Şahanə
MÜŞFİQ
GÜNAHIM...
Qanadlanıb yenə dəli xəyalım,
Uçub gələr görüşünə bu gecə.
Yetmir mənə
bu şəhərin havası,
Nəfəsini içər ruhum gizlicə.
Mən Həvva qızıyam, nə gözləyirsən?!
Bir yasaq sevdaya tamah salmışam.
Ağlımdan
haçandı xəbər almıram,
Yaxşı bax, gözündə unutmamışam?!
Əlimdə
şehlənib əlinin izi,
Mən dağlar yandıran Tanrı ahıyam.
Bütün
savabları qurban vermişəm,
Sən adlı savabın günahkarıyam.
Bilirəm
yolumuz qovuşan deyil,
Əzəldən ağırmış bu eşqin
daşı.
Qorxma,
qadan alım, ölməz sevgimiz,
Dirilik
suyudur gözümün yaşı...
Utanır ürəyim
Gözümə
görünmür, qaçıb, sinəmin
Küncündə dayanır ürəyim bu gün.
Qapısı,
bacası uçub sinəmin,
Utanır, utanır ürəyim bu gün.
Yarımcan
bir eşqin oduna düşüb,
Elə alışdıqca məni yandırır.
Vermir,
bircə an da, gün vermir mənə,
Keçən hər dəqiqə günü
yandırır.
Neyləyim,
nə vaxtdı sevgi dediyim,
Ömürlük bir həsrət cəzası olub.
Hamıdan
xəbərsiz başıma gələn,
Ürəyin utanmaq bəlası olub.
Deyirsən, dönəcəm yayda...
Səndən
uzaq bu şəhərdə
Sazaq əllərimi kəsir.
Saçlarımın
qoxusunu
Külək nəfəsinə çəkir.
Qış
kəsdirib qapımızı,
Ora da gəlibmi soyuq?!
Deyirsən,
dönəcəm yayda,
Donuram...gəl,
indi qayıt!
Yetməyir
nə ocaq, nə gün
Buza dönmüş sənsizliyə.
Deyir, sabah qar yağacaq,
Əlin,
ver geyim əlimə...
Gözümün
yaşı da donub,
Asılıbdı kipriyimdən.
Şəhər
də kimsəsizləşib,
Sən çıxıb getdiyin gündən.
İsidəmmir
heç günəş də
Bircə
“sevirəm” sözüntək...
Düzü,
qış da bəhanədir,
Qayıt
ki, döyünsün ürək!
... Ata gözlƏyir...
Yaman gec kəsişdi
ömür yolumuz,
Mən hələ gedirdim, sən qayıdırdın.
Gözündən
tanıdım, həmin adamdın,
Qəlbində bir dünya qəm qayıdırdın.
Nə
yaman qəddarmış bəxt yazanımız,
Hansımız əsəbi vaxtına düşdük?
Min illər
yol gəldik bir-birimizə,
İşə bax, ayrılıq günü
görüşdük.
Onca il səninçün nəydi, İlahi?!
On ili yaşadım bir neçə gündə.
Ayın
da üzünə ləkə düşərmiş,
Günəş
hər batanda, qürub edəndə...
Yorğunluq
qoxurdu üst-başın tamam,
Gördüm saçlarında dən çiçəkləyir.
Dedim: -
“Bu dünyadan uzaqlaşaq, gəl”,
Dedin: -
“Uşaqlarım ata gözləyir...”
Darıxırsan, bilirəm!
Darıxırsan,
bilirəm,
Özünə zülm etmə, yaz.
Bir
soruş, gör necəyəm,
Deyim dərd
çox, dərman az.
Heç
soruşma halımı,
Xəbər
alma kefimi.
Bir salam yaz, sonra de:
“Bağışlayın, səhv getdi”.
Unutdururmu
məni
İçkinin yüz qramı?
Dağıdırmı
ətrimi
Siqaretin dumanı?!
Neçə
mesaj yazıram,
Göndərməmiş pozuram.
Həsrəti
yuxu kimi
Min bir yerə yozuram.
Sənsiz
elə tənbələm,
Göz yaşımı silmirəm.
Biz niyə ayrılmışıq?
Unutmuşam,
bilmirəm...
Qürura
çox güvənmə,
Sənlə birgə ağlamaz.
Gecə tək
darıxanda
Saçlarını oxşamaz.
