“Heydər Əliyev. Biblioqrafiya”
kitabının və elektron bazanın təqdimatı
oldu
Mayın
11-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 95 illiyinə həsr olunmuş “Heydər
Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron
məlumat bazasının təqdimatı keçirilib.
Mədəniyyət
Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr
olunmuş biblioqrafiyanın təqdimat mərasimində Milli Məclisin
deputatları, tanınmış elm və mədəniyyət
xadimləri iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, Milli Kitabxananın direktoru Kərim Tahirov
ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci
ildönümünün ölkəmizin hər yerində
silsilə tədbirlərlə qeyd edildiyini bildirib. O deyib ki,
müasir, müstəqil Azərbaycanın qurucusu olan
Ümummilli liderin yubiley tədbirlərinə Milli Kitabxana da əliboş
qatılmayıb. Belə ki, hazırlanan “Heydər Əliyev.
Biblioqrafiya” kitabı Ulu Öndərin zəngin irsinin gələcək
nəsillərə çatdırılması
baxımından çox dəyərli mənbədir.
Bildirilib
ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental
biblioqrafiyada Ulu Öndərin öz əsərləri və
onun haqqında yazılmış materiallar yer alıb.
“Xalqımızın böyük oğlu Heydər Əliyevin
titanik fəaliyyətinin çox genişəhatəli
olduğu nəzərə alınaraq bu göstəricidə
yalnız Ümummilli liderin kitab halında çap olunan əsərləri,
kitablarda, elmi məcmuələrdə və elmi jurnallarda dərc
olunan materiallar öz əksini tapıb. Biblioqrafiya elmi-tədqiqatçılar,
kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi
üçün nəzərdə tutulub”, - deyə Milli
Kitabxananın direktoru vurğulayıb.
Diqqətə
çatdırılıb ki, Heydər Əliyev haqqında bu
ilk fundamental biblioqrafiya görkəmli ictimai-siyasi xadimin
1969-2018-ci illərdə Azərbaycan, rus, ingilis, türk və
digər xarici dillərdə nəşr olunmuş
kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və
elmi məcmuələrdə dərc edilmiş elmi-siyasi məqalələri,
çıxışları və Ulu Öndər haqqında
yazılmış materialları əhatə edir. Biblioqrafik
göstəricidə ədəbiyyat iki əsas bölmədə:
“Əsərlərinin biblioqrafiyası” və “Haqqında
materiallar” bölmələrində toplanmış, hər
bölmədə mövzuya uyğun yarımbölmələr
verilib. Biblioqrafiyada “Görkəmli şəxsiyyətlər və
Azərbaycanın dövlət, elm və mədəniyyət
xadimləri Heydər Əliyev haqqında” bölməsində
Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə bərabər,
dünyanın tanınmış dövlət xadimlərinin də
ulu öndər haqqında fikirləri, mülahizələri
öz əksini tapıb. “Əsərlərinin
biblioqrafiyası” bölməsində Heydər Əliyevin
kitabları, elmi məqalələri əhatə olunub, ədəbiyyatın
çoxluğu nəzərə alınaraq dövri mətbuatda
gedən məqalələr və bəzi informasiya xarakterli
materiallar biblioqrafiyaya salınmayıb. Ulu Öndərin fəaliyyətinin
bu günədək çox az öyrənilmiş sahəsi
olan “Azərbaycana rəhbərliyinin birinci mərhələsi
(1969-1990)” adlı yarımbölmədə siyasi xadimin Sovetlər
Birliyi dövründə Azərbaycanın tərəqqisi və
inkişafına yönəlmiş siyasi fəaliyyəti
geniş əks olunub.
Dünya
şöhrətli siyasətçinin haqqında olan materiallar
“Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”,
“Həyatı və ictimai-siyasi fəaliyyəti”, “Dövlət
quruculuğu və xarici siyasət”, “Sosial-iqtisadi inkişaf”,
“Elm və mədəniyyət, milli mənəvi dəyərlər”,
“Heydər Əliyev şəxsiyyəti bədii ədəbiyyatda
və incəsənətdə” adlı bölmələrdə
öz əksini tapıb.
Bildirilib
ki, biblioqrafiyanın layihə rəhbəri mədəniyyət
naziri Əbülfəs Qarayev, elmi redaktoru Kərim Tahirovdur.
Sonra
tədbir iştirakçıları Ulu Öndərin həyat
yolundan və siyasi fəaliyyətindən bəhs edən filmə
baxıblar.
Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək
Ulu Öndərin keçdiyi həyat yolundan və dövlətçilik
xidmətlərindən danışıb. Deyib ki, Ümummilli
lider Heydər Əliyev dövlətçilik
üçün olduqca böyük işlər
görmüş şəxsiyyətdir.
