Tarixin közərən ocağı - Zirə

 

Asif RÜSTƏMLİ

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

Azərbaycan - Odlar yurdu! Sinonim statusunda səslənən bu qoşa məfhumun mənsub olduğu məkanın böyük sivilizasiyaya, ən qədim tarixə və zəngin mədəniyyətə sahibliyini isbatlamaq üçün uzaq ölkələrin arxivlərində, muzeylərində dəlil-sübut axtarmağa ehtiyacın duyulmaması təbii olduğu qədər də məntiqlidir. Çünki ölkənin tarixi içindən boy göstərir, zamanın dərinliklərindən, alt qatlarından, sivilizasiyanın sübh çağından gəlir...

 

Bu mənada Qobustan qayalarını Azərbaycan tarixinin ilk salnaməsi, Odlar yurdunun daş pasportu da adlandırmaq olar. Tanrının işığı, nuru, Günəşin zərrəsi kimi dəyərləndirilən odun-alovun müqəddəs sayılması, ona sitayiş edilməsi xalqımızın min illər boyu həyat, yaşam tərzini formalaşdırmış, dünyagörüşünü, mübarizə fəlsəfəsini zənginləşdirmiş, azadlıq məfkurəsini aydınlatmışdır. Minilliklərin müdhiş maneələrini dəf edərək zaman-zaman işğalçı talanlarından, barbar təcavüzlərindən salamat çıxaraq çağımıza, günümüzə gəlib çatan çoxsaylı yeraltı və yerüstü abidələr ulu babalarımızın bizə ünvanladığı sirli, sehirli, eyni zamanda, susqun tarix dərsliyidir. Əxz etməli, öyrənməli nə qədər məna qatları var, hər cizgisində, çalarında yuvalanmış nə qədər ideomatik ifadələr, örtülü həqiqətlər var... Şübhəsiz ki, zəngin mədəni və mənəvi keçmişimiz nurlu, işıqlı gələcəyimizin mötəbər təməlidir.

 

Müasir dövrümüzdə doğma Azərbaycanımızı - odlar yurdumuzu simvolizə edən "Qız qalası", "Suraxanı atəşgahı" kimi möhtəşəm, unikal, bənzərsiz inam, inanc, düşüncə məbədləri ulularımızın həm də oda, işığa, nura ucaltdığı ehtiram, sayğı və sevgi abidələridir.

 

Şübhəsiz ki, dünyada işığın həsrətini çəkənlər qaranlığı arzulayanlardan qat-qat çoxdur. Hər bir ölkə, xalq, ev üçün işığın düşmə bucağı fərqlidir. Azərbaycan xalqı üçün Günəş Şərqdən, Xəzər dənizindən doğur... Yayın sübh çağı Abşeron yarımadasının Şah dili zolağında dayanıb Günəşin doğuşunu seyr edərkən ilk olaraq şəfəqlərin dan yerini od vurub köz kimi qıpqırmızı qızartdığının, Xəzərin qırçın, lacivərd ləpələri üzərində gur tonqal çatıldığının və işıq selinin sular üzərində dalğavari çığıra çevrilərək tədricən cahana yayıldığının şahidi olursan. Üç tərəfdən dəniz dalğaları ilə əhatələnmiş Şah dili zolağına ən yaxın və ən qədim yaşayış məskənlərindən biri Bakının Zirə kəndidir. Min illərdi zirəlilər Günəşi ilk qarşılayan, çöhrələrində və ürəklərində işıq, nur gəzdirən Azərbaycan türkləridir.

 

Arxeoloji qazıntılar zamanı Zirə kəndinin yaxınlığından tapılan, üzərində heyvan rəsmləri olan daş lövhələr, möhkəm, qranit daşdan yonulmuş qədim qadın heykəli, nizə ucluqları bu məkanın Qobustan mədəniyyəti ilə canlı, insani əlaqələrindən xəbər verir. Bəzi elmi qənaətlərə əsasən isə ən qədim insan toplumlarının dəstə-dəstə Qobustandan Zirəyə ov etmək, azuqə toplamaq üçün gəldikləri, onlardan bir qisminin burada yurd-yuva, od-ocaq yeri seçdikləri qədim məxəzlərdən məlumdur.

 

Əslən zirəli olan AYB-nin katibi, istedadlı yazıçı-dramaturq İlqar Fəhmi "Yaxın - uzaq Zirə" adlı kitabında yazır: "Son illərdə həm Qala, həm Türkan, həm də Zirə ətrafı ərazilərdə arxeoloji qazıntılar davam etdirilir və bu axtarışların ən böyük tapıntılarından biri də Zirədən bir qədər şimalda, indiki Dübəndi bağlarının yaxınlığında tapılan, eramızdan əvvəl II minilliklərə aid edilən qədim kurqandır". (İlqar Fəhmi. "Yaxın - uzaq Zirə", Bakı, Zirə Mədəniyyət Mərkəzi - Eko-Park, 2016, səh. 27 (212)

 

Aşkara çıxarılan qədim insan məskənləri, kurqanlar, daş lövhələr, heykəllər, ov və əmək alətlərinin antik nümunələri, bir sözlə, tarixin közərən ocaqları tükənməz, müqəddəs hərarətilə ruhumuzu oxşadıqca ulu babalarımızın cəsur, məğrur yaşamına, həyat tərzinə, böyük zövqünə, çoşqun ilhamına, yaratdığı kulturoloji ənənələrə heyran qalmaya bilmirsən.

