Düşündürən poeziya
İNQİLAB
İSAQIN 65 İLLİYİNƏ
İnqilab İsaq (Rzayev) vaxtilə Gəncə Pedaqoji
Universitetində oxuduğu zaman universitetin "Yüksəliş"
qəzetində şeirlər dərc etdirirdi.
Biz ədəbiyyat fakültəsinin başqa-başqa
kurslarında oxusaq da, onu yaradıcı bir gənc kimi
tanıyır, yazdığı şeirlərini həvəslə
oxuyurduq. Qəzetin o vaxtkı redaktoru, görkəmli
yazıçı Qərib Mehdiyev Sahibin, Ələsgərin,
İnqilabın və başqalarının şeirlərini qəzetdə
mütəmadi çap edərdi. Mənim
də həmin qəzetdə bir neçə şeirim o vaxtlar
(yəni 70-ci illərdə - E.S.) dərc olunmuşdu. İnqilabın mənim həmyerlim və əziz
dostum Vəfa Əliyevlə bir kursda oxuduğunu da bilirdim.
Həyat elə gətirdi ki, Vəfa sonradan təhsilini
Bakıda davam etdirməli oldu. Mən də
İnqilab kimi Gəncə Pedaqoji Universitetini bitirmişəm.
Ancaq başqa-başqa məkanda yaşadığımız
üçün, təəssüf ki, elə yaxın əlaqələrimiz
olmamışdır. Ancaq İnqilab gənclik
illərindən mənim yadımda istedadlı bir gənc və
poeziya həvəskarı kimi qalmışdır. Bir
neçə kitab müəllifi kimi tanınan, poeziya aləmində
öz dəst-xətti olan İnqilab İsaqın şeirləri
ilə tanış oldum. Onun
şeirlərində diqqəti çəkən məqamlar, sətiraltı
məna və düşüncələr məndə bu
söz xiridarına qarşı xüsusi rəğbət
yaratdı. İnqilabın poeziyasında
diqqəti çəkən fərqləndirici keyfiyyət odur
ki, şair adi əşya və predmeti mənalandıraraq onu
obrazlı deyim və ifadələrlə zənginləşdirərək
əsl poeziya nümunəsi səviyyəsinə qaldıra
bilir. Bəzən onun şeirindəki məna
və əsas qayəni dərk etmək, anlamaq çətin
olur. Bu şeirlərdəki sətiraltı
fikir və duyğuların fərqinə varanda şairin poetik
dünyasının rəngarəngliyinə valeh olursan. Onun şeirlərinin fikir yükünün üzdə
deyil, daha dərin qatlara işləməsi hiss olunur. Burada oxucu Aysberqin görsənməyən
qatlarının əzəmətini və bu potensialın
böyüklüyünü bir daha dərk edir.
Bədii təsvir vasitələri, metafora, təşbeh
və mübaliğələr onun poeziyasına xüsusi bir rəng
qatır. Şeirin bədii səviyyəsi yüksələrək,
insanda xoş ovqat yarada bilir. Məişətimizə
daxil olan predmet və əşyanın təsviri heç də
yorucu təsir bağışlamır, əksinə, bu adi təsvirlər
elə təqdim edilir ki, müqayisələr fonunda əsl
poeziya yaranır. Bu cəhətdən
"Köhnə çəkmə" şeirini misal gətirə
bilərik.
Qızım,
canım - gözüm!
Köhnə
çəkməni kədərə çevirmə
Gözlərinin
dərinliyində
Yüz
belə ç əkmə sökəcək
Yollar var hələ.
Darıxma
canım - gözüm
Bircə
insan sevinci
Sökülməsin ayaq altında.
İnsan çox mürəkkəb varlıqdır. Bəzən
elə anlar yaşayırsan ki, yalan danışan birisinin səhvini
üzə vura bilmirsən. Bu, adamı
incidir. Ehtiyac ucundan isə müəyyən
təmənnalar güdməyə məcbursan. Şairin yaratdığı metaforik ifadə və bədii
obraz çox diqqət çəkir və təbii səslənir.
"Doğru sözüm..." şeirində olduğu kimi:
Hər
sevincim doğub ahdan,
Tüstülənir
yana-yana
Doğru
sözüm dustaq olub,
Özgəsinin
yalanına
Dünya
da cadugər qarı -
Min niyyətlə küpə girir.
