Nəsillərin söhbəti, yaxud varislik
motivləri
Hörmətli
Nəriman müəllim!
... Atamın evinin divarlarından, müxtəlif
ölçülü çərçivələrdə bir
neçə şəkil asılıb. O çərçivələrdəki
şəkillərdən biri, atamın universitet
vinetkasıdır. Mən o vinetkaya hər dəfə baxanda
heyrət etmişəm, İlahi, atama kimlər dərs deyib: Məmməd
Arif, Cəfər Xəndan, Əli Sultanlı, Mir Cəlal,
Muxtar Hüseynzadə, Məmməd Cəfər, Əzəl Dəmirçizadə,
Feyzulla Qasımzadə... Təsəvvür
edirsinizmi?
Ədəbiyyat - dil tariximizi yaradanlar. Atam öz
müəllimləri haqqında danışmağı
çox sevərdi. Biz uşaqların o vaxt iki cür
nağılları var idi: bir bütün uşaqların
bildiyi, kitablarda olan nağıllar, bir də atamın öz
müəllimləri haqqında danışdığı,
gerçək olsa da, bizə nağıl təsiri
bağışlayan əhvalatlar.
"Xəlvətdə
yanan şam" əsəriniz, atamın da müəllimi
olmuş həmin müəllimlərdən birinə - Mir Cəlala
həsr olunub...
"Xəlvətdə yanan şam" əsərinizi
(Nəriman Həsənzadə, "Xəlvətdə yanan
şam" dramatik poema. "Azərbaycan" jurnalı, ¹ 4, 2018 -
red) diqqətlə və dəfələrlə oxudum.
Əvvəla onu deyim ki, Sizin bu əsəri
yazacağınız gözlənilən idi. Siz Mir Cəlal
haqqında ilk mətbu yazınızı (hər halda mən
oxuduğumu deyirəm) 53 il bundan əvvəl
yazmısınız. Həmin yazı Mir Cəlal müəllimin
"Gülbəsləyən qız" kitabı haqqında
məqalədir ki, 1965-ci ilin 20 noyabrında "Ədəbiyyat
və incəsənət" qəzetində çap olunub. O
vaxtdan keçən bu illər ərzində Mir Cəlal
müəllim haqqında çoxlu sayda məqalələr
yazmısınız, müəlliminizə silsilə şeirlər
("Bilmədim", "Ayırır", "Mir Cəlal
hey...", "Mir Cəlal misal çəkərdi" və
s.) həsr etmisiniz.
Yazdığınız şeirlərdən, məqalələrdən,
çoxsaylı müsahibələrinizdən,
haqqınızda olan televiziya verilişlərindən mən (təkcə
mənmi?) belə qənaətə gəlirəm ki, Siz
özünüzü həmişə Mir Cəlal müəllimə
borclu bilirsiniz və bu borcu qaytarmaq Sizin üçün (Mir Cəlal
müəllim haqqında Sizdən çox yazan, çox
danışan olmasa da) deyəsən
mümkünsüzdür.
"Xəlvətdə
yanan şam" əsərindəki hadisələr XX əsrin
II yarısında cərəyan etsə də (Qiyamın hərbi
xidmət illərindən başlamış - Mir Cəlal
oğlu Arifin evini ona bağışlamasına qədər
olan dövr), burada tarixin ayrı-ayrı dövrləri haqqında
(Makedoniyalı İsgəndərin həyatından bəzi məqamlar.
37-ci il repressiyası. 1991-ci ildə sərhəd dirəklərinin
sökülməsi və s.) söhbət açılır və
sadaladığım həmin hadisələr, əsərin
daha maraqlı, daha dolğun və bitkin alınmasında
xüsusi əhəmiyyət kəsb edir.
Bu əsərdə 5 iştirakçı var - onların
4-ü öz adı ilə adlandırılıb. Təkcə
Qiyamdan başqa. Qiyam təbii ki, Sizsiniz.
