Mollanəsrəddinşünaslığa
dəyərli töhfə
"MOLLA
NƏSRƏDDİN" JURNALININ 10 CİLDLİYİ
MÜNASİBƏTİLƏ
Azərbaycan satirik mətbuatının zirvəsi olan
"Molla Nəsrəddin" jurnalı bir əsrdən
artıqdır ki, qərarlaşdığı
ucalığı qoruyub saxlamaqdadır.
Əsrlər, qərinələr ötüb keçsə
də, o, fəth etdiyi zirvədən enməyəcək. Çünki məramı
azadlıq hərəkatına rəvac vermək, demokratik
ideyaları yaşatmaq, xalqına məxsus milli dəyərləri
qorumaq, ideoloji axınlara qarşı kəskin mübarizə
aparmaq, irticaçı qüvvələri tənqid hədəfinə
çevirmək, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin
keşiyində durmaq olan bir mətbuat orqanının zamanın
hüdudlarını aşıb keçməsi
labüddür.
"Molla Nəsrəddin" jurnalı Azərbaycan ədəbi-ictimai
fikrinə orijinal üslub, satirik publisistika, şeir, nəsr,
karikatura janrlarını gətirməklə mətbuat
tariximizdə yeni ədəbi mərhələnin əsasını
qoydu.
Dövrün tanınmış şair, yazıçı və
karikatura ustaları - Ö.F.Nemanzadə, M.Ə.Sabir,
Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi,
.M.S.Ordubadi, Ə.Razi, B.Abbaszadə, O.Şmerlinq, İ.Rotter,
Ə.Əzimzadə, X.Musayev, S.Behzad, B.Telinqator (Beno),
İ.Axundov, Q.Xalıqov, H.Əliyev və başqaları bu
möhtəşəm abidəni satirik mətbuatımızın
zirvəsinə ucaldaraq ədəbi məktəb yaratdılar.
"Molla Nəsrəddin" nəşrə
başladığı dövrdən Azərbaycan dilinin
varlığı, saflığı uğrunda ardıcıl və
prinsipial mübarizə aparır, onun yad təsirlərə məruz
qalmasının qarşısını almağa
çalışır və öz səhifələrində
dərc etdiyi müxtəlif janrlı əsərlərdə
dönə-dönə bu məsələlərdən bəhs
edirdi. Jurnalın 1906-cı ilin 10-cu nömrəsindən
"İdarəyə göndərilən məktub və məqalələr
açıq türk dilində yazılmış olmasalar,
çap olunmayacaqlar" epiqrafı "Molla Nəsrəddin"in
ana dilimizə qayğı və diqqətinin yüksək təzahürü
idi. Sadə, aydın, xəlqi bir dildə yazan
jurnalın üslubu böyük mütəfəkkir Əli bəy
Hüseynzadə tərəfindən də təqdir
edilmişdir: "Yaxşı yazırsınız... Açıq yazmağı da bacarmaq
lazımdır". "Molla Nəsrəddin"
jurnalı ana dili problemi ilə yanaşı, dövrün digər
ağrılı problemlərinə- elm, təhsil, mədəniyyət,
qadın azadlığı və s. məsələlərə
də geniş yer verir, mövhumatı, cəhaləti,
sxolastik təlim üsullarını tənqid edirdi.
"Molla Nəsrəddin" jurnalının əsrin
dörddə biri daxilində görə bildiyi işlər hələ
neçə-neçə əsrlərin hüdudlarına yetə
biləcək.
Jurnalın bu cahanşümul xidmətlərinin nəticəsidir
ki, o, fəaliyyətə başladığı dövrdən
çağdaş zəmanəmizə qədər həmişə
diqqət mərkəzində olub, saysız-hesabsız tədqiqatların,
araşdırmaların obyektinə çevrilib və bu
gün də bu proses davam etməkdədir. Bütün
bunlar bir daha göstərir ki, "Molla Nəsrəddin"in
hikmət xəzinəsinin orbitindən çıxmaq
mümkün deyildir. Bu gün də hər bir oxucu
jurnalda qaldırılan milli və bəşəri problemlərlə
yaxından tanış olmaq, mövcud
durumda çıxış yollarını aramaq, bitib-tükənməyən
söz xəzinəmizdən ibrət dərsi götürmək,
ondan yaradıcılıqla bəhrələnmək və nəticə
çıxarmaq üçün daxili bir tələbat duyur.
