Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Cümə günü 1865-ci ilin 14 aprel səhəri saat 11-də Kabinetin iclasında iştirak edirdi. Oğlu Robert Linkolnun portretini adamlara göstərirdi. İndi radikallarla yeni müharibə gözlənilirdi.

 

Linkoln buna yalnız güldü:

 

- General Qrant, general Şerman və general Şeridan mənimlədir. Konqressin onlara qarşı nəsə etməyə hazırlaşdığını mən görə bilmirəm.

 

Prezident yuxusunu Kabinetlə müzakirə edirdi. Bu, təəccüblüdür ki, Köhnə və Yeni Vəsiyyətdə (Bibliyada və İncildə) yuxular nə qədər tez-tez xatırlanır. Otaqdakılardan biri dedi ki, indiki vaxtda yuxu qələbənin və ya məğlubiyyətin əlaməti ola bilməz. Çünki müharibə başa çatmışdır. Linkoln dedi:

 

- İndiyədək az sayda qiyamçı sərbəst olaraq qalır.

 

Stenton Prezidentin Birliyi yenidən qurmaq barədəki planını təqdim etdi. Linkoln əlavə etdi:

 

- Bu, əlbəttə, bizim üzləşdiyimiz böyük problemdir, nə qədər mümkünsə, ona tez baxmalıyıq. Bu da bir faktdır ki, Konqress dekabrda geri qayıdacaqdır. Biz doqquz aya malikik. Bu müddətdə yeni Birliyə doğuş verməliyik.

 

Linkoln bildirdi ki, indi, müharibə qurtaranda o, qanlı bir iş görmək istəmir. Heç kəs gözləməməlidir ki, mən çox sayda adamın, hətta onların ən pisinin də edam edilməsində və ya öldürülməsində iştirak edəcəyəm.

 

Syuardın oğlu Fred soruşdu:

 

- Cefferson Devis də daxil olmaqla?

 

“Hə” deyə Linkoln cavab verdi. Qiyam liderləri ölkəni tərk etsələr, Prezident, yəqin ki, buna peşman olmayacaqdır. Mən onların ölkədən getmələrinə, ümumiyyətlə, peşman olmayacağam.

 

Linkolnun arvadı ərinin yenidən seçilməsinə sevindiyi kimi, perspektivin qısalığına görə xeyli qayğılanırdı. Meri ərinə dedi ki, ikinci müddətin qurtarmasına vur-tut dörd il qalır. Mən cavan olanda bu müddət əbədilik kimi görünürdü. İndi isə heç nədir. Dörd həftə, dörd gün. Zaman - çayın suyu üzərindəki qar lopası kimi suya dönür. Keçmişə keçir. Linkoln arvadına dedi ki, hər şey qurtarandan sonra mən Qərbə getmək istəyirəm. Kaliforniyanı və Sakit okeanı görmək istəyirəm. Arvadı isə bildirdi ki, mən də Avropaya getmək istəyirəm. Mən Parisi görməliyəm. “Orada da ayaqqabıdan tutmuş şlyapaya qədər hər şeyi alacaqsan” deyən ərinə cavab verdi ki, mən orada çox şey alacağam. Sonra soruşdu:

 

- Biz harada yaşayacağıq?

 

- Sprinqfilddə. Başqa harada?

 

Meri dedi:

 

- Ata, indi sən Sprinqfilddə necə yaşaya bilərsən?

 

- Mən başqa nə etməliyəm ki? Mən 61 yaşında olacağam. Dolanmaqdan, qazanc əldə etməkdən ötrü axı mən nəsə etməliyəm. Qanun da belə nəzərdə tutur.

 

Meri öz fikrini söylədi:

 

- Onda Çikaqoda yaşayaq.

 

Orada o, əvvəlcədən bir yaxşı ev də nəzərdə tutmuşdu.

 

Podaqradan Linkolnun sifəti həbsxanadan yenicə çıxmağa icazə verilmiş adamın sifətinə bənzəyirdi. Lakin qələbəyə görə o, özünü xoşbəxt hesab edirdi. Həm də o, son vaxtlar çox arıqlamışdı, yeməkdən də imtina edirdi. Əynindəki sadə paltarı da onun böyük bədənindən asılmış kimi görünürdü. 

 

Linkolna sui-qəsd günü

 

14 apreldə, qələbədən beş gün sonra Meri teatra getmək üçün paltarını dəyişməyə yollandı. Artıq getmək vaxtı idi. Linkoln Merinin əlini sıxıb dedi ki, yaxşı olar ki, mən getməyim. Axı vaxtilə dul qadın da bədbəxt hadisənin baş verəcəyi barədə onları xəbərdar etmişdi. Arvadı isə teatra getməkdə təkid edirdi, bunu səbəb gətiriridi ki, bu, aktrisa Laura Kiinnin son gecəsidir, bizə görə tamaşada çıxış edir.