“Heydər
Əliyev Azərbaycanın inkişafı,
xalqımızın firavan yaşaması, ölkəmizin beynəlxalq
arenada söz sahibi olmağı üçün əzmlə
çalışaraq dövlətçiliyimizin daha da
ucalması naminə əlindən gələni edib.
Bugünkü Azərbaycan, onun beynəlxalq miqyaslı layihələrdə
iştirak etməsi, sivil və demokratik dövlət
anlayışı ulu öndərin zəhmətinin,
uzaqgörən siyasətinin bəhrəsidir. Biz Heydər
Əliyevlə eyni dövrdə yaşadığımız
üçün olduqca xoşbəxt insanlarıq. O, hətta
sovet hökuməti rəhbərliyində təmsil olunduğu
vaxtlar da öz doğma ölkəsi üçün müstəsna
işlər görüb. Ulu öndərin ürəyi, ruhu hər
zaman doğa millətinin yanında olub. İkinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra önün bilavasitə
rəhbərliyi ilə ölkə mədəniyyətinin,
elminin, təhsilinin inkişafı naminə çoxsaylı
dövlət proqramları həyata keçirilib”, - deyə V.
Əliyev vurğulayıb.
Nazir
müavini əlavə edib ki, ölkənin çox
ağır vəziyyətdə olduğu dövrdə -
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gələn ulu öndər Heydər
Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası
nəticəsində ölkəmiz vətəndaş müharibəsindən,
parçalanmadan, xaosdan qurtulub, respublikada siyasi sabitlik təmin
edilib. Heydər Əliyevin ölkəmizdə milli mənəvi
dəyərlərin qorunmasında, dini
dözümlülük ənənələrinin möhkəmləndirilməsində
müstəsna xidmətləri olub. Onun səyləri ilə
ölkə həyatının bütün istiqamətlərində,
eləcə də milli mənəvi dəyərlərimizə
münasibətdə yeni bir mərhələnin əsası
qoyulub. İllər ötsə də ulu öndərin unudulmaz
xatirəsi daim ürəklərdə yaşayacaq.
Ulu
öndər haqqında Milli Kitabxana tərəfindən
biblioqrafiyanın hazırlanmasını yüksək dəyərləndirən
natiq bu işdə əməyi olan hər kəsə minnətdarlığını
bildirib.
Milli
Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib
ki, Ümummilli lider Heydər Əliyev təkcə dövlət
qurucusu deyil, eyni zamanda, millət qurucusu idi: “Heydər
Əliyev xalqının qayğısına qalan və millətinin
təəssübkeşliyini çəkən insan idi. O, həmişə
çalışırdı ki, xalqı simasını və
tarixini itirməsin. Onun bütün
çıxışlarında millətə məhəbbət,
dövlətçiliyə sədaqət eşqi hiss edilir”.
N.Cəfərov
qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan
dilinin inkişafı və zənginləşməsi istiqamətində
müxtəlif vasitələrdən istifadə edirdi. Onun tərəfindən
Azərbaycanda dilçi alimlərə yüksək diqqət
və qayğı göstərilməsi, milli dildə nəşr
edilən kitabların tirajlarının artırılması və
digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi
məqsədi daşıyırdı. Ana dilinə həmişə
xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu
öndər Heydər Əliyev dövlət dilinin yeni
inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə
alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” Fərman
imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə
etdiyi uğurlarla yanaşı, yaşadığımız
dövrdə dövlət dili sahəsində yaranmış
problemlər də geniş təhlil edilərək həmin
problemlərin həlli yolları göstərilib.
Milli
Məclisin deputatları Tahir Rzayev, Hikmət Məmmədov,
Aydın Mirzəzadə və digərləri
çıxış edərək Ulu Öndərin dövlətçilik
fəaliyyətindən, onun rəhbərliyi ilə ölkənin
bütün sahələrdə qazanılan uğurlardan
danışıblar. Qeyd edilib ki, Ümummilli lider Heydər
Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan
xalqının sevgisini qazanıb, ölkəmizin taleyində
ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət
kimi yaddaşlarda əbədiləşib. Dahi rəhbərin zəngin
həyat və fəaliyyəti, xalqımız və dövlətimiz
qarşısında misilsiz xidmətləri bizim
üçün örnəkdir. Ulu Öndərin təməlini
qoyduğu dövlətçilik məktəbi bu gün də
yaşayır və yaşayacaq.
Diqqətə
çatdırılıb ki, ölkəmizin beynəlxalq
mövqelərinin möhkəmlənməsində və
iqtisadiyyatının güclənməsində əsas amil
olan ümummilli liderin siyasi kursu hazırda Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər
ulu öndər Heydər Əliyevə həsr edilmiş
biblioqrafiyanın əhəmiyyətindən danışaraq,
bu işdə zəhməti olan hər bir kəsə təşəkkürlərini
bildiriblər.
525-ci qəzet 2018.- 12 may.- S.13.