Hər bir Azərbaycan vətəndaşının, hər bir
ziyalının, gənc nəslin jurnalın redaktoru, naşiri
Cəlil Məmmədquluzadə başda olmaqla mollanəsrəddinçilərin-
Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar,
Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Razi, B.Abbaszadə,
M.Ə.Möcüz və başqalarının
yaradıcılığını "Molla Nəsrəddin"dəki
geniş və çoxşaxəli fəaliyyətini hərtərəfli
öyrənməyə, mənimsəməyə böyük
ehtiyacı vardır. Buna görə də 25 illik fəaliyyəti
dövründə jurnalın ayrı-ayrı illərdə nəşr
olunmuş nömrələri XX əsrin sonlarından
başlayaraq müasir dövrümüzə qədər bir
neçə dəfə cildlər halında toplanmış,
zəmanəmizin böyük dövlət xadimləri,
ziyalıları onu mühafizə edərək
bugünümüzə və gələcək nəsillərə
ərməğan etmişlər. Lakin bu məsuliyyətli
və şərəfli missiyanı həyata keçirmək
asan olmamışdır. Ümummilli liderimiz Heydər
Əliyev ikinci dəfə hakimiyyətə
qayıdışı zamanı bu işin çətinliyindən,
bununla belə lazımlı və gərəkli olmasından bəhs
edərək deyir: "Molla Nəsrəddin"
jurnalının faksimilesi on iki cilddən ibarətdir. Təəssüf
ki, on il bundan qabaq onun cəmi bir cildi (Ulu
Öndərimiz jurnalın 1988-ci ildə "Elm" nəşriyyatı
tərəfindən buraxılan I cildini nəzərdə
tutur) buraxılmışdır. Hələ
indiyə qədər qalanları çap edilməmişdir.
Etiraf etmək lazımdır ki, 10 il bundan
qabaq bunun hamısını bir ildə buraxmaq olardı. Hətta
beş il bundan qabaq da bunu etmək asan
olardı. Amma indi bunlar çətinləşmişdir.
Buna baxmayaraq, biz bunu etməliyik və geniş
yaymalıyıq ki, xalqımız Mirzə Cəlil
dühasından bəhrələnərək mənəviyyatca
daha da saf olsun, mənəvi dəyərimiz daha da möhkəmlənsin"
(Heydər Əliyev. “Ədəbiyyatın
yüksək borcu və amalı". Bakı,
"Ozan", 1999, səh.246-247). Heydər Əliyev bu
dönəmdə Azərbaycanın Qarabağ problemi ilə
üz-üzə dayandığı, ictimai-siyasi, iqtisadi
çətinliklərlə qarşılaşdığı
mürəkkəb və ziddiyyətli bir şəraitdə
böyük fədakarlıqla "Molla Nəsrəddin"
jurnalının 8 cildinin latın qrafikalı əlifba ilə
tam mətninin 700 nüsxədə çap edilib oxucuların
ixtiyarına verilməsinə təminat yaratdı. Bu proses
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə uğurla başa
çatdırıldı.
Jurnalın
I, II, III cildləri AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun,
IV, V, VI, VII, VIII cildləri isə akademiklər Bəkir Nəbiyev
və Teymur Kərimlinin redaktorluğu ilə nəşr
edilib. "Molla Nəsrəddin" jurnalının
transfoneliterasiya olunub çapa hazırlanması kimi mürəkkəb
və məsuliyyətli işin yerinə yetirilməsində
Turan Həsənzadə, Əliheydər Hüseynov və
Elmira Qasımova kimi zəhmətkeş alimlərimizin
böyük xidmətləri vardır. Elmira
Qasımova bu gün də "Molla Nəsrəddin"
jurnalı üzərində tədqiqatçılıq fəaliyyətini
uğurla davam etdirir.
"Molla Nəsrəddin" jurnalının 8 cildində
onun 741 nömrəsi toplanmışdır. Bu günə
kimi bir çox mənbələrdə jurnalın Bakıda nəşr
olunan nömrələrinin sayı yanlış olaraq 398, bəzən
isə 400 göstərilib. Lakin son araşdırma və dəqiqləşdirmələr
göstərdi ki, "Molla Nəsrəddin"in Tiflisdə
370, Təbrizdə 8, Bakıda isə 363 nömrəsi
çapdan çıxmışdır ki, bu da
bütövlükdə 741 nömrəni özündə
ehtiva edir.
Zaman keçdikcə oxucu sayının artması, jurnala
olan böyük maraq, zəruri ehtiyac "Molla Nəsrəddin"
cildlərinin yenidən nəşrini gündəmə gətirdi
və aktuallaşdırdı. Bu gün müstəqil
Azərbaycanın 10 milyondan çox ölkə daxilindəki
vətəndaşlarına və onun hüdudlarından kənarda
yaşayan 40 milyondan artıq soydaşlarımıza bu
monumental abidənin çatdırılması olduqca vacibdir.