Darıxırsan,
bilirəm,
Özünə zülm etmə, yaz.
Bir
soruş, gör necəyəm,
Deyim dərd
çox, dərman az...
MƏNİM SƏNSİZLİYİM
YAMAN PAXILDI...
Gözümdən
dünyanı elə salmısan,
Adını dilimə ala bilmirəm.
Gecəmlə
gündüzüm qarışıq düşüb,
Əl atıb sahmana sala bilmirəm.
Həsrətin
əynimə elə yaraşıb,
Özgə bər-bəzəyi, düzü,
götürmür.
Mənim
sənsizliyim yaman paxıldı,
Sənli günlərimi gözü götürmür.
Yığıb-yığışdırdım
qalan günləri,
Eləcə ölümü gözləmək
üçün.
Ovcuma
yığmışam xatirələri,
Sənsiz
həyatımdan gizləmək üçün...
Bu gecə...
Bu gecə
sənsizlik çöküb üstümə,
Bu gecə dərdlərdən dərd doğulubdu.
Bu gecə
ulduzlar küsübdür məndən,
Gözümün yaşında Ay boğulubdu.
Qaçıb
gözlərimdən, yuxu da itib,
Elə bil gecənin qarğışı tutub.
Yumsam
gözlərimi, faydası nədir,
O da sənin
kimi məni unudub.
Bu gecə
başqadı, tamam başqadı,
Ürəyə sığmayan zülmətdi dünyam.
Qayıda
bilirsən qayıt, a zalım,
Sənli gecələrə həsrətdi dünyam.
İt hürən tərəf
Daha
günümüzün sabahı açmır,
Daha ürəyimiz gözlərə yükdür.
İşıq
gələn tərəf aldatdı bizi,
İt hürən tərəfə getmək gərəkdir.
Bir az da can atdıq göylərə doğru,
Yaşamaq ömürü gün-gün yeməkmiş.
Həyatı
asmışıq gözlərimizdən,
Bir qırpım hər şeyin sonu deməkmiş.
Nə bilim çırağı yandıran kimdi?!
Bəlkə də bir divin tələsi deyil.
Hələ
gəzdiyimiz işıqlı günlər,
Bəlkə yuxumuza gələsi deyil?!
Yadam özümə...
Bu külək
özünə oxşamır nəsə,
Əhvalı dəyişib, halı dəyişib.
Hara əsdiyini
özü də bilmir,
Cığırı dəyişib, yolu dəyişib.
Bu
küçə heç tanış gəlmədi
mənə,
Necə səssizlikdir, necə qaranlıq.
Yoxmu bu
küçədə Allah bəndəsi,
Dayanıb dinləsə məni bir anlıq?
Bu yollar nə
qədər yaddır, İlahi,
Əvvəl heç düşməyib yolum bu yola.
Sonu haralardır, hara aparır?
Nə yolla özümü salım bu yola?
Mən ki
tanımıram bu adamları,
Nə yaman soyuqlar, nə yaman yadlar.
Sanki bu
dünyada yaşamırlar heç,
Bəlkə yaşamaqdan daha doyublar?
Güzgüdən
boylanan o adam kimdir?
Gözləri nə qədər kədərli baxır.
Həyat
pərçimlənib sanki gözünə,
Ordan damla-damla torpağa axır.
Tanıya
bilmirəm daha heç kimi,
Özüm
də yad oldum özümə, Allah!
Daha istəmirəm
xatirə, yaddaş,
Məni
heç qaytarma özümə, Allah!
Küçənizdə...
Həyatım
çiliklənib,
Tənhalıq dənizində.
Bir sevgi
itirmişəm
Bu gün dar küçənizdə.
Necə tapım, görəsən?!
İzi-tozu da yoxdu.
Küçənizin
havası
Çıx, gör necə soyuqdu.
Saçıma
sığal çəkən
Əlindəmi unutdum?
“Səni
sevirəm” - deyən
Dilindəmi unutdum?
Ağaclara
yazdığım
Adında qalıb sevgim.
Bir də
ki, küçənizin
Yadında
qalıb sevgim...
Tələs ayrılığa...
Sevgidən
yıxılan nə çox,
Gəl, birinci biz yol alaq.
Qovuşmağa
gecikmişik,
Tələs,
ayrılığa çataq...
Beləcə,
dönsün heçliyə,
Gözümüzdəki
əksimiz...
