfə mənəvi
körpü yaratmış, milli şüurun dirçəldilməsində,
milli dövlətçilik ənənələrinin təbliğində və dirçəldilməsində
misilsiz rol oynamış Cəmiyyətin, demokratik və
müstəqil mətbuatın bünövrəsinin
qoyulmasında əvəzsiz xidmətlər göstərmiş
"Odlar yurdu" qəzetinin fəaliyyətini
dərindən
araşdırılsın, dəyərləndirsin.
Elçin müəllimin rəhbərlik etdiyi Cəmiyyətin fəaliyyət
istiqamətləri çoxşaxəli, irimiqyaslı, nəticələri isə faydalı və məhsuldar olmuşdur. Dünya şöhrətli
rəssam İbrahim Əhrarinin obrazlı şəkildə
dediyi "Bu Cəmiyyət bizlərin gözünə nur,
dizinə qüvvət, beyninə ruh verdi"
- cümləsi Cəmiyyətin fəaliyyətinə verilən
gerçək qiymətdir.
"Vətən" Cəmiyyəti tarixdə ilk dəfə
xaricdə yaşayan həmvətənlərlə, onları
birləşdirən mədəniyyət mərkəzləri
ilə sıx əlaqə yaratmağa, əməkdaşlıq
etməyə nail oldu. Xarici
ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ
etmək, tanıtmaq məqsədi ilə çox sayda mədəni-kütləvi
tədbirlər, konfrans, simpozium və görüşlər
keçirilirdi. Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni
həyatında, azadlıq mücadiləsində misilsiz xidmətlər
göstərmiş, lakin sovet rejimi və kommunist
ideologiyasının düşməni kimi böhtan və
iftiralarla gözdən salınan, unudulmasına
çalışılan şəxsiyyətlərin, o cümlədən,
Əli bəy Hüseynzadənin, Əhməd bəy
Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Əlimərdan bəy
Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi
bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin,
Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun,
Xudadat bəy Rəfibəylinin, Nağı
Şeyxzamanlının... həyat və fəaliyyətinin,
irsinin gerçək mənzərəsi ilk dəfə Azərbaycan
xalqına təqdim olundu. Şərqin, islam
dünyasının ilk dünyəvi, demokratik dövləti
olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş
ictimai rəy formalaşdırıldı. 30 nəfərə
yaxın əməkdaşın
çalışdığı
Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr
olunan tirajı 250 mindən
çox olan "Odlar yurdu" qəzeti fəaliyyət
göstərirdi. Azərbaycan
sovet mətbuatı tarixində M.Ə. Rəsulzadə
haqqında ilk məqalənin "Odlar yurdu" qəzetində
dərc edilməsi (¹17, sentyabr 1988) "Vətən" Cəmiyyətinin
gələcək fəaliyyətinin istiqamətindən xəbər
verirdi və bu, bir tərəfdən
mövcud rejimə açıq-aşkar meydan sulamaq idisə,
digər tərəfdən xalqı tariximizin şanlı səhifələri,
azadlıq aşiqlərinin mücadilə yolu ilə tanış etmək məqsədini
daşıyırdı. Qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin
digər liderlərinin həyat və fəaliyyəti, Şərqin ilk milli demokratik dövlətinin atributları,
qısa zaman ərzində müxtəlif sahələrdə həyata
keçirdiyi islahatlar işıqlandırılmağa, Azərbaycan
tarixi və Azərbaycan dili ilə bağlı silsilə məqalələr
davamlı şəkildə verilmişdir. Cəmiyyətin sədri
Elçin qəzetin fəaliyyətini istiqamətləndirir,
ona qayğı göstərir, dövrü nəşrin daha
məzmunlu və sanballı çıxmasına
çalışır, nüfuzu, inadkarlığı, fədakarlığı
hesabına qəzeti partokratların, senzuranın, xüsusi
xidmət orqanlarının təzyiqindən, təsirindən,
təhdidlərindən qoruyurdu. Qəzetin nüfuzlu və
populyar olmasında Cəmiyyətlə yaxından əməkdaşlıq
edən Bəxtiyar Vahabzadə, Mövsüm Əliyev, Vilayət
Quliyev, Vaqif Arzumanlı, Əzizə Cəfərzadə, Qəzənfər
Paşayev... kimi qələm sahiblərinin, eləcə də
Hurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel
Feyzioğlu, Əhməd Mehribani
və başqa soydaşlarımızın xidməti də
böyük olmuşdur.
