Heydər Əliyev irsi
ədəbiyyatşünaslıq elminin ideoloji mənbəyi kimi
Azərbaycan
ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin
inkişafında Azərbaycan xalqının böyük
oğlu Ulu öndər Heydər Əliyev mühüm rol
oynayıb.
Bu
uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın,
eyni zamanda, ədəbiyyatşünaslığımızın
milli ideyalar istiqamətində inkişafında əvəzsiz
mənbə olub. Hələ konkret elmi yanaşma
meyarlarının olmadığı, yanlış fikirlərin,
təhlükəli stereotiplərin hakim olduğu bir dönəmdə
məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarlar
müəyyənləşdirməsinə güclü təkan
verib.
Hələ
Ulu öndər Heydər Əliyevin Azərbaycanda Mərkəzi
Komitəyə rəhbərlik etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı
və onun görkəmli nümayəndələrinin öyrənilməsi
haqqında verdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq
elminin milli ideyalar istiqamətində inkişafına çox
böyük müsbət təsir göstərib. Halbuki
artıq əsrin 20-30-cu illərindən başlayaraq xalqın
milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti
və görkəmli şəxsiyyətləri unudulma siyasətinə
məruz qalmış, xalqın mülkiyyətindən
qoparılma cəhdinə düçar olmuşdu. Hətta elə
bir dövr gəlmişdi ki, xalqın milli düşüncəsini
yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya
uğradılır, söz xəzinəsi və mədəniyyət
nümunələri isə zərərli abidələr
adı altında sıradan çıxarılırdı.
Xalqın milli soykökü və qədim, zəngin tarixi
düşüncəsini əks etdirən ədəbiyyat
nümunələri və görkəmli şəxsiyyətlər
məqsədyönlü olaraq tarix səhnəsindən
silinirdi. XX əsrin 70-ci illərindən isə artıq Azərbaycanın
tarixi taleyində bir Günəş kimi doğan Heydər
Əliyev böyük müdriklik və vətəndaşlıq
qayğısı göstərərək xalqın milli sərvətini
özünə qaytarmaq vəzifələrinin icrasına start
verdi. Beləliklə, böyük istedadla yaradılmış
və xalqın milli keçmişini, mənəviyyatını
əks etdirən ədəbiyyat nümunələri xalqın
milli sərvəti olaraq qorunmağa və böyük
qayğı ilə əhatə olunmağa başladı.
Vaxtında
verilən müdrik qərarlar Nizami Gəncəvi, Xaqani
Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi,
Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və
çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin
öyrənilməsi və əsərlərinin nəşrinə
böyük imkanlar açdı, ədəbiyyatşünaslığın
milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz
bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz
olaraq qorundu, ədəbiyyatşünaslıq milli
ideyalılıq və elmi prinsiplər üzrə yeni
inkişaf yoluna qədəm qoydu.
Azərbaycan
xalqı üçün sınaq əsri olan XX əsrin
qarışıq və mürəkkəb 90-cı illərində
də xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gələn Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev davamlı müdrik siyasət
sayəsində xalqın mənəvi sərvətinin
qorunması və inkişafına mühüm stimul verdi. Ulu
öndər həm də 90-cı illərdə yeni
ictimai-iqtisadi sistemə keçid dövründə təkcə
ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası
milli ictimai düşüncədə dərin ideoloji
böhran yaşandığı, meyarların itdiyi bir vaxtda
özünün müdrik qərar və fikirləri ilə bu
böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit
və müəyyən etməyə şərait yaratdı.
Yeni düşüncə ortaya çıxan bir zamanda məhz
dahi, uzaqgörən liderin müdrik düşüncə və
qararları sayəsində milli baxış və təhlil
meyarları meydana gəldi. Bu dövrdə də milli-mənəvi
dəyərlərə qayğı başlıca yerdə
dayandı. Çünki ulu öndərin fikrincə:
"...insanlara şeir qədər, ədəbiyyat qədər,
mədəniyyət nümunələri qədər
güclü təsir edən, yəni insanlığın mənəviyyatına,
əxlaqına, tərbiyəsinə, fikirlərin
formalaşmasına bu qədər güclü təsir edən
güclü vasitə yoxdur". Bu baxımdan müdrik liderin
vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi
xalqın milli sərvəti olmaqdan kənar edilmiş
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik
yubileyinin keçirilməsi haqqındakı sərəncamı,
yubiley mərasimindəki çıxışı da
bütövlükdə xalqımızın milli-mənəvi
sərvətlərinə, onun tarixi, mədəniyyəti və
ədəbiyyatına konkret münasibət tərzinin müəyyən
edilməsinə istiqamət verdi. Dahi liderin: "Bizim zəngin
tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda
öz əksini tapmışdır. ...Bu, bizim ana
kitabımızdır... ...Eposun əsas ideyasını qəhrəmanlıq
ideologiyası təşkil edir. ..."Kitabi-Dədə
Qorqud" həm də bizim etika kitabımız, əxlaq
kodeksimizdir", - deyə ifadə etdiyi fikirlər həm
qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını
müəyyənləşdirir, həm də
bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına,
bütövlükdə xalqın mənəvi sərvətlərinə
yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi
deyilməyib ki, ulu öndər Heydər Əliyev "Mustafa bəy
Topçubaşovdan danışanda mütəxəssis həkimdən,
Yusif Məmmədəliyevdən danışanda peşəkar
kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan
və sənətşünasdan daha miqyaslı və
ixtisaslı qiymətlər verir"di. Bu mənada ulu öndər
Heydər Əliyevin hər bir sahə ilə bağlı
söylədiyi fikirlər o elmin, sahənin tədqiqatına
yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli
ictimai xadim, ədib Nəriman Nərimanov haqqında ulu öndərin
dediyi fikirlər də təkcə Nərimanov əleyhinə
aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən
Sovet dövrü tarixinə, sovetizm qalıqlarına
qarışaraq ictimai qınaq hədəfinə
çevrilmiş bütün görkəmli şəxsiyyətlər
əleyhinə yönəldilmiş fikir və stereotiplərə
qarşı tutarlı cavab olmaqla bərabər, ümumən
Azərbaycan tarixinin Sovet dövrünə düzgün,
obyektiv yanaşma tərzinin formalaşmasına stimul verdi.
