Əbülfəz ÜLVİ

 

KİŞİLƏR BAYRAMI

 

Fevral ayının iyirmi üçü,

Təbriklər söylədi birisi mənə.

Elə çaşdırdı ki, onun bu suçu,

Gön kimi göründü dərisi mənə.

 

Dedi: kişilərin bayramıdır bu,

Qışqırıb yox-dedim, çıxdım özümdən.

Ondakı anmazlıq, ondakı duyğu,

Onun kişiliyin saldı gözümdən.

 

Dedim: bayram kimi sandığın o gün,

Sovet ordusunun yaranmasıdır.

O daha ölübdür bu millət üçün,

O ölüm bizlərin oyanmasıdır.

 

İyirmi yanvardır - dedim - bu "bayram",

Şuşanın, Laçının haray səsidir.

Buna bayram demək haramdır, haram,

Bu "bayram" Xocalı faciəsidir.

 

Ötür bu bayramı batsın dumanda,

Dedim: təbrik deyil, bu bir lağlağa.

Əsir torpaqları geri alanda,

Kişilər bayramı olacaq, qağa.

                               

DİLİM

 

Sehri var, sirri var, bilmirəm nədən,

Dilimə möcüzə, məna demişəm.

Hələ yazı pozu, hərif bilmədən,

Bu dildə anama ana demişəm.

 

Göydə ulduzumdur, dağlarda zirvəm,

Çəməndə çiçəyim, gülüm olubdur.

Hələ mən deməklə mən, mən deyiləm,

Məni mən eyləyən dilim olubdur.

 

Dilimdə şən çıxır eşqin nəğməsi,

Dilim öz dilimlə inciləşibdir.

Məhəbbət kəlməsi, sevgi kəlməsi,

Onu sevə-sevə sevgiləşibdir.

 

Qayəsi qurandan, mayası oddan,

Özünə özəl bir ad da yaradıb.

Elə bil arılar dadıb bu daddan,

Balı, dilim olan dadda yaradıb.

 

Hələ dediklərim azdır, cüzidir,

Dilimin sözüylə daş da canlanır.

Baxmayın dil adi bədən üzvüdür,

Bütün anlayışlar dillə anlanır.

 

O ÖLMƏYİB

 

Sil göz yaşlarını, şəhid anası,

Sanma şəhid gülün solmağa gedib.

Bir ana övladı, ata balası,

Bir xalqın övladı olmağa gedib.

 

Yaşayır bığ yeri hələ tər oğlun,

İgiddir, bilirəm sənin hər oğlun,

Torpağı məst edən mətin, ər oğlun,

Qəlblərə əbədi dolmağa gedib.

 

duman aparıb onu, çən,

Köçmürlər vətənə, xalqa, elə tən,

Əməli Tanrıya xoş gəldiyindən,

Bir az da tanrıyla qalmağa gedib.

 

Bəli o ölməyib, bunu bil yenə,

Qoy bir gizli sirri söyləyim sənə,

Torpağın altıyla qarı düşmənə,

Qəti, son qələbə çalmağa gedib.

 

Axı gül yanağın niyə sozalıb?

Şəhidlər ölmür ki, onu yaz alıb,

Vətən sevgisiylə dəstamaz alıb,

İstiqlal namazı qılmağa gedib.

         

DAĞLAR

 

Xəyalım olubdur dağlara həmdəm,

Qayıtmır, düşübdür məstinə, dağlar.

Sanki çılpaq qalıb, üşüdüyündən,

Örtüb xəyalımı istinə, dağlar.

 

Qışda sinə gərir şaxtaya, dona,

Yaz fəsli xoşbəxtlik həkk olur ona,

Elə bil qəlbini almaqdan yana,

Gül səpir yamacı üstünə dağlar.

 

Heç nəyi deyildir suni, bayağı,

Vətən torpağdır, çünki dayağı,

Dəyməsə üstünə nadan ayağı,

Durmaz heç kimsənin qəsdinə dağlar.

 

Qoyar çiçəkləri gülsün, çağlasın,

Qıyar bulaqları daim ağlasın,

Amma zərrə qədər qeybət dalğasın,

Yol verməz toxuna şəstinə dağlar.

 

Tanrım özü yazıb qürur rəyini,

Adi daşdan olub əvvəl əyini,

Görəndən mərdlərin, mərdlik səyini,

Çevrilib onların büstünə dağlar.

                  

ÖMRÜMÜ

 

Olmuşam ömrümün özüm hakimi,

Bəli, verməmişəm boşa ömrümü.

Amalım, niyyətim işıqfor kimi,

Qoymayıb yolunda çaşa ömrümü.

 

Qoymadım düyün tək qaşa vurulsun,

Haqqa daş atmadım, daşa vurulsun,

Elə yaşamadım başa vurulsun,

Sevdim özüm vurum başa ömrümü.

 

Yanardım gül əkib, gülməsəydi o,

Ölərdim, yurd üçün ölməsəydi o,

Vətən, el karına gəlməsəydi o,

Könüllü verərdim xışa ömrümü.

 

Laçın əsir düşdü, ondan yaş aldım,

Xocalım məhv oldu qara qış aldım,

Bəlkə ləbələb yüz il yaşardım,

Qəmə bükməsəydi Şuşa ömrümü.

 

Fəqət, bu acıya dözməyir ürək,

İstəmir söyləsin " olur görək",

Əsir torpaqları almasam, gərək,

Verim kirayəyə daşa ömrümü.

                           

ANALAR

 

Anamın vəfatının ildönümünə

 

Ana, sən gedəli könlüm dağlanıb,

Demirəm qayıt gəl, qolum açıqdır.

Axı sənin mənə yolun bağlanıb,

Mənim sənə gələn yolum açıqdır.

