Tarixin közərən ocağı - Zirə
Asif RÜSTƏMLİ
AMEA Nizami adına
Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor
(Əvvəli ötən
sayımızda)
Zirədə Əziz Məhəmməd nəslinə
uzun onilliklər "Əzməmmədlilər" deyə
müraciət edirmişlər.
Klassik ədəbiyyatımızın
görkəmli tədqiqatçısı, fəlsəfə
doktoru, əslən zirəli olan Xəlil Hüseynov bu nəslin
Zirəyə köçməsi haqqında yazır:
"Dağlıların Zirəyə köçməsi təxminən
300-350 il keçmişə təsadüf edir. Kəndə
həmin zonadan ən əvvəl Xızı
dağlıları, Bərməkilər, daha sonra isə
İsmayıllı dağlıları köçmüşlər.
Kənd əhalisinin
qədimdə heyvandarlıqla, xüsusən də
qoyunçuluq, keçiçiliklə məşğul
olmasını, Xızı dağlarından Bərməkilərin
Zirəyə köçü barəsində olan belə bir rəvayət
də təsdiq edir: "Kəndlərinə
çapqınçı düşdüyünə və mülkünün
qarət olunduğuna görə evin ağsaqqalı olan Abid
Baba ocaq altında gizlətdiyi bir küp qızılı
götürür, öz ailəsini və yaxın
qohumlarını üç öküz arabasında yerləşdirərək
10 min baş qoyunu ilə yola çıxır, bu öküz
arabalarından biri Buzovnaya, biri Hövsana, Abid Baba özü
isə həyat yoldaşı, oğlanları Məhəmməd,
Əzməmməd, qızı Sara ilə birgə Zirə kəndinə
gəlmişdir. Bu zaman Zirədə yaşayan Kərimlilər
və Əbəslər onlara yer vermək istəməmişlər.
Çünki Zirənin əsas örüş
yerləri bu iki tayfa arasında artıq bölünmüşdü.
Lakin uzun danışıqlardan sonra Əbəslər
tayfası öz örüş yerlərinin bir qismini Abid
Babanın ailəsinə verməyə
razılaşmışlar. Beləliklə,
Abid Baba ilə oğlanları öz sürülərini
Əbəslərin örüşlərində otarmağa
başlamışlar. Bir qədər sonra
Abid Babanın övladları kəndin yuxarı məhəlləsində
torpaq sahələri alıb, özlərinə ev tikib məskunlaşmışlar"
(İlqar Fəhmi. Yaxın - uzaq Zirə.
Bakı, "Meqa-Print", 2016, səh.20-21
(212).
Zirədə qədim nəsillərdən digər bir
ailə - Kərbəlayi Qədim Kərbəlayi Rza Qulu
oğlu 1777-ci ildə Zirədə dünyaya gəlmiş, kəndin
1832-ci ildə siyahıya alınması zamanı 55
yaşında idi. Bu vaxt onun oğlanlarından Nəcəfin
10, Bədəlin 3, Qulunun isə 2 yaşı vardı.
Zirənin
nüfuzlu ağsaqqallarından Əziz Məhəmməd
Əli Məhəmməd oğlunun və Kərbəlayi Qədim
Kərbəlayi Rza Qulu oğlunun şəcərəsini XIX
yüzillik üzrə nəzərdən keçirdikcə bu
iki ailənin yetirdiyi övladlarının xalq
üçün, cəmiyyət üçün nə qədər
gərəkli, xeyirxah, yurdsevər olduqları müşahidə
edilməkdədir.
Zirə kəndinin
sakinləri XIX əsrdə ikinci dəfə 17 il
sonra, 1849-cu ildə siyahıya alınıb. Bu müddət ərzində
kənddə 76 yeni ev tikilib və əhali
70 nəfər artaraq (Baxmayaraq ki, bu temp çox
aşağıdır - A.R.) ümumi sayı 318 nəfərə
çatmışdır. Daxili insan resursu hesabına 76 evin
tikilməsi, ailələrin xüsusi təsərrüfatının
genişlənməsi müsbət proses kimi qeyd
olunmalıdır.
1849-cu il siyahıya alınmasında kəndin
ağsaqqalı Əziz Məhəmməd Əli Məhəmməd
oğlunun adına rast gəlmirik. Amma onun
oğlanları Əmir Əhməd və Səməd bu
müddət ərzində müqəddəs yerləri, o
cümlədən, Kərbəla şəhərini ziyarət
edərək fəxri "Kərbəlayi" titulu
qazanmışlar. Bu vaxt Kərbəlayi
Əmir Əhməd Əziz Məhəmməd oğlunun 60 (sənəddə
yanlış olaraq 52 yazılıb - A.R.), Kərbəlayi Səməd
Əziz Məhəmməd oğlunun isə 57 (sənəddə
yenə yanlış olaraq 52 yazılıb - A.R.) yaşı
vardı.