 

Zirə və ona qonşu olan Abşeron kəndlərinin qədim mədəniyyət və məişət şəraiti ilə bağlı tədqiqatçılardan Vüqar Məmmədov və Elman Yusifov "Ekoloji menecment" adlı dərs vəsaitində ilkin qaynaqlara istinad edərək yazırdı: "Tunc dövründən başlayaraq sonrakı dövrlərə qədər davam edən Abşeron arxeoloji abidələri, qaya təsvirləri, kurqanlar, yaşayış yerlərinin qalıqları, qəbiristanlıqlar Abşeron yarımadasının qədim sivilizasiya beşiklərindən olduğunu göstərir. Bunlarm ən əhəmiyyətlisi m.ə. III minilliyə aid olan göy cisimləri təsvir olunmuş Bilgəh-Nardaran ərazisindəki Ümidqaya abidəsidir. Tunc dövrünə (m.ə. III minilliklər) aid olan Mərdəkan, Şüvəlan, Şağan, Zirə, Türkan, Ramana və digər yerlərdə aşkar edilmiş təsvirlər ov səhnələrini, təsərrüfat fəaliyyətini, adət və ənənələri əks etdirir. Şüvəlan, Türkan, Binəqədi, Buzovna, Digah, Zirə kimi Abşeron kəndləri ərazilərindəki Tunc və Dəmir dövrlərinə aid yaşayış yerlərindən tapılmış, əhəngdaşıdan hazırlanmış dəndöyənlər (daş vəl), həvəngdəstələr, çaxmaqdaşıdan ox ucluqları, tunc və dəmirdən xəncər, boz və qırmızı gil qab qırıqları, qılınc, nizə, bıçaq, iynə, kəmər, bilərzik, üzük, zınqrov, balıqqulağı və əqiqdən muncuq, müxtəlif heyvan, quş və balıq sümükləri, buranın dövrünün yüksək mədəniyyət mərkəzi olması ilə yanaşı, təbiətdən istifadənin, istehsalın, sənayenin və süni ekosistemlərin-sənətkarlıq və istehsal zəminində yaranmış ilkin şəhərlərin meydana gəldiyini göstərir. Zərif naxışlı tunc kəmər üzərindəki işləmələrdə olan qaya və daş təsvirləri bu məhsulların yerli istehsal məhsulu olduğunu, yerli sənətkarlığın yüksək səviyyəsini bildirir. Tapıntılar göstərir ki, Abşeronda yaşamış qədim tayfalar Tunc Dövründən etibarən maldarlıq, əkinçilik, dulusçuluq, balıqçılıq və toxuculuqla məşğul olmuş, ətraf mühitin idarə edilməsi baxımından dövrünün yüksək bilik və vərdişlərinə malik olmuşlar". (V.Məmmədov, E.Yusifov. "Ekoloji menecment". I cild, Bakı, 2014, səh. 70 (382)

 

Etiraf olunmalıdır ki, zirəlilərin dövrü, mühiti, həyat tərzi, məşğuliyyəti haqqında müəlliflər dərslikdə yetərincə səhih məlumatlar vermişdir.

 

Bəzi mütəxəssislər "Zirə" sözünün ərəb mənşəli "cəzirə" (ada) anlayışından yarandığını iddia edirlər. Təəccüblüdür ki, toponimika, coğrafi adlar ilə məşğul olan tədqiqatçılarımızın bir qismi arxaik, çətin anlaşılan sözlərin tarixini, yaranma və yayılma arealını araşdırarkən çox zaman ərəb, fars qaynaqlarına üz tutur, dilimizdə əcnəbi izi aramaqdan bezmək, yorulmaq bilmirlər. Bir həqiqət məlumdur ki, bəşər övladının yaşayış məskəni kimi Zirə  ərəblərin bu ərazilərə gəlişindən min illərlə əvvəl mövcud idi. Bu qədim yaşayış məkanının adı niyə xalq təbabətində ədviyyat bitkisi kimi məşhur olan, uzunömürlü xəstəliklərin ən effektli dərmanı kimi tanınan "zirə" sözü ilə bağlı olmasın?

 

Biz "zirə" sözünə şəfaverici bitki növü kimi böyük türk mütəfəkkiri Mahmud Kaşğarinin "Divani Luğat-it Türk" dördcildliyinin birinci cildində də rast gəlirik. Zirənin sıx-sıx bitdiyi və ya ondan ən qədim zamanlarda, təbabətin inkişaf etmədiyi dövrlərdə xəstəliklərə qarşı mükəmməl faydalanan insanların yaşadığı məkana da Zirə və ya zirəlilər adı verilə bilərdi.

