Nümayəndə heyətinin taleyi

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Nümayəndə heyətinin 1919-cu ilin martından 1920-ci ilin iyun ayına qədər göstərdiyi fəaliyyət, keçirdiyi görüşlər, apardığı danışıqlar barədə Əlimərdan bəyin imzası ilə İstanbul, Roma və Parisdən Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdiyi məlumatlar Avropadakı bu ilk diplomatik missiyamızın geniş, çoxcəhətli fəaliyyətinin güzgüsü olmaqla yanaşı, diqqətəlayiq diplomatiya sənədləri, müstəqillik dövrü xarici siyasət tariximizin salnaməsidir.

 

Təbii ki, məlumatlar görülən işlərin yalnız qısa xülasəsi idi. Çünki onlara əlavə olunan layihələrin, nota, məktub, müqavilə, depeşa və teleqramların həcmi məlumatların öz həcmindən qat-qat böyük idi. Paris sülh konfransında, müxtəlif Avropa ölkələri və Amerikada, dövrün beynəlxalq təşkilatları arasında yayılan bu çoxsaylı sənədlər bir məqsədə - Azərbaycan xalqının öz milli dövlətini qurmaq, hür və müstəqil yaşamaq arzusunun bütün dünyaya bəyan olunması qayəsinə xidmət edirdi.

 

Əlimərdan bəyin göndərdiyi rəsmi məktublar özündə sadəcə ölkənin xarici siyasət kursu ilə bağlı məlumatları ehtiva etmirdi. Bu məktublar ilk növbədə bütün varlığı ilə milli müstəqillik və dövlətçilik ideyalarına bağlı olan nisbətən yaşlı və zəngin həyat təcrübəsinə, hüquqi biliklərə malik şəxsin özünün nisbətən gənc həmkar və əqidə yoldaşları ilə söhbəti, həsbi - halı idi.

 

Cümhuriyyət idarələrində rəsmi yazışma və dəftərxana ənənələrinin mövcud olmadığı bir şəraitdə o, səbirlə xarici işlər nazirliyinin gənc  əməkdaşlarına  sənədlərin düzgün tərtibi qaydalarını izah edərək yazırdı: “Bu baxımdan göndərilən bütün məktubların, məlumatların, həqiqətən də, dövlət sənədlərinə və vəsiqələrinə çevrilmələri üçün, onların lazımi şəkildə tərtib edilmələri arzu olunan, hətta deyərdim ki, zəruri xarakter daşımalıdır”.

 

Xarici ezamiyyətlərə təsadüfi adamların göndərilməsi, belə təsadüfi adamların bəzən dövlət adından danışmaları diplomatik missiya rəhbəri kimi Əlimərdan bəyi əsəbiləşdirirdi. “Göndərilən adamların seçilməsi xüsusi diqqətlilik tələb edir, - deyə o, baş nazirə müraciətlə yazırdı. - Kommersiya ilə məşğul olan şəxslər bizə hər yerdə - burada da, Romada da, başqa ölkələrdə də lazımdır. Onları təşviq etmək, həvəsləndirmək lazımdır. Lakin kommersiya fəaliyyəti həmin şəxslərə heç bir halda təmsilçilik hüququ verməməlidir. Bir sözlə, belə işlərə çox diqqətlə yanaşmaq lazımdır”.

 

Romada baş vermiş xoşagəlməz bir insident də Əlimərdan bəyin nəzərindən yayınmamışdı. “Romada belə bir hadisə olub, - deyə o, 6-10 noyabr 1919-cu il tarixli 10 saylı məktubunda yazırdı: - Bu ölkənin hökuməti Azərbaycanla daha yaxın münasibətlər qurmaq arzusunda olduğundan bizim nümayəndə heyətinə çox diqqətlə yanaşıb, heyət üzvü isə bunun müqabilində müxtəlif sertifikatlar, hətta Azərbaycan dəmiryolları ilə pulsuz gediş hüququ verən sənədlər paylamağa başlayıb. O biri tərəfdən, guya hökumət işləri üçün göndərilən, əslində isə şəxsi məsələlərini həll etmək istəyən ayrı-ayrı kommersantlara dövlət sənədlərinin verilməsi, təəssüf ki, hələ də davam edir”.

 

Öz ölkəsinin həqiqi vətənpərvəri kimi bu “qazanclı sahələrə” Azərbaycan xalqının inam və səmimiyyətindən istifadə edən, dini və milliyyəti naməlum, hər cildə düşməyi bacaran “işbazların” yol tapması Əlimərdan bəyi xüsusi ilə hiddətləndirirdi. O, Bakını yersiz və ziyanlı kosmopolitizmdən çəkindirməyə çalışaraq yazırdı: “Belə rollarda Azərbaycanla heç bir əlaqəsi olmayan şəxslər görünəndə insan özünü alçaldılmış sayır. Əgər kimlərəsə varlanmaq imkanı yaradılırsa, heç olmazsa, bunu ölkənin öz sakinləri üçün edin. Bütünlükdə belə məsələlərə xüsusi diqqətlə yanaşmaq lazımdır. Çünki bu, hökumətin nüfuzu ilə bağlıdır. Bu nüfuzu isə nəyin bahasına olursa olsun mütləq qorumaq lazımdır”.

