Kontrabasın “ayaqları altından”
ucalmaq...
Şahanə MÜŞFİQ
Haqqında tez-tez, uzun-uzun düşündüyüm
mövzulardan biridir insanın ömrünün bəzi məqamlarında,
ya da elə həmişə olduğu yerə,
daşıdığı kimliyə aid hiss etməməsi.
Bir anlıq düşünün ki, varsınız, amma əslində
yoxsunuz. Yəni olduğunuz yerdə,
daşıdığınız kimlikdə Siz yox, bir
başqası olmalı imiş. Siz isə
həqiqətdə olmalı olduğunuz yerdə deyilsiniz.
Ordan, Allah bilir, nə
qədər uzaqsınız: bəzən kilometrlər, bəzən
illər, bəzənsə əsrlərlə... Siz siz
deyilsiniz...
İnsan yaradılışı etibarilə
özünü tanıma potensialına malikdir. Onun
doğuluşundan ölümünə qədərki
bütün həyatı özünüdərk prosesidir.
Bəziləri ömrünün müəyyən bir
dövründə bunun fərqinə varır və
özünü tapmaq, tanımaq üçün çalışır,
həyatını bu axtarışda keçirir,
yaradılışın ən ali səviyyəsinə
- kamilliyə qədər ucalırlar. Bəziləri
isə bundan imtina edərək özünü
yaradılışın ən aşağı səviyyəsinə
qədər endirirlər.
Cümlələrimin qəliz və dolaşıq
olduğunun fərqindəyəm. Amma yəqin ki, məni
situasiyanın qəlizliyinə
bağışlayarsınız...
Qəribədir, kimdən soruşsan ki, “sən kimsən?”
qısaca adını, ya da ən yaxşı ehtimalla
soyadını, ata adını və hazırda cəmiyyətdə
tutduğu mövqeni deyəcək. Amma və lakin səni
bunların heç biri maraqlandırmır. Səni həqiqətən
də o insanın kim olmağı
maraqlandırır. Çoxlarımız isə bu kiçik və
incə nüansın fərqinə varmadan
ömrümüzü davam etdirir, sonda isə kim
olduğumuzu bilmədən (heç zaman da düşünmədən!)
bu dünyadan çıxıb gedirik.
Təxminən bu mövzuya bu yaxınlarda Yuğ
teatrındakı bir tamaşada rast gəldim. Orxan Fikrətoğlunun
“İtki” və bir neçə hekayəsi əsasında
hazırlanan “Fəna” tamaşasının da qayəsində insan(lar)ın özü olmaması və
özünü tapmaq yolunda axtarışları dayanır. Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında
hazırlanan səhnə əsərində rəsmlərin
quruluşu Əməkdar rəssam Rəşid Şərifə
məxsusdur. Rolları aktyorlar Qasım
Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu
canlandırırlar.
“Özü”nü
itirmiş bir kişi birdən-birə bunun
fərqinə varır. Özü də bunun
indi yox, ta illərdən, bəlkə də ən
başından bəri belə olduğunu öyrənir. Həyat yoldaşı və dostu ilə bunun necə
baş verdiyini araşdırmağa çalışır.
Sonradan məlum olur ki, sən demə, onlar da
“özlərini” itiriblərmiş. Çox
çək-çevirdən sonra hər üçü
öz fitrətini insan surətində görüb “özləri”nə
qayıdırlar.
Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim
olunan tamaşada Mərcan Dədənin musiqilərindən
istifadə olunub.
Təəssüf ki, bu tamaşada qoyulan məsələ
kifayət qədər həllini tapmayıb. Yəni insanın
“özü”nü itirməsi, axtarış prosesi, sonda
“özü”nü tapdığı an və
keçirdiyi hisslər qaranlıq qalır, dialoqlar isə bəzi
yerlərdə sayıqlamaları xatırladır.