Bu həm də rəmzi bir addır. Mir Cəlal
müəllim Qiyamı oğlu Ariflə tanış
edəndə, Arif çox dəqiq olaraq onun adının ikimənalı
olduğunu deyir. Sonra zarafatla Qiyamdan "Qiyama,
üsyana yoxdu meyliniz?" - soruşanda,
Qiyam da yarızarafat (amma əslində gerçək) olaraq
"Yəqin içimizdə üsyançıyıq
biz" - deyir.
Bu əsər
həm də Sizin öz taleyiniz
haqqındadır. Sizin ağır, məşəqqətlə
keçən uşaqlıq, yeniyetməlik, nisbətən də
gənclik illəriniz Azərbaycanda çoxlarına məlumdur,
lap körpə yaşlarınızdan atanızı itirməyiniz,
ananızın çörək bişirib sataraq Sizi min bir əziyyətlə
böyütməsi, yenə ehtiyac içərisində
keçən Gəncə tələbəlik illəriniz
("Düz dörd il geyindim köhnə pencəyi, qolu
gödək oldu, boynu yamaqlı", "Şeirim qəzetdə
çap oldu, ancaq, bir qəzet almağa pulum olmadı",
"Arabir xəlvəti baxıb sevindim, təzə
yamağına köhnə çəkməmin"), sonra
sovet dövrü kiminsə əvəzinə əsgər getməyiniz,
əsgərlikdə olarkən ananızın vəfat xəbərini
almanız. Sizi dəfnə buraxmamaları,
sarsılmağınız, komandirin - sonra da Sizi evə,
dövrəyə almış silahlı əsgərlərin
üzərinə silah çəkməyiniz, hərbi məhkəməyə
verilməyinizin əndişəsini
yaşamağınız... Moskvada ikinci ali
təhsilinizi alıb Bakıya qayıtmağınız və
Bakıda iş tapa bilməməyiniz...
Qarşılaşdığınız haqsızlıqlar
haqqında Sizin adınızdan "Xəlvətdə
yanan şam" əsərində Qiyam danışır.
Qiyamın qarşılaşdığı haqsızlıqlar
onun daxilində bir qiyam hissi yaradıb:
Əvvəl
dərs oxudum Gəncədə dörd il,
Sonra
Moskvada - ikinci təhsil.
Qayıdıb
gəldim ki, bir iş verəllər,
Orda görmədilər, burda görəllər.
Amma nəinki
görmürlər, hələ üstəlik:
Seçib
ortababı başa çəkirlər,
Bu cür küt bıçağı daşa çəkirlər.
Böyük
adamları kiçiklər danır,
Kiçik həyasızdı, böyük
qısqanır.
Sözü
düz deyəndə, hürkub əsən var,
Məmmədin yanında, Məmmədhəsən var.
Qiyam da həyatdan,
Cavid Əfəndi kimi ədalət istəyir:
Ədalət istədi şair həyatdan.
Çağırdı:
"Ədalət, sən ey ədalət!"
Ədalət-xülyaymış,
əfəndim, əvət!
Qarşılaşdığı
bu ədalətsizliklər üzündən Qiyam Vətəndən
də, millətdən də rəncidədir:
Nə vətən arxamdır, nə millət arxam.
Qiyamın bu daxili gərginliyini Mir Cəlal müəllim
də eşidir. O, gənc şair Qiyamın narahat düşüncələrini
başa düşür:
Böyük
Nəsimidən üzübəriyə,
Şairlər
həssasdı düzə-əyriyə,
Bəzən
dözə bilmir... çünki pak olur,
Bir söz qəzasında o, həlak olur.
Cavidlər,
müşfiqlər getdi güdaza
Vay o millətə
ki, belə uduza!
Ən
böyük cinayət şairə qəsddi,
Millətin içində o müqəddəsdi.
Mir Cəlal, Qiyamın timsalında gələcəyin
Vurğununu, Müşfiqini görür. O, Qiyamı zamanın
keçməkeşlərindən qorumağı sanki
özünə borc bilir. Cəmiyyətdəki
haqsızlıqlar haqqında fikirlərində Qiyam təbii
ki, haqlıdır. Amma "nə vətən arxamdı,
nə millət arxam" - deyən Qiyamın bu fikri ilə Mir
Cəlal heç cür barışa bilməz və bunu
Qiyamın özünə də deyir:
Bunlar
işsizliyin fəsadlarıdı,
Dünya - tarazlığın təzadlarıdı.
