Azərbaycanın ilk torpaq və əmək naziri
- Əkbərağa Şeyxülislamov
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən
olan Əkbər ağa İbrahim oğlu Şeyxülislamov
1891-ci ildə İrəvan
şəhərində anadan
olub. Orta təhslini İrəvandakı
Gimnaziyada aldıqdan sonra Ə.Şeyxülislamov
Peterburqa gedib, orada Yol Mühəndisliyi
İnstitutuna daxil olub.
1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra, yaranmış siyasi vəziyyətlə əlaqədar Ə.Şeyxülislamov təhsilini başa vurmasına baxmayaraq, diplomunu almadan Vətənə qayıtmışdır.
1918-ci ilin əvvəllərindən
onun siyasi fəallıq dövrü
başlayır. Ə.Şeyxülislamov həmin ilin
fevralında Tiflisdə
yaradılan Zaqafqaziya Seyminin üzvü olmuşdur. O, fevralın
28-də Seym tərəfindən
təsdiq olunmuş Müsəlman fraksiyasının
tərkibindəki Hümmət
(menşevik) Partiyasına
daxil idi.
Ə.Şeyxülislamov Zaqafqaziya Seymi tərəfindən Osmanlı
Türkiyəsi ilə
danışıqlar aparmaq
üçün 1918-ci ilin
martın 1-də yaradılmış
Nümayəndə Heyətinin
tərkibinə daxil idi və o, Zaqafqaziya Hökumətində
Daxili İşlər
Nazirinin müavini vəzifəsini icra edirdi.
1918-ci ilin Mayın
28-də Azərbaycan İstiqlalı
elan edildi və bəyannaməyə
imza atanlardan biri də Əkbər
ağa Şeyxülislamov
idi.
1918-ci ilin Mayın
28-də, İstiqlal elanından
sonra Milli Şura F.X.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci
müvəqqəti Hökumətini
təşkil etməyi
tapşırır. F.X.Xoyskinin yaratdığı
Hökumətdə Əkinçilik
və Əmək Naziri vəzifəsi Ə.Şeyxülislamova tapşırılır.
1918-ci ilin mayın
29-da isə Tiflisdə
keçmiş Qafqaz canişini sarayında H.Ağayevin sədrliyi ilə Milli Şuranın ikinci iclası keçirilir. İclasda İrəvanın
siyasi mərkəz kimi Ermənistana güzəştə gedilməsi
müzakirə olunur.
Milli Şura üzvü F.X.Xoyski Ermənistanla Azərbaycan
arasında sərhəd
məsələləri barədə
şura üzvlərinin
Ermənistan Milli Şura üzvləri ilə keçirdikləri
görüş və
burada ermənilərin
özlərinin siyasi mərkəzlərini yaratmaq
üçün Aleksandropolun
Türk ordusu tərəfindən tutulmasına
görə İrəvanın
Ermənistana güzəştə
gedilməsinin qaçılmaz
olduğunu bildirir.
Bu məsələnin müzakirəsində X.Xasməmmədov,
M.Y.Cəfərov və
M.Məhərrəmovla yanaşı,
Ə.Şeyxülislamov da
çıxış edib. İrəvanın Ermənistana güzəştə
gedilməsinin tarixi zərurət və bizdən ötrü acı bir həqiqət
olduğunu bildirmişdilər.
İrəvan məsələsi səsə qoyulduqda 28 nəfər Şura üzvündən 16-sı bu
təklifin lehinə səs vermişdi.
Həmin iclasda ermənilərlə
konfederasiya yaratmaq məsələsi də müzakirə edilərək
səsə qoyulduqdan sonra qəbul olunub.
Ə.Şeyxülislamovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ən mühüm fəaliyyəti də Parlamentdəki çıxışlarıdır. O, parlamentdəki
fəaliyyətini 1919-cu ilin
yanvarın 9-na qədər
davam etdirmiş, sonra Azərbaycan Nümayəndə Heyətinin
tərkibində Fransaya
getmişdir.
