Yazıçının sərvəti
ELÇİN –
75
Rəşad MƏCİD
... Bu
yaxınlarda tədbirlərin birində, təsadüfən,
yan tərəfdən gözüm Xalq yazıçısı
Elçinə sataşdı və bir ara
onu diqqətlə nəzərdən keçirmək
imkanım oldu.
Mən həmin anlarda onun illər keçdikcə
yaşlı İlyas Əfəndiyevə necə də
oxşadığının fərqinə vardım və bu
yaxın bənzərlik məni heyrətə saldı. Fikirləşdim ki, zaman
bizi yaşlandırıb ataların oxşarına, bir
neçə on il sonrakı əkizinə
çevirir... İlyas Əfəndiyevin
“Üçatılan” və “Geriyə baxma, qoca” əsərlərinin
nəşri mənim bədii ədəbiyyatı təşnəliklə
oxuduğum gənclik çağlarıma təsadüf
etmişdi. O əsərlərdəki Qarabağ koloriti, tərəkəməlik,
qaçaqçılıq həyatı, uşaqlıq xatirələri
elə şirin, dolğun təsvir olunmuşdu ki, cazibəsinə
düşməmək mümkün deyildi. Bu əsərlər,
heç şübhəsiz, dili, ruhu və genetik
yaddaşıyla Elçinin də əsərlərinə
köçərək orada özünəməxsus şəkildə
davam edib. İlyas Əfəndiyevlə
gen-nəsil bağlılığı təkcə zahiri əlamətlərdə
deyil, mənəvi qatda da Elçin
yaradıcılığında təzahür tapıb. Elçinin əsərlərindəki Qarabağ
koloriti mənə həm də bu baxımdan çox
doğmadır və başımıza gələn Qarabağ
itkimizdən sonra məni daha artıq təsirləndirir.
Onun, gənclik illərimdə oxuduğum “Şuşaya duman gəlib”
povestində yaratdığı Şuşa
aurası hələ də xatirimdədir. Povestdə
müəllif sanki sözlər vasitəsilə
Şuşanın gözəl, saf, məftunedici təbiətini,
təkrarsız mənzərəsini, şanlı
keçmişə bağlı əzəmətini bir rəsm
əsəri kimi yaradaraq oxucuya göstərir. Əsərdə Şuşanın qədim tarixi
xatırlanır, dünya memarlıq sənətində
özünəməxsus yer tuta biləcək möhtəşəm
abidələrdən təsirli dillə söz
açılır. Hadisələr Şuşa
sanatoriyasında baş verir. Əsərin gənc
qəhrəmanı Cavanşirin içərisindəki
ülvi hisslər, təmizlik, saflıq Şuşanın təbiəti
ilə vəhdətdə təqdim olunur. O, ilk
baxışda məftun olduğu ondan yaşca çox
böyük Mədinənin evə dəvətini öncə
qəbul etmək istəsə də, sonradan qadının məkrinə
uymur, içindəki doğruluq, saflıq onu öz yoluna
qaytarır. Burada oxucu gənc qəhrəmanın xarakterindəki
bu saflığın əvvəlcə gəlmək istəmədiyi,
sonradan isə heyran olduğu Şuşanın təbiətindən
qaynaqlandığını da istisna etmir...
Şuşa mənim üçün ən doğma və
qəlbimdə, yaddaşımda xüsusi yerə sahib şəhərdir. Bu şəhərlə
bağlı nisgil az qala hər an məni
göynədir. Bəlkə bu səbəbdəndir
ki, Şuşayla bağlı yazılmış sanballı əsərlərin
mənim zehnimdə, ümumən həyatımda xüsusi yeri
var. Elə Elçinin son illərdə çap olunan
“Bayraqdar” povestindəki Şuşayla bağlı təsvirlər
də mənim üçün son dərəcə
doğmadır.