Müqəddəs sayılıb həmişə vətən.
Üzün dönəndə də, sevməyi öyrən.
Sevməyi
öyrən!.. Vətənini, millətini,
xalqını, tarixini... dərin bir məhəbbətlə
sev! Müəlliminin ona bu tövsiyəsi - sonralar Qiyamın həyat
amalına çevrildi və "Xəlvətdə yanan
şam" əsəri də, həmin amalın
işığında yaranmış çox dəyərli və
qiymətli bir əsərdir.
lll
Qədim
Dünyanın, Qərbin bir çox filosofları,
yazıçıları Şərqə, Asiyaya, türklərə,
müqəddəs dinimizə, həsrəti Peyğəmbərimizə
qərəzli münasibət bəsləyiblər və bu zərərli
meyl çox təəssüf ki, bu günə qədər də
davam edir. Bu zərərli tendensiya bir şərq
insanı olaraq, bir müsəlman, bir türk, bir fikir adamı
olaraq Sizi də narahat edir. "Xəlvətdə
yanan şam" pyesində, Qiyamın şəxsində Siz bu
məsələlərə toxunursunuz. Özü
də kəskinliklə. Məsələn, Qiyam Mir Cəlal
müəllimlə söhbətində Makedoniyalı İsgəndərin
müəllimi Aristotelin bir fikri ilə heç cür
barışa bilmir:
Ərəstun
sarayda söz sahibiydi,
Təkcə müəllim yox, ata kimiydi.
Bir
gün İsgəndərə məsləhət verib,
Guya bu
haqqı da təbiət verib:
Deyib ki,
yunanlar, avropalılar,
Özün hegemon ol, arxandı onlar.
Şərqə,
Asiyaya daim nifrət et,
O vəhşi
xalqları ot kimi biç, get.
Əlbəttə,
Qiyamın istedadına, güclü məntiqinə inanan və
bunun püxtələşməyini istəyən Mir Cəlal,
Qiyamın haqlı olduğunu bilir, amma sanki qəsdən (təbii
ki, Mir Cəlalın dedikləri də tam həqiqətdir) gənc
şairi mübahisəyə çəkir:
Amma...
Aristotel nüfuzdu, nüfuz...
Bizim əsr-əsr
oxuduğumuz,
Misal
çəkdiyimiz, öyrəndiyimiz
Dahi şəxsiyyətdi,
alimdi... şəksiz...
Bunu Qiyam da bilir. Amma Qiyam yenə də haqlıdır ki:
Şərqdə
şagirdinə müəllim deməz,
Filan xalq
vəhşidi, get onu as, kəs...
Qiyam böyük, uca saydığı insanlarda
onların böyüklüyünü,
ucalığını da görmək istəyir. Oxuduqlarının,
tanıdıqlarının hamısını danmır. "İrvinq Vaşinqton başqadır tamam, xeyir
carçısıdır Əleyhissalam!" deyir.
Tələbəsində
gördüyü bu sevinci, o, işıq, nur kimi qəbul edir
və onun yox, Azərbaycanın sabahını da təsəvvür
edir:
... bir gün gələcək,
millət
öz oğlunu yetişdirəcək.
Yığacaq
bir yerə bütün dünyanı,
İslamı, ordan da xristianı.
Buddaşı
xalqları, yəhudiləri,
bütün bu dinləri, bütün dilləri.
Bakıda qurultay çağıracaqdı.
Deyəcək yaşayın, yollar açıqdı.
Deyəcək
söyməyin bir-birinizi,
onda
tanıyacaq Avropa bizi.
...
İnsan öz içindən işıqlananda,
özünüdərki də başlayır onda.