"Vətən"
Cəmiyyətinin vasitəsi ilə xalqımız Azərbaycan
Xalq Cümhuriyyətinin mənəvi varisləri-Ankaradakı
Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin
baş katibi Məhəmməd
Kəngərli, mühacir təşkilatının
qurucularından Əhməd Qaraca və digərləri ilə
ilk dəfə siyasi mühacirlər
kimi Vətəni ziyarətə gəldilər. "Vətən"
Cəmiyyəti İstanbuldakı Azərbaycan türkləri
kültür və dayanışma dərnəyinin təşkilatçılığı
ilə 1989-cu
il noyabrın 3-6-da keçirilən Azərbaycan Mədəniyyət
Mərkəzlərinin I Beynəlxalq qurultayının
işində fəal iştirak etmişdir.
"Vətən" Cəmiyyəti dünya
şöhrətli şərqşünaslarla, türkoloqlarla,
azərbaycanşünaslarla, onların irsi ilə ölkə
ictimaiyyətini məlumatlandırdı. A. Benniksen, T. Svyataxovski, O. Altstadın Azərbaycanla
bağlı tədqiqatları geniş əks-səda
doğurdu, rəğbət qazandı. Cəmiyyətin yarandığı
il London Universitetinin professoru Turxan Gənceyi, "Ana dili"
qəzetinin (Bonn) redaktoru Nurəddin
Qərəvi, "Xəzər" jurnalının
(İstanbul) baş redaktoru Həmid Turan, tələbə Səid
Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının
iştirakçısı İbadulla Əzimzadə və b.
"Vətən" Cəmiyyətinin dəvəti ilə Azərbaycanda
olmuşlar. Onların Azərbaycana səfərləri
hər dəfə hadisəyə çevrilirdi. Sonrakı
illər onlarca həmvətən, yaxud Azərbaycan
xalqının, mədəniyyətinin dostları, o cümlədən,
İstanbuldakı Azərbaycan kültür və
dayanışma dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan əncüməninin
sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənimiz
Hadi Amidi, Madriddə çıxan "Dədə Qorqud"
jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin
tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali
Birand, dünya şöhrətli
rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari,
"Amerikanın səsi" radiostansiyasının Azərbaycan
bölməsinin rəhbəri Həsən Cavadi, həmin
radionun əməkdaşı
Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli
Fərzanə "Vətən" Cəmiyyətinin
qonağı olmuşdur. "Vətən" Cəmiyyətinin
xətti ilə xarici ölkələrə
(Almaniya, Danimarka, Hollandiya, Türkiyə, İsveç,
Norveç, Avstriya, Finlandiya,
ABŞ və s.) ezam olunan onlarca tanınmış mədəniyyət,
elm xadimi, incəsənət ustaları əslində, o
zamanlar xaricdə heç bir nümayəndəliyi, səfirliyi
olmayan ölkəmizi təmsil edir, Vətənimizin ədalətli mövqeyini müdafiə edir, həm
həmvətənlər, həm xarici ölkə ictimaiyyəti
arasında Azərbaycanın qədim, zəngin tarixini, milli-mənəvi
dəyərlərini tanıdır, təbliğ edir, ölkəmizdə
baş verən ictimai-siyasi hadisələr,
Dağlıq Qarabağ problemi haqqında, erməni seperatizmi və
vəhşiliyi barədə obyektiv məlumatlar yayır, əsl həqiqətlər
haqqında fikir formalaşdırırdılar. Bu qəbildən olan tədbirlər SSRİ hökumətinin, Sovet
İttifaqı Kommunist Partiyasının respublikamıza
qarşı qərəzli, əslində, qatı düşmənçilik,
təcrid etmək, informasiya blokadasında saxlamaq siyasəti
zamanında xüsusi ilə mühüm əhəmiyyət
daşıyırdı.
R.