“Fəna” tamaşasından cəmi bir neçə
gün sonra yolumu Gənc Tamaşaçılar Teatrından
saldım. Burada haqqında çox eşidib, izləməyə
fürsət tapmadığım “Kontrabas” tamaşası
oynanılırdı. Sevdiyim aktyorlardan olan
Əməkdar artist, “Qızıl Dərviş” Mükafatı
laureatı Şövqi Hüseynov bütün rollarında məni
hər zaman yaxşı mənada heyrətləndirməyi
bacarıb. Baş rolunu (həm də elə
tək) canlandırdığı bu tamaşada isə birdən-birə
qarşımıza tamamilə başqa insan çıxdı.
Monotamaşaları izləməyi hər zaman sevmişəm. Amma həmişə
izləmədən öncə içimdə müəyyən
tərəddüdlər də yaşamışam. Müəyyən müddət ərzində bir
insanınmonoloquna qulaq asmaq ürküdüb məni.
Birdən gözlədiyim olmaz deyə...
Bu tamaşada isə gözlədiyimdən qat-qat
üstün performansla qarşılaşdım. İzlədikdən
sonra bütün dünyanın Gənc Tamaşaçılar
Teatrının “Kontrabas” tamaşasına qarşı bu
marağının və rəğbətinin səbəbini
daha yaxşı anladım.
Patrik
Züskindin eyniadlı pyesi əsasında rejissor İrina
Perlova tərəfindən hazırlanan və 1998-ci ildən səhnəyə
qoyulan “Kontrabas” monotamaşası hələ o zamandan bəri
illər boyu müxtəlif beynəlxalq müsabiqə və
festivallarda uğurla ölkəmizi təmsil edib, bir
çoxunun qalibi olub. Azərbaycan və rus
dilində oynanılan tamaşa köhnə sovet ölkələrində,
Türkiyədə, İranda səhnəyə qoyulub və
bir çox mükafatlara layiq görülüb, həmin
ölkələrin mətbuatında haqqında söz etdirib.
Məsələn,
vaxtilə Ukraynanın Kiyev şəhərində keçirilən
“Mariya” Beynəlxalq mono-tamaşalar festivalında iştirak edərkən
yazıçı, teatr tənqidçisi Dmitri Drozdovski
festivalda təqdim olunan ən yaxşı tamaşalar
haqqında Ukraynanın “Gün” qəzetində dərc
etdirdiyi “Sənət mədəniyyətin müxtəlifliyində”
adlı məqaləsində ilk olaraq “Kontrabas”
tamaşasından söz açmışdı.
O
yazırdı ki, Şövqi Hüseynov fəlsəfi, insani
hisslərlə dolu bir əsərdə qəhrəmanın
dramını ustalıqla təqdim edir. Aktyor “balaca adam”ın sərhədlər tanımayan,
bitib-tükənməz intellektini tamaşaçıya səmimi
şəkildə ötürür. Müəllif
vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli
qəhrəmanın həm daxili, həm də xarici
duyğularını dəqiqliklə, inandırıcı
ştrixlərlə çatdıra bilib.
Xatırlayıram
ki, uşaq vaxtı bizə verilən çoxsaylı
öyüdlərdən biri, bəlkə də birincisi bu idi:
sənətini və həyat yoldaşını düzgün
seç, çünki ömrünü bu ikisiylə
paylaşacaqsan. Neçəmiz zamanı gələndə
bu öyüdə əməl etdik, bilmirəm. Hələ bu məsləhəti verənlərin
özlərinin belə buna əməl edə bilib-bilməməyindən
əmin deyiləm. Amma bir saatlıq tamaşa boyunca
qulaqlarımda bu öyüd səslənirdi...
Tamaşa teatrın kiçik zalında nümayiş
olunurdu. Burada ilk dəfə olurdum. İşdən
çıxıb birbaşa teatra gəldiyimdən gecikmək
qorxusu ilə qaranəfəs çatdırmışdım
özümü. Düz vaxtında. Zal ağzına qədər adamla dolu idi, oturmağa
yer qalmamışdı. Amma şərt
harda oturmaq deyil, tamaşanı izləməkdir deyib
özümə yer etdikdən dərhal sonra zal
qaranlığa büründü. O təlaşla səhnəyə
baxmağa fürsətim olmamışdı. Qaranlığın
içərisindən bir nur kimi doğulan səhnə sonradan
diqqətimi çəkdi. Səhnənin düz ortasında daş
heykəli xatırladan böyük bir kontrabas qoyulmuşdu. İlk dəfə bu boyda kontrabas görürdüm.