Qiyam o
vaxta qədər artıq iki ali məktəb
bitirmişdi. İndi də aspirantdır. Amma ən böyük məktəbi o, Mir Cəlal ilə
söhbətlərində keçir. Mir Cəlal
onunla söhbətlərində Qiyamın fikirlərini sanki
cilalayır, bəzən onun düşüncələrinə
istiqamət verir. Qiyamın müstəqil, cəsarətli
fikirlərini yüksək qiymətləndirir, onu öz
haqlı qənaətlərində israrlı olmağa səsləyir:
De, Qiyam,
qoy desin fikrini hər kəs,
Deməsə, beyin də inkişaf etməz.
Mir Cəlala görə, əgər fikrində
haqlısansa, Aristotel, Evripid kimi dahilərin sənə görə
düz olmayan fikirlərinə etiraz da edə bilərsən. Necə ki,
Qiyam öz fikirlərində haqlıdır. Axı, əslən
yunan olan Aristotel də, Evripid də bilməmiş deyillər
ki:
Misirdən
öyrənib qədim yunanlar,
Pifaqor,
Demokrat, Fales... dühalar...
Deməli, qədim yunanlar dünya elminə, mədəniyyətinə
verdikləri töhfələrə görə hardasa qədim
Misir elminə, mədəniyyətinə borcludurlar. Belə isə kim daha haqlıdır. Asiyalını vəhşi
adlandıran Aristotelmi, şərqlini "Ələbaxan"
kimi görən Evripidmi, yoxsa:
Qərb
Şərqi, Şərq Qərbi öyrənsə əgər,
Qərb
bir az şərqləşər, Şərq
də qərbləşər - deyən Qiyam?
Ümumiyyətlə,
Aristotelin, Evripidin, eləcə də Volterin, Kantın qərəzli
təfriqəçi fikirləri haqqında ağrılı
düşüncələrini Qiyam öz müəllimi ilə
bölüşməyə özündə daxili bir ehtiyac
hiss edir. Mir Cəlal müəllim isə öz
müdrik mühakimələri ilə Qiyamın narahat
düşüncələrinə sanki bir təskinlik gətirir.
lll
Yuxarıda
qeyd elədiyim kimi, "Xəlvətdə yanan şam" əsəri
Mir Cəlal müəllimin 110 illiyinə həsr olunub və
bu əsərdə Mir Cəlal müəllimin həyatının,
düşüncələrinin, Təbriz (Əndəbil kəndi)
həsrətinin, Püstə xanımla
tanışlığı, ailə qurması, H.Cavid,
Ə.Cavad, M.Müşfiq, S.Vurğun, akademik Bertelslə
dostluğunun, 37-ci ildə yaşadığı məşəqqətli
hadisələrin, 1945-46-cı illərdə Cənubi Azərbaycandakı
fəaliyyətinin, yazıçılığının,
müəllimliyinin, tələbələri ilə münasibətinin...
ən mühüm məqamları ilə tanış oluruq. Mir Cəlal müəllim Azərbaycan tarixinin ən
mürəkkəb, ən faciəli dövründə
yaşayıb, fəaliyyət göstərib. Moskvada
Stalinin, Bakıda Bağırovun hakimiyyətdə olduğu
illər: Müşfiq demiş - Millətin, dinin əldən
getdiyi zamanlar... Dünyanın ən iztirablı
vaxtları. Amansız qanunlar dövrü:
Qanun da bəzənir
qız tək, gəlin tək,
Sonra tətbiq elə istədiyin tək.
Bu əsərdə Mir Cəlalın dostluğundan da
söhbət açılır. Müşfiq faciəsinin
ağrısı (həm də Cavidin, Əhməd Cavadın və
digər repressiya qurbanlarının) Mir Cəlal müəllimi
bütün ömrü boyu ağrıdır. Onun
Müşfiq haqqında dedikləri nə qədər
yanıqlıdır:
Onun naləsinə
torpaq oyandı,
Dediyi sözlərin oduna yandı.
Şirin
gülüşünü, tanış səsini,
Şerin
hecasını, qafiyəsini,
Dolu sinəsini
nişan aldılar,
Haqqın
töhfəsini nişan aldılar.