 

Yoxluğun qoyubdur könlümü ağlar,

Az qalır dağlar da yana dağından.

Bəzən düşünürəm, bəlkə dağlar,

Yaranıb ürəyə ana dağından.

 

Canım da can atmır, ömür sürməyə,

Hərdən topuq vurur, dilim çaşıram.

Bilmirəm, bəlkə səni görməyə,

Mən bu biçimdə hazırlaşıram.

 

Salsaydım boynuna yenə qolumu,

Bax onda ölsəm , ölməzdim, ana.

Kaş ki, anaların məzar yolunu,

Təbiət özü bilməzdi, ana.

 

Rəbbim layiq bilib bu ada məncə,

Sol birçək ruh alır sağ birçəyindən.

Bütün çiçəklər dünyada məncə,

Rəng alıb ananın birçəyindən.

 

Yox, ana ölməyir, qoy deyim nədən,

Nəyi necə ölçür, biçir analar.

Torpaq da anadır dediyimizdən,

Ana ağuşuna köçür analar.

 

BU GECƏ

 

Bu gecə yuxumu salmışdın oda,

Gördüm ki, yuxuma bayraq asmısan.

Azmı incitmisən məni aşkarda,

İndi yuxuma ayaq açmısan?

 

Qürurla durmuşdun, baxırdım sənə,

Mən bu qürurdan qürurlanırdım.

Demə, yandı-qındı verirdin mənə,

Mən yazıq, gör nəyi qürur anırdım.

 

Gözümü sehrinə salmışdı gözün,

Sənə əl uzatdım geri çəkildin.

Elə ləngər vurdum, sanki sən özün,

Ayağım altından yeri çəkirdin.

 

Mənə bir qada da yuxuda əkdin,

Bu nəydi, ay mənim məhəbbət ləlim?

Bilmirəm, bəlkə əlini çəkdin,

Ələ öyrənməyim, qəlbinə gəlim.

 

Qısqanclıq içində elə yanırdım,

Təsirin etmirdi ahım da sənə.

Bilirsən üçün mən qısqanırdım?

Qorxurdum vurula yuxum da sənə.

  

YAZDIM Kİ...

 

Dedin, bir şeir yaz mənə bu səhər,

Çalış mayasını sevgiylə yoğur.

Salıb zarafata dedim, a "kafər",

Mənim hər şeirim sevgidən doğur.

 

Coşdu, damarımda qaynadı qanım,

Elə bil pətəkdən süzdü şeiri.

Bilmirəm qələmə neylədin, canım,

Yoxlama yazı tək yazdı şeiri.

 

Kağıza muncuq tək düzdüm sözləri,

Nisgilin sapına düzülməyəsən.

Elə bil gül idi üzdüm sözləri,

Təki sən güləsən, üzülməyəsən.

 

Sanma qələm, kağız, ilham naşıdı,

Adınla şeirə yaraşıq düşüb.

Bilmədim sən hansı, muncuq hansıdır,

Səninlə muncuqlar qarışıq düşüb.

 

Yazdım ki, xahişin düşməsin yerə,

Amma ürəyimdə bir təlatüm var.

Qorxuram bir-iki muncuğa görə,

Səni şeirimdən oğurlayalar.

   

QORUNMAQ GƏRƏKSƏ

 

Dedin: -gecələri sevmirəm, canım,

Sən ki, şeirləri gecə yazırsan?

Ay aylı gecədən xoşlanmaz, xanım,

Onda gecələrdən necə yazırsan?

 

Sevmirəm söyləyib gecəni, yanma,

Aya, ulduza da bu söz dərd əkir.

İşə bax, sən onu sevmirsən, amma,

O rəngi bəxtə yox, saçına çəkir.

 

Hələ görməmişdim gecədən küsən,

Sənin üsyanınla cəngi eynidir.

Gecənin rəngini sevməsən sən,

Sənin göz rənginlə, rəngi, eynidir.

 

Xoşlanır gecədən dərə, dağ, aran,

Bəlkə mətləbində məna incədir?

Deyirsən, incikdir gecəylə aran,

Onda gündüzlərlə aran necədir?

 

Günün bu hissəsin sevir el, aləm,

Onu özü qara yaradıb Tanrı.

Mən gecə sevənəm, ancaq bilmirəm,

Gecəni sevəni sevirsən, barı?

 

Yatmayan gözlərə mil çəkilər, mil,

Sən Allah, bu qədər yaratma sorun.

Qorunmaq gərəksə, gecədən deyil,

Xisləti qaranlıq olandan qorun.

                                 

OLUBDUR

 

Bu nədir, cücərdi sevgi ləkimdə?

Burda, pak hisslərin əli olubdur.

Sənin duyğuların, mənim içimdə,

Bütün duyğuların ləli olubdur.

 

Hələ ki, görünmür kəsirin, kəmin,

İsmətin ruhumu eyləyir təmin,

Telinə qonanda əllərim sənin,

Lalə, yanağının tülü olubdur.

 

Sənə can deyincə, candan keçmişəm,

Yolunda çox əzab, çox dərd çəkmişəm,

Mən səni qəlbimə çoxdan əkmişəm,

Sənə, indi-indi bəlli olubdur.

 

olar, peymanı elə et tənim,

Həsrət aramızda olmasın qənim,

Sevdan elə yatıb sinəmə mənim,

Sanki o da bizim elli olubdur.

 

Elə sev, baş rolda gülsün həbbət,

Rüstəm bəy deyən tək deməsin, qeybət,

Bir molla, üç manat, bir kəllə qənd,

Bu boyda sevdanın həlli olubdur.          

 

525-ci qəzet  2018.- 17 may.- S.8.