Dahi
lider ayrı-ayrı görkəmli söz ustadları,
böyük klassiklər - Nizami
Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətai,
Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və
başqaları barəsində danışarkən onları təkcə
ədib, şair, yazıçı kimi deyil, həm də bir
mütəfəkkir, filosof olaraq da təqdim edir, tədqiqatların
istiqamətini məhz bu məcrada aparılması
konsepsiyasını göstərirdi. Ulu öndər: "XX əsrin
əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə
bu gün ...bizim üçün mənəviyyat mənbəyidir,
mənəvi dayaqdır", - deyə böyük klassiklərin
yaradıcılığını, ümumən milli ədəbi
düşüncə və sərvəti milli
ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın
milli sərvətinə həm də milli məfkurə
yönündən araşdırma zərurətini ifadə
etmiş olurdu. Həmçinin, müdrik liderin böyük
şair Hüseyn Cavidlə bağlı dediyi fikirləri də
ədəbiyyatşünaslıq elmimiz üçün milli
konseptual istiqamət, yanaşma tərzi müəyyənləşdirmiş
oldu. Sovet dövründən ziddiyyətli fikirlər
qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti
haqqında obyektiv milli yanaşma meyarını məhz dahi
liderin müdrik fikirləri müəyyənləşdirdi.
Ulu öndərin vətəndaşlıq cəsarəti nəinki
Cavidin nəşini öz doğma torpağına gətirməyə
müvəffəq oldu, həm də bu əbədiyaşar sənətkarın
ölməz irsinə, həm də əsl bəraət və
ikinci həyat bəxş etmiş oldu. Ulu öndərin:
"Hüseyn Cavidi Şərqin Şekspiri
adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə
müqayisə etmək düzgün olardı. Əsərlərindəki
fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin
"İblis" əsəri heç də Hötenin
"Faust"undan geri qalmır" kimi fikirləri görkəmli
filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik
təhlil, yanaşma metodunu təsbit etməklə bərabər
onun Azərbaycan və dünya ədəbiyyatındakı
yerini, mövqeyini müəyyənləşdirir, həm də
bütövlükdə Azərbaycan romantizminə yanaşma
metodu və tərzini də ədəbi cəhətdən
müəyyən etmiş olurdu.
Ümumiyyətlə,
qeyd edilməlidir ki, ayrı-ayrı görkəmli
adamlarımızın Azərbaycan xalqının mənəvi
sərvətləri içərisində yerini və
mövqeyini müəyyənləşdirmək
baxımından dahi şəxsiyyət Heydər Əliyevin
fikirləri müstəsna əhəmiyyətə malik
olmuşdur. Ulu öndərin Nizami, Nəsimi, Füzuli, Xətai,
Vaqif, Mirzə Cəlil, Cavid və başqaları
haqqındakı fikirlərində şəxsiyyətlərə
həm filosof kimi yanaşma meyli özünü aydın ifadə
edir, həm də dünyaca şöhrətləri və ədəbi
mövqelərinə də diqqət çəkmiş olurdu.
Ulu öndər milli ədəbiyyatımızı həm də
ümumtürk kontekstində öyrənməyin zəruriliyini
də ifadə edir, ədəbiyyatşünaslıq elmi
üçün ədəbi sərvətlərə
yanaşma tərzinin bu metodunu da təqdim edirdi. Yaşadığımız
dövr üçün son dərəcə zəruri olan bu
yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli,
milli ideologiyalı, ümumtürk və ümumdünya
düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş
oldu.
Beləliklə,
ulu öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai
fikrinin inkişafına özünün müdrik fikirləri
ilə yeni güc qatmış, onun ideya-estetik, elmi
meyarlarının müəyyənləşməsində
mühüm rol oynamışdır. Azərbaycan
xalqının hərtərəfli həyatında məhz bu
cür müdrik davranış və xilaskarlıq missiyası
həyata keçirmənin nəticəsi idi ki, dahi lider Heydər
Əliyev ictimai-siyasi liderlikdən Ümummilli liderliyə
ucalaraq əbədiyaşarlıq qazanmışdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2018.- 15 may.- S.6.