Doğrudan da, Müşfiq haqqın - Allahın töhfəsi
idi. Allahın töhfəsinə qıyanları isə
Allah heç zaman bağışlamır.
37-ci il hadisələri Mir Cəlal müəllimin
taleyindən də yan keçməyib. Çünki
Mir Cəlal artıq o vaxt tanınmış
yazıçı idi. Hüseyn Cavidlə, Əhməd
Cavadla, Müşfiqlə dostluq edirdi. Hətta
bu üç böyük insan həbs olunan gün bir yerdə
- qadınları ilə birlikdə, Cavidin ad günündə
olmuşdular. Cavid, Əhməd Cavad, Müşfiq həbs
olunandan sonra, Mir Cəlalın səksəkəli, gərgin,
narahat günlərini Püstə xanım belə
xatırlayır:
Aşağıdan,
küçədən,
Qəfil
gəlsəydi bir səs, -
Mir Cəlal
deyəsiydi:
"Yol çantamı ver, tələs.
Onlar məni gözləməz".
Mən də
bir az təngnəfəs...
Mir Cəlal
gözləyirdi
Ayı,
günü, saatı,
Evdə -
müddətsiziydi
Onun
sürgün həyatı...
Mir Cəlal müəllim milli ruhlu insan olub. Onun məşhur
"Manifestindəki" "itə ataram, yada satmaram"
fikri, yazıldığı vaxtdan insanlar arasında bir zərbül-məsələ
çevrilib. Həmin əsər Qiyamın da bir vətənpərvər
kimi yetişməsində böyük rol oynayıb:
Mir Cəlal
müəllim, ordakı eyham!
O, "itə
ataram, yada satmaram!"
O sözlər
od salır dilə-ağıza,
Necə
bükübsünüz odu kağıza...
Mir Cəlal müəlim xalqın işıqlı gələcəyinə
inanır və onu da bilir ki, işıqlı gələcək
gəncliyin, bilavasitə onun dərs dediyi, ünsiyyətdə
olduğu gənclərin səyi ilə həyata keçəcək. O, Qiyamın şəxsində
həmin gəncliyi görür. Ona görə də, məsləhətləri,
söhbətləri ilə Qiyamı gələcəyə
hazırlayır:
Qiyamda,
Qiyamı oyadıram mən -
Çünki
Gənclər oyananda - oyanır vətən.
Məhz buna görə də Qiyamı, Qiyam kimi gəncləri
daim qoruyur, müdafiə edir, problemlərini həll etməyə
çalışır, onları işə düzəldir,
müdafiə etmələrinə şərait yaradır. Bir sözlə,
onlara ata əvəzi olmağa çalışır.
Pyesinizdə də göstərdiyiniz kimi, Mir Cəlal Cənubi
Azərbaycanın Əndəbil kəndində anadan olub. XX əsrin əvvəllərində
atasına qoşulub başqa soydaşları kimi Şimali Azərbaycana
pənah gətirib. Amma geri qayıtmaq
şərtilə.
Mənim niyyətimdən
atam halıydı,
Qayıdıb o taya aparmalıydı.
Amma atalar
demiş, "sən saydığını say, gör fələk
nə deyir".
O gedib-gəlincə
bağlandı yollar,
Burda rus bağladı, orda da farslar.
Gəlişin-gedişin
yolu kəsildi,
Millət ayrı düşüb neçə nəsildi.
Mir Cəlal bütöv ömrü boyu Vətən həsrəti
ilə (XX əsr Azərbaycan ədəbiyyatında buna Təbriz
həsrəti deyiblər) yaşadı. Onun Cənubla bağlı
söylədiklərini həyəcansız oxumaq olmur:
Təbrizin
yanında yurd yeri qalır,
Birini deyirəm, o biri qalır.
O tayda
böyük bir Azərbaycan var,
Nə rusda bir insaf, nə farsda qan var.
Gəncə
bir anamdı, Təbriz bir anam,
Gəncədə
təhsilim, Təbrizdə laylam,
Bir ləhcə
ordadı, bir ləhcə burda,
Mən də...
nə qalıbdı, ölüncə burda!