1928-ci ilin dekabrın
7-də Azərbaycan Parlamenti
fəaliyyətə başladı. Parlamentdə təmsil olunanlardan biri Əkbə ağa Şeyxülislamov idi. O, Parlamentdə sosialist fraksiyasının
tərkibinə daxil idi.
1918-ci ilin dekabrın
10-da Parlamentin ikinci iclası keçirilir. İclas Həsən
bəy Ağayevin sədrliyi və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır.
M.Ə.Rəsulzadə Türk Ədəmi
Mərkəziyyət - Müsavat
Partiyası adından
bəyannaməni oxuyur.
M.Ə.Rəsulzadədən sonra sosialistlər
ittifaqı adından Aslan bəy Səfikürdski çıxış
edir.
Söz Hümmət
fraksiyası təmsilçisi
Əkbər ağa Şeyxülislamova verilir. O, çıxışında
deyir: "Möhtərəm
Parlament əzası! Bu gün möhtərəm
və səmimi revolyusionerlər üçün
böyük gündür.
Bu asılan bayraq
o inqilabın atəşidir.
Biz sosialistlər məramnaməmizin üçüncü
maddəsində ümum
millətlərin azadəliyini
və qardaşlığını
yazmış və şüarı bayrağımızda
qaldırıb yürütmüşük
və yürüyürük.
Mən üzümü o şəxslərə
tuturam ki, bizi beynəlmiləlçilikdə
müttəhim və millətə zidd hesab edirlər. Beynəlmiləlçilik ümumi bəşəriyyətin
azadə yaşaması
və işləməsi
deməkdir (alqışlar).
Xarici düşmən
o qədər də qorxulu deyildir. Daxili isə
xarici düşməndən
daha qüvvətlidir.
Bunlar Tomsonun yanına qaranlıq bucaqlardan keçib. Azərbaycanı yıxmaq, milli
müqəddəratımızı əlimizdən almaq istəyirdilər (sürəkli
alqışlar). Biz sosialistlər Azərbaycan
Cümhuriyyəti yolunda
addımları bir daha geri götürməyəcəyiz
(alqışlar). Biz demişik ki, idarələrin fəhlə
və kəndçilər
sinfi iştirakı ilə təşkil edilən millətlər yaşayacaqdı. Camaat Hökumətin
işindən heç
bir zaman kənar və bixəbər qalmamalıdır.
İndi hamı millətlər bizim əsasları qəbul etmişlərdir.
Almaniya imperatorluğu da yıxılıb dekoratik şəklə düşmüşdür.
Və eşitdiyimiz Vilson prinsipləri, Vilsonun deyil, bütün dünya sosialistlərinin prinsipləridir (alqışlar).
İnsan
bu cərgəyə daxil olmaq üçün
bir sinfə malik olmalıdır.
İndi bizə nəsil, sənət lazımdır
ki, insanlar cərgəsinə daxil olaq. Cümhuriyyət inama daxil olmaq üçün bu yolla çalışdıq,
şəxsi mənfəətlərindən
ötəri bizləri
millətə düşmən
edənlər Milli Komitəni dağıtdılar.
Onların səhvi məlum
oldu.
Məndən irəli nitq söyləyən arkadaşım
unutdu, desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz
onlara insan sifətində baxmalıyız
(sürəkli alqışlar).
Millətin yarısı işləyib,
yarısı işləməsə,
o millət çolaqdır.
Üzərinə heç bir
xeyir yetirə bilməz. Bu gün qadınlarımız
gələcək övladlarımıza
tərbiyə verməkdədirlər.
Əgər onlar azadə
olmasalar, dövlət
və Vətənimizi
müdafiə edən
azad fikirli övlad dəxi yetirə bilməz, özləri qul və əsir insanlar yaradırlar (alqışlar).
İstiqlalımıza inanmayanlar hər firqədən olsalar da, Hökumətimizə daxil olmamalıdırlar.