 

Əlimərdan bəy Topçubaşov və onun rəhbərlik etdiyi nümayəndə heyəti çətin şəraitdə vətənin maraqları naminə diqqətəlayiq fəaliyyətləri ilə bu nüfuzun keşiyində dayanmağın müstəsna  nümunəsini göstərmişdi.

 

Məktublarda toxunulan çoxsaylı məsələlərin araşdırılması isə, şübhəsiz, ayrıca bir tədqiqat əsərinin mövzusudur.

 

lll

 

Azərbaycan nümayəndə heyəti natamam tərkibdə çalışdığı  1 il 3 ay ərzində hökumətə 13 hesabat göndərmişdi. 4-5 mart, 17-29 mart və 18 aprel 1919-cu tarixli 1-3  saylı  hesabatlar İstanbuldan, 4 may 1919-cu il tarixli 4 saylı müxtəsər hesabat Romadan, 15 may, tarixi bilinməyən, 8-10 iyun, 8-9 iyul, 22-25 sentyabr, 6-10 oktyabr, 29 noyabr - 2 dekabr 1919-cu il tarixli 5 - 11 saylı, habelə 11 may və 22 iyun 1920-ci il tarixli 12 -13 saylı hesabatlar isə Parisdən yola salınmışdı.

 

Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər ilk dəfə bolşevik tarixçisi A.Rayevskinin müqəddimə, tərtib və izahları ilə 1930-cu ildə Bakıda “Musavatskoe pravitelstvo Azerbaydjanskoy Respubliki na Versalskoy konferentsii. Doneseniə predsedatelya azerbaydjanskoy musavatskoy deleqatsii (mart-dekabr)” - “Azərbaycan Respublikası müsavat hökuməti Versal konfransında. Azərbaycan müsavat nümayəndə heyəti sədrinin məlumatları (mart-dekabr)” adı altında ayrıca kitab kimi çap edilib. A.Rayevskinin nəşrinə yalnız onun əldə edə bildiyi   7 hesabat daxil olunmuşdu. Son illərin axtarışları nəticəsində Romadan göndərilən 4, habelə Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Parisdən göndərilən 12 və 13 saylı hesabatların mətnləri aşkara çıxarılıb. Nümayəndə heyətinin sülh konfransındakı fəaliyyətinin ilk ayını işıqlandıran 5 və 6 saylı məlumatlar isə görünür, həmişəlik itirilib...

 

Ədalət naminə, qatı bolşevik mövqeyindən çıxış etməsinə baxmayaraq,  A.Rayevskinin topluda mətnləri saxtalaşdırmadan, ideoloji ixtisarlara məruz qoymadan orijinalda olduğu kimi verdiyini ayrıca vurğulamaq lazımdır. Əvəzində isə müəllif kitaba yazdığı müqəddimədə müstəqillik aylarındakı Azərbaycan diplomatiyasının xarakter və mahiyyətini dövrünün bolşevik ab-havası ruhunda təftiş edib “dəyərləndirməyi  unutmamışdı. Bu, özünü topluya verilən adda da bariz şəkildə göstərir. Aydın məsələdir ki, heç bir partiyanın üzvü olmayan Ə. Topçubaşovun sədrliyi ilə sülh konfransına göndərilən heyətin “Müsavat” partiyasına heç bir bağlılığı yox idi. Onun tərkibi çoxpartiyalılıq prinsipi əsasında, Parlamentdəki mühüm siyasi qüvvə təmsilçilərinin iştirakı ilə formalaşdırılmışdı.  Sədr Ə.Topçubaşov bitərəf idi. “Müsavat” yalnız bir nümayəndə ilə (fəaliyyətini yarıda dayandıran M.Hacınski) təmsil olunurdu. Eyni sözləri istər F.Xoyskinin, istərsə də N.Yusifbəyovun rəhbərlik etdikləri hökumət kabinələrinin tərkibi haqda da demək mümkündür. Belə şəraitdə müəllifin həm nümayəndə heyətinə, həm də hökumətə əsla dəxli olmadan “müsavat” damğası yapışdırması ilk növbədə siyasi qərəzliliyindən və rəsmi konyukturaya uymasından xəbər verir. Şübhəsiz, həmin dövrdə M.Ə.Rəsulzadənin mürtəce millətçi kimi qələmə verilməsi də kitaba bu cür tendensiyalı ad seçilməsinə təsirsiz qalmamışdı.