Təbii ki, o real ölçülərindən ən az iki dəfə böyük idi. Elə bu böyüklüyün vahiməsi ilk
baxışdan insanın ürəyinə işləyirdi.
Səhnə işıqlananda kontrabasın “ayaqları
altında” yatan aktyorun sayaqlamalarını eşidirik. O, “Sara” deyə bir
qızı çağırır. Hələ
tanımadığımız, kölgəsində
yatdığı kontrabasın sayəsində
kontrabasçı olduğunu təxmin etdiyimiz qəhrəmanın
bizə tanış olmayan əzabları
bu bir sözə “Sara”ya çöküb sanki...
Qəhrəman birdən-birə yuxudan oyanıb, yerindən
dik atılır. Və sanki hesabat verirmiş kimi başlayır
danışmağa...
Bu əsnada diqqətimi Şövqi Hüseynovla
kontrabasın arasındakı boy fərqi cəlb edir. Qəhrəman
bayaq kölgəsində yatdığı kontrabasın
yanında cılız, balaca və çarəsiz
görünür. Olduqca böyük
istedada sahib aktyorun oyunu ilə monotamaşa sanki bir nəfərlilikdən
çıxır, kontrabas da canlı insan kimi oyuna daxil olur və
biz iki iştirakçısı olan tamaşa izləyirik.
Təxminimizdə yanılmamışıq. Qəhrəmanımız
həyatda çox sadə mövqeyə sahib bir
musiqiçidir. Daha dəqiq desək,
kontrabasçı. Artıq iyirmi ildən
çoxdur ki, bu işlə məşğuldur. Yuxuda sayaqladığı ad isə aşiq olduğu
opera “ulduzu”dur. Onunla bir orkestrda
çalışır. Amma nə yazıq
ki, bu gözəl xanım onun fərqində belə deyil.
Çünki kontrabas orkestrdə elə də
diqqətçəkən deyil. Axı, o,
təkbaşına heç bir musiqini ifa edə bilməz.
Qəhrəman
bunu acı şəkildə etiraf edərkən mənim
yadıma Azərbaycan kinosunun incilərindən olan “Bəxtiyar”
filmindən bir replika düşür: “Mən? Tək?
Kontrabasda?” Elə onda fərqinə
varıram ki, mən kontrabasla ilk dəfə məhz o kino vasitəsilə
tanış olmuşam. Ətrafıma
baxıb, tamaşaya tək gəldiyimi xatırlayanda isə bu
replikanın səhnədəkindən daha çox, mənə
aid olduğunu görüb təbəssüm etməkdən
özümü saxlaya bilmirəm.
Şövqi Hüseynov isə monoloqunda mövzuları
bir-birinin ardınca sıralayır. Məsələn, indi
xanıma olan sevgisindən danışır. Ona etiraf etmək istəyir ki, tənhalığının
ən kəskin anlarında, qaranlıq və səssiz otaqlarda
belə onun məlahətli səsini eşidir, məşhur
ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Birdən qəhrəman özü üçün
qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki,
bəlkə bunun nəticəsində həmin məşhur
ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.
Bütün bu məqamlarda onu tək dinləyən və
yeganə ünsiyyət vasitəsi isə otağındakı
kontrabasdır.
Onun sevdiyi xanımla dialoqunu birdən-birə
kontrabasla dialoq əvəzləyir. Hiss olunur ki, artıq
qəhrəman onunla söhbətə alışıb. Hər mövzuda mütləq ona müraciətlə
danışır. Getdikcə bunun nə
böyük faciə olduğunun fərqinə varırıq.
