Sevginin poetik ovqatı - payızlaşan ədəbi
düşüncələr
Allahverdi EMİNOV
Hər dəfə şeirdən yazanda onun ictimai motivlərindən
öncə oxucu olaraq məndə hansı sevgi hisslərini
oyadacağını düşünürəm. Və qərarım bu olur:
poeziya emosiyaların tüğyanıdır ki, doğulur, ilk
misralarından son sətirlərinə qədər ruhdur,
şairin içindən kükrəyib çıxır, buna
"bais" isə şairin sevinci və kədəridir,
poetik şüur səviyyəsini aydın əks etdirir.
Özünü artıq təsdiqləmiş şair
Əbülfət Mədətoğlunun
ağrılarının yüngülləşməsi,
daşıdığı kədərdən azca da olsa təsəlli
tapması, üstəgəl, həqiqətlərin və
yalanların fəlsəfi motivlərinə impulsiv
reaksiyasıdır; belə yönüm işığa da can
atır, ovunmaq istəyir. Mədətoğlu bu
təəssüratı nostalji ovqatla oxucuları ilə
bölüşür. "Hərdən
özüm-özümə təsəlli üçün
yapışacaq bir yer axtarıram, bir sözün qulpundan
tuturam. Elə bil ki, balaca bir uşaq kimi
ovunmaq eşqinə düşürəm. Və
tapdığım hansısa bir oyuncaqla əylənməyə
çalışıram. Bu oyuncaq
yaşıma-başıma uyğun olmasa da,
uşaqlığımla bağlı olduğundan onunla
danışmaq mənə xoş gəlir", - yazır. Təsəllisi isə şair ürəyindən
süzülən misralardır.
Döymə
hədər bu qapını
Çırpdı
qədər bu qapını...
Sənə
qədər bu qapını -
Allah çox açıb-bağladı.
Çəkiləndən
çiskin kimi
Ömrümdəki pis gün kimi.
Gözündəki
nisgil kimi -
Məni də bir qız ağladı.
Mən
bildiyim böyük dayaq
Keçdi qəfil külək sayaq.
Daşmı,
yoxsa ürək sayaq -
Dönüb
arxaya baxmadı!
Amma "günahların qatili" olan şairdə nə
qədər nikbinlik var imiş. Axı Əbülfət
Mədətoğlu poeziyası biz oxuculara bundan sonra da gərəyimiz
olacaq - mübaliğəsiz. Bu, inamdır ki, duyğular
qarşısında borclu qalmır, özü demişkən:
"O misraların bir dəstəsini də bax elə indi, necə
deyərlər, isti-isti sizə söyləmək istəyirəm".
Ümid
budaqların çırpıb əyirsən
Tikanlı
baxışla qəlbə dəyirsən...
Mən xəyal
qururam, sənsə deyirsən -
Qucaqla
yastığı yar əvəzinə...
Külək
saçlarını eşib yolanda
Qapıya
zillənmiş gözün dolanda...
Bir
özün, bir də ki, dizin olanda -
Qucaqla
yastığı yar əvəzinə...
Gerçək
olanların üstünü basdır
Şəklimi
çəkdirib tərsinə asdır...
Adımın
yerinə bu sözü yazdır -
Qucaqla
yastığı yar əvəzinə...
Sonuncu
ümidin səssiz sönəndə
Öpüb
başdaşını geri dönəndə...
Günah
səndə deyil, günah öləndə -
Qucaqla
yastığı yar əvəzinə!..
Belə şeirlər bir də ona görə
lazımdır, ziddiyyətli dünyamızda toxdaqlıq, təskinlik
tapaq, onsuz da insanlar kövrək məxluqdur, bəzən hisslərimiz
bizi aldadır, özümüzə qapılırıq; son isə
xatirələrdir, uzaqlardan boylanan itirilmiş sevgidir. Cəsarətlə deyərdim:
ən yaxşı şeirlər məhz bu əbədi
körpünün o tayından boylanır, cəsarəti
itirilmiş "o tay"ına baxır,
pıçıldayır. İstedadlı qələm
sahibi, yaxşı tanıdığımız Yusif
Günaydının gözləmədiyim "şeir dəftəri"ndən
şeirlərini oxudum. Şeirin
yaranması üçün "İlaxır çərşənbə"
assosiativ bağlılıq yaratmışdır. Axı
belə günlərdə qapını kənd uşaqları
döyür ki... Bəs şairə bu yaşında (şairlərin
yaşı ölçülmür) çoxmu vacibdir: Bəlkə
buna ehtiyac lazım deyilmiş. Yox, belə hissləri
xatırlamasa idi Yusif Günaydın bir şeirini itirməzdimi?
