Mir Cəlalın romanları yeni
araşdırmalar kontekstində
Filologiya
elmlər doktoru, professor Təyyar Salamoğlunun yenicə
çapdan
çıxmış "Mir Cəlalın bədii nəsri
və müasirlik" (metodoloji
münasibət konteksində)" (Bakı 2018) adlı elmi
monoqrafiyasını diqqətlə oxudum və kitabla
bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.
Təyyar
Salamoğlunun irəli sürdüyü "yenidən oxu"
konsepsiyası elmi ədəbiyyatşünaslıqda və tənqiddə
nə dərəcədə özünü doğrulda
bilibmi? O, Mir Cəlalın
romanlarının inqilabi ruhda olmadığını iddia
edir. Və öz fikirlərini
sübuta yetirmək üçün Mir Cəlalın
"Dirilən adam", "Bir gəncin manifesti" və
"Açıq kitab" romanları üzərində dərin konseptual araşdırmalar
aparır. Sadaladığımız bu əsərlər
haqqında vaxtı ilə ədəbiyyatşünas
alimlərimiz öz dəyərli
fikirlərini söyləmiş, bu əsərlərin hərtərəfli
elmi təhlilini vermişdilər. Düzdür, 40-50-ci illərdə
bu araşdırmaların hamısı sosrealizim
ideologiyasının prinsipləri əsasında həyata
keçirilirdi. Bu gün bu metodologiya iflasa
uğradığından tənqidçi-ədəbiyyatşünas
ailmlərimiz öz dərin
müşahidə qabiliyyətinə arxalanaraq aysberqin
görünməyən tərəflərinə güzgü tutaraq
"reallığın acı mənzərəsini"
bütün təfərrüatı ilə dərindən
açıb göstərə
bilmişdilər.
Bu əsərlərin
hamısında "sosial ədalətsizlik", "insana
antiinsani münasibət" özünü açıq
şəkildə göstərir. Biz bunun bariz nümunəsini M.Cəlalın
"Dirilən adam"
romanında daha yaxşı görə bilirik. Çünki
30-cu illərin bədii nəsrində həmin dövrün
doğru-dürüst bədii təsvirini M.Cəlal öz əsərlərində
əks etdirə bilmişdir.
Müəllif qələmə aldığı hadisələri,
insan xarakterlərini, onların arzu və istəklərini fərdi
düşüncə tərzini, psixologiyasını
inandırıcı bir şəkildə qələmə
almışdır. O, dərin ümumiləşdirmələr
apararaq, konkret şəraitdə müəyyən sinif və ictimai təbəqələrin
meyl və arzularını təmsil edən tiplərin daxili aləmini
açmaq yolu ilə getmişdir. "Dirilən adam"da Qədirin
başına gələn faciə
təkcə bir kəndin deyil, bütöv bir məmləkətdə
hökm sürən acınacaqlı vəziyyəti səciyyələndirir.
Öz haqqını, tələb etmək məqsədi
ilə gedib şəhər və kəndləri dolaşan Qədrə
deyirlər ki, "sən ölmüsən.
Özünün də dirilməyin məsləhət deyildir". Çünki
varlı və sözükeçən adamlara onun diriliyi yox, məhz
ölülüyü lazımdır. Qədir
özünün "diriliyini" sübut edə bilmir. Çünki kəndin
yüzbaşısı Bəbir bəyin onun arvadı Qumruya gözü
düşmüşdür. M.Cəlal Qədirin
başına gələn bu hadisəni kəndin hacı və
ruhanilərini, axundlarını ifşa edən bir vasitəyə
çevirməyi bacarmışdır. Arvadı əlindən alınan Qədir
axund və hakimlərə şikayət edir. O inanır ki, şəhərdəki "böyüklər"
onu diqqətlə dinləyəcək, nəinki itirilmiş
ailəsini ona qaytaracaq, hətta Bəbir bəyi cəzalandıracaqlar
da.
Tənqidçi
monoqrafiyada M. Cəlalın "Dirilən adam" romanını Mirzə Cəlilin
"Əhvalatlar"ı
və Balzakın "Polkovnik
Şaber" povestləri ilə birlikdə müqayisəli
təhlilini verir. Mirzə Cəlilin
"Əhvalatlar"ında Xudayar bəy Zeynəbi özünə zorla
övrət edir. M.Cəlalın "Dirilən adam" romanında isə Bəbir
bəy Qumruya sahib ola bilmir. Müəllif yazır:
"Danabaş kəndinin əhvalatları"nda Xudayar bəy
Zeynəbin həyatını faciəyə döndərir. Bu faciəni Bəbir bəy Qumruya
yaşadır". Tənqidçi daha sonra qeyd edir ki, "M. Cəlalın yaratdığı
"situasiya", "Əhvalatlar"dakılardan daha sərtdir.