Yaşasın Azərbaycan Cümhuriyyəti,
Gürcüstan, Ermənistan
Cümhuriyyətləri, Şimali
Qafqasiya Cümhuriyyətləri
və millətlərin
qardaşlığı!..
(alqışlar).
1918-ci ilin dekabrın
20-də Parlamentin dördüncü
fövqəladə iclası
keçirilir. İclasın açılışında çıxış
edən H.Ağayev bildirir ki, Parlamentin
fövqəladə iclas
keçirməsinə səbəb
iki başlıca hadisədir: birincisi, gürcü-erməni millətləri
arasında qeyri-rəsmi
müharibənin aparılması
və ermənilərin
Gəncə qəzasında,
Ağdamda, Şuşada,
Cəbrayıl və Zəngilanda vəhşiliklər
törətməsidir.
Bu məsələlərin geniş müzakirəsində
ilk çıxışı Nazirlər Şurasının
sədri F.X.Xoyski edir. F.X.Xoyskidən sonra Ə.Cövdət
(Pepinov), M.Mahmudov, sonra Ə.Şeyxülislamov
məsələlərə münasibət bildirir.
O deyir: "Möhtərəm
Məclis üzvləri!
Bizim sosialistlər mənə bir ağır vəzifə vermişlər.
Bu vəzifə bir millətin təqsirləndirilib, o birini
müdafiə etmək
deyil, borcum deməkdir ki, həqiqəti ayaqlayırlar.
Qafqaziya millətləri Rusiya inqilabından sonra öz muxtariyyətlərini
əllərinə aldıqda
bir yerə toplanıb, öz müqəddəratlarının qüvvətli bir əsas üzərində
tikib gözəl surətdə qurmalı idilər. Fəqət, bu olmadı.
Qafqaziya millətləri içində
milli şovinizm baş qaldırır.
Yenə də qanlar çay kimi axıdıldı. Biz sosialistlər bu qiyamətləri qoparanlara
qarşı öz etirazımızı buradan
bəyan edirik. Əgər Əgər bunların qabağı alınmaz isə Qafqaziya qitəsi Balkan yarımadası
kimi qan dəryasına dönə
bilər".
Ə.Şeyxülislamov baş vermiş
hadisələrin öz-özündən,
yaxud təsadüfdən
olmadığı, bu
hərəkətin hazırlanmış
bir layihə əsasında baş verdiyini qeyd edir. O, bildirir ki, bu layihə
daşnaklar tərəfindən
hazırlanıb və
indi icra edilməkdədir. Ə.Şeyxülislamov Azərbaycan torpaqlarının
onların proqramı ilə Ermənistana verilməsinin qəbuledilməzliyini,
qan tökülmədən,
sülh yolu ilə hüdud məsələsinin həllini
vacib sayıb.
1919-cu ilin yanvarında Ə.Şeyxülislamovun da daxil olduğu Azərbaycanın Sülh Konfransına gedən Nümayəndə Heyətini təntənəli yolasalma mərasimi oldu. Başda Nazirlər Şurasının sədri F.X.Xoyski olmaqla nazirlər, Parlamentin əksər üzvləri dəmiryolu vağzalına toplaşmışdılar. Heyət yola düşməzdən öncə ilk olaraq M.Ə.Rəsulzadə, sonra Ə.Cövdət (Pepinov) və Ə.Ağaoğlu çıxış etmişdilər.
Bu, Əkbər ağa Şeyxülislamovun Azərbaycanda keçən son günü idi. Bundan sonra o, ömrünün sonunadək Fransada qalıb, ağır mühacirət həyatı yaşamağa məcbur olacaqdı.
Qeyd edək ki, Ə.Şeyxülislamov mühacirətdə olduğu illərdə sovet rejiminə qarşı mübarizəsini davam etdirirdi.