Mustafayev adına Dövlət İncəsənət muzeyində xarici ölkələrdə
yaşayan həmvətən rəssamlarımızdan
İbrahim Əhrari, Əkbər Behkəlam, Davud və
Əyyub İmdadiyan qardaşları və digər sənətkarlara
məxsus 90 tablodan ibarət sərginin
açılması ölkənin mədəni həyatında
hadisəyə çevrilmişdir. Böyük mütəfəkkir-yazıçı
Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik
yubileyi münasibəti ilə "Vətən" Cəmiyyətində
xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat
və incəsənət xadimlərinin iştirakı ilə
keçirilən görüş
(31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu
ilə tarixə düşmüşdür. "Vətən"
Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin
açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı
elm, mədəniyyət, ədəbiyyat,
incəsənət xadimləri xaricdən - İren Melikoff,
Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi,
İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff,
İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və
Davud İmdadian qardaşları, Rza Diqqəti, ölkəmizdən Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Polad
Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov,
Nazim İbrahimov iştirak və çıxış
etmişlər. Mirzə Fətəli Axundovun
xatirəsinə ehtiram əlaməti olan bu irimiqyaslı tədbir
həmvətənlərlə əlaqə və əməkdaşlığın
yeni səhifələrini açdı.
"Vətən"
Cəmiyyəti 20 Yanvar faciəsinin törədiləndə
"Vətən" Cəmiyyəti bütün qüvvəsini
səfərbərliyə aldı: Bakıda fövqəladə
vəziyyət, komendant saatı olmasına baxmayaraq, Sovet əsgərlərinin
Bakının küçələrində törətdiyi
cinayətlər, onların izləri video və fotolara
köçürüldü, teleks və telefonlar vasitəsi
ilə xarici KİV, həmvətənlər, onları birləşdirən
mədəniyyət mərkəzləri məlumatlandırıldı.
"Odlar yurdu" hərbi senzuranın qadağalarına
baxmayaraq, 20 Yanvar faciəsini "Səhər" qəzeti
ilə birlikdə ölkədə
ilk dəfə bütün çılpaqlığı ilə
öz səhifəsində işıqlandırdı. "Vətən"
Cəmiyyəti yeganə mətbu orqandır ki, Azərbaycan
SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş
fövqəladə sessiyası barədə məlumatı və
onun "Bakı şəhərində Fövqəladə
vəziyyətin ləğv olunması haqqında" qərarını
dərc etmişdir. Sessiyanın keçirilməsində Elçinin xüsusi
rolu olmuşdur.
"Vətən"
Cəmiyyəti çirkin
"erməni məsələsi"nin əsl mahiyyətinin
açılması və bədnam
qonşularımızın Dağlıq Qarabağdakı
separatizminin acı, ağır fəsadları, erməni
vandalizmi barədə, ümumiyyətlə Cənubi Qafqazda
gedən proseslərlə bağlı həqiqətləri həmvətənlərə,
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
ardıcıl və sistemli şəkildə mühüm tədbirlər həyata
keçirirdi. Cəmiyyət
Dağlıq Qarabağ və onun ətrafında baş verən
hadisələrlə bağlı mütəmadi informasiyalar
yayır, erməni vəhşiliyinə qarşı xalqımızın qəzəb və
nifrətini ifadə edərək
həmvətənlərimizi ermənilərin və
onların havadarlarının fitnəkar planlarını
ifşa etməyə, həqiqəti dünya ictimaiyyətinə
çatdırmağa, Azərbaycanın ərazi
bütövlüyü və azadlığı naminə
öz haqq səslərini ucaltmağa
çağırırdı.
Elçinin
səyi ilə 1990-cı il noyabrın 26-da "Vətən" Cəmiyyətinin
dəvəti ilə ölkəmizə gələn ABŞ
konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən
biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən
nümayəndə heyəti ilə
geniş tərkibli görüş keçirilmiş, ABŞ konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü
ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdir. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər
Xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar üzərinə
əklillər qoyulmışdur. Elçin senatorla
görüş zamanı xalqımızı narahat edən
problemləri sərt və aydın şəkildə bəyan
etmişdir: "Azərbaycan xalqı artıq üç ildir
ki, açıq təcavüzə məruz qalır, onun
torpaqları qəsb edilir, milli varlığı təhdid
olunur. Bu fəlakət qarşısında
xalqın öz suverenliyi uğrunda apardığı demokratik
mübarizə ölkədə və xaricdə tamamilə
yanlış mövqedən qiymətləndirilir, onun haqq
işinə irtica, cəhalət donu geydirilir. Təəssüf ki, bu birtərəfli və qərəzli
informasiya daim azadlıq ideallarına sadiq olan ABŞ-da da yayılır,
erməni lobbisi tərəfindən respublikamız, onun
xalqı əleyhinə mənfi ictimai rəy yaradılır.
