Gilyotinin ağzında bitən həyatlar

 

YAXUD QAZAXDA "BİR EDAM MƏHKUMUNUN SON GÜNÜ"

 

Şahanə MÜŞFİQ

 

Dahi fransız yazıçısı Viktor Hüqo ölüm ərəfəsində yaradıcılığına yekun vuraraq özü haqqında deyir: "Mən öz kitablarımda, dram, nəsr əsərlərimdə kiçik və bədbəxt adamları müdafiə etmişəm, təlxəyin, nökərin, məhbusun da insan hüququ olduğunu göstərmişəm".

 

Heç şübhə etmirəm ki, bu fikrin fonunda Hüqo yaradıcılığı ilə tanış olan hər kəsin yaddaşında ədibin əsərləri və o əsərlərdən müxtəlif obrazlar canlanır. Məsələn, "Səfillər", "Paris Notrdam kilsəsi", "Bir edam məhkumunun son günü", "Gülən adam" və s.

 

Məncə, Hüqonu özəl edən səbəblərdən biri də onun mövzularının həyatın ən sərt reallığından gəlməsidir. Bunu əsərlərindən əlavə, onların fərqli və maraqlı  yaranma tarixçələri də sübut edir. Məsələn, bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham 25-26 yaşlı Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən gənc yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərənin təsirilə özünün ilk romanını- "Bir edam məhkumunun son günü" əsərini qələmə alır. Roman yazıçının ən az tanınan əsərlərindəndir.

 

1829-cu ildə iyirmi altı yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı qalxa bilərdi.

 

"Bir edam məhkumunun son günü" romanını "Səfillər" kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxsin təkində, daxili monoloq şəklində deyilən ilk roman olmasıdır.

 

Əgər bu gün dünyanın əksər ölkələrində edam hökmü ləğv olunubsa, bunda mütləq Hüqonun payı vardır.

 

İllər öncə oxuduğum və ilk dəfə yediyim fərqli bir yemək kimi "dadı damağımda" qalan, təsiri, günbəgün dəyişən, bu dinamik həyatın içərisində bir-birinə qarışmış hisslərimin gözdənuzaq küncündə mürgüyə dalan romanı bu yaxınlarda Qazax Dövlət Dram teatrı yenidən yadıma saldı.

 

Bu ay teatrın 80-ci mövsümü gözəl bir tamaşanın premyerasına qucaq açdı. Kollektiv Hüqonun haqqında bəhs etdiyim əsərini səhnələşdirmişdi.

 

Rejissor Allahverdi Musayevin hazırladığı səhnə əsərinin əsas obrazını teatra dəvət olunan peşəkar aktyor Mehman Dilqəmoğlu (Piriyev) canlandırırdı. Tamaşadakı digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov, Əminə Musayeva ifa edirdilər. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur. Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

 

Hələ premyeradan çox öncə məşq prosesləri zamanı Mehman müəllimlə tamaşa haqqında danışarkən bizi fərqli və ağır səhnə işinin gözlədiyini bilirdim. Məni həyəcanlandıran əsas məsələ isə aktyorun elə hey təkrar etdiyi  "o obrazda özümü görürəm"- sözləri idi. Axı edama məhkum olunmuş və ölümünün saatına qədər belə dəqiq vaxtını bilən bir məhbusla illərini sənətə, teatra, televiziyaya həsr etmiş, bir-birindən dəyərli obrazlar yaratmış, hər kəs tərəfindən tanınıb, sevilən bir aktyoru nə birləşdirə, hətta eyniləşdirə bilərdi ki? Bunu onun özündən soruşmağımın bir nəticə verməyəcəyini bilirdim. Ona görə də susub tamaşanı gözləyirdim. Mənə qaranlıq qalan bütün bu sualların tamaşada cavab tapacağına olan qəribə əminliklə... Mənim bu susqunluğum həm də bir yaradıcı adamı özünü sözlərlə ifa etmək məşəqqətindən xilasım idi bəlkə də...

 

Düzünü desəm, vaxtilə kitab səhifələrindən roman kimi oxuduğum əsərin səhnədə necə alınacağı mənimçün çox maraqlı idi. Özü də əyalət teatrının belə bir çətin, məsuliyyətli işi öz üzərinə götürməsi bir tərəfdən həyəcanverici olsa da, digər tərəfdən böyük bir qürur idi. Demək ki, mədəniyyətimiz, incəsənətimiz yalnız paytaxt Bakıda deyil, ondan yüzlərlə kilometr uzaqdakı əyalətlərimizdə də inkişaf etməkdədir.