Məhz elə çoxsaylı oxucu auditoriyasının arzu və
istəklərinə rəğmən AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və
Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik
Teymur Kərimlinin redaktorluğu ilə "Molla Nəsrəddin"
jurnalının 10 cilddə nəşri qərarlaşdırılmışdır.
Jurnalın 4 cildi nəfis şəkildə, rəngli
illüstrasiyalarla və yüksək tərtibatla çapdan
çıxmışdır. 1000 tirajla
buraxılan jurnal "Şərq-Qərb" nəşriyyatında
akademik İsa Həbibbəylinin "Ön söz"ü ilə
işıq üzü görmüşdür. "Molla
Nəsrəddin" jurnalının Azərbaycan milli mətbuatının,
çoxəsrlik ədəbiyyatımızın
inkişafı və təkamülündəki əvəzsiz
rolundan bəhs edən mollanəsrəddinçi alim yazır:
"Molla Nəsrəddin" jurnalı Azərbaycan
xalqının milli azadlıq və dövlət müstəqilliyi
uğrunda apardığı mübarizənin ədəbiyyatda
və mətbuatdakı sərkərdəsidir. Bu
mübariz jurnal Azərbaycanın milli istiqlalına mütəşəkkil
nizamlı bir ordudan çox xidmət göstərmişdir.
"Molla Nəsrəddin" jurnalı Azərbaycan
xalqının milli dirçəliş və azadlıq
ideyalarından, vətəndaşlıq ruhundan
yoğrulmuş mənalı bir istiqlal kitabıdır.
Azərbaycanda milli demokratik mətbuatın bayraqdarı da
"Molla Nəsrəddin"dir... Azərbaycanda
milli azadlıq, dövlət müstəqilliyi və demokratiya,
milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi
uğrunda son yüzillikdə, müasir dövrdə də
aparılan mübarizəni Cəlil Məmmədquluzadəsiz
və "Molla Nəsrəddin" jurnalı olmadan təsəvvür
etmək çətindir" (İsa Həbibbəyli. Cəlil
Məmmədquluzadə, "Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçilik. "Molla
Nəsrəddin" jurnalının I cildinə ön söz.
"Şərq-Qərb", 2017, səh.3).
Akademik
İsa Həbibbəylinin şəxsi təşəbbüsü,
diqqət və qayğısı sayəsində geniş oxucu
auditoriyasının - orta məktəblərdən
başlamış ali məktəblərə qədər, sadə
vətəndaşından-aliminəcən hər bir kəsin,
hətta jurnalın yayıldığı geniş arealda,
xarici ölkələrdə belə maraqla
qarşılandığını göz önünə
alsaq, bu, görkəmli alimin milli mətbuatımıza, zəngin
ədəbiyyatımıza, bütövlükdə Azərbaycan
xalqına ən qiymətli və layiqli bir töhfəsidir. Jurnalın hər sətrində, hər səhifəsində
duyulan böyük azərbaycançılıq
ideologiyasına çağırış ruhu elə həm də
istedadlı alimin özünün vətənpərvərlik
ruhunun ifadə forması kimi gözlərimiz
qarşısında canlanır. Çünki
doğma xalqına, onun milli-mənəvi dəyərlərinə
belə bir qədirşünaslıqla yanaşmaq yalnız və
yalnız milli təəssübkeşlikdən, Vətənə
xidmətdən qaynaqlana bilər. Ömrünün az
qala 40 ilini Cəlil Məmmədquluzadə irsinin və
"Molla Nəsrəddin" jurnalının
araşdırılması və təbliğinə həsr edən
akademik İsa Həbibbəylinin bu zəngin söz xəzinəmizə
vurğunluğu onun saysız-hesabsız məqalələrində,
monoqrafiya və kitablarında öz təcəssümünü
tapmışdır. Bu sanballı, dəyərli
tədqiqatlar Azərbaycanın hüdudlarını
çoxdan aşaraq İran, Türkiyə, Rusiya, Ərəbistan,
Pakistan, Bolqarıstan, Macarıstan, Fransa, İngiltərə və
başqa ölkələrdə geniş
yayılmışdır. Bu gün də
akademik "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər
vasitəsilə Azərbaycanın çoxəsrlik ədəbiyyatının,
zəngin mədəniyyətinin və milli mətbuatının
dünya müstəvisində təbliği və
yayılması istiqamətindəki xeyirxah missiyasını
uğurla davam etdirir. "Şərq aləminə satira
günəşi ilk dəfə "Molla Nəsrəddin"dən
doğmuşdur" kimi önəmli bir fikir irəli sürən
alim jurnalın bütövlükdə Şərq
xalqlarının taleyindən keçən mübariz bir mətbuat
orqanı olduğunu vurğulayaraq yazır: "Məhkum
Şərqin oyanışı, dirçəlişi və
istiqlalı uğrunda geniş, sistemli və ardıcıl
mübarizə "Molla Nəsrəddin" jurnalı ilə
başlanmışdır" (İsa Həbibbəyli. Cəlil
Məmmədquluzadə, "Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçilik. "Molla
Nəsrəddin" jurnalının I cildinə ön söz.