1924-cü ilin payızından başlayaraq Polşa dövləti Marşal Pilsudskinin başçılığı altında Qafqaz mühacirlərinin bir təşkilatda birləşdirilməsi xəttini gücləndirməyə başladı. Bu məqsədlə Polşanın Türkiyədəki rəsmi təmsilçisi Roman Knoll tərəfindən İstanbulda Qafqaz Konfederatorlarının Birliyi Komitəsinin yaradılması qərarı alındı.
Ə.Şeyxülislamov da ilk yaradılan təşkilatda fəaliyyət göstərirdi. Əlavə edək ki, Sovet dövləti ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmasına, 1925-ci ilin dekabrın 17-də hər iki dövlət arasında dostluq və neytrallıq haqqında müqavilənin imzalanmasına baxmayaraq, 1931-ci ilə qədər bu ölkədə sovet rejimi əleyhinə təbliğat işləri apara bilirdilər.
1924-cü ilin oktyabrında İstanbulda 3 Qafqaz Respublikasının Azərbaycanın, Gürcüstanın və Şimali Qafqazın məsul siyasi xadimləri tərəfindən bu respublikalar arasında Konfederasiya yaradılması haqqında ittifaq aktı imzalandı.
Həmin aktı Azərbaycan adından imzalayanlardan biri də Ə.Şeyxülislamov idi (X.Sultanzadə və Ə.Əmircanovla birlikdə).
1928-ci ilin dekabrın 4-də M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycan Milli Mərkəzinin Baş Katibi Ə.M.Topçubaşova məktub göndərir. O, məktubda Azərbaycan Milli Mərkəzinin burada keçiriləcək konfransında iştirakı məqsədi ilə M.Y.Mehdiyevin və Ə.Şeyxülislamovun gəlməsinə razılığını bildirir.
Azərbaycan Nümayəndə Heyətinin 1929-cu ilin aprelin 6-da keçirilən iclasının protokolundan çıxarışda Ə.M.Topçubaşova uzun müddətə məzuniyyət verilməsi qeyd olunub.
Həmin iclasa sədrliyi Ə.Şeyxülislamov etmiş, iştirakçılar isə M.Y.Mehdiyev, C.Hacıbəyli, M.Vəkilov və A.Atamalıbəyovdur. Nümayəndə Heyətinin üzvləri Ə.M.Topçubaşovla görüşdüklərini, ona səhhəti və yorğunluğu ilə bağlı, öz istəyini nəzərə alıb məzuniyyət verilməsini vacib sayırlar. İclasda məzuniyyət müddətində Ə.M.Topçubaşova büdcədə nəzərdə tutulan vəsaitin verilməsi bildirilir.
Qeyd edək ki, Mühacirətdə yaşayan azərbaycanlılar arasında, onların münasibətlərində problemlər yox idi. Vətənsizlik, Azərbaycanın işğalı, aparılan mübarizənin uzanması, ağır maddi vəziyyət, şübhəsiz ki, mühacirlərin münasibətlərinə də təsirsiz ötüşmürdü.
1932-ci ildə Milli Mərkəz daxilindəki ziddiyyətlərdən başlayaraq Ə.M.Topçubaşovla Ə.Şeyxülislamov arasında narazılıq yaranmışdı. 1934-cü ildə Ə.Şeyxülislamov "Qafqaz" jurnalında "Azərbaycan mühacirətində" başlıqlı yazısında yenicə dünyadan köçmüş Ə.M.Topçubaşovu tənqid etmiş və bu da onun ailəsində etiraza səbəb olmuşdu. Bundan sonra Ə.Şeyxülislamov Milli Mərkəz üzvlüyündən xaric edilmişdi.
Ə.Şeyxülislamov 1961-ci ildə Parisdə vəfat etdi. Ömrünün son illərini o, yoxsulluq və ehtiyac içində keçirirdi. Onu Paris yaxınlığındakı Bobinyidə - müsəlman qəbirstanlığında dəfn etdilər.
525-ci qəzet 2018.-
18 may.- S.8.