Povest yazıçının “Qaçqınlar silsiləsi”ndəndir. Silsiləyə
aid bütün əsərlərdə olduğu kimi, burada da
Qarabağ qaçqınlarının, xüsusən
şuşalıların məşəqqətli həyatından
danışılır. Şuşada bütün mitinqlərdə
əlində bayraq öndə gedən Bayraqdar Surxay indi
Bakıda “səhərdən axşama kimi o
maşının-bu maşının qabağına
yüyürür ki, qəzet satıb ailəsini
saxlasın...” Povestdə müharibənin işıqlı
taleləri qaraldıb söndürməsi, ailələri
başsız qoyması, bükülməz qamətləri
yumağa döndərməsi dəqiqliklə təsvir edilir:
“Əbülfət qaçqınların yeni saldıqları
qəbiristanlıqda basdırılan 18-ci şuşalı
olur...” Didərgin insanların içindəki
ümidin get-gedə ölməsi, əriyib yox olması əsərdə
aydın sezilən çalardır. Amma
bütün hallarda müəllifin bu ümidin
öldüyünə inanmaq istəmədiyini də
görürük. Bu povest “Şuşaya duman gəlib”
hekayəsindən təxminən 30 il sonra
yazılsa da, buradakı Şuşa koloriti, təsvirlər,
xatırlamalar yenə çox dəqiqdir, canlıdır. Ancaq
bir mühüm və ağrılı fərqlə: povestdəki
Şuşayla əlaqəli detallara artıq böyük
itkinin yanğısı, dərin nisgil hopub.
Elə bədii əsərlər var ki, onları
xüsusən uşaq vaxtı oxumusansa, üstündən nə
qədər zaman keçsə də, həmin əsərdən
aldığın ilk duyumlar, ovqat diri qalır. Elçinin
“Beş dəqiqə və əbədiyyət” hekayəsindəki
kimi. Burada təyyarədəki insanın -
elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat
institutunun rəhbəri Mərdan Dadaşlının qəzaqabağı
keçirdiyi psixoloji hallar, düşüncələr, qorxu
çox təsirli nəql olunur. Cəmi beş
dəqiqə ərzində qəhrəmanın keçmiş
səhvləri, günahları yadına düşür, sanki
bir film kimi gözünün qarşısından keçir. Ancaq Elçin həm bu, həm də digər əsərlərində
saxta nikbinlik hayına qalmır. Burada da təyyarənin
nasazlığı düzələndən və Mərdan
Dadaşlı salamat qurtulandan sonra bir qədər əvvəl
düşündükləri, o dəqiqələrdəki
qorxusu da ötüb keçir. Və müəllif beş il sonranı təsvir edərkən qəhrəmanın
xasiyyətində heç nəyin dəyişmədiyini, necəydisə,
elə də qaldığını göstərir.
2000-ci ildə “525-ci qəzet”də Elçinin ədəbi
mühitdə böyük reaksiya doğuran “Ədəbi
düşüncələr”ini çap edirdik. Hələ qəzetdəki
nəşrindən öncə bütöv halda oxuyarkən
yazdığım “Pessimizm, nostalgiya və qürur” məqaləsini
indi bir də xatırlayıb oxudum. Aradan 18 il keçib və ötən illər ərzində
bizim qəzetdə Elçinin çox sayda ədəbi-tənqidi
məqalələri, bədii yazıları dərc olunub. Bu da yadımdadır ki, 2001-ci ildə “525-ci qəzet”
ədəbiyyata marağı artırmaq, ədəbi əsərlərin
təbliği üçün “İlin bədii əsəri”
mükafatını təsis etmişdik. Həmin il ilk dəfə bu mükafatı Elçinin
“525-ci qəzet”də çap olunan “Sarı gəlin” hekayəsinə
verdik. Çünki o hekayə mənə də,
qəzetimizin rəhbər heyətinə də elə təsir
etmişdi ki, yekdilliklə bu mükafata həmin əsəri
layiq bildik. Mükafatın təqdimatı
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda
keçirildi. O gün oradakı qələbəlik, ədəbi
mühitin və media əhlinin marağı indi də
yaxşı xatirimdədir.