Buna görə də Azərbaycan xalqı cənab konqresmenin
səfərinə böyük ümid bağlayır və
belə hesab edir ki, o, Azərbaycanda olduğu müddətdə
hər şeyi öz gözləri ilə görmək və ilk mənbədən
öyrənmək imkanı qazanacaqdır ("Odlar yurdu", ¹22, noyabr 1990) .
"Vətən"
Cəmiyyətinin fəaliyyəti ilə uzun müddətdən
- 1946-cı ildən
sonra ilk dəfə Cənubi Azərbaycan mövzusu yenidən gündəmə gəldi,
aktuallaşdı. "Vətən" Cəmiyyəti yeni əlifbanın
üstünlüklərinin təbliği ilə kifayətlənmədi,
ölkəmizdə ilk dəfə latın
əlifbası ilə qəzet buraxdı.
"Vətən" Cəmiyyəti həmvətənlər
arasında Azərbaycan dilini, tarixini, mədəniyyətini, ədəbi-mədəni
irsini təbliğ, təşviq edir, öyrədir və
sevdirir, dünyanın müxtəlif ölkələrində
məskunlaşan soydaşlarımızın ünvanına
küllü miqdarda qəzet, kitab, digər çap məhsulları
göndərirdi. "Vətən" Cəmiyyəti xarici mətbu orqanları,
eləcə də həmvətənlərimizin
buraxdığı nəşrlər daim izləyir, onlarla əlaqə
saxlayır və əməkdaşlıq edirdi. "Vətən"
Cəmiyyətinin ümummilli maraqlara, müstəqilliyə
xidmət edən çoxşaxəli, səmərəli və
şəffaf fəaliyyəti
xaricdə və daxildə müəyyən dairələri təmin
etmədiyindən onlar müxtəlif
üsullarla Cəmiyyətin işinə kölgə salmağa,
böhtan, yalan və şayiələrlə onun fəaliyyətini gözdən
salmağa cəhd göstərmişlər. "Onlar Azərbaycan
mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının
yayılmasından, ümumiyyətlə Azərbaycanın
tanınmasından, həmvətənlərimiz arasında
milli şüurun artmasından, milli özünüdərkin
güclənməsindən, türkmənçaydan sonra ayrı düşmüş iki
tayı çətinliklərə
sinə gərərək bir-birinə əl
uzatmasından qorxuya düşürlər. Həmin dairələr
hər vasitə ilə "Vətən" Cəmiyyətinin
fəaliyyətini gözdən salmağa
çalışır, ona iftira və böhtanlar
yağdırır, ictimai fikirdə mənfi qənaət doğurmağa can
atırlar. Xaricdəki bir sıra farsdilli mətbuatda da belə
bir naqis təmayüllü, təşvişdən doğan qərəzçilyi
açıq-aşkar görmək mümkündür
("Odlar yurdu", ¹19, sentyabr
1989). İş o həddə
çatmışdır ki, "Vətən" Cəmiyyətinin
fəaliyyəti Sov.İKP
MK-nın Politbüro iclasında müzakirə edilmiş, o
zaman, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində
işləyən keçmiş xarici işlər naziri Andrey
Qromıko "Vətən" Cəmiyyətinin əleyhinə
kəskin çıxış etmişdir. Bu qərəzli, bəzi
hallarda
düşmən münasibətdən çəkinməyən
və sarsılmayan Cəmiyyətin
ən böyük müttəfiqi ədalət və həqiqət
olmuşdur ki, bu da ona xalqın yaddaşında-tarixində həmişəyaşarlıq
haqqını qazandırmışdır. Məsələ
burasındadır ki, Cəmiyyət, onun sədri Elçin
yalnız SSRİ-dəki düşmənlərimizə
yox, ermənilərə xaricdə himayədarlıq edən, onları
maddi, mənəvi cəhətdən dəstəkləyən
qüvvələrə qarşı da sözün tam mənasında
mübarizə aparırdı: "...bu gün Amerika Birləşmiş
Ştatları senatının xarici işlər komissiyası
Azərbaycanın ayrılmaz tarixi hissəsi olan Dağlıq
Qarabağ haqqında yalan məlumatlara və saxta sənədlərə
əsaslanan tamamilə birtərəfli və ədalətsiz qətnamə
qəbul edirsə, bu, Azadlığın ziddi,
qaranlığın təntənəsidir. Hərgah bu gün
daşnaksutyunun ən qatı və qəddar üzvləri
Amerika Birləşmiş Ştatlarında cismani məskən
tapmışlarsa, bunu bəlkə də ölkədəki
azadlıqla izah etmək olar, lakin həmin daşnaklar orada
özlərinə mənəvi məskən də
tapmışlarsa, bu, Azadlığın, işığın
yox, qara əməllərin ifadəsidir. Hərgah daşnak əqidəsi,
daşnak dünyabaxışı Amerika Birləşmiş
Ştatlarının senatına təsir edə bilirsə, bu,
azadlığa xəyanətdir, Azadlıq ideallarının
tapdanması deməkdir ("Odlar yurdu" ¹22, noyabr 1989).