 

“Müsavat” sovet tarixşünaslığında bir qayda olaraq xarici güclərin əlaltısı kimi təqdim edilirdi. Başqa sözlə desək, bu gün bizim üçün milli dövlətçilik həyatımızın mühüm sənədləri sayılan “Paris məktubları” və Azərbaycan Cümhuriyyəti nümayəndə  heyətinin sülh konfransında iştirakı bolşevik tarixçisinin fikrincə, Bakı neftini və ümumən ölkəni Britaniya imperializminə satmaq niyyətinə düşmüş bir ovuc müsavatçının siyasi intriqalarından başqa bir şey deyildi.  Amma istənilən halda, ideoloji yanaşma tərzindən asılı olmayaraq bu gün həmin nəşr üçün A.Rayevskiyə minnətdarlıq hissi ilə yanaşmaq lazımdır. Bütünlükdə, məxəz və qaynaqların mühüm bir qisminin hələ qorunub saxlandığı 1920-1930-cu illərdə ilk cümhuriyyətimizin tarixini təhrif etmək, onun liderlərinə, ideya və məramlarına ləkə yaxmaq məqsədi ilə sırf bolşevik metodologiyası zəminində yazılmış əsərlər indi nə qədər saxta, həqiqətdən uzaq  görünsələr də, tarixi gerçəkliyi obyektiv qiymətləndirməyə kömək edirlər. Ən azı  hazır ideoloji qəlibləri bir tərəfə buraxmaq şərti ilə “böyük terrordan” əvvəlki  nəşrlərdə çoxu artıq müasir tədqiqatçı üçün əlcatmaz olan arxiv materiallarının, fakt və sənədlərin işıqlandırıldığını etiraf etmək lazımdır.

 

Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinin adına göndərilən məlumatların əksəriyyəti üzərində “Prezident de la delegation de raix de la Azerbaidjan” (“Azərbaycan sülh nümayəndə heyətinin rəhbəri”) rəsmi ştampı olan blanklarda yazılıb. Bəzi məlumatların ilk səhifəsində göstərilən qoşa tarixlər (məsələn, 17-29 mart) onların başlandığı və sona çatdırıldığı vaxtı göstərir. Mətnlərin bəzi hissələri müxtəlif xətlərlə, əsasən əllə yazılıb, bəzi hissələri isə makinada çap edilib. Xətt müxtəlifliyinə baxmayaraq, bütün hesabatların hamısının bir nəfərin fikir süzgəcindən keçdiyi, bir şəxsin intellektinin, fakt və hadisələrə  yanaşma tərzinin  məhsulu olduğu şübhə doğurmur.

 

Hesabatlar bir qayda olaraq Əlimərdan bəyin özü, yaxud da onun diqtəsi ilə katiblər tərəfindən yazılırdı. Bu, məlumatların üslubundan, düşüncə və təhkiyə tərzindən, habelə birbaşa nümayəndə heyəti sədrinin funksiyaları ilə bağlı məqamların işıqlandırılmasından, nəhayət ümumiləşdirmə miqyasından da aydın görünür. Sənədlərin ilk naşiri A.Rayevskidə də Ə.Topçubaşovun müəllifliyi heç bir şübhə doğurmamışdı. Nəhayət, hər bir məlumat heyət sədri tərəfindən imzalanmış və üzərinə nümayəndə heyətinin möhürü vurulmuşdu.

 

Əlyazmasında mətnlərin altında qırmızı və göy rəngli karandaşlarla çəkilmiş xətlər, səhifələrin kənarındakı müxtəlif işarə və qeydlər bu materialların Bakıda Cümhuriyyət rəhbərləri, ilk növbədə  baş nazirlər F.Xoyski və N.Yusifbəyli, xarici işlər nazirləri M.Y.Cəfərov və F.Xoyski tərəfindən diqqətlə öyrənildiyi, onlardan dövlət idarəçiliyinin həyata keçirilməsində, daxili və xarici siyasətin qurulmasında, diplomatik xidmətin təşkilində istifadə olunduğunu göstərir. Nəhayət, Parisdən göndərilən məktubları təcrid vəziyyətində fəaliyyət göstərən Azərbaycan Cümhuriyyəti hökumətinin Avropaya yeganə “nəfəsliyi” adlandırmaq olar.