 

Nəhayət, çoxdan gözlənilən gün gəlib çatdı və premyera böyük bir coşğuyla, uğurla baş tutdu. Tamaşa başlar-başlamaz məni özünə cəlb edən ilk detal səhnə tərtibatı, dekorasiya oldu. Tamamilə qaranlığa qərq olmuş səhnədə işıq balaca bir hücrəni aydınladırdı. Üç tərəfdən barmaqlıqla bağlı olan hücrədə kiçik bir dəmir çarpayı, bir də balaca masa var. Üzünü tük basmış, səfil və yazıq görünüşlü bir məhbus (Mehman Piriyev) hücrənin içərisində var-gəl edir. Bu gənc adamın üst-başından və hərəkətlərindən dəhşətli çarəsizlik tökülür. Onun bu çarəsizliyini fonda eşitdiyimiz dialoq daha da şiddətləndirir. Fonda iki səs eşidilir. Söhbətdən birinin həmin bu qarşımızda özünə yer tapmayan məhbus, digərinin isə onun vəkili (aktyor Yusif Qocanın səsi ilə) olduğunu anlayırıq. Məhbus bütün ümidi və inamı ilə vəkildən onu edam cəzasından xilas etməsini diləyir. Vəkil isə bunun yalnız ömürlük "avarçəkmə" cəzasına çevrilməsi tələbi ilə mümkün olduğunu deyir. Amma məhbus qətiyyətlə avar çəkməkdənsə yüz dəfə ölümə razı olduğunu deyir.

 

Bu söhbətdən sonra məhkəmənin səsini eşidirik. Burada da vəkil onun cəzanın ömürlük "avarçəkmə" ilə əvəzlənməsini təklif etmək istəsə də, məhbus onun sözünü ağzında qoyur və... Məhkəmə qərarını qəbul edir! Məhbusun başı gilyotinlə kəsilsin! Apelyasiya məhkəməsi isə məhbusun şikayətini altı həftə ərzində cavablandıracaq (təəssüf ki, o dövrün məhkəmə sistemində apelyasiyanın edam məhkumunun lehinə qərar verməyi isə görülməmişdi).

 

Deməli, qəhrəmanımızın cəmi beş, ən yaxşı halda altı həftəlik ömrü qalıb.

 

Dialoqlar bitdikdən sonra səhnə tamamilə işıqlanır və bayaq hücrəsində var-gəl edən edam məhkumu indi olduqca sakit, bitkin bir halda kağıza nələrsə yazır. Onun nə yazdığını isə biz yenə də fon səsi vasitəsilə öyrənirik. Müəllif elə ilk cümləsilə əsərdəki hadisələrə öz damğasını vurur:

 

"İndi Bisetr zindanındayam. Başımın gilyotinlə kəsiləcəyi günü gözləyirəm!"

 

..."Ölüm haqdır" - deyirlər. Hər bir canlı bir müddətdən sonra, vaxtı çatanda ölümü dadacaq. Hər bir dini inancda və ayrı-ayrı sivilizasiyaların düşüncəsində ölümə fərqli mənalar verilsə də, bunları birləşdirən tək gerçək məhz ölümün özü, onun varlığıdır. Amma taleyindən xəbərsiz insan ölümün nə vaxt, hansı şəraitdə onu yaxalayacağından xəbərsizdir. Əsər bu xəbərsizliyin insana "əta edilmiş ən gözəl hədiyyə" olduğunun ən təsirli və dəqiq sübutudur. Hamımız ölümün varlığını və bir gün bizi də yaxalayacağını bilsək belə, insan psixologiyası bunu özünə yaraşdırmaz. Heç zaman ölməyəcəkmiş kimi həyatına davam edər. Ölüm isə öz bildiyini eliyər: birini yolda, birini işdə, birini gülərkən, birini yemək yeyərkən, birini xəstə yatağında, birini isə asudə yuxusunda tapar, aparar...

 

Bir də ölümünü gününə, saatına qədər dəqiq bilən bədbəxt insanlar var (bilməyənlərin xoşbəxt olduğunu iddia etmirəm). Qəhrəmanımız edam məhkumu kimi. O, düz altı həftədən sonra öləcəyini yaxşı bilir. Və hər insan kimi o da ölümdən qorxur. Müəllifin onu qəhrəman, cəsarətli, fərqli təqdim etmək, bu ölümə layiq olub- olmadığını aydınlaşdırmaq fikri yoxdur. Ona görə də yazıçı əsərində məhbusun cinayətini araşdırmır, onun nə üstündə edam olunacağını demir. Tamaşada isə rejissor buna bəzi eyhamlar vurur: işsiz, pulsuz, evində çörəyi belə qalmayan, qızı xəstə olan gənc adam çörək və dərman pulu tapmaq üçün soymaq istədiyi adamı təsadüfən öldürür. Beləcə, edam cəzasının, xüsusən gilyotinlə baş kəsilməsinin geniş yayıldığı ölkədə xalqın böyük həvəs göstərdiyi növdən ölümə məhkum edilir.