O, daxilində
hiss edir ki, doğulduğu torpaqları bir də görməyəcək...
Amma bu müdrik insan, ona da əmindi ki, gələcək
nəsillər, onun bu nisgilli arzusunu həyata keçirəcəklər.
Bilirəm,
gələcək bir "məhşər" günü,
Ayrılan xalqların birləşən günü.
"Xəlvətdə yanan şam" əsəri
gerçək faktlarla zəngin olan hadisələr əsasında
qələmə alınıb. Məsələn,
Püstə xanım Mir Cəlal müəllim haqqında deyir
ki, o, işığı çox sevirdi. Evdə
bir işıq yanmayanda darıxardı. Bəzən
nərdivanı divara söykəyib, sönən lampaları təzəsilə
dəyişərdi. Sonra gəlib süfrəyə
əyləşərdi. Pyesin VI şəklində bu səhnəni
çox obrazlı bir şəkildə qələmə
almısınız:
Püstə
xanım
Hamısı
yanmasa rahat oturmur,
İşıqdan gözü də, könlü də
doymur.
Köhnə adətidi... məndən də qabaq.
Qiyam
Nə
gözəl adətdi - işıq paylamaq!
Doğrudan da, Mir Cəlal insanların qəlbində bir
işıq yandırıb. İndi Azərbaycanımızın
elə bir bölgəsi - kəndi yoxdur ki, o kəndin, o
bölgənin hansısa evində o işığın nuru
olmasın. Mir Cəlal müəllimin
yüzlərlə tələbəsi olub. Mir
Cəlal müəllimin o tələbələrinin qəlblərində
yandırdığı işığın, həmin tələbələrin
özlərindən sonra da, onların övladlarının, nəvələrinin
qəlblərinə keçməsinə də mən
inanıram. Özü də qəti bir əminliklə
inanıram.
Bu qiymətli əsərinizdə böyük rus alimi,
dünyanın ən ünlü şərqşünaslarından
biri hesab olunan Bertels də xatırlanır. Bertels
haqqında yazılanları mən böyük həyəcanla
oxudum. Bizim ədəbiyyat tariximiz müəyyən
mənada - həm də Nizaminin milli mənsubiyyəti
haqqında mübahisələr tarixidir. Əlbəttə,
Nizami böyük Azərbaycan şairidir. Amma Nizaminin fars dilində yazdığını əllərində
əsas tutanlar, hər vasitə ilə onun fars şairi
olduğunu isbat etməyə çalışıblar. Xüsusilə, keçən əsrin 40-50-ci illərində
vəziyyət daha kəskin bir şəkil almışdı.
Mir Cəlal,
"Xəlvətdə yanan şam" əsərində
Nizaminin milli mənsubiyyəti haqqında öz qənaətlərini
də dilə gətirir:
Tədqiq
eləmişəm mən də az, ya
çox,
Türk
kimi düşünür, o, fars kimi yox.
Dili fars olsa da, məzmunu türkdü,
O fars çörəyinin xas unu türkdü.
Farsın
çəmənində bitən o gülün,
Ətri də türkündü, özü də
türkün.
Mir Cəlal müəllimin böyük oğlu Arif,
Nizaminin ən böyük tədqiqatçısı Bertelsin
vaxtı ilə onlarda qonaq olmasını fəxrlə
xatırlayır. Arif Moskvada ali təhsil alır. Riyaziyyatçı-fizik olsa da, ədəbiyyatı
da çox sevir. Böyük gələcəyi olan bu
istedadlı gənc hələ tələbə olarkən,
öz elmi cavabları ilə, bütün zamanların ən
böyük riyaziyyatçısı Keldışın
(akademik Keldış uzun illər SSRİ Elmlər
Akademiyasının prezidenti olub) rəğbətini qazanıb
və Keldış, rəğbətinin əlaməti olaraq,
öz qələmini ona bağışlayıb. Arifin elmi opponenti olan alman əsilli alim Kant, ona "əla"
qimət yazır. Tarix təkrarlanır - amma bu dəfə
başqa şəkildə: XVIII əsrdə alman filosofu Kant,
türkləri inkar edirdi: XX əsrdə digər bir alman alimi
(onun da soyadı Kantdır) Arifin şəxsində Azərbaycanı
(həm də türkləri) təsdiq edir.