Elçin bir müsahibəsində oliqarx, biznesmen dostu
ilə söhbətindən misal gətirmişdi. Orda deyirdi ki,
dostunun çox böyük maddi imkanları olsa da, həmişə
daha çox pul qazanmaq üçün
çalışıb-çarpışır. Bir gün Elçin ondan bunun səbəbini
soruşur və dostu deyir ki, mənim nə qədər
çox pulum, var-dövlətim olsa, özümü bir o qədər
güclü hesab edirəm. Bu fikirdən
çıxış edərək, Elçin də deyir ki,
yazı masamın siyirməsində nə qədər
çox əlyazmam olarsa, o qədər özümü
güclü sayıram. Müsahibələrində
yarımçıq əsərləri, məqalələri,
pyesləri barədə tez-tez söz açan Elçin həm
də buna görə xoşbəxtdir ki, onun qazancı, var-dövləti,
yəni əsərləri devalvasiyaya uğramayan, azalmayan, dəyərdən
düşməyən sərvətdir!
Bir başqa müsahibəsində isə Elçin deyir
ki, əsas yazılarımı məzuniyyətdə
yazıram və gedərkən oxumaq üçün
özümlə çoxlu kitab götürürəm. Biz də həmişə
“525-ci qəzet” üçün Elçinin məzuniyyətdən
qayıdışını böyük səbirsizliklə
gözləmişik. Çünki indi
çox sayda çap olunan şablon, sönük
yazıların içərisində həqiqi dəyərə
malik sanballı əsər oxumaq ehtiyacı duyuruq. Bilirik
ki, Elçin məzuniyyətdən yazılarla dolu
çamadanıyla gələcək, onları “525-ci qəzet”ə
təqdim edəcək, biz də, oxucular da o yazılardan
zövq alacağıq!
Elçin ədəbiyyatşünaslıq sahəsində
də olduqca fəal və ardıcıldır. Onun bu sahəyə
aid çoxlu məqalələri, kitabları var. Əməkdaşımız
Yaşarın Elçinlə ədəbiyyat haqqında “525”də
yayımlanan müsahibələri sonradan ayrıca kitab şəklində
çap olunub. Elçinin ədəbi məqalələrində
ədəbiyyata sanballı münasibət var və ədəbiyyatı
dərindən duymaq, sözü hiss etmək
bacarığı, zəngin ədəbi bilik o yazılarda
özünü aşkar göstərir. Son yazılarından
olan “Söz azadlığı tənqidimizə nə verib?” məqaləsini
oxuduqdan sonra da gördüm ki, zaman Elçinin ədəbiyyat
duyumundan, onu hiss etmək bacarığından zərrə qədər
də əskiltməyib və yadıma belə bir xalq deyimi
düşür: “Sözünün üstünə söz
olmamaq!” Bunu, adətən, hansısa səlahiyyətli,
vəzifəli şəxslər haqqında deyirlər. Ancaq bu sözü Elçinə məmur kimi deyil,
intellektual, savadlı, hədsiz məlumatlı bir
yazıçı kimi aid etmək olar. Onun
ədəbi bilgisi və ədəbiyyata baxışı o qədər
geniş, dəqiq və sərrastdır ki, sözünün
üstündə söz demək mümkün deyil.
Bu yaxınlarda Elçinlə Akademik Milli Dram
Teatrında onun pyesi əsasında hazırlanmış “Cəhənnəm
sakinləri” tamaşasında görüşdük. Onunla hər
söhbətdə Elçinin ədəbiyyat, mədəniyyət,
incəsənət haqqında hərtərəfli biliyə, məlumata
sahib olduğu mənim üçün bir daha təsdiqlənir.