 

Linkoln faytona oturanda, Çikaqodan gəlmiş dostuna “xudahafiz” dedi və əlavə etdi:

 

- İsaak, məni bağışla, biz teatra gedirik. Sabah səhər gəl, görüşək.

 

İşıqlandırılmış teatrın qarşısında mister Fordun cavan qardaşı onları gözləyirdi. Tamaşa artıq başlanmışdı.

 

Publika Prezidenti və general Qrantı salamlamağa başladı, lakin lojada təkcə Prezident görünürdü və o, öz kürsüsünə oturdu.

 

Saat 10-da atlanmış və silahlanmış But, Devid Herold və Peyn küçədə idilər. Butun işarəsi ilə Devid və Peyn Syuardın evinə yolandılar. But isə geri, Ford teatrına gedən alleya ilə atını çapdı. But sonra teatrın qarşısında gəzməyə başladı və teatrın dəhlizinə girdi. Qapıçıya əlini yelləyib dedi ki, ümid edirəm ki, mənim bilet almağımı gözləməyəcəksən. Qapıçı cavab verdi ki, əlbəttə ki, yox.

 

But sonra pilləkənlə paltar dairəsinə (paltar saxlanan yerə) qalxdı. Polis nəfəri öz postunda deyildi. Bu, gözləmədiyi halda onun bəxtinin yaxşı gətirməsi idi. But qapını açdı və vestibüldən lojaya daxil oldu. Prezident onun qabağında - bir neçə addımlığında idi. Prezidentdən sağda missis Linkoln oturmuşdu, ondan sonra isə divanda cavan cütlük oturmuşdu.

 

Tamaşaçılar səhnədə baş verənlərə gülüşəndə, But sağ tərəfdəki cibindən kiçik iriçaplı tapançanı, sol tərəfdəki cibindən isə uzun iti xəncərini çıxartdı.

 

Meri dirsəyini Linkolnun qoluna söykəmişdi. Sonra o, özünü düzəldib, ərinin qulağına nəsə pıçıldadı:

 

- Görən, miss Harris sənə söylədiklərim barədə nə düşünür?

 

Əri dedi:

 

- O, bu barədə heç nə düşünmür.

 

Bu an beş fut məsafədən But Prezidentin başının arxa tərəfinə tək bir atəş açdı. Linkoln səsini çıxarmadan kürsüdə dala əyildi və onun başı sol tərəfə düşdü. Meri Buta tərəf yox, ərinə tərəf döndü.

 

Mayor Ratbon özünü Butun üstünə atdı, But xəncərini qaldırdı ki, bu cavan oğlanın düz ürəyinə vursun. Lakin mayorun əli xəncərin tiyəsini kənarlaşdıra bildi. But miss Harrisin arxası tərəfdən irəliləyəndə, qız qışqırdı, But isə lojanın məhəccərindən tullandı. O, səhnədə dayanıb, dramatik qaydada xəncəri tamaşaçılar qarşısında yelləyirdi, bu vaxt latın dilində qışqırdı: “Sic semper tyrannis” - “Tiranlara belə olur”. Bu sözlər Virciniya ştatının gerbində yazılmışdı. Mayor lojadan atəş açdı. But tamaşaçılara qışqırdı:

 

- Bu adamı dayandırın!

 

Lojada Meri ayaq üstə durub qışqırırdı. Miss Harris onu sakitləşdirmək istəyirdi.

 

Aktrisa Larisa Kiinn lojaya gəldikdə Prezidentin artıq şüursuz başını dizinin üstündə, həkim yaranı yoxlamağa gələnə qədər saxladı. Güllə Linkolnun sol qulağının üstündən başına dəyib, aşağı və sağa hərəkət edib, sağ gözün lap aşağısında dayanmışdı.

 

Ağ Evdə yaralını gətirən faytonu gözləyirdilər, bu vaxt kimsə isterika şəklində qışqırdı:

 

- Mister Syuard da həmçinin öldürülmüşdür. Kabinetin bütün üzvləri öldürülmüşdür.

 

“Bunu kim etmişdir?” sualına biri cavab verdi: “Qiyamçılar”.

 

Linkoln kiçik yataq otağında arxası üstə uzanmışdı, ağır nəfəs alırdı. Dağıdılmış kəllədən qan axırdı. Linkolnun sağ gözü şişib bağlanmışdı.

 

Kabinet üzvləri gəlib-gedirdilər. Təkcə Stenton qalmışdı. Robert, hansısa bir ümidin olub-olmadığını soruşduqda, Stenton həkimin əvəzinə cavab verdi:

 

- Heç bir ümid yoxdur. Beyin dağıdılmışdır. Yara ölümcüldür.

 

Sonra əlavə etdi:

 

- Teleqraf general Qranta xəbəri Filadelfiyada çatdırmışdır və o, tezliklə qayıtmalıdır. Həm də çoxlu mühafizəçilərlə.

 

Sonra bir başqasına dedi:

 

- Get Baş hakimin yanına. Ona nə baş verdiyini söylə. O, lazımdır ki, yeni prezidentin andını qəbul etsin.