"Elçin fikrini davam etdirərək yazır ki, əgər
Paruryur Əyrikyan kimi
erməni millətçilərinin söylədikləri
böhtanlar Amerika Birləşmiş Ştatlarının
senatına da təsir edirsə, bu yalnız kütbeyinlik hadisəsi
deyil, azadlığa qarşı sui-qəsddir. Əgər bu
gün Sergey Qriqoryants və onun arvadı Tamara Qriqoryants
Moskvada oturub "azadlıq uğrunda mübarizə" adı
ilə Azərbaycan xalqının tarixi, mədəniyyəti
və ümumiyyətlə mənəviyyatı barədə
öz həmvətənləri vasitəsilə Amerika Birləşmiş
Ştatlarında yaya bilirlərsə və həmin
çirkab kimlərəsə tutarlı görünürsə,
bu, yalnız Azadlığa yox, bütün Amerika xalqına təhqirdir.
Bütün bu ədalətli, haqlı, eyni zamanda, sərt iradlardan
sonra Elçin həmvətənlərimizə
müraciət edərək hər kəsi vətəndaşlıq
borcunu yerinə yetirməyə, haqq səsini qaldırmağa
səsləyir və yazır: "Azərbaycan xalqının
öz torpağının bölünməzliyi, ərazisinin
qorunması uğrundakı ən böyük müttəfiqi
- həqiqətdir.
"Vətən"
Cəmiyyəti fəaliyyət
göstərdiyi dövrün tarixinə, ictimai-siyasi proseslərə,
milli-azadlıq hərəkatının daha geniş vüsət
almasına, erməni seperatiminin və erməni vəhşiliyinin
ifşasına, demokratik dəyərlərin, xüsusən
söz azadlığının, yeni dövr müstəqil mətbuatın
formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi
dəyərlərin dirçəldilməsinə, mühacirlərlə
səmərəli münasibətlərin qurulmasına misilsiz töhfələr
vermişdir.Cəmiyyət xaricdəki həmvətənlər
probleminin (məskunlaşdığı ölkələr, fəaliyyət
dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili,
siyasi baxışları, həyat və təfəkkür tərzləri,
həmvətənlərlə əlaqə vasitələri,
onların mətbu və digər nəşrlərlə təmin
edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət
mərkəzləri, ocaq və əncümənləri, ana
dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri
və s.) öyrənilməsi və həlli, Azərbaycan Xalq
Cümhuriyyəti haqqında həqiqətlərin üzə
çıxarılması, milli azadlıq hərəkatının
daha geniş vüsət almasına, 20 Yanvar faciəsi
haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin
məlumatlandırılmasına, ölkəmizin ərazi
bütövlüyü və Dağlıq Qarabağ problemi
haqqında obyektiv rəyin formalaşmasına, "Odlar
yurdu" qəzetinin demokratik və azad mətbuat kimi fəaliyyət
göstərməsi, mühacirətşünalıq elminin
yaranması, soydaşlarımızın arasında milli-mənəvi
dəyərlərin, adət, ənənələrin təbliği
istiqamətində tarixi rol oynamışdır. Elçin
müəllimin Cəmiyyətdəki fəaliyyəti onun nə
qədər millətpərvər, vətənsevər,
xalqımızın tarixinə, taleyinə, milli-mənəvi,
dini dəyərlərimizə bağlı olduğunu,
müstəqil Azərbaycanın naminə hər cür fədakarlıq
etdiyini bir daha ortaya qoymuş oldu.
525-ci qəzet.-2018.-11
may.-S.7.