Dram Teatrında İlyas Əfəndiyevin,
Elçinin əsərləri dəfələrlə səhnələşdirilib,
ora onlar üçün doğma məkandır. Amma Teatrın rəhbəri Azər Paşa Nemətovun
otağında divarlardan asılmış rəsmlərin
müəllifləri, yaranma tarixi, həmin müəlliflərin
bioqrafiyası və yaradıcılığı haqqında
da Elçinin zəngin məlumata sahib olduğunu görəndə,
doğrusu, heyrətləndim. Həmin məqamda, 18 il əvvəlki, bayaq adını çəkdiyim
“Pessimizm, nostalgiya və qürur” məqaləmdən bir fikri
yenidən xatırladım. Orada qeyd edirdim ki,
çatışmazlıqları haqqında uzun-uzun
danışdığımız Sovetlər birliyinin bir-iki
üstün cəhətini demək lazımdırsa,
şübhəsiz, təhsil, mədəniyyət və ədəbiyyat
bunların ən önündə gəlir. Və hərtərəfli, zəngin biliyə,
geniş dünyagörüşə malik ədəbiyyat
adamlarının, mədəniyyət xadimlərinin yetişməsi
də müəyyən mənada məhz bu üstün cəhətlərin
nəticəsidir.
Elçinin yaradıcılığının bir qolu da
onun uşaq hekayələri kimi təqdim edilən əsərləridir. Bu hekayələr
həm Elçinin, həm də bütünlükdə Azərbaycan
uşaq ədəbiyyatının ən gözəl nümunələrindəndir.
Həmin silsilədən olan hekayələrin əksəriyyətini
“525-ci qəzet”də çap etmişik. Bu
hekayələr ilk baxışda uşaqlar üçün
olsa da, onun mifologiyadan, nağıllardan, folklorumuzdan qaynaqlanan
mövzuları, dövrümüzə aid ciddi sosial-mənəvi
məsələlərə işıq tutması, sadə
hadisələrə dərin məna yüklənməsi
onları böyükləri üçün də dəyərli,
ibrətamiz mətnlərə çevirib. Hekayələri oxuduqca müəllifin yeni nəsil
üçün yazıb-yaratma eşqi, uşaq
psixologiyasına, onların daxili aləminə, qeyri-adi
düşüncə tərzinə dərindən bələdliyi
xoş bir heyrət doğurur. Elçin
“Azərbaycan uşaq ədəbiyyatı haqqında” məqaləsində
bu barədə söz açaraq qeyd edir ki, uşaqlar
üçün yazmaq çətindir, lakin bədii çətinlik
olmayan yerdə bədii qələbə də yoxdur. Bütün bunlardan sonra düşünürsən
ki, Elçin o qədər işin arasında, nə
yaxşı, buna da vaxt tapır və həmin hekayələri
yaradır.
Elçinin yazıb-yaratmaq şövqü qətiyyən
azalmayıb, hər halda, bu, qətiyyən hiss olunmur. Onun “Baş”
romanı son dövr ədəbi mühitimizdə böyük
hadisə oldu. Əsər Azərbaycan
tarixinin çətin, keşməkeşli bir dövrü
haqqındadır. Bakıda baş verən
hadisələr, Qarabağda Ağabəyim ağanın taleyi,
dövrün gərgin hadisələri Elçinin özünəməxsus
yozumlarında dəyərli bir romanın maraqlı səhifələri
kimi Azərbaycan ədəbiyyatında yerini tutdu.
75 yaşlı Elçin, bir qədər əvvəldə
qeyd etdiyim kimi, zaman keçdikcə dəyərini artıran,
heç zaman iflasa uğramayacaq mülkiyyətə -
sanballı ədəbi yaradıcılığa, gözəl
ailəyə, layiqli övladlara və xalqın böyük
sevgisinə sahibdir. Onun qızı Günay Əfəndiyeva
hazırda Türk Mədəniyyəti və İrsi Fonduna
uğurla rəhbərlik edir. Bununla o,
babasının, atasının açdığı
cığırla addımlayır, onların əsərlərindəki
yüksək ideyaları reallaşdırır.
Mən bu
yubiley münasibətilə Elçin müəllimi, onu sevənləri
təbrik edir, ustad ədibimizə möhkəm
cansağlığı, yeni və daha parlaq
yaradıcılıq uğurları diləyirəm!
525-ci qəzet 2018.- 12 may. - S.9.