Boş
cibimdən bezən əlim
Daha özgə cibə girir.
Şairin leksikonunda ümumxalq danışıq dilinin
nümunələri şeirə hopdurulur. Hamımız
yaxşı dərk edirik ki, insan iqtisadi cəhətdən hər
bir şeyə qənaət etməli, israfçı
olmamalıdır. Şair bunu poeziya dili ilə
poetik bir tərzdə təqdim edir. Hər
bir kəs vaxtın qədrini bilməli, durmadan axıb gedən
zamandan asılı olduğunu dərk etməlidir.
Şair zaman anlayışı mənasını verən bir
qədər az işlənən
"hovur" sözünü də məqamında işlətməyi
bacarır. Bu baxımdan "Bilmirəm"
şeiri maraq doğurur.
Suallar
önündə susmaqdı peşəm,
Bilmir
hansı yükü daşıyır adam
Bir
parça ömürü yavanlıq edib
Küsülü-küsülü
yaşayır adam.
Gecə də,
gündüz də batıb qan-tərə,
Dərməz nəfəsini, dərməz bir hovur.
Kəndiri
kəsilmiş nağıl yolunu,
İndi də yuxuda mələklər qovur.
Şairin sözə yanaşma tərzi, obrazın daxili
aləminə girmək üçün seçdiyi məcazi
deyimlər o qədər sərrast və yerində deyilib ki,
bu bədii ifadələrin digər ekvivalenti haqqında
düşünmürsən. Şairin məhz
haqlı olaraq seçimini bu cür etməsi çox yerinə
düşür. Məsələn:
Çəkdiyin
əzablar ovutmur səni,
Uşaq röyaların qəsdinə durub.
Ayrılıq
isladıb kirpiklərini,
Sökülmüş komada oyuncaq qurub.
Yollara boylanan bu kədər nədir?
Əlində dəsmalı kiriyibdi, bax.
Çiyələk
yığdığın çəmən boyunca,
Körpə ümidlərin közərir ancaq.
Şairin
şeirlər kitablarını vərəqlədikcə oxucu
bir şeyi hiss edir ki, İnqilab İsaq təsvirçilikdən,
yerli-yersiz təmtəraqlı və pafoslu sözlərdən
istifadə etməkdən çox uzaqdır. Onun
əsl poeziya nümunəsi sayılan şeirlərindəki
misralar diqqət çəkir. "Kədərin göz
yaşı doyub", "Səbrimin ögey
baxışı", "Yolumu bağlaya qoca mürgülər",
"Yuxusuz dərdlərim tutub qolumdan", "Həsrətimin
canı çıxıb yolunda", "Yüz yalan cücərdib
verdiyin vədə", "Qəlbimə yüz yerdən
düyün vurmusan", "Endirmə kədəri, endirmə
atdan", "Əzabı bal kimi içdiyi vədə",
"Bağlı qapı kimi susmuşuq yenə", "Sənin
həsrətinin dalğası mənəm",
"Qapımı döyən gecə" və digər
misralardakı ifadələr şairin poetik düşüncə
tərzini, yerində deyilmiş aforistik məqamların bədii
siqlətinin gözəlliyindən xəbər verir.
İnqilab İsaqın şeirlərində məhəbbət
mövzusu geniş yer tutur. Şairin lirik "mən"inin
əsas giley-güzarı, onu qane etməyən, həmişə
əlavə əzab-əziyyət verən kədər və
həsrətin həyatına daxil olaraq problem
yaratmasıdır. Bu baxımdan "Bənövşə
xatirə", "Sən də inan", "Utanan bizik",
"Nə yaxşı", "Bu yaşda", "Dərdinlə
bəzənmişəm" və onlarca digər şeirlərdə
dediyimiz bu məqamları aydın görmək olar. Məhəbbət yolunda çırpınan
aşiqin həsrətdən qovrulması,
qısqanclığının maksimum bir həddə
çatması, sevdiyinin təkcə varlığının
deyil, baxışlarının da yad tərəfə
baxmasından ehtiyatlanır. O, sevdiyini qoruyaraq "həbs"də
saxlamasına mühafizəkarcasına yanaşır. Bunu əsl
çıxış yolu hesab edir. Belə
poeziya nümunəsi yalnız istedadlı bir şairin qələmindən
çıxa bilərdi. Bu cəhətdən "Mən
və bahar" şeirinə diqqət edək:
Sənin
həbs olunmaq qorxun var,
Bu işə səbəbkardı bahar.