Göründüyü kimi, "Xəlvətdə yanan
şam" əsərində Mir Cəlal müəllimin ailəsi
də iştirak edir. Ümumiyyətlə, xeyirxahlıq bu ailənin
həyat tərzidir. Bu ailənin
xeyirxahlığı - bu amal uğrunda yaşamaları və
xeyirxahlıqdan zövq almaları, Mir Cəlalın oğlu
Arifə veriləcək təzə evi Qiyama
bağışlamaq istəyəndə, bütün
aydınlığı ilə üzə çıxır.
Bütün ailə, Mir Cəlalın bu riqqətedici
istəyi ilə həmrəydir.
Bu ailə örnək ailədir. Püstə
xanım, mənim fikrimcə, ümumiləşdirilmiş Azərbaycan
anasının - qadının obrazıdır. Övladlarını dərin bir məhəbbətlə
sevən, Mir Cəlal müəllimin tələbələrinə
bir ana şəfqəti ilə yanaşan, həyat
yoldaşının qayğılarına ortaq olan mərhəmətli
bir ana - qadın obrazı. Mir Cəlal müəllim
özü də qadına bir müqəddəs varlıq kimi
baxır:
Kişiyə
arxadı, dayaqdı qadın,
bəxti
yatanda da...
oyaqdı
qadın.
Bəlkə
də yeganə ehtiyacıdı,
Əllərin əsəndə - əl
ağacıdı.
Ayağın
əsəndə - qoltuqağacı,
Özü də yanında sənə duaçı.
Ümumiyyətlə, bu əsərdə müqəddəs analar haqqında, elə analar qədər müqəddəs olan fikirlər var:
Hər
muraz üstündə bir ana durur,
Yaxud,
Qiyamın, anası haqqında dediyi sözlər:
Cənnət
havasıydı isti nəfəsi,
Həzrət peyğəmbərin o qız nəvəsi.
lll
"Xəlvətdə yanan şam" əsərində
Mir Cəlal dünyanı idarə edən qüvvədə mərhəmət
olduğunu deyir.
Beləliklə, xalqının tarixinə, milli-mənəvi
dəyərlərinə sahib çıxmaq istəyən
mütaliəçi, vətənpərvər bir gənc
şairin varislik obrazı nəsillərin söhbəti
kontekstində gözümüz önünüdə
canlanır.
Yeri gəldikcə "Qimayı qiyamda oyadıram mən",
"Gənclər oyananda oyanır Vətən" kimi
müdrik bəyanatları ilə çıxış edən
yazıçı-alim Mir Cəlal obrazını biz sevirik, ona
inanırıq.
Əsərdə
Mir Cəlalın ailəsində artıq püxtələşən,
təhsilini Moskvada başa vuran istedadlı, şux təbiətli
bir gəncin anası ilə söhbətində:
Qədim
zamanlarda bir alim olub,
Anası
bilmirəm, amma kim olub.
Deyib ki,
bir dayaq nöqtəsi verin,
Altını
üstünə çevirim yerin, -
deyə,
hər söhbətilə oxucunu düşündürən
Arif obrazının yeni və təzə olduğunu
görürük.
Arif obrazı ağlı-zəkası ilə seçilən
qabaqcıl gəncliyi təmsil etdiyi üçün yadda
qalır, onun gələcəyi oxucuda böyük ümidlər
doğurur.
Əsərin sonunda Mir Cəlal müəllim heykəlləşir. Bu heykəli
işıq seli ağuşuna alır. Qarşıda bir ağ yol var - bu nurlu yol Mir Cəlal yoludur. İşıq seli isə Mir Cəlalın
işıqlı əməlləridir ki, nəsil-nəsil
insanların qəlbində yaşayıb, yaşayır,
yaşayacaq.
Etibar İmamverdi
oğlu Əbilov
525-ci qəzet 2018.- 16 may.- S.7.