 

Müstəqillik dövrü diplomatiyamızın nadir sənədləri olan hesabatlar A.Rayeskinin nəşri əsasında təxminən 60 illik fasilədən sonra 1998-ci ildə, Azərbaycan Cümhuriyyəti yaranmasının 80 illiyi münasibəti ilə bu sətirlərin müəllifi tərəfindən Azərbaycan və rus dillərində “Parisdən məktublar” - “Pisma iz Parija” adı altında ayrıca kitablar şəklində çap olunmuşdu. Bundan əvvəl Həsən Həsənov, Vaqif Ağayev və Ataxan Paşayevin tərtib və redaktəsi ilə çap edilən, bir sıra mühüm sənədləri elmi dövriyyəyə daxil edən “İstanbulda diplomatik söhbətlər” kitabı ilə birlikdə adını çəkdiyim nəşr Cümhuriyyət dövrünün ilk görkəmli diplomatı Ə.Topçubaşovun fəaliyyətini tam şəkildə işıqlandırmağa imkan yaradır. “Paris məktubları”na gəldikdə isə təbii ki, son illər tapılan hesabat mətnlərinin də əlavə edildiyi indiki nəşr daha mükəmməldir.

 

lll

 

Tanınmış rus yazıçısı Sergey Smirnovun “Brest qalası” sənədli romanında təbii ki, həqiqətdən daha çox yazıçı təxəyyülünün məhsulu sayılacaq belə bir epizod təsvir edilir: Deməli, 1941-ci ilin iyununda faşist bombardmanı nəticəsində qaladakı yeraltı anbarlardan birinin girişi açılır və hitlerçlər anbara aparan zirzəmi-koridorda saqqalı dizinə düşən, gözləri qəfil işıqdan yumulan, əynində çar ordusunun uniforması olan “farağat” vəziyyətində dayanmış bir əsgər görürlər. Sonradan məlum olur ki, əsgər  burada 1918-ci ildən qarovulda dayanıbmış. Lakin həmin vaxt Birinci Dünya müharibəsində də Rusiya ilə əks cəbhələrdə vuruşan  almanların top atəşləri altında anbarın girişi uçulub bağlandığından 23 il ərzində onu postda əvəz edən olmayıbmış. Artıq zaman hissini itirmiş əsgər də anbardakı bol ərzaqdan yeyə-yeyə səbirlə yeni qarovul komandasının gəlib onu dəyişəcəyini gözləyir, nizamnamə ilə müəyyən olunmuş saatlarda isə qarovulda dayanırmış...

 

Bu epizodu niyə xatırladım?

 

Azərbaycan Cümhuriyyəti hökumətinin 5 mart 1920-ci il tarixli sərəncamı ilə Fransa, İtaliya, İngiltərə, İsveçrə, Polşa və ABŞ-da diplomatik missiyalar açılması, Fransadakı missiya fəaliyyətə başladığı vaxtdan Paris sülh konfransındakı nümayəndə heyətinin ləğv edilməsi barədə Parlament qarşısında məsələ qaldırılmışdı. Bu münasibətlə müvafiq qanun layihəsinin hazırlanması üçün xarici işlər naziri F.Xoyski martın 14-də hökumətə və Parlamentdə öz yazılı mülahizələrini təqdim etmişdi. Burada Antanta dövlətlərinin Azərbaycanın faktiki müstəqilliyini tanımaları əsas gətirilərək növbəti mərhələdə diplomatik əlaqələri daha yüksək səviyyəyə qaldırmaq, bütün Avropaya “baxan” Parisdəki heyət əvəzinə yuxarıda adları sadalanan ölkələrdə normal səfirliklər açmaq ideyası müdafiə və təqdir olunurdu.

 

Əslində, hökumət Ə.Topçubaşov və həmkarlarının fəaliyyətinə sayğısızlıq, göstərmək fikrindən çox uzaq idi. Burada ilk növbədə çətin şəraitdə qazanılmış tarixi uğuru daha da genişləndirmək və möhkəmləndirmək məqsədi güdülürdü. Əgər  yeni missiyalar fəaliyyətə başlasaydılar, çox güman ki, onların bir çoxunun rəhbərliyində artıq Parisdə ilk diplomatiya imtahanından uğurla çıxmış nümayəndə heyəti üzvləri təmsil olunacaqdılar...

 

Çox güman ki, heyət üzvləri hökumətin gözlənilməz süqutu nəticəsində kağız üzərində qalmış bu qərardan ümumiyyətlə xəbər tutmamışdı.

 

Amma Əlimərdan bəy və həmkarları S.Smirnovun romanında təsvir etdiyi əsgər kimi postlarında sona qədər mətanətlə dayanmışdılar. Onları Parisə göndərən hökumətin süqutu da bu adamları xalq, parlament və hökumət qarşısında üzərlərinə götürdükləri vəzifənin icrasından çəkindirməmişdi. Xüsusən də Əlimərdan bəy Topçubaşovun vəfatına qədər nümayəndə heyəti hər zaman tam tərkibdə olmasa da, öz iclaslarına toplanmış, Azərbaycanla bağlı hər məsələyə imkanları daxilində dərhal reaksiya verməyə, münasibət bildirməyə çalışmışdı.

 

525-ci qəzet.-2018.-12 may.-S.18.