Yenə
döyəcəyəm, nə olur-olsun,
İlaxır çərşənbə mən o
qapını.
Günahım
varsa da, odla yuyulsun,
Yoldan sapmışamsa, haqqa tapınım.
Heç
mənə baxmadan, badam gözlü qız,
Deyər:
Nə papaq at, nə də şal salla.
Yoxdu qismətində
şəkər payımız,
Dayanma,
geri dön gəldiyin yolla!
Doğrudanmı
bilmir o şux insafsız,
Noğul, nabat deyil ondan umduğum?
Tonqalsız,
xonçasız, şalsız, filansız
Bircə diləyim var - matəmdən çıxım?
Şair bu ilaxır çərşənbədə
cavanlığına qayıdır, sevgisi sorağında
(insan bütün yaşlarında sevməyə qadirdir, təki,
daxili enerjini itirməsin), neyləsin gəlib Novruzun bu
çağına düşübdür. Hələ
ki, ortada həsrət və intizar dayanıb. Şairsə
çox ümidlidir, sevgidə ümid qırıldısa
hisslərin dəfn olunan çağıdır! Yenə
şair ümidini göyərdən vüsal
axtarışı və:
O elə
bilir ki, özü tək gedib,
Məni
naçar qoyub dönəndə üzü,
Bayramlar
qoşulub ona, tərk edib,
O atandan bəri
mən talesizi.
Açılardı
eynim, olsam da yalnız,
Qızıl dan yerindən saf meh əsəndə.
Tonqalsız,
xonçasız, şalsız, filansız,
Bayramım qayıtsa təbəssümündə.
Səni tək
qutlaram bayram axşamı,
O bahar
hüsnünə tək heyran kimi.
Mənə
qaytardığın Novruz bayramı,
Özünə
dönəcək min bayram kimi...
Yusif
Günaydının poeziya aləminə
qayıdışına sevindim və sevgi fenomenindən
"şeirləşməsi" - başqa cür təsəvvür
etməzdim. Bu hissə onun munis rəğbəti
və ehtiyatlılığı gözəl bir şeirin
oxuculara hədiyyəsi deyilmi?
Sınıq
qəlbli ovundur,
Bir vaxt ayır sən ona.
Axı bu
can sənindir,
Necə qıyırsan ona?
Səni
ağrıtmır məyər,
Ona yara vuranda?
Köhnə
oyuncaq kimi,
Onu yerə vuranda?
Bir az ehtiyatlı ol,
Çılğın
olduğun çağda
Unutma ki, əksin
var
Qırdığın "oyuncaqda".
Sevgi-məhəbbət şeiri həsrətin solmayan
çiçəyidir, vaxtsız açılarsa, sevən
"taylar"ın yaddaşında hər səhər
açılır, ətrini saçır və. İstədim
"və"dən sonra "ölür" kəlməsini
yazım. Özümdən asılı
olmadan barmaqlarım titrədi, qıymadım haçansa
itirdiyim sevgimizi röyada axtarım. Bu son
fikrimizin kökləri uzağa gedir. Arabir şeirlərinə
rast gəldiyim, mühəndis olsa da, istedadla şeir yazan
Cavanşir Əsgərin "Bütöv Azərbaycan" qəzetində
son silsilə şeirləri məni nə az,
nə çox, təxminən, ötən əsrin 70-ci illərinə
apardı. Cavan, şeir dolu bir dəftər, yəni
utana-utana ondan aldım, - demişdim gətirsin. - Müəllim,
oxuyun, fikrinizi öyrənmək istəyirəm, - dedi və
getdi. Vədimə əməl etdim, təxminən, on-on beş şeirini birnəfəsə oxudum,
gözləmirdim, düzü. Şeirlər necə
tutdusa məni, bir neçə vərəqlik məqalə
yazdım. Təsirdən
çıxmamışdım. Onu
çağırdım (biz bir kənddənik, Neftçala
rayonunun Qırmızıkənd kəndi, o kənd məktəbində
də oxumuşuq). Kövrəlmişdim.