"Şərq-Qərb", 2017, səh.3).
"Molla
Nəsrəddin" jurnalının nəşrə
başladığı aprel ayında artıq jurnalın
akademik İsa Həbibbəyli tərəfindən 4 cildi Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbələrinə hədiyyə
edilmişdir. Bu isə əməkdaşlar tərəfindən
böyük rəğbət və minnətdarlıq hissilə
qarşılanmış, qiymətli söz abidəmiz qanunnamələr,
qabusnamələr kimi stolüstü kitaba çevrilmişdir.
Jurnalın tərtibatı zamanı cildlərin həcmi,
daxili parametrləri, simmetrikliyi də gözlənilmişdir. I cildə 1906-cı ilin 39,
1907-ci ilin 40 nömrəsi daxil edilib (79 nömrə), II cilddə
1907-ci ilin son 9 nömrəsi (¹41-49), 1908-ci ildən 52 nömrə,
1909-cu ildən isə ilk 11 nömrə yer almışdır
(72 nömrə), III cildə 1909-cu ildən 52, 1910-cu ildən
19 nömrə daxil edilmişdir (71 nömrə). Nəhayət, IV cildə 1910-cu ilin 20-42-ci
sayları, 1911-ci ilin bütün (47) sayları, 1912-ci ilin
bütün (9) sayları və 1913-cü ilin ilk sayı (1)
daxil edilmişdir (80 nömrə).
"Molla Nəsrəddin" jurnalının 6 cildi də
tezliklə oxucuların ixtiyarına veriləcək. Bütün bunlarla
yanaşı, yenə də akademik İsa Həbibbəylinin təşəbbüsü
və redaktorluğu ilə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsində professor Asif Rüstəmlinin rəhbərliyi
ilə "Molla Nəsrəddin" ensiklopediyası
hazırlanır. Yaxın zamanlarda "Molla Nəsrəddin"in
cildlərinin davamı olaraq ensiklopediya da işıq
üzü görəcəkdir.
Əlbəttə, Azərbaycan Sovetlər Birliyinin tərkibində
olduğu illərdə milli dəyərlərimizə biganə
münasibətin şahidi olurduq. Akademik Teymur Kərimli məhz bu məqama
işarət edərək "Redaktordan" qeydində
yazır: "Sovet hökumətinin Azərbaycanın klassik
irsinə məlum münasibəti nəticəsində 12 cilddə
çapı nəzərdə tutulan jurnalın yalnız bir
cildi kiril əlifbası ilə işıq üzü
görmüş, Moskvanın qarət etdiyi sərvətlərimizdən
vəsait ayrılmadığına görə makinadan
çıxmış əlyazması uzun illər Ədəbiyyat
İnstitutunun dəmir seyflərində toz-torpaq içində
yatıb qalmışdır" ("Molla Nəsrəddin".
I cild. "Şərq-Qərb",
2017, səh.25).
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa
etdikdən sonra vaxtilə diqqətdən kənarda qalan mənəvi
dəyərlərimiz yenidən işıq üzü
gördü və xalqa qaytarıldı. Bu gün milli
mətbuatımızla bağlı problemlər aradan
qaldırılır və mötəbər uğurlara imza
atılır. Bu mənada "Azərbaycanda
milli demokratik mətbuatın bayraqdarı" olan "Molla Nəsrəddin"
cildlərinin çap edilərək çoxmilyonlu
oxucuların ixtiyarına verilməsi təqdirəlayiq
haldır. Bu, həm də AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu rəhbərliyinin
Ümummilli liderimiz Heydər Əliyevin 95 və Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinə sanballı və dəyərli
töhfəsidir.
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat
tarixi və publisistika şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 17 may.- S.8.