Kərbəlayi Əmir Əhmədin oğlanlarından
Atakişi Əmir Əhməd oğlunun 19, Cavad Əmir
Əhməd oğlunun isə 16 yaşı vardı. Kərbəlayi
Əmir Əhmədin 1839-cu ildə Həmid adlı beşinci
oğlu dünyaya gəlmişdir. Onun
qardaşı Kərbəlayi Səməd Əziz Məhəmməd
oğlunun isə üç oğul övladı dünyaya
göz açmışdı. Onlardan
Əbdül Mütalib Səməd oğlu (20 yaş), Həşim
(1839 təvəllüdlü) və digəri isə 1844-cü
ildə doğulmuş, babasının adını
daşıyan Əziz Məhəmməd idi.
1849-cu ildə Zirə kəndinin mollası, din xadimi 31
yaşlı Molla Babaş Molla Fətəli oğlu idi.
Üçüncü siyahıya alınma 14 ildən
sonra, 1863-cü ildə baş tutmuşdur. Bu müddət ərzində
Zirə kəndinin əhalisi köçürmə və
süni tədbirlər hesabına sürətlə
artmış, əhalinin sayı 318 nəfərdən 825 nəfərə
çatmış, onlardan 427 nəfər kişi, 398 nəfər
isə qadın cinsinə mənsub idi. Bu
dövrdə də kəndin ən hörmətli və
nüfuzlu şəxsləri Əziz Məhəmməd
oğulları sayılırdı.
Kərbəlayi Əmir Əhməd Əziz Məhəmməd
oğlu 1797-ci ildə anadan olmuşdu və 66, Kərbəlayi
Səməd Əziz Məhəmməd oğlu isə
1800-cü ildə təvəllüd tapmış və 63
yaşının içində idi. Onların
qardaşı Mirzə Əziz Məhəmməd oğlu
1833-cü ildə dünyaya gəlmişdir.
Kərbəlayi Əmir Əhməd Əziz Məhəmməd
oğlunun üç oğlu vardı. Onlardan böyüyü
Atakişi Kərbəlayi Əmir Əhməd oğlu 1829 təvəllüdlü,
Cavad Kərbəlayi Əmir Əhməd oğlu 1833-cü il, Həmid Kərbəlayi Əmir Əhməd
oğlu isə 1839-cu il təvəllüdlü idi.
Kərbəlayi Əmir Əhmədin kiçik
qardaşı Kərbəlayi Səməd Əziz Məhəmməd
oğlunun isə dörd oğul övladı
böyüdürdü. Onlardan Əbdül Mütalib Kərbəlayi Səməd
oğlu 1829, Həşim Kərbəlayi Səməd oğlu
1839, Əziz Məhəmməd Kərbəlayi Səməd
oğlu 1842 və Yusif Kərbəlayi Səməd oğlu
1851-ci il tarixində dünyaya təşrif gətirmişdilər.
Məhəmməd Həsən Əli oğlu
qonşuları Kərbəlayi Səməd Əziz Məhəmməd
oğlu ilə eyni təvəllüdlü, 63 yaşında
idi. Məhəmməd Həsənin oğlu İsa isə
1834-cü ildə dünyaya gəlmişdi (AR MAİ Dövlət
Tarix Arxivi, fond-10, siy.-1, s.v.112).
Zirə kəndinin 1863-cü ildə ən qocaman sakini
1769-cu ildə anadan olmuş, 94 yaşlı Kərbəlayi Qədim
Əli Lütfəli oğlu idi. XIX yüzildə Zirə
camaatı arasında bu rekordu yeniləyən şəxsə
rast gəlmirik.
İyirmi
üç il sonra, 1886-cı ildə əhalinin
siyahıya alınmasına əsasən Zirədə 200 ev,
718 nəfər sakin yaşayırdı. Bu dövrdə kəndin
tanınan, sayılan-seçilən şəxsləri
Atakişi Kərbəlayi Əmir Əhməd oğlu (57
yaş), Cavad Kərbəlayi Əmir Əhməd oğlu (43
yaş), Həmid Kərbəlayi Əmir Əhməd oğlu
(41 yaş), Molla Yusif Kərbəlayi Əmir Əhməd
oğlu (35 yaş), Bədəl Qədim oğlu (62 yaş),
Ramazan Qədim oğlu (29 yaş), Bala Baba Ramazan oğlu (1884 təvəllüdlü),
Əbdül Mütalib Kərbəlayi Səməd oğlu (57
yaş), Məmməd Murad Şahgəldi oğlu (69),
Hüseyn Əli Mirzə oğlu (46 yaş), Kərbəlayi
Cabbar Məşədi Əli oğlu (57 yaş), Haşım
Kərim oğlu (49 yaş), Əsədulla Kərbəlayi
Qasım oğlu (38 yaş), Əli Məmməd Məşədi
Əsəd oğlu (42), Əli Rza Məmməd Rza oğlu (53
yaş), Aşur Qasım oğlu (41 yaş), Bayram Əli
İman oğlu (65 yaş), Kərbəlayi Heybətqulu Məşədi
Hacı Məmməd oğlu (68 yaş), Əbdül Hüseyn
Allahverdi oğlu (67 yaş), Nur Məhəmməd Nəsir
oğlu (66 yaş), Murad Əli İmam Əli oğlu (55), Kərbəlayi
Baba Əli Kərbəlayi Bağır oğlu (39 yaş), Kərbəlayi
Ağa Məhəmməd Kərbəlayi Şah Məhəmməd
oğlu (67 yaş), Molla Bədəl Molla Fətəli oğlu
(68 yaş), İsmayıl Molla Fətəli oğlu (56
yaş), Əli Bala Məhəmməd Həsən oğlu (16
yaş) ... və b. idi.