İyirmi yaşlarında olan bu oğlanda nə qədər
poetik hiss varmış, şeir onun varlığına
hopmuşdu, emosiya ilə intellektini əhatə etmişdi. Həzin
və güclü fikrə bələnmiş misralar
doğulmuşdu... Lakin o, bir müddət görünmədi,
sosial qayğıların çəpər çəkdiyi
kimi: Cavanşir Əsgərin də tale yoluna
çıxmışdı. Niyə bu isrardayam: uzun vaxt məsafəsində
o, kökdən düşməmişdi, gözəl şeirlər
yazırdı. Xatırlayıram:
"Qaçır", "Adamlar", "Bir az
işıq verin" və s. poetik nümunələr qələmindən
süzülmüşdü.
Və mövzuma qayıdıram; sevgi intizarı, sevgi
xatirələri haçansa tənhalaşır, sənsizləşir. Cavanşirin son şeirlərindən
biri "Sənsiz"dir. Peşəkar şair
hissiyyatının nümunəsi, illərin, kövrək sənsizliyi:
Gün
altda qurumuş palçıqdı,
Nəymə gərəkdi Yer sənsiz.
Sənsizlik
bir tənha adadı,
Dərdləri oynadır yel sənsiz.
Saplağı
üstündə gül əsir,
Yanağa
tökülmüş tel əsir,
Göz
düşür işıqdan, əl əsir,
Uzanır, uzanır yol sənsiz.
Göz
gözü ovsunlar, aldadar,
Göz
gözü ovsunlar, anladar,
Göz
gözü ovsunlar, ağladar,
Bulanıb, durulmur göl sənsiz.
Gecələr
əynimə kürk olub,
Təklənən
təklənib tək olub,
Həsrətin
ruhuma yük olub,
Nələr çəkirəm, gör, sənsiz.
Ədəbi düşüncələrimin leytmotivində
sevgi həsrətini əbəs seçməmişəm. Şair
vücudunda heç vaxt sönməyən, xatirələri
dartıb gətirən bu müqəddəs hissin ölməzliyini
mən də yaşayıram, baxmayaraq həyatım boyu bir
beyt də yazmamışam, görünür,
bacarmamışam. Məsələnin
başqa bir tərəfi poetik şüurun haçansa sevgiyə
qayıtması, poetik hisslərin azad ifadəsidir. Belə təkrarsız məqamlarda şair
üçün sosial hazırlığa ehtiyac duyulmur,
çün ruhi sarsıntı hər şeyi ödəyir.
Bu düşüncələrimə rəvac verən, poeziyada
səsi-ünü eşidilən Qələndər
Xaçınçaylının son şeirlərilə
"qarşılaşdığım" oldu, az yazan, lakin əsl
poeziya nümunələridir - yanılmıram. Şair
içində yığılıb qalan, toxunulmayan, müqəddəsləşən
məhəbbət-sevgi çağırışının
səsiydi. Bəli, "yığılıb-qalan"
şeirlərdir: "Sən xoşbəxt bir qız",
"Sən bağışlamazsan", "Nağıla bənzər",
"Əlvida deyəcək", "İçim" və
sair şeirlər. Yaradıcılıq psixologiyasından
yanaşsaq, eyni motivli mövzuların toplum halında qəzetdə
("525-ci qəzet, 2018) eyni düzümdə çapı
riskdir, ona görə ki, şeirlər bir-birinin
"dabanını basır", bir-birini təkrarlayır, nəhayət,
oxucusunu usandırar, küsdürər. Mən
şair Qələndərdə bu
narahatçılığımı görmədim, ən
kövrəyi o idi - uzaqlara vardım, ağarmış
saçlarımı, qırışlardan ötüşməyən
alın cizgilərimi gördüm, "gündəliyim"də
əbədiləşən sevgi həyəcanlarını
yaşadım. Bu, hər şeirin taleyinə
düşmür! Antik filosof Aristotel
yazırdı ki, poeziya istedadın, hissiyyat adamlarına aid bir
sahədir, ona görə ki, onlardan bəziləri cildə
girmək, bəziləri isə vəcdə gəlmək
qabiliyyətinə malikdir. Qələndər
Xaçınçaylı poeziyasına ikincisi xasdır,
pafosla təsdiqləməyə ehtiyac duymadım: "Sən
xoşbəxt bir qız".