Xudayar bəy heç olmasa əri ölmüş qadını
özünə övrət etmək istəyirsə,
Bəbir bəy isə əri
sağ ola-ola Qumrunu özünə arvad etmək istəyir".
Bu əsərlərdən fərqli olaraq Balzakın
"Polkovnik Şaber" povesti daha çox maraq doğurur. Şaber döyüşlərin
birində ağır
yaralanır. Çoxları onu
"ölmüş zənn edirlər". Bunu eşidən
arvadı "ərindən qalmış var-dövlətə
yiyələnərək" başqa birisinə ərə
gedir. Bütün bu hadisələrdən sonra polkovnik
Şaber sağalıb vətəni Fransaya qayıdır. Bu
zaman cəmiyyət
onu qəbul etmir. Hətta arvadı
belə ondan imtina edir. Şaber özünü öldürmək dərəcəsinə
çatır. Çünki o, heç kəsə
"öz diriliyini" sübut edə bilmir. Əslində,
Balzakı narahat edən əsas məsələ ədəbiyyatşünas-alimin
qeyd etdiyi kimi, "insan taleyinin ucuzlaşması,
büsbütün dəyərdən düşməsi və
nəticə etibarı ilə isə cəmiyyət əxlaqının
"pozulmasıdır".
Bu əsərlərin
struktur-tipoloji müqayisəsi onu deməyə əsas verir ki,
"Dirilən adam" süjeti M.Cəlalın romanlarını dünya ədəbiyyatının
ən güclü ənənələri ilə birbaşa
bağlayır.
M.Cəlalın
məşhur əsəri olan "Bir gəncin manifesti"
romanı "Dirilən adam"dan beş il sonra
yazılmışdı. Şübhəsiz ki, bu illərdə
ədibin qələmi daha da puxtələşmiş, yazı
manerası cilallanıb
təkmilləşmişdir. Buna görədir ki,
haqqında bəhs etdiyimiz hər iki roman mövzu, zaman və ideya
istiqaməti etibarı ilə bir-birinə yaxın olsalar da,
"Bir gəncin manifesti" ədəbin ilk romanına nisbətən daha qüvvətli
alınmışdır. Bu əsər həm M.Cəlal
yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında
yeni bir ədəbi hadisə
idi. Bəs bunun sirri nədədir? Bu sirri
hər şeydən öncə romanın lirik səpkidə, "vətənpərvərlik"
ruhunda yazılması ilə
bağlıdır.
T.Salamoğlu isə yazır: "Bəs bu gün
necə? Bu gün də M. Cəlalın
yaradıcılığı müasirdirmi?"
Tənqidçi
onu narahat edən bu və ya digər suallara da
aydınlıq gətirməyə çalışır:
"Bir gəncin manifesti"ndə milli gerçəkliyin, milli həyatın
bədii ifadəsi varmı? Var. Romanda
inikasın xarakteri bəşəri səciyyə ala bilirmi?
Ala bilir. Romanda "inqliabi məzmun" varmı? Var. Onda milli və inqlilabi məzmun
- bir-birini inkar edən iki həqiqət eyni bir əsərdə necə birləşir?"
Biz bu
gün əsəri yenidən oxuyub "alt qat"a nüfuz edə
bilsək, "gizli mətləblərdən" xəbər
verən bir çox hadisələrin şahidi ola bilərik. M.Cəlal ingilislərdən sonra XI Qızıl
Ordunun Azərbaycana gəlişini
işğalçılıq və müstəmləkəçilik
siyasətindən başqa bir şey olmadığını
yaxşı bilirdi. "Boz şeytanı" bu gün
"ağ ayı"
əvəz etmişdir". M.Cəlal bu əsərilə
"Vətən övladlarını yeni bir mücadilə meydanı
açmağa, "ağ ayı" ilə mübarizəyə səfərbər
edirdi. "Bir gəncin
manifesti" bir də bitib tükənməyən bu
mübarizə pafosu ilə müasirdir".
Tədqiqatçı
ilk dəfə olaraq "Bir gəncin manifesti"ni
pritçalar romanı kimi təhlil obyektinə
çevirir. "Gecənin hökmü"
pritçasında ceyran, "Sonanın cavabı"nda
"Yusif-Züleyxa" xalçası "Vətənin
maddi sərvətlərinin simvolu kimi
metaforalaşır".