1892-ci ilə qədər Zirə kəndinə Bakı
şəhərindən daha dörd ailə (14 nəfər)
köçmüşdür.
Zirə kəndinin
halal zəhmətlə boya-başa
çatdırdığı bu böyük insanların, nurlu
şəxsiyyətlərin vərəsələri Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasında, Sovet rejimi
dövründə, quruculuq illərində və dövlət
müstəqilliyinin bərpasından sonra nəinki kəndin,
bütövlükdə respublikamızın inkişafında
xüsusi xidmətləri, dövlətçiliyə sədaqətləri,
vətənpərvərlikləri ilə fərqlənirlər...
... XIX
yüzilliyin sonuna yaxınlaşmasına baxmayaraq,
maraqlıdır ki, kənd sakinlərindən bir nəfərin
də soyadının sonluğunda rus xalqının milli mənsubiyyətinə
xas olan, soyad sonluğuna aid "ov", "yev",
"ski" və s. şəkilçilərinə rast gəlmirik.
Zirə əhalisinin böyük əksəriyyətinin
adı və ya soyadı ilə qoşa çəkilən
"hacı", "məşədi", "kərbəlayi"
kimi müqəddəs məkanları ziyarətlə
bağlı titulların sıxlığı bu insanların
dini inanclarına sadiqliyini, islam dəyərlərinə
böyük məhəbbətlərini və
ehtiramlarını bildirən qudsal nişanələrdir.
Zirə kəndinin 1886-cı ildə "Əyal dəftəri"nə
əsasən əhalinin ümumi siyahısını nəzərdən
keçirdikdə təəssüf doğurucu bir məqam da
xüsusilə diqqəti cəlb edir. Siyahıdan məlum olur ki, kənd
sakinlərindən heç kimə 70 və daha çox il yaşamaq qismət olmayıb... Əlbəttə, burada bir
yanlışlığın mövcudluğu şübhə
doğurmur. Məlum olduğu kimi, XIX yüzillikdə əhali
siyahıya alınarkən "Əyal dəftəri"nin yuxarı hissəsində insanların təvəllüd
tarixini müəyyənləşdirmək və dəqiqləşdirmək
üçün dörd suala hər bir şəxsin cavab verməsi
zəruri idi. Şəxslərin yaşını müəyyənləşdirmək
üçün sualların sıralanması
aşağıdakı kimidir: "1. Metrik dəftərinə
görə doğulduğu ayın, günün və
hansı ildə anadan olduğu. 2. Hər birinin kameralında,
yəni nüfus dəftərində göstərilən
yaşı. 3. Zahirdə sifətindən görünən
yaşı. 4. 1886-cı ildə yanvar
ayının əvvəlində neçə yaşında gərək
olsun" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsinin
Tarix Arxivi. Fond-43-2-7334, vərəq
826-954).
Birinci
sualın cavabı məlum məsələyə - uzun illər
bu sahədə ciddi iş aparılmadığına görə
boş buraxılmış, heç bir qeydiyyat
aparılmamışdır. İkinci sual əvvəlki
siyahıya alınma ilə bağlı olduğu
üçün dəqiqliklə
köçürülmüşdür. Əsas
üçüncü sual: "Zahirdə sifətindən
görünən yaşı" - bu sahədə
çoxillik təcrübəsi olan mütəxəssislər
belə çətinlik qarşısında
qalmışdır. İnsanın "sifətindən
görünən yaşı" - bu üsulun həmişə
özünü doğrultmadığı şəksizdir.
Yəqin ki, əhalini siyahıya alanlar
bütöv bir kənddə yaşayanların
hamısının yaşını yanlış təyin edə
bilməzdilər. Bu məqamda əlac yalnız bir
ehtimala qalır: Çox güman ki, zəhmətsevər zirəlilər
yaşlarından həmişə 20-30 il
cavan görünürmüşlər...
Zirənin
ən qədim sakinlərindən tarixin közərən ocaq
yeri kimi yadigar qalmış kurqanları, daş lövhələri,
antik nümunələri, bənzərsiz təbiəti, kəmər
kimi belinə dolanan, amma ucları bir-birinə çatmayan
sahil zolağı, günəşin hərarətli şəfəqləri
ilə sinəsi qabaran dənizi, geniş sahələrdə əkilib-becərilən
qara zirənin sağlamlıq üçün ecazkar, şəfaverici
qüdrəti və s. cazibədar xüsusiyyətləri
ehtimalların, gümanların gerçəkliyini,
şübhəsiz ki, əsaslandırır və təsdiqləyir.
(Ardı var)
525-ci qəzet 2018.- 17 may.- S.6.