 

Görkəmli Azərbaycan tarixçisi, professor Məmmədəli Şərifli "IX əsrin ikinci yarısı - XI əsrlər Azərbaycan feodal dövlətləri" (Bakı, 2013, səh.166 (398) adlı monoqrafiyasında Əl-Məs`udinin "Müruc əz-zəhəb" (II cild, səh. 274) əsərinə əsaslanaraq Abşeron yarımadasına yaxın ərazilərdə səkkiz adadan dördünün Zirə ("Zirə və ya Qumzirə", "Kiçik Zirə",  "Böyük Zirə və ya Nargin" və "Xirə Zirə") adı ilə qeyd edildiyini vurğulamışdır.

 

Zirəlilər əsrlərdən bəri zəhmətsevərlik, qonaqpərvərlik, açıqürəklilik kimi ali mənəvi keyfiyyətləri qoruyub inkişaf etdirməklə bərabər mühafizəkarlığı, adət-ənənəyə sadiqliyi,  torpağa, vətənə bağlılığı ilə də tanınırlar.

 

XIX yüzilliyin əvvəllərində Qafqaz Azərbaycanının bir qismi, o cümlədən, Gəncə, Qarabağ, Bakı regionları Rusiya İmperiyası tərəfindən işğal edildikdən sonra hərbi məmurlar bu ərazilərdə əhalinin siyahıya alınmasını mərhələlərlə həyata keçirmişlər. Azərbaycanın işğal edilmiş ərazilərində başlanan, mahiyyət etibarilə müsbət dəyərləndirilməyə layiq bu proses  Zirə kəndində də dörd dəfə uğurla baş tutmuşdur. Zirəlilər Bakıətrafı kəndlərlə bərabər 1832, 1849, 1863 və 1886-1892-ci illərdə (Əhalinin siyahıya alınması Bakının ayrı-ayrı kəndlərində fərqli zamanlarda həyata keçirilib - A.R.) rəsmi olaraq  siyahıya alınmışdır.

 

Zirə kəndi bir müddət (1825-1827-ci illər - A.R.) Bakının komendantı, polkovnik, baron Andrey Feyodoroviç Rozenin (1773-1828) idarəsində olmuşdur (AR MAİ Dövlət Tarix Arxivi. Fond-24, siy.-1, s.v.-369, vərəq-453).

 

Hüseynqulu Xan 1826-cı ildə Abbas Mirzənin köməkliyi ilə işğal olunmuş Bakı qalasını mühasirəyə alarkən Baron Andrey Feyodoroviç Rozen 3000 nəfərlik hərbi qüvvəyə malik olmasına baxmayaraq, İçərişəhərdə yaşayan erməniləri də silahlandırıb şəhərin aborigen sahiblərinə qarşı müqaviməti uzun müddət davam etdirmişdi. Azərbaycanın şimal dağlıq ərazilərindən Yermolovun irəliləyişi, Krabbenin Dağıstandan Rozenin köməyinə tələsməsi Hüseynqulu xanın mühasirədən imtina edib Qarabağa geri çəkilməsini zərurətə çevirmişdir.

 

Beləliklə, Bakı komendantı vəzifəsini tərk etməklə əlaqədar 1827-ci il 30 dekabrda polkovnik, baron Andrey Feyodoroviç Rozen Zirə kəndinin idarəçiliyini müqavilə əsasında Əliyarbəy Hadi Hüseyn Qulubəy oğluna təhvil vermişdir.

 

Zirənin əhalisi 1832-ci ildə ilk dəfə siyahıya alınarkən Əliyar Bəy Hadi Hüseyn Qulu Bəy oğlu kənd icmasının idarəedəni, 1778-ci il təvəllüdlü Məhəmməd Əli Şıx Baba oğlu isə kəndxuda idi. Siyahıya alınma dövründə Zirədə 60 ailədə 248 nəfər sakin yaşayırdı. Seyid Kazım Seyid Qasım oğlu (40 yaş) kənd siyahısında xüsusi imtiyaza malik şəxs kimi qeydə alınmış, 8 yaşlı Seyid Rza adlı oğlunun olduğu vurğulanmışdır.

 

XIX yüzillikdə kəndin siyahıya alınmaları üzrə ümumi müşahidələr deməyə əsas verir ki, bir neçə ailə əsli-nəcabəti, nüfuzu, qədim köklərə, ənənələrə malik olması ilə fərqlənir və aparıcı mövqeyə malik idi. Belə ailələrdən birinin başçısı, kənd ağsaqqalı, 1752-ci il təvəllüdlü, 1832-ci ildə 80 yaşı tamam olan Əziz Məhəmməd Əli Məhəmməd oğludur. Bu vaxt Əziz Məhəmməd kişinin oğlanlarından Əmir Əhməd 43, Səməd 40, Hüseyn 30 və Mirzə 8 yaşında idi. Nəvələrindən Əbdül Mütalib Səməd oğlunun 3, Atakişi Əmir Əhməd oğlunun 2 yaşı vardı, Cavad Əmir Əhməd oğlu isə hələ 6 aylıq idi.

 

(Ardı var)

 

Asif RÜSTƏMLİ

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

 

525-ci qəzet  2018.- 16 may.- S.6.