M.Cəlal
ilk dəfə olaraq Sonanın timsalında müsbət ana
obrazı yaratmışdır. O, həyatda bütün
çətinliklərə dözərək öz
canını övladlarının yolunda qurban verməyə
hazır olan fədakar bir anadır. Müəllif ana
obrazını ümumiləşdirərək, onu ingilislə
təkbaşına mücadilə meydanına
çıxarır. "Gecənin hökmü" pritçasında Sona öz qəti
qərarını verir: "Mən
Sona deyiləm, əgər bu ceyrana
ingilis əli dəyə!" Burada ceyran
artıq "vətən sərvəti kimi mənalanır".
Monoqrafiyanın
maraq doğuran hissələrindən biri də, tənqidçinin
Sonanı Nayman-Ana
obrazı ilə müqayisə etməsidir. Onları
eyni, oxşar talelər birləşdirir. Hər
iki ana elindən, obasından ayrılıb öz
övladlarını axtarmağa gedir və çətinliklə
də olsa onları tapırlar. Sona Mərdanı xəstəxanada
yaralı vəziyyətdə
tapır. Nayman-Ana da Sarı-Özək
çöllərində öz oğlunu tapır. Ancaq
oğlu şüursuz manqurta çevrildiyindən öz anasını
tanımır, onu oxla vurub öldürür...
M.Cəlal
"Bir gəncin manifesti"ni yazanda Ç.Aytmatov hələ
"Gün var əsrə bərabər" romanını
yazmamışdı. Ancaq "etnik-mifoloji yaddaşın ifadəsi
kimi yaranan əfsanədə də, romanda da bu həqiqət əks
olunmuşdur".
M.Cəlalın
"Açıq kitab" romanı "həqiqətin
üzünə dik baxan" (M.C.Cəfərov) bir əsər
kimi təqdir olunduğu halda, sonrakı illərdə roman
ciddi şəkildə
tənqidə məruz qaldı. O dövrün tənqidçiləri
Kərəm Gəldiyevi "antipod", "öz şəxsi mənafeyini güdən",
"sosialist əxlaqına zidd ünsür" kimi xarakterizə edirdilər. Bundan fərqli olaraq ədəbiyyatşünas-alim
T.Salamoğlu Kərəm Gəldiyev obrazının
daxili aləmini açaraq, onun heç də ümumiləşdirilmiş
obraz olmadığını göstərir: "M.Cəlal Gəldiyevi fərdi xarakterin
ümumiləşdirilmiş obrazı kimi yaratmayıb. Onun
simasında siyasi rejimin "mənəvi dünyası"nı əks etdirib. Kərəm
Gəldiyev şərti-metaforik obrazdır. Zamanın xisləti Kərəm
Gəldiyevin üzərinə
köçürülüb".
Unutmaq
olmaz ki, M.Cəlal "Açıq kitab" romanını epik
planda yox, lirik planda işləmişdir.
Buna görə də, roman günümüzün tələblərinə
cavab verən bir əsər kimi
müasirdir. Zamanla səsləşərək
bir araya gəlir. Bunu əsas götürərək tənqidçi-alim yazır:
"M.Cəlal Zamanın ruhunu
satirik qəhrəmanın-Kərəm Gəldiyevin
simasında ümumiləşdirmişdir".
Tənqidçi-alim
bu əsərdə hər şeyi Zamanla bağlayır, onu
Zamanla birlikdə
vəhdətdə götürür.
Ədəbiyyatşünas alim T.Salamoğlunun "Mir Cəlalın
nəsri və müasirlik (metodoloji münasibətlər
konteksində.
Bakı-2018)" monoqrafiyası öz müasirliyi,
aktuallığı, obyektivliyilə seçilən, yüksək elmi
dəyərlərə söykənərək bu
günümüzün reallığını özündə
əks etdirən dəyərli tədqiqat əsəridir. Tənqidçi bu
monoqrafiyada böyük sənətkarımız Mir Cəlalın
yaradıcılığı üzərində dərin elmi araşdırmalar
aparmış, öz orijinal düşüncə tərzinə
uyğun olaraq, bu əsərlərin dərin elmi təhlilini
verə bilmişdir. İnanırıq ki, bu elmi əsər ədəbi
ictimaiyyətin rəğbətini qazanacaq, onların
stolüstü kitabına çevriləcək.
Vəliyulla NOVRUZ
525-ci qəzet 2018.- 18 may.- S.8.