 

Tez-tez bunu xatırlayan məhbus heç cür özünün edam olunmaq qərarını anlaya bilmir. Axı o nə etmişdi? Təsadüfən adam öldürmüşdü. Ac qalmamaq, kiçik qızına dərman pulunu tapmaq üçün. Axı onun pis bir niyyəti yox idi. Dövlət ona şərait yaratsa, o da işləsə, pul qazansa, soyunçuluq etmək istərdimi?! Bəs niyə hakim dairələr, məhkəmə icraçıları ona qarşı bu qədər qəddar idilər? Lap tutaq ki, günahı vardı. Kimisə qəsdən öldürmüşdü. Ondan qabaq o hücrədə yatan, atasını, qardaşını, dostunu öldürən və gilyotinlə başı kəsilən cinayətkarlar kimi. Axı onları belə bu cür qəddarcasına cəzalandırmağa kimsənin haqqı yoxdur. Ümumiyyətlə, həyatda heç bir günahın, cinayətin qarşılığı öz ölümünü gözləmək olmamalıdır. Elə götürək edam məhkumunun öldürdüyü adamı. O adam səhər evindən çıxarkən çox rahat və sakit idi. Çünki öləcəyini bilmirdi. Təsadüf... və o, artıq yoxdur. Onu bilmədən öldürən adam isə bu gün bir həbsxana küncünə qısılıb öləcəyi günü, hətta saatları sayır. Məhbusun bununla bağlı hissləri çox səmimi və təsirlidir: "İnsanın ölüm gününü, saatını bilməsindən iyrənc heç nə yoxdur. Qatil də olsa, bu əzaba məhkum olmamalıdır. Mən öldürdüyüm adama əzab verməmişdim".

 

Halbuki bir az öncə onun özünə təsəlli verməyə, bu edamı qəbul edə bilmək üçün səbəblər uydurmağa çalışdığını görmüşdük: "Edam məhkumu! Bəs niyə olmasın? İnsanlar-buna hansı kitabda rastladığımı bilmirəm, ancaq, yalnızca gözəl şeylərdən bəhs edən bir kitabda, bütün insanlar, günü məchul bir edama məhkumdurlar deyə oxuduğumu xatırlayıram. Bəs, o zaman mənim vəziyyətimdə dəyişən nə idi axı?" Bu sualın cavabını sonradan özü bir neçə dəfə verir...

 

Bütün əsər boyunca biz də edam məhkumuyla birgə addım-addım ölümə yaxınlaşırıq. Hər addımda onun hisslərinin, duyğularının, qorxularının, çarəsizliyinin ən yaxın şahidinə çevrilirik, düşüncələrindəki dəyişikliyi görürük. Məsələn, əsərin əvvəlində ömürlük avar çəkmək cəzasından kəskin şəkildə imtina edən və edamı üstün tutan məhbus, bir zamandan sonra bu qərarından şübhəyə düşür, sonra isə tamamilə peşman olur və "ömrüm boyunca avar çəkməyə razıyam, yetər ki, nəfəs alım"-deyir. Artıq elə bir məqama çatır ki, kənardan bircə ümid, bircə təsəlli umacaq vəziyyətə düşür. Gözətçidən, onun yanına gətirilən öncədən avar çəkməyə məhkum edilmiş başqa bir "gilyotin məhkumu"ndan ölümün ondan daha yaxşı olduğunu və qərarında yanılmadığını eşitmək istəyir. Bu anlarda qəhrəman gözümüzdə daha da kiçilir, acizləşir. Günahı nə olur olsun, halına acımamaq mümkün deyil.

 

Daxili monoloqlar sayəsində bir növ monotamaşanı xatırladan səhnə işində M.Piriyevin fərqli və təsirli rolunu gözardı etmək olmaz. Onun qəhrəmanının daxili aləminə, keçirdiyi qeyri-adi hisslərə, psixoloji durumuna və düşdüyü situasiyalara uyğun çıxışı tamaşaçıda hadisənin təbiiliyinə şühbə yeri qoymur. Hətta bu əsəri dilimizə çevirən gənc şair Hikmət Orhun tamaşa sonrası aktyorun oyununu şərh edərkən zarafatyana: "Əgər Mehman müəllimi sonradan kulisdə görməsəydim, onun həqiqətən də başının kəsildiyinə inanacaqdım" - deyir.