Sən
xoşbəxt bir qız,
Mən, taleyindən küsmüş bir oğlandım.
Sən
xoşbəxtliyindən zövq alırdın,
Mən isə ağrılarımı udurdum.
Sonda
küsmüş taleyimə bürünüb
sənin
göz qamaşdıran "xoşbəxt"liyinin
göz
yaşlarına dönüb
yandırdım saf bir ürəyi!..
Qələndər bu şeirləri qələmə alanda proqnozlaşdırmaq istərdim ki, tam təhtəlşüur altında olub Z.Freydin qənaətində; yaradıcılıq "libido"su olmazsa, belə qeyri-adi, qəlbinin ağır yükündən süzülən göz yaşlarına çevrilməzdi. Şeir hıçqırıqdır, boğulan səsdir, ürək çırpıntısıdır, mübhəm maddiyyatdır - daha nələrə işarədir - bəlkə də "əlvida"ya sığınan həsrətdir? Bax, bu sonuncu şair qəlbində yoxsa, bir misra da qələmə güvənməz. Budur, Qələndərin "Əlvida"sı! Lakin şair öz suçunu anlayır, sevgisinin qarşısına gəlir və son pıçıltısına "əlvida" söyləmir, haradasa bir ümidə bel bağlayır, yoxsa?
Sən
bağışlamazsan,
Ona
görə ki,
ağ
göyərçin kimi uçan təmiz sevgim,
xəyallarımda
qaldı.
Ürəyimdə
qalan gələcək arzularımı
açmamış bir çiçək kimi qoparıb atdın
Qəlbimi
qəlbimə birləşdirən
körpü bellərini sındırdın...
Oxucuya elə gəlir "sınan" sevgi bir daha
göyərməz, xatirələrə gömülər. Şairsə hər
şeyin hələ sonu olmadığı poetik "yalan"a inanır və sevgisi önündə
özünü günahkar hesab etmir; bəzən şairlər
özünü sığortalamır, bəlkə şeirin həzinliyinə
aldanırlar.
... Mən istərdim payızda ölüm,
çünki payızı çox sevirəm bütün fəsillərdən.
Çünki ağaclar saralmış
yarpaqları dəfn edir, yenicə göz açıb
uçan balalar öz yuvalarına baş çəkir, tənha
qoymurlar. Duydum ki, şair Qələndər də
payızı sevir öz fəlsəfəsində:
Payız
gəldi, soldu çiçəklər - güllər,
Töküldü yarpaqlar, xəzana döndü.
Dağlardan
arana endikcə ellər
Təbiət qoynunda al günəş söndü.
...Payız
gözlərimdə oyanmış çiçək,
Payız nəfəsimdə payız havası.
Payız
notlarında köklənib ürək,
Bir
"Payız hava"sı çalın, qadası,
Payız havasına oynayım gərək.
Uzatmaq istəməzdim:
poeziya praqmatik tarixi olmuşların yalnız zahiri
bağlılığı baxımından təsviri də
deyil, şairin pessimizmə qapılmağına da tabe etməzdim.
Poeziya canlı, misralarında - damarlarında qanı axan,
durulan varlıqdır, nə qədər həyat var - nə əvvəli,
nə də sonu var, onu yaradan müəllifi - insan qədərində,
klassik şairimiz Şükuhu demişkən:
Gələn
birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb
sirr.
Bir əvvəl
var, bir axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axır.
27.04.2018.
525-ci qəzet 2018.- 15 may.- S. 8.