Baxışlarının
azadlığına
gül
hörüklü
Sərhəd
çəkmək istəyirəm
Kimsə
adlaya bilməsin
bu
hasarı
Eşit məni
barı.
Amma qəlbimin
oksigen - havalı,
pəncərə-pəncərə
tək
gözlü kamerasında
Sənin
həbs olunmaq
qorxun
var.
Keşikçin
- mən və bahar!
Şeirin
poetik fəlsəfəsinin atributlarından hesab olunan "kədər",
"qəm" və "həsrət" bir çox
şeirlərin əsas leytmotivinə çevrilmişdir. Həmin söz və ifadəni özünəməxsus
tərzdə ifadə etmək, yeknəsəklik yaratmamaq əsl
sənətkarlıq əlamətidir. Bu mənada
şeirlərdə istifadə olunan sözlərin təkrir və
sinonim kimi müxtəlif məna çalarları yaratması
diqqəti cəlb edir. "Sən də inan..."
şeirinə diqqət yetirək:
Heç
bilmirəm baxışından
necə
söküm kədəri
Bir
nişanə qalmasın
bu kədərin
izindən
Həsrət işığı sönməz
buludlar yaman dolub
Gözlərini yum daha,
öpüm qəmin üzündən.
Şairin kitablarındakı şeirlərə nəzər salanda burada bol-bol işlənən bədii təsvir vasitələri, onun şeirlərinin bədii təsir gücünü, əsl poeziya nümunəsinə çevrilməsini, şərtləndirən başlıca amilə çevrilmişdir. Onu da qeyd edək ki, hər hansı bir şeir müəllifi şeirlərini yazarkən heç də hansı bədii təsvir vasitəsindən necə istifadə etdiyini düşünmür və fərqinə varmır. Bu xüsusda aşağıda verilmiş "Bənövşə xatirə" şeirindəki bir bəndə nəzər salanda buradakı metafora və mübaliğələr şeirin bədii təsir qüvvəsini artırır.
Göy üzü darıxır, buludları bol...
Baxıb gözlərinə, baxıb kiriyər.
Damlalar ələnib kipriklərindən,
Cığırlar boyunca axıb kiriyər.
İnqilab İsaqın heca vəznli şeirlərinin bir çoxunda cinaslı qafiyələrin olması onun təcnis yaratmaqda səriştəliliyini təsdiq edir. Şairin vaxtilə əlli yaşına həsr etdiyi "Bu yaşda" şeirində biz bu mənzərənin şahidi oluruq.
Həsrətinə uzatmışam əlimi,
De cavabım ləngmi tapar, əllimi?
Suçlu sanma ağ saçımı, əllimi
Ovcumdakı çiçəyə bax bu yaşda...
Qara günüm yazılsa da ağ şama,
Demə, yolum daha düşüb axşama.
Bu sevdanı təsəlliylə oxşama,
Ovcumdakı çiçəyə bax bu yaşda...
Bu
nübarı kim saxladı son aya,
Nə
söyləyim o gözələ, sonaya
Nə çatacaq bu ömürdən sonraya?
Ovcumdakı
çiçəyə bax bu yaşda...
İnqilab müəllim, şeirinizdə vurğuladığınız
kimi, sizdən sonraya, gələcək nəsillərə
sizin bir övlad kimi boya-başa
çatdırdığınız neçə-neçə
şeir kitablarınız qalacaq. 65 yaşına
çatan şair İnqilab İsaqın əbədi
yaşarlığını təmin edən şeir
kitabları ilə yanaşı, hələ indən sonra da
yeni-yeni əsərləri işıq üzü görəcək
və sevimli oxucularını sevindirəcəkdir. Əziz qardaşım İnqilab İsaqa 65
yaşının zirvəsində sağlam ömür və
yaradıcılıq sevincləri arzulayıram.
Ehtiram SƏFƏROV
Füzuli rayon 56 nömrəli tam orta
məktəbin direktoru, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.-
15 may.- S. 8.