 

Tamaşanı izlədikcə bir tərəfdən də aktyor Mehman Piriyevin özünü niyə bu qəhrəmanda tapdığını anlamağa çalışırdım. Və deyəsən, anladım...

 

Edama məhkum edilmiş adam son günlərində yalnız anası, həyat yoldaşı və üç yaşlı körpə qızı haqqında düşünür, bəzən hətta özünü unudaraq, onların halına acıyır. Xüsusən, körpə qızının taleyi onu çox narahat edir. Bu zamanlarda o, ölümə məhkum insan yox, qızını onsuz qoyub getməyə məcbur qalan ata olur.

 

Özümüzü əzizlərimiz, sevdiklərimiz yolunda qurban verməyimiz... Bunun özü də bir növ edam, ya da başqa adla intihar deyilmi? Həyatımızın müəyyən dövrlərində sevdiyimiz, istədiyimiz nələrdənsə sırf çevrəmizdəkilərin xətrinə vaz keçərkən o sevdiyimizə, arzuladığımıza edam, özümüzə isə intihar yaşatmış olmuruqmu? Gərək elə gilyotinlə başımızmı kəsilə?!

 

Bu mənada o məhkumda təkcə Mehman müəllimdən deyil, hər birimizdən az da olsa nələrsə var...

 

Tamaşanın yaddaqalan səhnələrindən birisi ölümünə 5-6 saat qalan qəhrəmanımızın bir başqa edam məhkumu ilə olan söhbətidir. Həmin adamın da altı həftəlik ömrü qalıb və söhbət əsnasında "taledaşına" müraciətlə deyir: "Dostuq?" O da razılaşır və dost olurlar. Cəmi 3-4 saatlıq... Bu səhnədə bir azca ümid, bir "çimdik" inam, bir əlçim xəyal var... Yenə də haqqında danışdığımız insan psixologiyası: ölümü özünə yaraşdırmır...

 

Məhkəmədən gələn səlahiyyətli şəxslə (Yusif Qoca) söhbətdə isə məhkum hələ də bütün bunların bitəcəyinə, məhkəmənin, kralın, ya da elə xalqın onu xilas edəcəyinə inanır. Axı, o, onların heç birinə pislik etməmişdi. Və çox güman ki, onun haqsız edamı hər kəsi narahat edirdi. Məhkum belə düşünürdü... Həqiqəti isə həmin o səlahiyyətli şəxs deyir: "Sənin gilyotinlə başının kəsilməsi adi xəbərdir. Həftədə 2-3 belə edam olur. Adamlar əvvəlki kimi zövq ala bilmirlər".

 

Bu cümlələrlə müəllif həmin dövrün yalnız qanunlarının deyil, bütün cəmiyyətin azğınlaşdığını, vəhşiləşdiyini göstərir...

 

Əsərin ən təsirli səhnəsi fikrimcə, atanın günlərdir adını sayıqladığı qızı ilə görüşüdür. Son saatlarında qızını görən, dəmir barmaqlıqlar arxasından onun kiçik əllərini, üzünü duz kimi yalayan, öpüşlərə qərq edən, qoxusunu son dəfə hərisliklə ciyərlərinə çəkən ata edam qərarından ən ağır zərbəni məhz o anda alır. Ona dərman ala bilmək üçün adam öldürməyə məcbur qalan və nəticədə altı həftədir ölümünü gözləyən, gilyotinin ağzındakı atasını balaca qızcığaz tanımır. Ondan atasını soruşanda "atam ölüb" deyir. Bundan sonra bütün ümidləri sönən, xəyalları yıxılan, arzuları puç olan adam ölümə daha asanlıqla gedir.

 

Son səhnə isə böyük ustalıqla yaradılıb. Romanda hadisələr məhkumun dilindən danışıldığından biz sonda onun edamı haqda bir şey bilmirik. Yəni, hadisə o, edama aparılan yerdə bitir. Tamaşada isə rejissor bütün hadisələri sona qədər canlandırır. Gilyotinin ağzına gətirilən məhkumun bitkinliyi, bədənini bir yarpaq kimi əsdirən qorxusu, ölüm əzabı bütünlüklə gözümüzün önündədir. Həyat eşqi, ya da ölüm qorxusu onu son anına, son saniyəsinə qədər etiraz etməyə, qərarın dəyişiləcəyinə ümid etməyə məcbur qoyur... Və son! Daha bir həyat bağırtılarla, çığırtılarla, yalvarışlarla gilyotinin ağzında sonlanır... Həmin dövrdə bitən çox həyatlar kimi...

 

525-ci qəzet.-2018.-15 may.-S.7.