Ensiklopedik biliyə malik musiqiçi gözümüzün
qarşısındaca ikiləşir. Biri kontrabası sevir,
bütün həyatını onunla bağlayıb, tək
dostu, sevgilisi, həmdəmi bu musiqi aləti olub. Digəri isə zamanla bu yeknəsəqlikdən bezərək
kontrabasa nifrət etməyə başlayıb. Bütün yaşadıqlarının (əslində
isə yaşaya bilmədiklərinin!), tənhalığının,
sevgisizliyinin səbəbini bu bədheybət kontrabasda
görür.
Bu giley-güzarın, tənənin, nifrətin içərisində
hiss olunur ki, qəhrəman həm də onu sevir. Artıq
kontrabas onun varlığının cövhərinə, həyatdakı
tək amalına çevrilib. Elə buna
görə də onların qarşılıqlı münasibəti
artıq lazım olan həddi çoxdan aşıb. Başqa sözlə, kontrabas öz sahibini “udub”.
Daha o, aləti deyil, alət onu idarə edir,
cansız əşya həyatındakı bütün
anlarına bu və ya digər şəkildə daxil olur,
müdaxilə edir. Odur ki, musiqiçinin
sevgisi müəyyən zaman sonra nifrətə çevrilir.
O, həyatdakı bütün uğursuzluqlarının təməlində
bu azman əşyanı görür. Artıq qəhrəmanın
içərisində böyük bir konflikt yaranıb.
O, özü də bilmir ki, bu aləti sevir, ya ona bütün
varlığıyla nifrət edir. Bu qədər
şikayətə baxmayaraq, o, ondan qurtulmağı bir dəfə
də ağlına gətirmir. Sanki musiqiçi evdə
kontrabasın simasında iki şəxslə yaşayır:
sevgilisi və düşməni...
Pyes qəhrəmanın monoloqu vasitəsilə onun
psixoloji ovqatını, məişətini, sosial durumunu
aydın şəkildə sərgiləyir. Zamanında
doğru seçim etməyən qəhrəman bu qədər
zəngin biliyə, ensiklopedik yaddaşa, romantik və kövrək
duyğulara sahibkən yalnızlıq girdabında
çabalamağa məcburdur. Artıq onun
varlığına bir peşmanlıq da hakim kəsilib.
Olmalı olduğu yerdə olmamaq peşmanlığı, ola bilməmək əzabı...
Bu qədər ağır mövzu və ovqata sahib
tamaşa sarkazm və yumoristik məqamlarla da zəngindir. Aktyorun peşəkar və
mahir ifası ilə bu məqamlar bir az da
qabardılaraq, tamaşaçının yorulmamağına, pyesdən
daha da böyük zövq almağına yol açır.
Pyesdən çıxan nəticələrdən biri də
budur ki, insan birinci özü-özünə dürüst və
sədaqətli olmalıdır. Əgər o,
özünə, hisslərinə, arzularına sadiqdirsə, ətrafındakılara
da sadiq olacaqdır.
Pyesin daha
bir uğuru isə Şövqi Hüseynovun bütün sənət
adamlarına, yaradıcı şəxslərə (şair,
yazıçı, aktyor, musiqiçi, müğənni, rəssam
və s.) tanış olan real musiqiçi
obrazı idi. Hiss olunurdu ki, aktyor canlandırdığı
obrazın daxili aləmini, yaşantılarını, sənət
adına gözləntilərini çox
yaxşı anlayır, duyur və bunu bütün səmimiyyətilə
tamaşaçısına çatdıra bilir. Tamaşa həm də kölgədə qalmağa məhkum
olan bir sənət fədaisinin böyük auditoriya
qarşısında həzin etirafıdır.
Tamaşanı
izlədiyim gündən bəri bir sual məni rahat
buraxmır: “Görəsən, neçəmiz bu
kontrabasçı kimi olduğumuz yeri və kimliyimizi inkar edəcək
qədər cəsarətliyik? Yoxsa hər şey sadəcə
bir tamaşadır?”
525-ci qəzet.-2018.-12 may.-S.17.