 

Dövlət Departamenti rəsmi məlumat verdi: “Bir nəfər mister Syuardı xəncərlə vurmuşdur, lakin çənəsindəki yeni icad edilmiş, dəmirdən olan protez onu xilas etmişdir. Ona ümumiyyətlə, xətər toxunmamışdır.” Bu hadisələrin hər ikisi bir saat içərisində baş vermişdi.

 

Robert Stentona baxdı, o, başını silkələdi. Sonra Meri otağa daxil olub, bərkdən qışqıraraq özünü çarpayıda uzanan Linkolnun üstünə atdı və dedi:

 

- Bizi tərk etmə!

 

Stenton yanındakılara müraciətlə:

 

- Qadını buradan aparın, - dedi.

 

O, daim ehtiramla davrandığı qadına - birinci lediyə qəflətən kobudluq göstərdi. Qadını otaqdan çıxardılar.

 

Vitse-prezident sərrast olmayan addımlarla içəri daxil oldu. Stenton ona daimi mühafizə ayrıldığını dedi:

 

- O vaxta qədər ki, biz düşmənin kim olduğunu biləcəyik. Onlar səni öldürmək istəyirlər. Mən buna əminəm.

 

Vitse-prezident Conson dedi:

 

- Bizə zərbə dəymişdir.

 

Stenton əlavə etdi:

 

- Lakin artıq o, yoxdur. Biz bu qəzanın xarabalıqları altında yaşamalı olduğumuz bir vaxt o, əsrlərə məxsus olacaqdır.

 

15 aprel səhər saat 7-dən azacıq sonra Abraham Linkoln dərindən nəfəs aldı və öldu. Stenton sağ əlini avtomat kimi qaldırdı və ayağa qalxdı:

 

- Kabinet indi yığışmalıdır.

 

Prezident Conson and içəcəkdi.

 

Merini otağa gətirdilər. O, hıçqırırdı, ağlayaraq deyirdi:

 

- Ey mənim Allahım! Mən öz ərimi ölməyə verdim.

 

Robert onu otaqdan çıxardı.

 

Brayantaun yolunda Devid Uilkislə görüşdü, axırıncı öz atını çətinliklə çapırdı. But soruşdu:

 

- Uğurmu?

 

Devid “hə” cavabını verdi. But dedi:

 

- Mən də həmçinin belə fikirdəyəm.

 

But onu qarşılayan Con Lloyda dedi ki, biz Prezidenti və Dövlət katibini qətlə yetirdik.

 

Dünyaya xəbər yayıldı ki, Con Uilkis But Prezidenti öldürmüşdür. Mister Syuard haqqında isə heç bir xəbər yox idi. Uilkis düşünürdü ki, Devid Herold deyiləni etmişdir və onlar ikisi də dost və həqiqi qardaş olmuşdular, ölməzlik qazanmışdılar.

 

Sonra But Virciniyadakı bir anbarda öldürüldü. Bir həftə əvvəl teatrın lojasından tullananda ayağını sındıran But bu dövrdə Tobakko limanında gizlənmiş, sonra Potomak çayı ilə üzmüşdü. O, anbarda yatan vaxt anbar yandırıldı. Həm də onu boynundan güllə ilə vurdular.

 

Butun ətrafına toplaşan səfehlərin hamısı, missis Surrat adlı qadın, güman ki, günahsız olduğu halda, dar ağacından asıldı. Stenton onların hər birini kütlənin gözləri qarşısında edam etdirdi. But öz yeznəsinə yazdığı məktubda olan şeyləri etiraf şəklində ifadə etməklə, artıq heç nəyi gizli saxlamamışdı.

 

Belə bir versiya mövcuddur ki, But, Konqressdəki müəyyən radikal elementlər tərəfindən sadəcə olaraq istifadə edilmişdi. Stenton isə Konqressdəki radikallara daha yaxın idi. Sonralar nəticədə onunla Prezident Conson arasında böyük gərginlik meydana gəldi. Conson Linkolnun Cənuba qarşı mülayim siyasətini davam etdirirdi. Müdafiə naziri Stenton isə hər an ona mane olmaq istəyirdi.

 

Siyasi cəhətdən Stenton və Linkoln, əgər Prezident sağ qalsaydı, hökmən sözləşəcəkdilər. Stenton öz inkişafına görə Linkolna borclu idi. Bəziləri güman edirdi ki, onun Prezidenti öldürmək üçün qəsd təşkil etməsi ağlabatan bir məsələ deyildir. Linkolnun kiçik oğlu Tez Stentondan atasının kim tərəfindən öldürüldüyünü soruşduqda, o, qışqırığa bənzər səs çıxarıb otağı tərk etmişdi. Stenton elə qəzəblənmişdi ki, Ford teatrının həmişəlik bağlanmasına göstəriş vermişdi. Bəziləri isə onu qatillərin arasında xatırlayırlar.

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-12 may.-S.16.