Boylansın
başqa yönlərə,
Yollarda ayaq izimiz.
Saatın
əqrəbləri də
Tərsinə
işləyir artıq...
Haqqı
nədi ödəmişəm,
Düş, əzizim, sona çatdıq.
DANIŞSAM NƏ FƏRQİ, SUSSAM
NƏ FƏRQİ...
Ovcumda
kövrək bir ürək tutmuşam,
Görəsən hayana qoyum, sınmasın?
Mən
belə ürəyi necə tutum ki,
O
Canıyanmışın canı yanmasin...?!
Neynim,
varaqlar da üzümə baxmır,
Qələmim didərgin düşüb əlimdən.
Sözümün
nazını çəkməyir daha,
Yaxşısı, siz məni asın dilimdən.
Danışsam
nə fərqi, sussam nə fərqi,
Yetmir, atam-anam, söz adamlara.
İlahi,
bu dünyan hələ dönürsə,
Borclusan bir ovuc düz adamlara.
Yuxusu gəlir dünyanın
Deyəsən,
canı ağrıyır,
Adamları durub qəsdə.
Yuxusu gəlir
dünyanın,
Yuxulayır dizim üstə.
Hər il oyaq qala-qala,
Həyatın hər üzün gördü.
Bircə
gedəydi yuxuya,
Bəlkə yuxuda gün gördü.
Dizlərimi
bükən dünya
Dizlərimə qısılacaq.
Bəlkə
gözümdən tökülüb,
Yuxusundan
asılacaq...
Bir qızım gələcək
dünyaya
Bir səhər
köhnə doğum evinin
alaqaranlıq otağında
doğacaq günəş;
Ölüm
yuxusundan oyanacaq şəhər
bir
körpə səsiylə;
Və
noyabr soyuğu dağılacaq nəfəslərdən
bir
ananın ilıq təbəssümüylə...
Bir
qızım gələcək dünyaya
həmin
səhər
bütün gedənlərin əvəzinə...
Özüylə
bərabər gətirəcək
dünyaya anasını da...
Minicik
ovuclarından
ümid
səpəcək ömrümə,
Hər
gülüşündə bir az daha
öyrədəcək
gülməyi mənə,
Barmağımdan
yapışan
o
xırdaca barmaqlarından öyrənəcəm
həyata
sarılmağı
və hər
gecə dünyanın ən gözəl
musiqisi
səslənəcək
qaranlıq otağımda
qızımın yemək zamanı...
Bir
qızım gələcək dünyaya;
Boynuma
dolanan
kiçicik qolları
qılınca dönüb kəsəcək
tənhalıqları;
Bütün
güllələrə cavab atəşi olacaq
qığırtıları
Və
bütün tankları əzib keçəcək
qorxaq
addımları...
Hər yaz bənövşə toplayıb bağçamızdan
paylayacağıq yalnızlara...
Bir qızım gələcək dünyaya;
Məsələn, anasının şeirlərini oxumaq üçün
öyrənəcək hərfləri,
ya da insanların sifətini saymaq üçün rəqəmləri...
Bir qızım gələcək dünyaya;
Saçları ipək,
gözləri huzur yuvası,
Qəmzəsində əriyəcək
bu həyatın hər cəfası...
Bir qızım gələcək dünyaya;
Bütün saxta “sevirəm”ləri külə döndərəcək
bir tək
“ANA!” nidası!..
Darıxan qadın...
Nə
üzlü qonaqmış bu darıxmaq da,
Fikrimdən qovuram, qəlbimdən gəlir.
İndi
bahar fəsli deyil, mən bilən,
Bəs necə burnumda qoxun güllənir?
Belə
darıxmağı kim icad edib?
Görüm
darıxmaqdan məntək boğulsun...
Sənsiz
gözlərim də yolun itirib,
Gəl
ki, yazıqlar da “evə yığılsın”...
Xoşbəxt
günümüzdən xatirə şəkil
Gözümün kökütək saralıb indi.
Yollar da
üstümə sənsiz qayıdır,
Görüm
zəhrimara qalsın həsrəti!
Boyumdan
yekədi, əynimə gendi,
İçində
itmişəm bu darıxmağın
Qayıt,
duman gözlüm, qayıt, yubanma,
Yolunda boy atıb “Darıxan qadın”.
525-ci qəzet 2018.-
12 may.- S.24.