"Unudulmayanlar"dan Şövkət
Ələkbərova
"Şövkət Ələkbərovanın səsinin
xəritəsi ilə öncə qarış-qarış Azərbaycanı,
sonra isə bütün dünyanı gəzmək olar".
Bu sözlər mayın 14-ü Beynəlxalq Muğam Mərkəzində
səsləndi. Həmin gün orada Muğam mərkəzinin
və "Mədəniyyət" kanalının təşkilatçılığı
ilə keçirilən "Unudulmayanlar" layihəsi
çərçivəsində Xalq artisti, böyük sənətkar,
bənzərsiz səs sahibi Şövkət Ələkbərova
anılırdı.
Bu
adın işığına kimlər toplanmamışdı
ki o gecə... Ölkəmizin tanınmış
ziyalıları, mədəniyyət xadimləri,
paytaxtımıza təşrif buyuran turistlər, Şövkətsevərlər...
Tədbir haqda öncədən aldığım məlumata
görə, gecədə tanınmış incəsənət
xadimləri, müğənnilər onun ifasında dinləyib
sevdiyimiz bir-birindən gözəl mahnıları
oxuyacaqdılar. Görəsən, hansı mahnılar ifa
olunar deyə düşününcə fərqinə vardım
ki, doğrudan da, Azərbaycan musiqi sənətini Şövkət
Ələkbərovasız təsəvvür etmək
mümkün deyil. İllər keçsə
də köhnəlməyən, unudulmayan, indinin özündə
belə dilimizin əzbəri olan onlarla mahnı məhz bu
xanımın həzin, kövrək, bənzərsiz ifası
ilə ürəklərə yol açıb.
Gecənin
lap əvvəlində bizi elə Şövkət
xanımın özü video lentdəki gözəl ifası
ilə salamlayır. Daha sonra tədbirin
aparıcılığı Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin üzvü, filologiya elmləri
üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımova
həvalə olunur. Gülhüseyn müəllim
tədbir boyunca hissə-hissə mərhum sənətkarın
həyat və yaradıcılığı haqqında məlumatlar
verir, onunla bağlı xatirələrini, birgə getdikləri
qastrol səfəriləri və konsertlər haqda təəssüratlarını
bölüşür.
Qeyd olunur
ki, Şövkət Ələkbərova 1922-ci il
oktyabrın 20-də Bakıda doğulub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu
Sarabskinin sinifini bitirdikdən sonra səhnə
yaradıcılığına başlayıb. 1938-1945-ci
illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının solisti olub. 1945-ci ildən
etibarən Azərbaycan Dövlət Filarmoniyasının
solisti işləyib. Şövkət
Ələkbərovanın ifaçılığı
üçün yüksək vokal mədəniyyəti,
emosionallıq və lirizm, muğam
yaradıcılığı üçün isə məharətli
improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin
müsabiqəsində iştirak edərək öz
çıxışı ilə Üzeyir Hacıbəyov, Səid
Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini
cəlb edib.
Opera Teatrında keçirilən yekun konsertdə Şövkət
Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və
Gülağa Məmmədovla birlikdə ilk üçlüyə
daxil olub. Bu müsabiqə xanım müğənninin
peşəkar musiqi sənətinə gəlişinin əsasını
qoyur. 1945-ci ildən Filarmoniyanın solisti
kimi işə başlayan Şövkət Ələkbərovanın
ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar
mahnıları Azərbaycanda çox böyük məşhurluq
qazanır.
SSRİ-nin
bir çox şəhərlərində, Fransa,
İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan,
Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər
xarici ölkələrdə uğurla çıxış edən
Şövkət Ələkbərovanın repertuarına
Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının
və Orta Şərq xalqlarının mahnıları daxil
idi.
Ş.Ələkbərova
1993-cü il fevralın 7-də
dünyasını dəyişib.
Gecədə peşəkar sənətkarlar Ş.Ələkbərova
repertuarından mahnılar səsləndirildi. Əməkdar artistlər
Gülüstan Əliyeva, Almaz Orucova, Nuriyyə Hüseynova, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti
İlahə Əfəndiyeva, Azərbaycan Televiziyasının
solistləri Sərxan Bünyadzadə və Kamilə Nəbiyeva
sənətkarın "Get-get", "Oxu gözəl",
"Dərələr", "Bahar nəğməsi",
"Qara göz", "Kəsmə şikəstə" və
başqa mahnılarını özünəməxsus şəkildə
ifa etdilər. Müğənniləri Xalq
Çalğı Alətləri ansamblı müşayiət
edirdi.
Gecədə
tez-tez Şövkət xanımın ifasında müxtəlif
lent yazıları nümayiş olunurdu. Biz bir
daha musiqi sənətimizin nə qədər böyük bir zənginliyə
sahib olduğunun fərqinə varırdıq.
Şövkət
Ələkbərova sənətindən danışa
rkən
bir neçə tanınmış incəsənət xadimləri
var ki, onların adlarını çəkməmək olmur.
Şövkət xanım özü həmişə iki nəfərdən
öyrəndiyini, onları özünə örnək
götürdüyünü deyərmiş: dahi sənətkarlar
Bülbül və Xan Şuşinski.
Onun Xan Şuşinskiylə sənət dostluğu hələ
lap erkən yaşlarına təsadüf edir. Bir müğənni
kimi bu sənətdə özünəməxsus yolunu
yaratmağında da bu sənətkarın əvəzsiz rolu
olub.
Gecədə bu dostluğun qoyduğu izlər barədə
Xan Şuşinski fondunun rəhbəri, böyük sənətkarın
qızı Bəyimxanım Verdiyeva-Cavanşirova
danışdı. Onun sözlərinə görə, sonradan möhkəm
dostluğa, doğmalığa çevrilən bu
tanışlığın tarixi çox uzun illərə
söykənir: "Şövkət Ələkbərova hələ
sağ ikən öz adını Azərbaycan musiqi tarixinə
qızıl hərflərlə yazdırıb. Atamla
tanışlıqları 1938-ci ildən başlayıb.
O, həmişə Şövkət xanımdan mərd, səmimi,
mədəni, istedadlı biri kimi danışırdı. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm
ki, Azərbaycan musiqi tarixində ilk dəfə qadınla dueti
Xan Şuşinski oxuyub. Onun duet
ortağı məhz Şövkət Ələkbərova idi.
Onların birgə üç duetləri
vardı. Onun ikisini Xan Şuşinski
yazmışdı.
Mənim fikrimcə, Şövkət Ələkbərova
olmasaydı, Azərbaycan musiqisində böyük bir
boşluq yaranardı. O, dövrünün böyük bəstəkarlarının
bir-birindən gözəl əsərlərini elə ustalıqla ifa edib ki, artıq
o mahnıların hər birinin üzərinə Şövkət
Ələkbərova möhürü vurulub. Bu
möhür isə kimsə tərəfindən silinə bilməz".
Ş.Ələkbərova
ilə ailəvi dostluqlarından söz açan B.Verdiyeva
özünün xanım sənətkarla bağlı
uşaqlıq xatirələrini də tədbir
iştirakçıları ilə bölüşdü:
"Mənim uşaqlıq xatirələrimin ən gözəl
yerində Şövkət Ələkbərova durur. Bizim ailənin bütün yaxşı və pis
günlərində, ən çətin anlarında onu
yanımızda görərdik. Sonradan mənim
onunla dostluq əlaqələrim həyat yoldaşım vasitəsilə
də davam etdi. Onun həyat
yoldaşım, Xalq artisti, tarzən Fikrət Verdiyevlə də
gözəl dostluğu, sənət münasibəti vardı.
Şövkət xanım Azərbaycan
xalqının yaddaşında, ürəyində elə bir
yerə sahibdir ki, illər, əsrlər keçə də, nə
qədər ki, bu xalq və bu musiqi var, o da yaşayacaq!"
Şövkət Ələkbərova
yaradıcılığında filmlər özünəməxsus
yer tutur. Onun neçə-neçə Azərbaycan filminə
həkk olan səsi, ifası hələ də
çoxlarının qulaqlarında səslənməkdədir.
Gecədə bu haqda Əməkdar incəsənət
xadimi, kinoşünas Aydın Kazımzadə
danışdı. O dedi ki, Şövkət
xanımın səsindən, ifasından istifadə olunan o qədər
filmlərimiz var ki, onları bir gecəyə toplamaq çox
çətin olardı. Ona görə də
kinoşünas həmin filmlərdən bir neçəsi
haqqında danışdı, filmlərin yaranması və
Şövkət xanımın oradakı ifası ilə
bağlı maraqlı tarixçələri bizimlə
bölüşdü. Dedi ki, "Bəxtiyar", "O
olmasın, bu olsun", "Aygün", "Ögey
ana", "Onu bağışlamaq olarmı?" kimi filmlərdən
bizə tanış olan o gözəl mahnılar elə bu səslə
də yaddaşımıza həkk olunub.
Aydın Kazımzadənin çıxışından
sonra hazırlanmış xüsusi video çarx
nümayiş olundu. Videoda kinoşünasın adını
çəkdiyi həmin filmlərdən mahnılarla
bağlı fraqmentlər toplanmışdı.
Sonra tədbirin
aparıcısı G.Kazımov Ş.Ələkbərovanın
daha çox birgə çalışdığı bəstəkarlarla
bağlı məlumatlar verdi. Dedi ki,
onlardan Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova və
başqaları bəzən sırf Şövkət
xanımın səsi üçün özəl mahnılar
yazıblar.
Həmin bəstəkarlardan Emin Sabitoğlunun
qızı, professor, musiqişünas Ceyran Mahmudova da gecədə
iştirak edirdi. O da çıxışında sənətkarın
yaradıcılığı haqqında fikirlərini
bölüşdü, atası ilə sənət münasibətlərindən
danışdı: "Şövkət xanım öz gözəl
səsi, ifası ilə hər zaman dahi bəstəkarları
bir-birindən gözəl mahnılar yazmağa sövq edib. Bir çox bəstəkarlar var ki, sırf onun
üçün mahnılar bəstələyiblər. Emin Sabitoğlu da onlardan biri idi. Şövkət
Ələkbərovanın özünəməxsus səsi hər
zaman seçilib. İndi də radiodan və ya başqa
bir yerdən bu səsi eşidərkən onun kimə məxsus
olduğunu həmin an bilirik. Bu cür sənətkarlar heç zaman ölmürlər.
Onlar cismən bizdən ayrılsalar da,
yaddaşımızda, ürəyimizdə daim yaşayacaqlar.
Bu gün keçirilən mərasim də bunun
nümunəsidir".
Sonda
söz alan dahi sənətkarın nəvəsi Şövkət
Ələkbərova ailəsi adından göstərilən bu
diqqətə görə başda Beynəlxalq Muğam Mərkəzi
və "Mədəniyyət" kanalı olmaqla, tədbirdə
əməyi keçən hər kəsə,
tamaşaçılara, çıxışçılara
öz təşəkkürünü bildirdi.
Yorğun
iş gününün sonunda yaşanılan musiqi, xatirə
dolu bu həzin gecə mənim özüm üçün
bir daha sübut etdi ki, yaxşı (!) musiqi həqiqətən
də ruhun qidasıdır!
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 16 may.- S.8.